• şənbə, 20 Iyun, 03:55
  • Baku Bakı 28°C

Kiçik qərar, böyük təsir

20.06.26 02:34 17
Kiçik qərar, böyük təsir

Uşaqlara ad verilməsi məsələsi cəmiyyətdə hər zaman aktual olub. Son dövrlərdə bu sahədə müəyyən çatışmazlıqlar müşahidə edilsə də, yeni yanaşma vahid sistemin formalaşdırılacağından xəbər verir.

Azərbaycanda uşaqlara ad verilməsi məsələsi yenidən ictimai müzakirə mərkəzinə çevrilib. Bu dəfə mövzuya səbəb “Uşaq hüquqları haqqında” yeni qanundur. Qanunda uşağın fərdiliyinin qorunması xüsusi vurğulanır və bu fərdilik anlayışı onun adı, vətəndaşlığı, ailə əlaqələrini də əhatə edir. Qanuna əsasən, uşağa verilən ad Ailə Məcəlləsi çərçivəsində müəyyənləşdirilməlidir. Bu isə o deməkdir ki, ad seçimi tam sərbəst proses olmaqla yanaşı, müəyyən hüquqi qaydalarla da tənzimlənir.

“Milli kimlik zəifləyə bilər”

Bu müzakirələrdə Milli Məclisin komitə sədri Fazil Mustafanın mövqeyi xüsusilə diqqət çəkir. O hesab edir ki, ad seçimi yalnız fərdi seçim məsələsi kimi deyil, həm də milli-mənəvi məsuliyyət kimi dəyərləndirilməlidir. Onun fikrincə, uzun illərdir Azərbaycanda uşaqlara ərəb, fars, rus, ingilis və digər xarici mənşəli adların verilməsi geniş yayılıb, bu tendensiya artıq bir növ ənənəyə çevrilib. Lakin o düşünür ki, bu ənənə milli kimliyin zəifləməsinə gətirib çıxara bilər.

Deputatın yanaşmasına görə, ad sadəcə çağırış vasitəsi deyil, insanın mənsub olduğu xalqın dilini, tarixini və mədəniyyətini daşıyan simvoldur. Bu baxımdan, yeni nəsillərə verilən adlar milli köklərə bağlı olmalı, Azərbaycan dilinin fonetik və semantik xüsusiyyətlərini əks etdirməlidir. Onun fikrincə, əgər hər nəsil əvvəlkindən daha çox xarici mənşəli adlara üstünlük verərsə, zamanla milli ad bazası zəifləyə və hətta unudula bilər.

F.Mustafa xüsusilə vurğulayıb ki, bu məsələdə inzibati məhdudiyyətlərdən daha çox ictimai təsir mexanizmləri işlək olmalıdır. Yəni, dövlətin sərt qadağalar tətbiq etməsi yox, daha çox maarifləndirmə və nümunə göstərilməsi yolu ilə dəyişiklik əldə etmək mümkündür. 

Ad sisteminə təsir edən əsas amillər

AMEA Dilçilik İnstitutunun baş direktoru, Terminologiya Komissiyası nəzdində Şəxs Adları Komissiyasının sədri, professor Nadir Məmmədli “Kaspi”yə bildirib ki, Azərbaycan şəxs adları tarix boyu müxtəlif ad sistemlərinin təsirinə məruz qalıb: “VII əsrdən etibarən ərəb, XI əsrdən isə fars ad sistemləri qədim türk antroponimiyasına ciddi təsir göstərib, lakin onu sıradan çıxarmayıb. XIX əsrdən başlayaraq isə adlarımız rus ad sisteminin təsiri ilə yeni mərhələyə daxil olub. Müasir ad sistemi Qərbi Avropa mənşəli adlarla da zəngindir. İstər ərəb, fars, istərsə də rus əsarəti dövründə antroponimlər müəyyən dəyişikliyə uğrasalar da, xalqımızın dil xüsusiyyətlərinə uyğunlaşıblar”.

Alimin sözlərinə görə, ad insanı tanıdan, onu digər fərdlərdən fərqləndirən əsas vasitədir və insan həyatında ən çox eşidilən söz onun öz adıdır: “ Advermənin prinsiplərini düzgün müəyyənləşdirmək üçün antroponimik vahidlərin milli-etnik funksiyası əsas olmalıdır. Ad verilərkən, ilk növbədə, məna və məzmun ön plana çəkilməli, daha çox estetik, üslubi cəhətə, advermə adət-ənənələrinə, leksik-semantik cəhətdən böyüklük, alilik, xoşbəxtlik, ucalıq, müdriklik, qəhrəmanlıq, gözəllik və s. anlayışlara diqqət yetirilməlidir”.

Milli ad fondu qorunacaq

Şəxs Adları Komissiyasının gələcək fəaliyyətinə də toxunan həmsöhbətimiz bildirib ki, yaradılmış komissiyanın gələcək fəaliyyəti nəticəsində şəxs adlarının elmi əsaslarla sistemləşdirilməsi, onların düzgün yazılış və işlənmə normalarının müəyyənləşdirilməsi istiqamətində mühüm addımların atılması gözlənilir. Bu çərçivədə dilimizin daxili qanunauyğunluqlarına uyğun olmayan təsadüfi və süni adların qarşısının alınması əsas prioritetlərdən biri olacaq. Bununla yanaşı, milli ad fondunun qorunması və zənginləşdirilməsi, həmçinin unudulmuş və tarixi ənənəyə malik adların yenidən dövriyyəyə qaytarılması da Komissiyanın əsas fəaliyyət istiqamətləri sırasında yer alır.

Ən qiymətli və uzunömürlü “hədiyyə”

Sosioloq Üzeyir Şəfiyevin yanaşması isə məsələyə psixoloji və sosial aspektdən baxmağa imkan yaradır. Onun fikrincə, ad valideynin övladına verdiyi ən qiymətli və uzunömürlü “hədiyyə”dir və bu seçim yüksək məsuliyyət, diqqət və həssaslıq tələb edir.

Ü.Şəfiyev vurğulayıb ki, adın sadəcə identifikasiya funksiyası yoxdur, həm də güclü psixoloji təsir mexanizmi var: “Ad uşağın özünüqavrayışına, şəxsiyyətinin formalaşmasına və sosial mühitə inteqrasiyasına birbaşa təsir göstərir. Başqa sözlə, uşaq yalnız adı daşımır, müəyyən mənada onunla formalaşır. Bu kontekstdə ad, uşağın özünə münasibətini, özünə inamını və cəmiyyət içində mövqeyini müəyyən edən amillərdən biri kimi çıxış edir”.

Ekspertin sözlərinə görə, tarixən Azərbaycan mədəniyyətində advermə prosesi daha məzmunlu və simvolik xarakter daşıyıb: “Xalq dastanlarında və epik ənənədə uşağın adı təsadüfi seçilmirdi. O ya qəhrəmanlıq, ya da müəyyən xüsusiyyətlər əsasında “qazanılırdı”. Dədə Qorqud kimi obrazların iştirakı ilə keçirilən mərasimlərdə ad uşağa bir növ sosial status, istiqamət verirdi. Bu, adın sadəcə söz yox, ideya və dəyər daşıyıcısı olduğunu göstərir”.

Məsuliyyətsizlikdən yaranan travma

Ü.Şəfiyev müasir dövrdə müşahidə olunan bəzi neqativ tendensiyalara da diqqət çəkib. O qeyd edib ki, valideynlərin bir qismi məsuliyyətsiz yanaşaraq uşaqlara məişət əşyalarının və ya təsadüfi sözlərin adını verir. Bu cür adlar isə uşağın sosial mühitdə stiqmatizasiyasına səbəb olur. Uşaq böyüdükcə həmyaşıdları tərəfindən lağ obyektinə çevrilir, nəticədə psixoloji travma, özünəqapanma və özünəinamın azalması kimi problemlər ortaya çıxır. Bir çox hallarda isə fərd yetkin yaşa çatdıqdan sonra adını dəyişmək məcburiyyətində qalır.

Ekspert digər problem kimi kütləvi mədəniyyətin təsirini göstərib. Onun sözlərinə görə, bəzi valideynlər serial və ya filmlərdə gördükləri obrazların adlarını onların mənasını və məzmununu araşdırmadan övladlarına verirlər. Halbuki həmin obrazların mənfi xarakter daşıması və ya milli-mədəni kontekstə uyğun olmaması mümkündür. 
Ü.Şəfiyev mövcud problemin həllində milli adların seçilməsini ən optimal yanaşma kimi qiymətləndirib. O hesab edir ki,

Azərbaycan tarixində iz qoymuş şəxsiyyətlərin, qəhrəmanların və şəhidlərin adlarının yaşadılması həm milli yaddaşın qorunması, həm də yeni nəslin dəyərlər sistemi ilə formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, adın tərbiyəvi və ideoloji funksiyasını gücləndirən amil kimi çıxış edir.

Sevinc Abbasova 

banner

Oxşar Xəbərlər