• şənbə, 18 Iyul, 03:35
  • Baku Bakı 27°C

Yayda kondisionerdən istifadənin qızıl qaydaları

18.07.26 02:31 18
Yayda kondisionerdən istifadənin qızıl qaydaları

Kondisionerin gücü az seçildikdə cihaz otağı soyutmaq üçün fasiləsiz işləməyə məcbur qalır ki, bu da həm elektrik sərfiyyatını artırır, həm də avadanlığın resursuna mənfi təsir göstərir. Kondisionerin effektiv işləməsi üçün onun gücü otağın sahəsinə uyğun seçilməlidir.

Yay aylarında temperaturun yüksəlməsi ilə kondisioner əksər ev və iş yerlərində zərurətə çevrilir. Lakin cihazın uzun müddət və ya düzgün istifadə olunmaması təkcə elektrik enerjisi sərfiyyatını artırmır, həm də sağlamlıqla bağlı müxtəlif problemlərə səbəb olur. Bəs kondisionerdən həm büdcəmizə, həm də sağlamlığımıza zərər vermədən necə səmərəli istifadə etmək olar?

Kondisioner üçün ideal temperatur

Kondisioner ustası Amid Şabiyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, cihazın düzgün seçilməsi və  istismarı həm elektrik enerjisinə qənaət etməyə, həm də onun ömrünü uzatmağa imkan verir. Kondisionerin hansı temperaturda işlədilməsi, otağın sahəsinə uyğun seçilməsi və filtrlərin vaxtında təmizlənməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “Köhnə tip kondisionerlər daha çox enerji sərf etdiyi halda, yeni nəsil invertor modellər temperatur sabitləşdikdən sonra daha az elektrik enerjisi istifadə edir. Bununla belə, elektrik xərcləri yalnız cihazın xüsusiyyətlərindən asılı deyil. İstifadə vərdişləri də aylıq ödənişə ciddi təsir göstərir. Məsələn, kondisionerin 18-20 dərəcəyə qurulması onun daha intensiv işləməsinə səbəb olur. Halbuki otaq temperaturunun 23-24 dərəcə səviyyəsində saxlanılması həm rahatlıq, həm də enerji sərfiyyatı baxımından daha optimal hesab edilir. Bu göstərici həm insan orqanizmi üçün daha komfortlu hesab olunur, həm də elektrik enerjisinin daha səmərəli istifadəsinə imkan yaradır. Temperaturu həddindən artıq aşağı salmaq otağın daha tez soyuması demək deyil. Əksinə, bu, cihazın daha çox işləməsinə və əlavə enerji sərf etməsinə səbəb olur”.

“Elektrik enerjisinə 70-80 faizə qədər qənaət edir”

Ustanın sözlərinə görə, istifadəçilərin diqqət etməli olduğu digər məqam kondisionerin invertor texnologiyasına malik olub-olmamasıdır: “İnvertor tipli kondisionerlər adi modellərlə müqayisədə xeyli qənaətlidir. Düzgün seçilmiş keyfiyyətli invertor kondisioner elektrik enerjisinə 70-80 faizə qədər qənaət etməyə imkan verir. Buna görə də yeni kondisioner alarkən invertor modellərə üstünlük verilməsini tövsiyə edirəm”.

Mətbəxin sahəsi 18 kvadratmetrdirsə...

Mütəxəssis bildirir ki, kondisionerin effektiv işləməsi üçün onun gücü otağın sahəsinə uyğun seçilməlidir. Bu zaman yalnız kvadratmetr deyil, otağın təyinatı da nəzərə alınmalıdır: “Məsələn, mətbəxin sahəsi 18 kvadratmetrdirsə, onu adi yaşayış otağı kimi qiymətləndirmək düzgün deyil. Yemək hazırlanması, qaz plitəsi, soba və digər məişət avadanlıqları mətbəxdə istilik yükünü artırır. Buna görə də belə məkanlar üçün daha yüksək gücə malik, ən azı 12 min BTU-luq (British Thermal Unit – kondisionerin soyutma gücünü göstərən ölçü vahidi) kondisionerin seçilməsi məqsədəuyğundur. Düzgün gücdə seçilmiş kondisioner otağı daha qısa müddətdə soyudur, daha az enerji sərf edir və daim yüksək yüklə işləmədiyi üçün daha uzunömürlü olur”.

“Kondisionerin gücü otağın sahəsinə uyğun seçilməlidir” 

Kondisionerin gücü az seçildikdə cihaz otağı soyutmaq üçün fasiləsiz işləməyə məcbur qalır ki, bu da həm elektrik sərfiyyatını artırır, həm də avadanlığın resursuna mənfi təsir göstərir: “Kondisionerin effektiv işləməsi üçün onun gücü otağın sahəsinə uyğun seçilməlidir. Bu zaman əsas göstərici BTU-dur. BTU nə qədər yüksək olarsa, cihaz bir o qədər böyük sahəni soyutmaq qabiliyyətinə malik olur. Məsələn, 30 kvadratmetrlik otaq üçün 20 kvadratmetrə hesablanmış kondisioner seçilərsə, cihaz otağı soyutmaq üçün daha çox elektrik enerjisi sərf edəcək. Otağın sahəsinə uyğun və ya bir qədər yüksək gücə malik model isə məkanı daha qısa müddətdə soyudacaq və daha qənaətli işləyəcək. Buna görə də kondisioner alarkən ilk növbədə BTU göstəricisinə diqqət yetirilməlidir”.

“Tozsoran işləyərkən kondisioneri söndürün”

Mütəxəssis filtrlərin mütəmadi təmizlənməsinin də vacibliyini vurğulayır: “Kondisioner işləyərkən qapı və pəncərələrin bağlı saxlanılması, otağın günəş şüalarından qorunması, filtrlərin mütəmadi təmizlənməsi və cihazın vaxtaşırı texniki baxışdan keçirilməsi enerji sərfiyyatını azaltmağa kömək edir. Çirkli filtr həm cihazın daha çox işləməsinə, həm də otaqdakı havanın keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Tozlu və torpaq sahələrinin yaxınlığında yerləşən ev və obyektlərdə kondisionerin filtrləri təxminən 10 gündən bir təmizlənməlidir. Adi mənzil şəraitində isə ayda bir dəfə təmizlənməsi kifayətdir. Həmçinin tozsoran işləyərkən kondisioneri söndürmək məsləhətdir. Çünki havaya qalxan toz hissəcikləri filtrə yapışaraq cihazın iş səmərəliliyini azalda bilər”.

Dəridə quruluq və qaşınma, gözlərdə qıcıqlanma

Kondisionerdən düzgün istifadə olunmaması təkcə elektrik enerjisi sərfiyyatını artırmır, həm də sağlamlıq üçün müəyyən risklər yarada bilər. 

Allergiya üzrə mütəxəssis Özge Yılmaz da bu mövzuda diqqət çəkən məqamlara toxunaraq bildirir ki, kondisionerin yaratdığı quru hava və düzgün qulluq olunmayan sistemlər sağlamlığa düşündüyümüzdən daha ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, kondisionerlərin uzun müddət işləməsi otaqdakı nisbi rütubəti azaldır: “Bu isə xüsusilə uzun müddət kondisionerli mühitdə qalan insanlarda dəridə quruluq və qaşınma, gözlərdə quruluq, yanma və qıcıqlanmaya səbəb ola bilər. Quru hava tənəffüs yollarının selikli qişasını da qurudur, nəticədə orqanizmin infeksiyalara qarşı təbii müdafiə mexanizmi zəifləyir”.

Ö.Yılmaz qeyd edir ki, qapalı və kifayət qədər havalandırılmayan məkanlarda uzun müddət işləyən kondisionerlər havadakı toz, allergen və bəzi mikroorqanizmlərin yayılma riskini də artıra bilər. Bu isə xüsusilə allergiya və astma xəstələri üçün əlavə təhlükə yaradır. Mütəxəssis vurğulayır ki, bu risklərin qarşısını almaq üçün kondisionerin filtrləri mütəmadi təmizlənməli, otaq vaxtaşırı havalandırılmalı və otaq temperaturu çöldəki hava ilə kəskin fərq yaratmayacaq səviyyədə saxlanılmalıdır.

Aygün Əziz

banner

Oxşar Xəbərlər