Silinən tarixçə, əsassız cərimələr
"AzParking" tətbiqində "Face ID" ilə təsdiqlənən parklanma seanslarının sonradan sistemdən silindiyi, SMS-lə başlayan ödənişlərin xəbərsiz dayandırıldığı və bəzi kartlardan bir neçə dəfə pul tutulduğu iddia olunur. Ödəniş etdiyini düşünən sürücülər sonradan əsassız cərimələrlə qarşılaşdıqlarını bildirirlər.
"Mayın 19-u, saat 13:00 radələrində Əhməd Rəcəbli küçəsindəki rəsmi parklanma məntəqəsində dayandım. "AzParking" tətbiqinə daxil olub seansı başlatdım və ödənişi "Face ID" ilə təsdiqlədim. Ekranda vaxtın geriyə sayımı başladı - hər şey qanuni və şəffaf idi. Lakin cəmi iki saat sonra telefonuma əsassız cərimə protokolu gəldi. Tətbiqi açdıqda isə nə aktiv seans görünürdü, nə də tarixçə. “141” Çağrı Mərkəzinə zəng etdim və aldığım cavab belə oldu: “Bizim sistemdə görünmürsə, cəriməni ödəməlisiniz".
Bu paylaşımı jurnalist Bahadur Seyidov edib. Son vaxtlar bu tipli şikayətlərə tez-tez rast gəlirik. Kimi parklanmanı sonlandırsa da, sistemin əmri qəbul etmədiyini və arxa fonda balansından davamlı pul çıxıldığını deyir, kimi ödənişini edə bilmədiyini yazır. Qaydalara uyğun SMS göndərməsinə rəğmən, sistemin cərimə yazdığından şikayətlənənlər də var. Bəs rəqəmsal sistemin yaratdığı bu xaosda vətəndaş nə etməlidir?
“141”-ə zəng edin
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirildi ki, parklanma ilə bağlı yaranan suallar, eləcə də qanunsuz cərimə iddiası ilə əlaqədar vətəndaşlar AYNA-nın “141” Çağrı Mərkəzi, elektron poçt ünvanı və agentliyin bütün sosial şəbəkə platformaları üzərindən müraciət edə bilərlər. Vətəndaşların hər hansı bir fakt üzrə müraciəti araşdırılaraq bilavasitə onların özlərinə təqdim olunur.
"Artıq tətbiqə etibarım qalmayıb, hər dəfə ekran görüntüsü alıram"
Sistemdəki xəta ucbatından sübutsuz qaldığını və haqsız yerə cərimələndiyini bildirən Bahadur Seyidov isə deyir ki, əlində heç bir maddi sübut qalmadığı üçün dedikləri sadəcə iddia olaraq qalır: “Çünki əməliyyat nə “AzParking” tətbiqinin, nə də bankın tarixçəsinə düşüb. Şikayət etdikdə isə qurumdan “sistemdə yoxdur” cavabını alıram. Bilsəydim, ödəniş edən an ekran görüntüsü alardım. Belə halla artıq ikinci dəfədir qarşılaşıram. Əvvəlkində mənə dedilər ki, guya ödəniş etməmişəm. Bu dəfə isə Face ID ilə təsdiqlədiyim üçün tam əmin idim. Buna baxmayaraq, yenə də sübutsuz vəziyyətdəyəm. İndi artıq proqrama etibarım qalmayıb, hər dəfə park etdikdən sonra məcbur qalıb ekran görüntüsü alıram. Dövlət qurumunun bu cür yanaşması vətəndaşın inamını sarsıdır. Aydındır ki, proqram təminatında ciddi boşluqlar var, lakin qurum bunu araşdırmaqda maraqlı görünmür. Hətta əməliyyat istifadəçi interfeysində görünməsə belə, İT mütəxəssisləri arxa fonda edilən gedişləri görə və vətəndaşın xeyrinə qərar çıxara bilərlər. Təəssüf ki, bunu da etmirlər."
“Bu, istehlakçı hüquqlarının pozulmasıdır”
Nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə, rəqəmsal parklanma sistemlərində mobil tətbiq, mərkəzi server, internet bağlantısı və nəzarət kameraları arasında uyğunsuzluq yarananda belə halların baş verməsi texniki baxımdan tam mümkündür: “Dünyanın müxtəlif ölkələrində də analoji xətalar zaman-zaman yaşanıb. Vətəndaş öz telefonunda "Face ID" ilə ödənişi təsdiqləyir, lakin həmin məlumat şəbəkə kəsintisi səbəbindən mərkəzi verilənlər bazasında qeydə alınmır. Nəticədə, sürücü hər şeyi qanuni etdiyini düşünsə də, sistem onu “ödəniş etməyən” kimi görür və avtomatik cərimə generasiya edir. Ən təhlükəli məqam isə tətbiqin əməliyyat tarixçəsini də silməsidir. Bu artıq sadəcə texniki nasazlıq deyil, hüquqi müstəvidə istehlakçı hüquqlarının pozulmasıdır. Problemin kökündə sistemin qeyri-şəffaf işləməsi dayanır”.
“Müstəqil nəzarət mexanizmi qurulmalıdır”
Ekspert bildirir ki, dünyanın inkişaf etmiş ölkələrində parklanma başlayan kimi sürücüyə dərhal elektron qəbz göndərilir, bütün əməliyyatlar silinməz arxivdə saxlanılır. Azərbaycanda da bu mexanizm təcili tətbiq olunmalıdır: “Bundan əlavə, sistemdə kütləvi uyğunsuzluq varsa, araşdırma tamamlanana qədər cərimələrin icrası dondurulmalıdır. Sosial şəbəkələrdə yüzlərlə oxşar şikayət varsa, bu, artıq fərdi hadisə yox, sistemli problemdir. Təcili olaraq texniki audit aparılmalı və müstəqil nəzarət mexanizmi qurulmalıdır".
A.Nəbiyevin fikrincə, belə vəziyyətlə qarşılaşan vətəndaşlar rəqəmsal sübutları toplamağı vərdişə çevirməlidirlər: “Ən vacib addım parklanma başladığı anda dərhal ekran görüntüsü almaqdır. "Face ID" təsdiqi, geri sayım vaxtı, SMS bildirişi və bank çıxarışı kimi məlumatlar mütləq saxlanılmalıdır. Tətbiqdə tarixçə silinsə belə, bank əməliyyatının izi vətəndaşın xeyrinə ən ciddi sübutdur. Sürücülər yalnız “141” Çağrı Mərkəzinə zəng etməklə kifayətlənməməli, yazılı formada da şikayət ünvanlamalıdırlar”.
Sistemdəki problemlər
İKT üzrə ekspert Elvin Abbasovun sözlərinə görə, İT nöqteyi-nəzərindən bu cür halların baş verməsi tamamilə mümkündür. Problemin kökündə sistemlərarası asinxronizasiya və verilənlər bazası xətaları dayanır.
E.Abbasov bildirdi ki, sistemdə yaşanan kütləvi nasazlıqların kökündə bank prosessinqi, mobil operator şlüzləri və mərkəzi nəzarət paneli arasındakı məlumat mübadiləsinin real vaxt rejimində sinxronlaşdırılmaması və konkurentlik xətaları dayanır: “Digər fundamental problem isə çağrı mərkəzi operatorlarının arxa fonda baş verən texniki xəta qeydiyyatı və sistem yaddaşı idarəetmə sistemlərinə çıxışının olmamasıdır. Bu səbəbdən operator verilənlər bazasındakı xətanı görə bilmir və vətəndaşa yalnız “sistemdə görünmürsə, ödəməlisiniz” kimi qeyri-peşəkar cavab vermək məcburiyyətində qalır”.
“Vətəndaş elektron şikayət ərizəsi ünvanlamalıdır”
Ekspert düşünür ki, mərkəzi rəqəmsal sistemdə qeydiyyat itdikdə şifahi müraciətlər hüquqi sübut sayılmadığı üçün vətəndaş ilk növbədə bank tətbiqindən pulun silinməsini təsdiq edən elektron qəbzi, tranzaksiya kodlarını və ya gələn təsdiq mesajlarının ekran görüntülərini dərhal rəqəmsal sübut olaraq yadda saxlamalıdır: “Daha sonra, daxil olan əsassız cərimə protokoluna qarşı hüquqi müddət daxilində, yəni bildiriş rəsmi qaydada çatdırıldığı gündən etibarən 10 gün ərzində müvafiq nəqliyyat agentliyinə və ya məhkəməyə bank çıxarışlarını əlavə edərək elektron şikayət ərizəsi ünvanlamalıdır".
“Vətəndaşın sübutu yoxdursa, cəriməni ödəməlidir”
Hüquqşünas Elnur Məmmədovun sözlərinə görə, sürücülərin “AzParking" tətbiqini aktivləşdirib getdiyi, lakin sonradan onlara cərimə bildirişi gəldiyi hallarla təcrübədə çox tez-tez rastlaşırlar. Bu vəziyyət əksər hallarda ya sürücünün zona kodunu yanlış daxil etməsi, ya da sistemdə hansısa xətanın baş verməsi səbəbindən yaranır: “Bir tərəfdə "AzParking" avtomobilin parklanma yerində dayandığını vizual olaraq qeydə alaraq rəqəmsal bazada heç bir seansın açılmadığını rahatlıqla sübut edir. Digər tərəfdə isə sürücü tətbiqi işə saldığını, balansından vəsait tutulduğunu nümayiş etdirməlidir. Mövcud hüquqi qaydalara və qanunvericiliyin məntiqinə görə, sürücü hətta zona kodunu yanlış daxil etsə belə, məhz həmin saatda tətbiq vasitəsilə balansından pul çıxıldığını sübut edə bilsə, müvafiq müraciətdən sonra tərtib olunmuş protokol ləğv edilir və cərimə avtomatik silinir. Vətəndaşın seansı başlatmasına rəğmən sistemin bu məlumatı tamamilə itirdiyi, əməliyyatın tətbiqdə qoşulmamış kimi göründüyü spesifik hallara gəlincə, bu, tam texniki məsələdir. Məsələni hüquqi formada tənzimləmək və cərimənin silinməsinə nail olmaq üçün vətəndaşın əlində mütləq müəyyən maddi sübut olmalıdır ki, iddiasını əsaslandıra bilsin. Əgər sürücü texniki nasazlıq ucbatından ödənişə dair heç bir alternativ rəqəmsal sübut təqdim edə bilmirsə, cəriməni məcburi qaydada ödəməli olur”.
Zərif Salmanlı