• şənbə, 18 Iyul, 03:36
  • Baku Bakı 27°C

Küləkli hava, qadağalara laqeyd münasibət 

18.07.26 02:34 19
Küləkli hava, qadağalara laqeyd münasibət 

Çimərlik mövsümünün başlaması ilə dənizdə boğulma halları da artır. Səbəb kimi dənizin təbii xüsusiyyətlərinin dəyişməsi, suyun çəkilməsi, relyefin fərqli olması ilə bağlı fikirlər səsləndirilir.

Yay mövsümü başlar-başlamaz hər il qarşılaşdığımız acı mənzərə yenə də təkrarlanır: insanların dənizdə boğulması xəbərləri gündəmi sarsıdır. Belə məqamlarda “üzə bilmirdisə, suda nə işi vardı?”, “ehtiyatsızlıq edib” kimi qınaqlarla yanaşı, dənizin təbii xüsusiyyətlərinin dəyişməsi - suyun çəkilməsi, relyefin fərqli olması ilə bağlı fikirlər də səslənir. Son vaxtlar isə bu fikirlərə dənizin təkcə sahilinin deyil, içərisindəki qumların da işbazlar tərəfindən daşınması xəbərləri əlavə olunub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Dünyada hər saat orta hesabla 30-dan çox insan boğularaq həyatını itirir” statistikasında bizim insanların da yer alması böyük məyusluq doğurur. 

Dənizdəki faciələrlə bağlı hazırkı vəziyyət problemin bütün tərəflərinə nəzər salmağı zəruri edir.

“İnsanlar normal çimmək üçün sahildən uzaqlaşmalı olurlar”

AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyevin sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin azalması müəyyən problemlər yaradıb: “İndi dənizdə hansı zona boğulma zonasıdır, demək çətindir. Dəniz elədir ki, istənilən an adam avtomaşınını sürüb başqa yerə gedə, yaşadığı yerdən uzaq, iş yerinə yaxın ərazidə çimə bilər. Xəzər dənizinin elə sahələri vardı ki, 50-100 metr, maksimum qurşağa qədər dərin idi. Həmin yerlərdə çimmək üçün kifayət qədər genişlik vardı və ailələr, uşaqlar üçün qorxulu deyildi. Təəssüf ki, indi bu ərazilər quruyub və ya həddən artıq dayazlaşıb. İnsanlar normal çimmək üçün sahildən uzaqlaşmalı olurlar. Daha dərin sahələrin də başqa problemləri var”. 

“Küləkli havalarda boğulmaqdan qurtulmaq çox çətindir”

Alimin fikrincə, boğulma hallarının baş verməsində havanın küləkli olması da böyük rol oynayır: “Külək dənizdə həddən artıq böyük dalğalar yaradır. Dalğalar beş metr sahilə doğru gəlirsə, ondan bir qədər artıq geri çəkilir. Çox adam məsuliyyətini anlamır və küləkli havada suya girir. Bir neçə dəfə belə hadisələrə rast gəlmişik və adamları güclə boğulmaqdan xilas etmişik. Küləkli havalarda dənizdə boğulmaqdan qurtulmaq çox çətindir. Digər tərəfdən, bəzi adamların heç xəbəri yoxdur ki, ürək-damar sistemlərində problem var: sahildə günəşli havada dayanır, ürək sakitcə işləyir, qəfildən soyuq suya girir və damalarda daralma gedir. Buna “sauna effekti” deyilir. Su soyuq olanda qıcolmalar artır, damarlar daralır. Onda funksional ürək dəyişikliyi baş verir və insanın batma ehtimalı çoxalır. Çünki bədən bu vəziyyətə hazır deyil”. Alim bildirir ki, insanların qadağan olunmuş ərazilərdə çimməsi də böyük təhlükələrdəndir: “Qadağan olunmuş ərazilərdə çimmək insanı yüz faiz ölümə sürükləyir. Üzərkən çox dərinə getmək müqavimət hissini, gücü azaldır. Həmçinin dənizin relyefində də dəyişiklik var, 10 metr qabaqda səni nə gözlədiyini bilmirsən”. Ə.Əliyev hesab edir ki, bütün çimərliklərdə qadağan olunan ərazilərdə nişanlar tənzimlənməlidir: “Gecə çimməklə bağlı cərimələr olmalıdır. Gecələr yemək yeyib dənizə girənlər adətən içkili adamlar olur. Onların da batmaq ehtimalı daha çoxdur. DİN, FHN və digər aidiyyəti qurumlar bu istiqamətdə nəzarəti gücləndirməlidirlər”. 

“Dəniz amansız deyil, insanlar laqeyddirlər” 

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin rəhbəri Aynurə Miriyeva baş verən faciələrdə dənizi deyil, insanları qınayır: “Dəniz amansız deyil, insanlar məsuliyyətsiz və laqeyddirlər. Dənizdə batma hallarının böyük faizi içkili halda suya girməklə bağlıdır. Alkoqol insanın qorxu hissini azaldır, özünəinamı süni şəkildə artırır və reaksiyaları gecikdirir. İsti havadan birdən-birə soyuq suya daxil olduqda bədəndə temperatur şoku yaşanır. Belə hallarda təcrübəli üzgüçülərin belə dənizdə boğulduqlarını eşidirik. Səbəb də dənizdə olan özül axıntıdır. Dalğaların sahilə gətirdiyi su sürətlə geri çəkəndə buna heç bir insan gücü dayana bilmir”.

Ekoloq bildirir ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi sualtı relyefi də dəyişib: “İndi bir çox yarğanlar, fərqli axınlar yaranıb ki, bunlar da ölüm təhlükəsini çoxaldıb. İcazəsiz zonalarda “üzmək təhlükəlidir!” nişanına biganə yanaşmaq, xəbərdarlıqlara riayət etməmək, tez-tez baş verən hava dəyişiklikləri dənizdə batmaların sayını çoxaldır”.

“Bilgəh və Buzovna tərəflərdə axıntılar daha çoxdur” 

Dalğıc Füzuli Nəbiyev isə deyir ki, müşahidələrinə görə dənizdə boğulma hallarında üzmək bacarığının olmaması, suya içkili girmək və havanın küləkli olması amilləri böyük rol oynayır: “Dənizdə axıntılar var. Axıntılar xüsusən əks istiqamətə üzməyi bacarmayanları aparır. Bilgəh və Buzovna tərəflərdə axıntılar daha çoxdur. Amma “filan yerdə boğulma riski daha yüksəkdir” demək olmaz. Çünki axıntılar yerlərini dəyişirlər”.

F.Nəbiyev hər il suda boğulma hallarının artmasını həm də peşəkar xilasedicilərin sayının az olması, bu sahəyə təsadüfi adamların yol tapması ilə əlaqələndirir: “Çimərliklərdə nəzarət o qədər də güclü deyil. Xilasedicilərin özləri belə təcrübəli deyillər. Normalda xilsaedicilər dənizi tanımalı, suya girənin hansı istiqamətə üzəcəyini bilməlidirlər. Təəssüf ki, hazırda belə peşəkarlar azdır”. F.Nəbiyev insanları məsuliyyətsizlikdə də qınayır: “Heç kəsə yaxınlaşıb “orada üzmə”, “o əraziyə getmə” demək olmur. İçkili adama “geri qayıt” deyəndə sənə sərt cavab verir”.

Dalğıc hesab edir ki, dənizdə təhlükəli zonalar, küləkli havanın təhlükəsi və s. ilə bağlı insanların məlumatlılığının artmasına ehtiyac var: “İnsanlar təlimatlanmalıdırlar. Bilməlidirlər ki, məsələn, külək varsa, axıntı da var. Bu isə həyat üçün təhlükəlidir. Öz müşahidələrimə və təcrübəmə əsasən deyirəm ki, düzünə üzüb dərinə getmək məcburi deyil. Dərinə üzürsənsə bu, təhlükəlidir. Üzmə və boğulma…”

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər