• şənbə, 18 Iyul, 03:38
  • Baku Bakı 27°C

Demoqrafiyada narahatedici statistika 

18.07.26 02:41 21
Demoqrafiyada narahatedici statistika 

2026-cı ilin ilk beş ayında Azərbaycanda doğum sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz azalıb. Mütəxəssislər bu tendensiyanı ailə qurma yaşının artması və dəyişən həyat tərzi ilə əlaqələndirirlər.

Azərbaycanda demoqrafik göstəricilərdə son illərin ən nəzərəçarpacaq azalması qeydə alınıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında ölkədə doğum sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz aşağı düşüb. Hər 1000 nəfərə düşən doğum əmsalının 9,2-dən 8,5-ə enməsi və cəmi bir il ərzində doğulan körpələrin sayında 10 205 nəfərlik fərqin yaranması narahatlıqla qarşılanır. Doğumların bu qədər qısa müddətdə azalmasının əsas səbəbi nədir? 

“Bu proses dünyada da baş verir”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nərgiz Sədrəddinbəylinin sözlərinə görə, doğum səviyyəsində müşahidə olunan dəyişikliklər təsadüfi deyil. Bu, həm obyektiv iqtisadi reallıqların, həm də subyektiv həyat tərzi seçimlərinin yaratdığı kompleks prosesdir. Ölkəmiz qlobal demoqrafik tendensiyaların təsirindən kənarda qalmadığı üçün bu gün Azərbaycanda da ailə qurmaq və valideyn olmaqla bağlı yeni reallıqlar formalaşır: “Vəziyyətin obyektiv səbəbləri Dövlət Komitəsinin apardığı təhlillərdə öz əksini tapıb. Rəsmi statistika ilə beynəlxalq rəqəmlərin müqayisəsi azalma prosesinin qlobal xarakter daşıdığını göstərir. BMT-nin son qiymətləndirmələrinə görə, qlobal doğum göstəricisi, yəni bir qadına düşən orta uşaq sayı 2024-cü ildə 2.2-yə enib. Bu rəqəm əhalinin özünü təbii yolla bərpa etməsi üçün qəbul edilən 2.1 səviyyəsinə yaxındır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin təcrübəsinə nəzər saldıqda isə, doğum səviyyəsinin son 60 ildə təxminən iki dəfə azaldığını görürük. İƏİT-nin araşdırmaları göstərir ki, bu azalmanın əsas xüsusiyyətlərindən biri ilk övladın daha gec yaşda dünyaya gətirilməsidir. Orta hesabla anaların doğuş yaşı 1980-ci ildəki 27 yaşından 2022-ci ildə 30.9 yaşa qədər yüksəlib ki, bu da evlilik yaşının artması ilə birbaşa əlaqəlidir”.

“Müasir ailələr kəmiyyətdən çox keyfiyyətə diqqət yetirir”

Komitə rəsmisi əlavə edir ki, rəqəmlərin arxasında dayanan əsas subyektiv amil müasir gənclərin prioritetlərinin dəyişməsidir: “Onlar ilk növbədə ali təhsil almağa, karyera qurmağa, fərdi inkişafa və həyatlarını maddi baxımdan təmin etməyə üstünlük verirlər. Lakin bu tendensiyanın müsbət tərəfi də var: bu, ailə qurmaq və övlad sahibi olmağın müasir dövrdə daha çox düşünülmüş və planlı qərar kimi qiymətləndirildiyini göstərir. Gənc ailələr bu addımı daha məsuliyyətlə atır, uşağın sağlam inkişaf edə biləcəyi mühit formalaşdırmağa çalışırlar. Müasir ailələr kəmiyyətdən çox keyfiyyətə, uşaqların rifahına və təhsilinə diqqət yetirirlər. Mövcud çağırışlara dövlət səviyyəsində cavab verilməsi məqsədilə hazırda tədqiqatlara istinad edən "Ailə Konsepsiyası" sənədi üzərində iş aparılır ki, bu da doğum səviyyəsinin tənzimlənməsindən iş və ailə həyatının balanslaşdırılmasına qədər bir sıra məsələləri özündə əks etdirəcək”.

“Cəmiyyətin reproduktiv davranışında fərqliliklər yaranıb”

"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova isə hesab edir ki, demoqrafik göstəricilərdə müşahidə olunan son dəyişikliklər ölkənin gələcək əmək bazarı, iqtisadi inkişafı və sosial müdafiə sistemi baxımından ciddi nəzərə alınmalı olan məsələdir: “Bir il ərzində 26 faizlik geriləmə cəmiyyətin reproduktiv davranışında fərqliliklərin yarandığını göstərir. Bu rəqəmlər sübut edir ki, vətəndaşlar övlad sahibi olmaq qərarını təkcə təxirə salmır, bəzən də maddi və sosial amillərə görə bu addımdan çəkinirlər. Tendensiyanın bu şəkildə davam etməsi gələcəkdə təhsil sisteminə təsir göstərəcək. Əvvəlcə məktəblərdə şagirdlərin sayı azalacaq, daha sonra ali təhsil müəssisələrində qəbul göstəriciləri enəcək. Bunun məntiqi davamı kimi ölkənin əmək bazarında işçi qüvvəsinin azalması müşahidə ediləcək. Nəticə etibarilə cəmiyyətdə yaşlı əhalinin xüsusi çəkisi artacaq ki, bu da dövlətin sosial təminat və pensiya sisteminə düşən maliyyə yükünü artıracaq”.

“Qadınlar karyera və analıq arasında seçim etməli olur”

Ekspertin fikrincə, bu azalmanın yalnız qlobal tendensiya ilə izah etmək kifayət etməz: “Məsələnin kökündə ilk növbədə iqtisadi amillər dayanır. Mənzil problemi, kirayə haqları, eləcə də uşağın ehtiyaclarının qarşılanması və təhsil xərclərinin artması gənc ailələri növbəti övlad haqqında düşünməkdən çəkindirir. Qadınların sosial həyatda və əmək bazarında fəallığının artması cəmiyyət üçün müsbət irəliləyiş olsa da, işləyən analar üçün zəruri infrastrukturun əlçatan məktəbəqədər təhsil müəssisələrinin, dayə xidmətlərinin və iş yerlərində çevik qrafiklərin məhdudluğu onları karyera və analıq arasında seçim etməyə məcbur edir. Dövlət gənc ailələr üçün maliyyə dəstəyi mexanizmlərini tətbiq etməli, doğuma görə birdəfəlik və aylıq ödənişlər sistemini beynəlxalq təcrübələrə uyğunlaşdırmalı, çoxuşaqlı valideynlərə mənzil və vergi güzəştləri təmin edilməlidir”.

“Gənc nəsil hər bir addımını hesablayaraq atır”

Sosioloq Naib Niftəliyev isə qeyd edir ki, mövcud vəziyyət psixoloji və mədəni dəyişikliklərlə iqtisadi reallıqların kəsişməsində yaranıb. Bu gün gənc nəsil hər bir addımını hesablaraq atır: “Ailə qurub uşaqsız həyat tərzi seçənlərin sayı artsa da, Azərbaycan cəmiyyətində bu qrup hələ də azlıq təşkil edir. Əsas məsələ, potensial olaraq ən azı iki övlad istəyən gənclərin artan xərclər qarşısında ehtiyatlı davranmasıdır. Yeni ailə qurmağın tələb etdiyi vəsait gənclər üçün maliyyə yükü yaradır ki, bu da ilk uşağın planlaşdırılmasını gecikdirir. Bioloji yaşın irəliləməsi də ailədəki ümumi uşaq sayının azalmasına birbaşa təsir edən faktordur”. Sosioloqun qənaətinə görə, vəziyyətdən çıxış yolu dövlətin ailəyönümlü sosial siyasət konsepsiyasını inkişaf etdirməsidir. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər