Tullantıların idarə edilməsində növbəti mərhələ
2027–2030-cu illəri əhatə edəcək yeni Milli Strategiya tullantıların idarə olunmasında köklü dəyişikliklər vəd edir. Ekspertlər hesab edirlər ki, xüsusilə regionlarda çeşidlənmə sisteminin qurulması və təhlükəli tullantılara nəzarət əsas hədəf olmalıdır.
Azərbaycanda ekoloji təhlükəsizliyin təmini və tullantı idarəçiliyi sahəsində tamamilə yeni mərhələ başlayır. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyinin yaradılması, eləcə də Nazirlər Kabinetinə "Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027–2030-cu illər üçün Milli Strategiya" layihəsinin hazırlanması üçün beş ay vaxt verilməsi mövcud sistemdə köklü islahatların anonsudur. Bəs qəbul ediləcək yeni strategiyada konkret olaraq nələr əksini tapmalıdır? Hazırda Azərbaycanda tullantı idarəçiliyini ləngidən əsas problem nədir və xüsusilə regionlarda, su hövzələrində ən böyük ekoloji riski hansı tullantılar formalaşdırır?
“Məişət tullantıları qarışıq şəkildə toplanır”
“Eko Monitorinq” Mərkəzinin direktoru Kənan Kərimlinin sözlərinə görə, Azərbaycanda tullantı idarəçiliyinin səmərəsizliyi ilk növbədə mənbədə çeşidlənmənin aparılmaması və idarəetmənin tam şəkildə vahid, effektiv sistem üzərində qurulmaması ilə bağlıdır: “Hazırda bir çox ərazidə məişət tullantıları qarışıq şəkildə toplanır ki, bunun da nəticəsində təkrar emal potensialı itirilir və tullantıların böyük hissəsi birbaşa poliqonlara yönəlir. Xüsusilə Bakıdan kənarda, rayon və kənd yerlərində vəziyyət daha qabarıqdır. İnfrastrukturun zəifliyi - konteyner çatışmazlığı, köhnə daşıma texnikası, qeyri-rəsmi tullantı sahələri və logistika problemləri əhalinin tullantını düzgün təhvil verməsini çətinləşdirir. Nəticədə məişət tullantıları açıq ərazilərə, çay kənarlarına atılır və ya ən sadə çıxış yolu kimi həyətlərdə yandırılır. Bu mənzərə insan sağlamlığı üçün də ciddi risklər yaradır. Bu sahədə ən böyük təhlükəni tibbi və elektron tullantılar, batareyalar, işlənmiş yağlar, kimyəvi maddələr, pestisid qalıqları və sənaye tullantıları formalaşdırır. Həmin materiallar düzgün idarə olunmadıqda yeraltı sular və hava üçün uzunmüddətli çirklənmə mənbəyinə çevrilir. Məhz buna görə təhlükəli tullantıların yaratdığı risklərə qabaqlayıcı yanaşma tətbiq edilməli, ayrıca toplama, ciddi nəzarət və təhlükəsiz utilizasiya mexanizmləri işə salınmalıdır”.
“Toplama-daşınma sisteminin qurulması mütləqdir”
K.Kərimlinin fikrincə, Milli Strategiya sadəcə tullantının toplanması və daşınması ilə məhdudlaşmamalıdır. Ekoloji idarəetmədə ən vacib dəyişiklik köhnəlmiş “topla və apar” modelindən dairəvi iqtisadiyyata əsaslanan “azalt, ayır, təkrar emal et” modelinə keçid olmalıdır: “Yalnız poliqonlara yönələn yanaşma uzunmüddətli həll sayılmır. Əsas hədəflərdən biri tullantının elə yarandığı nöqtədə - evdə, ofisdə, müəssisə və istehsalat sahəsində çeşidlənməsidir. Hər bir ailədə bu vərdiş formalaşdırılmalı, iri təşkilatlarda isə tullantıların düzgün ayrılması üçün xüsusi məsul şəxslər müəyyən edilməli, həmçinin qablaşdırma və elektronika sahəsində istehsalçı məsuliyyəti artırılmalıdır. Yeni sənəddə regionlarda idarəetmə bərabərliyinin təmini prioritet istiqamətlərdən biri kimi nəzərdə tutulmalıdır. Təkcə iri şəhərlərdə deyil, rayon və qəsəbələrdə də əlçatan toplama-daşınma sisteminin qurulması mütləqdir. Bununla paralel olaraq, birdəfəlik plastiklərin istifadəsinin azaldılması, qeyri-qanuni poliqonların ləğvi, çirklənmiş sahələrin rekultivasiyası və tullantıların yaranmasından utilizasiyasına qədər vahid rəqəmsal izləmə sisteminin qurulması həyata keçirilməlidir”.
“Strategiya yeni mərhələnin başlanğıcı olacaq”
"Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım” İctimai Birliyin sədri Aynurə Miriyeva da düşünür ki, Azərbaycanda məişət tullantılarının idarə olunması son illərdə ən ciddi ekoloji və sosial problemlərdən birinə çevrilib: “Xüsusilə regionlarda müşahidə olunan vəziyyət mövcud idarəetmə modelinin artıq müasir ekoloji çağırışlara tam cavab vermədiyini göstərir. Bu baxımdan, Milli Strategiyanın hazırlanması bu sahədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir”.
A.Miriyevanın sözlərinə görə, mövzunun aktuallığını artıran əsas məqamlardan biri regionlarda aparılan monitorinqlərin nəticələridir: “Saatlı və İmişli rayonlarında aparılan tədqiqatlar ciddi idarəetmə boşluqlarını üzə çıxarıb. Saatlıda tullantı poliqonu inşa edilsə də, mövcud infrastruktur hələ də yetərli deyil. Ərazidə qismən çeşidlənmə aparılmasına baxmayaraq, geniş sahələrin qarışıq tullantılarla örtülməsi mövcud ekoloji riskləri daha da artırır. Ən təhlükəli məqamlardan biri tullantıların yaşayış məntəqələrinə və Araz çayı hövzəsinə yaxın ərazilərdə yerləşdirilməsidir. Ölkədə tullantı idarəçiliyinin ən böyük problemi mənbədə çeşidlənmə sisteminin zəif olmasıdır. Məişət tullantıları plastik, şüşə, kağız və üzvi qalıqlar üzrə ayrılmadan eyni konteynerlərə atılır ki, bunun da nəticəsində təkrar emal imkanları sıfıra enir və bütün yük yenidən poliqonların üzərinə düşür”.
“Ciddi nəzarət mexanizmlərinin tətbiqi vacibdir”
Müsahibimizin fikrincə, yeni sənəd yalnız tullantıların daşınması və poliqonların yaradılması ilə məhdudlaşmamalıdır. Sənəd tullantıların azaldılması, çeşidlənməsi, təkrar emalı və dairəvi iqtisadiyyat prinsiplərini özündə geniş şəkildə ehtiva etməlidir: “Yeni Milli Strategiyada bir sıra konseptual istiqamətlər prioritet təşkil etməlidir. İlk növbədə mənbədə tullantıların çeşidlənməsi sisteminin yaradılması, regionlarda müasir çeşidləmə və təkrar emal müəssisələrinin qurulması əsas şərtdir. Bununla yanaşı, açıq tullantı yandırılmasının qəti şəkildə qadağan olunması və ciddi nəzarət mexanizmlərinin tətbiqi, habelə bələdiyyələrin və yerli icra strukturlarının məsuliyyətinin artırılması təmin edilməlidir. Prosesin ayrılmaz hissəsi kimi əhalinin ekoloji maarifləndirilməsi, tullantıların azaldılması və təkrar istifadəyə təşviq mexanizmlərinin hazırlanması, yekunda isə dairəvi iqtisadiyyat modelinə tam keçidin təmin olunması nəzərdə tutulmalıdır”.
Zərif Salmanlı