• şənbə, 20 Iyun, 03:15
  • Baku Bakı 28°C

Abortlarla bağlı qorxunc statistika

20.06.26 01:29 20
Abortlarla bağlı qorxunc statistika

Azərbaycanda cinsi və reproduktiv sağlamlıq sahəsində irəliləyişlər olsa da, əhatə dairəsi balanslı deyil. Abortların azalması üçün maarifləndirmə ilə yanaşı, kontrasepsiyaya əlçatanlıq, keyfiyyətli reproduktiv sağlamlıq xidmətləri və sosial dəstək mexanizmləri də paralel şəkildə gücləndirilməlidir.

Azərbaycanda abortların sayı rekord həddə çatıb. Rəsmi statistikaya görə, 2025-ci ildə ölkədə 95117 abort qeydə alınıb. Abortların 3178-i 18-19 yaş qrupunda, 66 abort isə 15-17 yaş qrupundadır. Abort etdirənlərin 27498-i 30-34 yaş, 26329-u 25-29 yaş, 22811-i isə 35 və yuxarı yaş qrupunda olan qadınlar olub. Əvvəlki illərə nəzər salsaq, abortların sayı 2021-ci ildə 46877, 2022-ci ildə 57999, 2023-cü ildə 73816, 2024-cü ildə isə 78245 olub. 

Stereotiplərin yaratdığı maneələr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi  Rafiq Mahmudov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, abortların sayının artması ciddi təhlil olunur və fəaliyyət planlarında xüsusi nəzərə alınır: “Abortların ailə planlaşdırılması üsulu kimi istifadəsinin qarşısının alınması, ana ölümünün azaldılması və doğulacaq uşaqların sağlamlığının qorunması məqsədilə kompleks maarifləndirmə mexanizmləri icra olunur. Bu sahə bir tərəfdən tibbi xidmətlərin yaxşılaşdırılması ilə inkişaf etsə də, digər tərəfdən regional və mədəni stereotiplər səbəbindən müəyyən maneələrlə qarşılaşır. Ölkədə cinsi və reproduktiv sağlamlıq sahəsində əsasən Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Ailə Planlaşdırılması Məsləhətxanaları fərdlərə hamiləliklərarası intervalın gözlənilməsi və arzuolunmaz hamiləliklərdən qorunma barədə məsləhətlər verir”.

Hələ də “tabu” olaraq qalır

Komitə rəsmisi bildirir ki, ölkədə cinsi və reproduktiv sağlamlıq sahəsində irəliləyişlər olsa da, əhatə dairəsi balanslı deyil: “Paytaxt Bakı ilə regionlar arasında kəskin fərq var. Regionlarda cinsi maarifləndirmə mövzusu hələ də "tabu" olaraq qalır. Azərbaycanda rəsmi abortların sayı hələ də yüksəkdir və onların əhəmiyyətli hissəsi kontrasepsiya barədə məlumatsızlıqdan və ya gender stereotiplərindən qaynaqlanır. Həmçinin müasir və ənənəvi kontraseptiv vasitələrdən istifadə faizi digər Şərqi Avropa ölkələri ilə müqayisədə aşağıdır”.

“Kontraseptiv vasitələr icbari tibbi sığorta zərfinə tam daxil edilməyib”

R.Mahmudovun sözlərinə görə, ailə planlaşdırılması sahəsində ən vacib addımlardan biri müasir kontraseptiv üsullara və vasitələrə əlçatanlığın təmin edilməsidir: “Sosial baxımdan həssas, aztəminatlı ailələrin və gənc anaların dövlət qadın məsləhətxanaları və ailə planlaşdırılması mərkəzləri tərəfindən pulsuz və ya güzəştli şərtlərlə kontraseptiv vasitələrlə təmin edilməsi mexanizmləri gücləndirilməlidir. Hazırda Azərbaycanda kontraseptiv vasitələr dövlət tərəfindən icbari tibbi sığorta zərfinə tam və kütləvi şəkildə daxil edilməyib. Beynəlxalq təcrübədən istifadə edərək, ölkəmizdə də bu mexanizmlərin tətbiq edilməsi mümkündür”.

“Ailədə açıq və mühakiməsiz ünsiyyət mühiti vacibdir”

Uzman ginekoloq Zivər Eldarova bildirir ki, planlaşdırılmamış hamiləliklərin əsas səbəbləri reproduktiv sağlamlıqla bağlı məlumat çatışmazlığı, kontrasepsiya üsullarından istifadə edilməməsi və ya onların düzgün tətbiq olunmamasıdır. Onun sözlərinə görə, bəzi hallarda “risk yoxdur” düşüncəsi, cinsi sağlamlıqla bağlı yanlış inanclar və qeyri-dəqiq məlumatlar da planlaşdırılmamış hamiləliklərin yaranmasında mühüm rol oynayır: “Digər vacib faktor isə ailə daxilində bu mövzuların açıq müzakirə olunmamasıdır. Valideyn-övlad münasibətlərində etibar və açıq kommunikasiya olmadıqda gənclər çox zaman düzgün məlumatı vaxtında əldə edə bilmir və alternativ, etibarsız mənbələrə yönəlir. Ümumi məlumatlılıq artsa da, kontrasepsiya və reproduktiv sağlamlıqla bağlı biliklərin böyük hissəsi elmi mənbələrdən deyil, sosial mühit və internetdən formalaşır. Bu isə yanlış təsəvvürlərin geniş yayılmasına səbəb olur. Xüsusilə gənclər bu baxımdan həssas qrupdur. Ailə daxilində etibarlı, açıq və mühakiməsiz ünsiyyət mühiti formalaşdırmaq xüsusi əhəmiyyət daşıyır”.

Həm qadının, həm də kişinin ortaq məsuliyyəti

Ginekoloqun sözlərinə görə, abort qərarı çoxfaktorlu məsələdir, yalnız tibbi və ya sosial səbəblərlə izah olunmur. Onun fikrincə, tibbi səbəblərə dölün ağır inkişaf qüsurları, genetik patologiyalar və ananın sağlamlığı üçün risk yaradan hallar daxildir. Sosial səbəblər isə əsasən iqtisadi çətinliklər, planlaşdırılmamış hamiləlik, ailə və münasibət problemləri, eləcə də sosial dəstəyin zəifliyi ilə bağlıdır: “Səhiyyə sistemində əsas boşluqlardan biri ailə planlaması xidmətlərinin bütün reproduktiv yaş qrupuna sistemli şəkildə çatdırılmamasıdır. Bir çox insan bu məlumatı yalnız hamiləlik yarandıqdan sonra əldə edir. Digər mühüm problem kontrasepsiya xidmətlərinin əlçatanlığı və maarifləndirmənin yalnız qadın üzərində fokuslanmasıdır. Ailə planlaması həm qadının, həm də kişinin ortaq məsuliyyətidir”.

“Abort vaxtında verilməmiş qərarın nəticəsidir” 

Ginekoloq bildirir ki, abortların azalması üçün maarifləndirmə ilə yanaşı kontrasepsiyaya əlçatanlıq, keyfiyyətli reproduktiv sağlamlıq xidmətləri və sosial dəstək mexanizmləri də paralel şəkildə gücləndirilməlidir: “Beynəlxalq təcrübə göstərir ki, elmi əsaslı cinsi maarifləndirmə proqramları planlaşdırılmamış hamiləliklərin və dolayısı ilə abort göstəricilərinin azalmasına müsbət təsir göstərir, lakin bu nəticə yalnız kompleks yanaşma ilə mümkündür. Abort göstəriciləri təkcə tibbi statistika deyil, həm də cəmiyyətin reproduktiv sağlamlıq savadlılığını və sosial rifah səviyyəsini əks etdirən mühüm göstəricidir. Məqsəd abortu müzakirə etmək yox, planlaşdırılmamış hamiləliklərin qarşısını almaqdır. Çünki hər abort əslində vaxtında verilməmiş bir qərarın, gecikmiş bir məlumatın və ya əlçatmaz bir xidmətin nəticəsi ola bilər”.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər