• cümə, 26 Iyun, 04:14
  • Baku Bakı 25°C

Bütün ailə modelləri risk altındadır 

26.06.26 02:28 16
Bütün ailə modelləri risk altındadır 

Uşaqlara qarşı laqeydlik, bəzi hallarda təhlükəli valideyn davranışları cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Ekspertlər yaranmış vəziyyətlə bağlı həyəcan təbili çalırlar.

Son zamanlarda Azərbaycanda valideynlərin uşaqlara münasibəti ilə bağlı narahatlıq doğuran hadisələr ard-arda gündəmə gəlir. Məsələn, altı uşağın zəhərlənməsi ilə bağlı hadisədə ata övladlarından birinin “pay verildiyini” iddia edib. Digər bir hadisədə isə Tovuz rayonunda valideynlərin uşaqlarından imtina etdiyi bildirilir. Bu və digər hadisələrin fonunda uşaqlara qarşı laqeydlik, bəzi hallarda təhlükəli valideyn davranışları cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilir.
Bu kimi problemlərin miqyası həqiqətən narahatedici səviyyədədirmi və onların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

“Son üç ayda 362 müraciət daxil olub”

“Ümidli Gələcək” Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, Uşaq Qaynar Xəttinə olan müraciətlərin sayında artım var: “Əslində burada iki paralel proses müşahidə olunur. Bir tərəfdən sosial media və ictimai həssaslığın artması bu mövzunu daha görünən, müzakirə olunan hala gətirir. Digər tərəfdən isə sosial-iqtisadi çətinliklər, psixoloji gərginlik, yüksək stres səviyyəsi və valideynlik bacarıqlarındakı boşluqlar real risk faktorlarını artırır. Azərbaycan Uşaq Qaynar Xəttinə son üç ayda 362 zorakılıqla bağlı müraciət daxil olub. Bir tərəfdən bunu müsbət qiymətləndiririk ki, insanlar 116 111 qaynar xəttini tanıyır və müraciət edirlər. Bu, onların çətin anlarda dəstək ala bilməsi baxımından vacibdir. Digər tərəfdən psixoloji zorakılıq, ailədaxili münaqişələr və baxımsızlıq halları ilə bağlı müraciətlərin sayında da artım müşahidə olunur. Bu, insanların artıq susmaq əvəzinə yardım axtarmağa üstünlük verdiyini və bu məqsədlə qaynar xətlərə müraciət etdiyini göstərir”.

Aysberqin görünən hissəsi

QHT rəhbəri bildirir ki, mediaya çıxan və ictimailəşdirilən hallar yalnız aysberqin görünən hissəsidir: “Təcrübəmizə görə, zorakılığın böyük bir hissəsi ictimailəşmir. Xüsusilə ailədaxili münasibətlər çox vaxt gizli qalır. Bu səbəbdən valideynlərin öz valideynlik məsuliyyətini dərk etməsi və övladların ehtiyaclarını təmin etməsi üçün reabilitasiya mərkəzlərinin fəaliyyəti xüsusilə vacibdir. Ən böyük problem və çətinlik isə bu cür halların və faktların erkən aşkarlanmasında və koordinasiyanın olmamasındadır. Nəticələr göstərir ki, bəzən uşaq aylarla məktəbə gəlmir və bu barədə rayon üzrə müvafiq qurumlar məlumatlı olmur. Ailənin ümumi qiymətləndirilməsi aparılmır ki, uşaq niyə məktəbdən kənarda qalır və təhsildən uzaqlaşır. Bəzi hallarda isə uşaqların harada olduğu belə bilinmir. Bizim üçün ən vacib məsələ uşaq müdafiə sisteminin, xüsusilə onun tərkib hissəsi olan erkən aşkarlama mexanizminin gücləndirilməsidir”.

“Artıq sabit kateqoriyalaşma yoxdur”

Daha çox hansı sosial qruplarda bu kimi problemlərin müşahidə olunduğuna gəldikdə isə, həmsöhbətimiz vurğulayır ki, 10 il bundan əvvəl əsas risk qrupları sosial rifahı aşağı olan və natamam ailələr idi. Lakin hazırda vəziyyət dəyişib. Demək olar ki, bütün qruplar müəyyən risk faktorlarına məruz qala bilər:  “Tərbiyə prosesində yaranan pozuntular, uşağın inkişafının düzgün istiqamətləndirilməməsi, rəqəmsal texnologiyalardan həddindən artıq və nəzarətsiz istifadə, eləcə də internet təhlükəsizliyi ilə bağlı zəiflik nəticəsində bu risklər artıq daha geniş miqyas alıb. Demək olar ki, bütün ailə modellərinə təsir edir. Artıq sabit kateqoriyalaşma yoxdur. Düzdür, sosial rifahı aşağı olan ailələr birinci risk qrupu kimi qalır, lakin maddi rifahı yaxşı olan ailələrdə də statistik artım və vəziyyətin pisləşməsi müşahidə olunur. Əgər uşaq susursa, bu o demək deyil ki, problem yoxdur”.

“Laqeyd davranışın bir çox səbəbi ola bilər”

“Indigo Support” Reabilitasiya və İnteqrasiya Mərkəzinin meneceri və psixoloqu Aysel Qafarova bildirir ki, valideynin öz övladına qarşı laqeyd davranmasının bir çox səbəbi ola bilər. Bu amillərə valideynin yaşı, psixoloji cəhətdən hazır olub-olmaması, emosional vəziyyəti, uşaqlıq travmaları, erkən nikah və öz valideynlərindən gördüyü münasibəti model kimi qəbul etməsi daxildir: “Bu tip davranışlar, bir qayda olaraq, ani şəkildə deyil, tədricən formalaşır. Davranışa səbəb olan amillər təkrarlanan xarakter aldıqda, beyin təxminən 14-21 gün ərzində həmin reaksiyanı vərdiş kimi mənimsəyir. Bununla yanaşı, kəskin və güclü stres hallarında davranışın qəfil şəkildə ortaya çıxması da istisna edilmir”.

Psixoloqun qənaətincə, valideyn davranışı o zaman riskli hesab olunur ki, stres faktorları qısa müddətli deyil, davamlı xarakter alsın və xroniki mərhələyə keçsin: “Bu vəziyyətdə beynin emosional tənzimləmə və qərarvermə mexanizmləri pozulur, reaksiyalar adekvatlığını itirir. Valideyn uşağın yaşına uyğun normal davranışlarına belə həddindən artıq və ya uyğunsuz reaksiya verə bilər, nəticədə münasibətlərdə emosional uzaqlaşma yaranır. Risk indikatorları kimi laqeydlik, aqressiya, uşağın təhlükəsizlik hissinin zədələnməsi, valideyn davranışına bağlı qorxu, həyəcan pozuntularının yaranması çıxış edir”.

Çıxış yolu nədir?

A.Qafarova bildirir ki, bu vəziyyətin qarşısını erkən mərhələdə almaq mümkündür: “Əsas şərt valideynin öz emosional vəziyyətini vaxtında dərk etməsi və davranışlarında dəyişiklik ehtiyacını qəbul etməsidir. Erkən mərhələdə fərqindəlik formalaşdıqda, münasibətlərdə yaranan gərginlik dərinləşmədən tənzimlənə bilər. Maarifləndirmə və psixoloji dəstək bu halların azaldılmasında əhəmiyyətli rol oynayır. Psixoloji dəstək artıq formalaşmış stres və davranış modellərinin dəyişdirilməsində daha effektiv nəticə verir. Ən vacib profilaktik addım isə valideynin öz davranışlarını mütəmadi olaraq refleksiya etməsi və emosional sabitliyini qorumağa yönəlmiş vərdişlər formalaşdırmasıdır”.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər