• şənbə, 04 Iyul, 04:06
  • Baku Bakı 25°C

Cibi yandıran ekzotik dəb

04.07.26 01:41 23
Cibi yandıran ekzotik dəb

Azərbaycana ekzotik meyvə idxalı kəskin artıb. İlin ilk iki ayında ölkəyə 1,17 milyon dollarlıq ekzotik meyvə daxil olub. Tropik nemətlərə yaranan kütləvi marağın kökündə həm insanların yeni sağlam qidalanma axtarışı, həm də sosial şəbəkələrin diktə etdiyi göstəriş dəbi dayanır.

Azərbaycan süfrələrində ənənəvi meyvələrlə yanaşı, artıq minlərlə kilometr uzaqdan - Kosta-Rikadan, Tailanddan, Perudan gələn tropik dadlar da özünə yer edir. Bu ilin yanvar-fevral aylarında xarici ölkələrdən 1,17 milyon ABŞ dolları dəyərində 633,5 ton ekzotik meyvə idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 20,7%, həcm baxımından isə 2,8% artıb. Hesabat dövründə ölkəyə 493 min dollar dəyərində 407,7 ton ananas, 598,98 min dollar dəyərində 207,5 ton avokado idxal olunub. Eyni zamanda, 73,6 min dollar dəyərində 18 ton quayava, manqo və manqostan, 1 030 dollar dəyərində 110 kiloqram papaya, 130 dollar dəyərində isə 10 kiloqram durian meyvəsi gətirilib. İdxal ölkələrinə gəldikdə, ananas əsasən Kosta-Rika, Çin və Panamadan, avokado Peru, İsrail və Keniyadan idxal olunub. Quayava, manqo və manqostan Braziliya və Perudan, papaya və durian isə Tailanddan tədarük edilib. Rəqəmlərdən də göründüyü kimi, ekzotik meyvələrə tələbat və idxal həcmi getdikcə artır. Bəs bu qəfil sıçrayışın səbəbləri nədir? İdxaldakı artım və bu məhsulların populyarlaşması daha çox sosial şəbəkələrin diktə etdiyi “dəb”lə, yoxsa insanların qida rasionundakı real dəyişikliklə bağlıdır?

“Qeyri-rəsmi idxal da mövcuddur”

Ekzotik meyvə biznesi ilə məşğul olan Əşrəf Şıxəliyevin sözlərinə görə, statistik göstəricilər real bazarın yalnız 50%-ni əks etdirir: “Qalan 50% isə əsasən Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən ölkəyə qeyri-rəsmi yolla daxil olan ekzotik meyvələrdir. Belə ki, bu sahədə fəaliyyət göstərən bəzi şirkət nümayəndələri və ya vətəndaşlar turist kimi səyahət edir və qayıdarkən baqajlarında (təqribən 23 kiloqram) ekzotik meyvə gətirirlər. Şəxsi istifadə adı altında gətirilən bu məhsullar heç yerdə qeydiyyata alınmır. Eyni anda 5-10 nəfərin bu üsuldan istifadə etdiyini düşünsək, bir reysdə təxminən 230-300 kiloqram ekzotik meyvənin ölkəyə qeyri-rəsmi daxil olduğunu görərik”.

Ə.Şıxəliyev bildirdi ki, bazarda müşahidə edilən artımın əsasən iki böyük səbəbi var. Birincisi, ekzotik meyvələr sadəcə "dəb" və ya zövq üçün alınmır. Onların tərkibində elə elementlər var ki, təbiətdəki digər qida məhsullarında tapılmır: “Məsələn, papaya meyvəsinin tərkibindəki “papain” maddəsinin qadın sağlamlığı, xüsusən də hamilələr üçün elmi cəhətdən sübut olunmuş faydaları var. Karambola meyvəsi bədəndə kalsiumu artırır, saç tökülməsinin qarşısını alır və çox vaxt həkimlərin məsləhəti ilə uşaqlar üçün alınır. Cekfrut (jackfruit) hüceyrə səviyyəsində orqanizmə müsbət təsir göstərir və immuniteti gücləndirir. Marakuya isə C vitamini deposu kimi bir çox ənənəvi meyvələri, hətta portağalı belə qabaqlayır. Gətirilməsi xüsusi qadağalarla müşayiət olunan durian dünyanın ən pis qoxulu, kəsiləndə dözülməz iy verən meyvəsidir. Bu səbəbdən  əksər aviaşirkətlər təyyarəyə buraxmır. Lakin paradoks ondadır ki, dözülməz qoxusuna baxmayaraq, o, olduqca dadlı və faydalıdır. Araşdırmalar onun xərçəng xəstəliklərinə qarşı mübarizədə xüsusi rolu olduğunu göstərir. Avokadonun populyarlığına gəldikdə, bu meyvənin satışları bütün dünyada olduğu kimi, bizdə də sürətlə artır. Bunun əsas səbəbi "Z nəsli"nin sağlam həyat tərzinə, fitnesə və düzgün qidalanmaya xüsusi önəm verməsidir. Bazarda ən çox satılan ekzotik meyvələrin siyahısına liderliyi məhz avokado edir. Sonrakı yerlərdə isə marakuya, manqostin və rambutan gəlir”.

“60 manatdan 3000 manata qədər yüksələ bilir”

Müsahibimizin fikrincə, digər mühüm amil isə son zamanlar dəb halına çevrilmiş korporativ hədiyyələrdir. Hədiyyə səbətlərində ekzotik meyvələrdən geniş istifadə olunur: “Xüsusi konseptli hədiyyə səbətlərinin büdcəsi 60 manatdan başlayaraq 2000-3000 manata qədər yüksələ bilir. Qiymət dəyişikliklərinə gəlincə, hər il yay aylarına yaxın ekzotik meyvələrin qiymətində artım müşahidə edilir. Hətta bəzi çeşidləri gətirmək ümumiyyətlə mümkün olmur. Bunun həm logistik səbəbləri (isti hava şəraitində təyyarə ilə daşınma çətinliyi), həm də istehsalçı ölkələrdə həmin meyvələrin mövsümünün bitməsi ilə əlaqəsi var”.

Ağız uçuqladan qiymətlər

Qeyd edək ki, avokadonun kiloqramı supermarketlərdə 11–16 manat arasında dəyişsə də, xüsusi "Hass" növünün iki ədədlik paketi 14 manata təklif olunur. Oxşar mənzərə ananas və manqoda da müşahidə edilir; standart ananaslar nisbətən münasib qiymətə satılsa da, yüksək şəkərli "Gold" növünün bir ədədi 27 manata, xüsusi mini ananasın tək ədədi isə 38.92 manata satılır. Manqo çeşidlərində də ciddi qiymət fərqi var: adi manqonun bir ədədi 15.27 manat (kiloqramı təxminən 30 AZN) olduğu halda, Tailanddan gətirilən premium növlərin tək ədədi 40 manata, xüsusi "ağ manqo"nun tək ədədi isə 43.08 manata çatır. Bu strategiya çərçivəsində əjdaha meyvəsinin (pitaya) bir ədədi 10-29, qranadillanın bir ədədi 16.90, marakuyanın adi növü 7, manqostin və karambola 8-14, kiloqramı 50 AZN olan rambutan isə ədədlə təxminən 7 manata təklif edilir. Daha spesifik və müalicəvi məqsədlərlə axtarılan nadir meyvələrə gəldikdə isə immunitet gücləndirici quanabananın kiloqramı 70 manat, tamarind və fizalis kimi məhsulların 100-250 qramlıq kiçik qutuları 10-30 manat arasında müştərilərə təqdim olunur.

Göstəriş və sosial şəbəkələrin təsiri

İqtisadçı Günay Hüseynova isə bildirdi ki, həcm və dəyər göstəricilərinin paralel yüksəlməməsi, bu cür məhsullara olan tələbatın daha çox “dəb”lə əlaqədar olduğunu göstərir: “Məsələnin iqtisadi tərəfi sırf göstəriş və sosial şəbəkələrin təsiri ilə bağlıdır. Təbii ki, logistikanın inkişafı və istehsalçı ölkələrlə ticari tərəfdaşlıq da burada mühüm faktordur”. 

G.Hüseynovanın sözlərinə görə, bahalı ekzotik meyvələr, başqa sözlə, “premium məhsul” kateqoriyası bazarda ilk növbədə reklam xarakterli yayımlar sayəsində populyarlaşdı: “İlkin idxal mərhələsində bu məhsullar əsasən şou-biznes nümayəndələri və blogerlər tərəfindən təqdim olundu, satış bazarı məhdud idi. Daha sonra isə prosesə həkimlər, diyetoloqlar qoşuldu. Məsələn, "avokado ürək-damar sağlamlığı üçün faydalıdır" kimi açıqlamalarla reklam olundu. Növbəti mərhələdə isə bu meyvələr məşhur qida məhsullarının bir hissəsi kimi (məsələn, "ekzotik meyvəli tost") istehlakçıya təqdim edildi. Alıcını cəlb edən də ilk növbədə süni şəkildə formalaşdırılmış bu maraq oldu”.

“Alternativ bazarlar da qıtdır”

İqtisadçının fikrincə, bu məhsullar üzrə alternativ bazarlar da qıtdır. O səbəbdən kiloqramı 200-300 manat olan məhsul ədədlə 10-17 manata satılır: “Bu tendensiyanın uzunmüddətli, yoxsa qısamüddətli olacağına gəldikdə, hesab edirəm ki, bu, müvəqqəti xarakter daşıyır. Yerli olmayan və kütlənin büdcəsinə tam uyğun gəlməyən bir məhsul nə qədər uzun müddət reklam olunsa da, davamlı ola bilməz. Bir zamanlar ananas da eyni kateqoriyada idi. İstehlakçılar onu əsasən bayram ərəfəsində alırdılar, indi isə o “dəb” sıradan çıxıb və ananas daha adi, əlçatan məhsula çevrilib”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər