Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Dövlət Xidmətində anım mərasimi keçirilib
12.12.19 16:58
659
Dekabrın 12-də Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında, həmçinin
yerli idarə, şöbə və bölmələrində, o cümlədən strukturuna daxil olan
qurumlarda Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar
anım mərasimləri keçirilib.
SHXÇDX Aparatında
keçirilən mərasimdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad
olunub.
Xidmət rəisinin birinci
müavini, general-mayor Zaur Abdullayev Azərbaycanın dövlət müstəqilliyinin
qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən
danışıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən işlərin,
aparılan islahatların Ulu Öndərin milli inkişaf konsepsiyasının uğurlu davamı
olduğunu qeyd edib.
Tədbirdə çıxış edən
Prezident Kitabxanasının şöbə müdiri, tarixçi alim Nazim Mustafa Ümummilli
Lider Heydər Əliyevin sovet və müstəqillik dövründə ölkəmizin tərəqqisi və
nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi dövlət siyasətinin
əhəmiyyətini vurğulayıb. Dövlət müstəqilliyinin itirilməsi, parçalanmaq
təhlükəsilə üzləşmiş Azərbaycan Respublikasında xalqın tələbi ilə siyasi
hakimiyyətə qayıdan Dahi Şəxsiyyətin qısa müddətdə hərbi-siyasi vəziyyəti
sabitləşdirdiyini, vahid komandanlıqdan idarə olunan ordu formalaşdırdığını
nəzərə çatdırıb. Ulu Öndərin qətiyyəti, möhkəm iradəsi sayəsində iqtisadi
tənəzzülün qarşısının alındığını, beynəlxalq şirkətlərlə ölkəmizin
karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasını təmin edən enerji
müqavilələrinin imzalandığını bildirib.
Nazim Mustafa Ümummilli
Lider Heydər Əliyevin ölkəyə rəhbərlik dövründə başlanmış inkişafın bu gün
Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən,
Azərbaycanın beynəlxalq nüfuzunun artmasından söz açıb. Ölkə ictimaiyyətinin
aparılan ardıcıl islahatları dəstəklədiyinə, dövlət başçısının rəhbərliyi ilə
həyata keçirilən siyasi kursun uğurlarına inam ifadə edib.
Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının və Bakı qarnizonunun hərbi
qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət
ediblər.