Təcili diaqnostika əlçatmaz olanda
Dövlət xəstəxanalarında diaqnostik avadanlıqların çatışmazlığı müşahidə olunur. Bu avadanlıqları işlətmək üçün kadr qıtlığı da var. Mütəxəssislər həyəcan təbili çalırlar.
Bu yaxınlarda Abşeron rayonunda baş vermiş ağır motosiklet qəzasından sonra yaralının diaqnostik müayinəsi ilə bağlı ortaya çıxan məlumatlar səhiyyə xidmətlərinin əlçatanlığı məsələsini yenidən gündəmə gətirib. Hadisə bir daha göstərir ki, bəzi rayonlardakı xəstəxanalarda kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiyası (MRT) kimi həyati əhəmiyyət daşıyan diaqnostik avadanlıqların çatışmazlığı var. Bu da təcili tibbi yardımın keyfiyyətinə və xəstələrin vaxtında müayinə olunmasına nəinki ciddi təsir göstərir, hətta faciəyə gətirib çıxarır. Rayonlarda bu xidmətlərin məhdud olması səbəbindən minlərlə xəstə diaqnostik müayinələr üçün Bakıdakı tibb müəssisələrinə üz tutmağa məcbur qalır. Nəticədə paytaxt xəstəxanalarında sıxlıq və uzun növbələr yaranır, xəstələrin müayinəyə çıxışı çətinləşir. Bu vəziyyət həm region sakinləri, həm də Bakıdakı tibb müəssisələrindən istifadə edən vətəndaşlar üçün əlavə vaxt və maliyyə yükü yaradır.
Rayon xəstəxanalarında KT və MRT kimi həyati vacib diaqnostik avadanlıqların çatışmazlığı həm paytaxt, həm də rayonlarda diaqnostik imkanların genişləndirilməsi və vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxışının təmin edilməsi istiqamətində həlli vacib məsələləri ortaya çıxarır.
Cəmi 30 ədəd KT cihazı var
TƏBİB-in mətbuata verdiyi açıqlamaya görə, hazırda qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 30 ədəd KT cihazı mövcuddur. Onların 11-i Bakı şəhərində, 19-u isə regionlarda yerləşir: “Radioloji tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə müasir tibbi texnologiyaların tətbiqi istiqamətində tədbirlər davam etdirilir. Əsas məqsəd bütün tibb müəssisələrinin radioloji avadanlıqlarla təchiz olunması deyil, pasiyentlərin radioloji xidmətlərə əlçatanlığının təmin edilməsi və vahid radioloji xidmət sisteminin formalaşdırılmasıdır”, - deyə qurumdan bildirilib.
Həkim və ekspertlər problemin kifayət qədər dərin olduğunu və bu sahədə təxirəsalınmaz işlərin vacibliyini bildirirlər.
Havadan asılı qalan xəstələr
Professor Adil Qeybulla bildirir ki, təxirəsalınmaz hadisələr dünyanın hər yerində baş verir və bu vəziyyətə həmişə hazır olmaq lazımdır: “İstənilən xəstəxananın “təcili” deyilən bir guşəsi olmalıdır. Çünki xəstənin hadisə yerindən götürülməsi mühüm əhəmiyyət kəsb edir. Həmin zərərçəkmiş hadisə yerindən xəstəxanaya gətirilirsə, yolda əlavə travma ala bilər. Yəni ortada baş beynin, onurğa beynin, onurğa beynin boyun şöbəsinin sınığı və digər ağır travmalar ola bilər. Bunun üçün xüsusi protokol var və bütün həkimlər bunu bilməlidirlər”.
Professor bildirir ki, hazırda bütün kəllə-beyin travmalarında müasir metod olan MRT və KT-dən geniş istifadə olunur. Bu baxımdan dövlət xəstəxanalarının işlək vəziyyətdə olması şərtdir: “Təəssüf ki, bir müddət əvvəl bu xəstəxanalarda Səhiyyə Nazirliyi tərəfindən təmir işləri aparılanda xeyli köhnə avadanlıqları da gətirib o müəssisələrdə yerləşdiriblər. Onların da bəziləri qısa müddətdən sonra xarab olur və belə problemlər yaşanır”. A.Qeybulla hesab edir ki, xəstəxanadakı bu avadanlıqların texniki durumunun dəyərləndirilməsi, onların işlək vəziyyətdə olması üçün lazımı tədbirlərin görülməsinə, tez-tez xarab olan hissələrinin dəyişdirilməsinə ehtiyac var: “Təəssüf ki, bir avadanlığın olmaması və işləməməsi ucbatından xəstələrin həyatı havadan asılı qalır”.
“Rayon xəstəxanalarında 60-cı illərin aparatlarından istifadə olunur”
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli ölkəmizdə radiologiya ilə bağlı ciddi problemlərin yaşandığını bildirir: “Səbəblərdən biri radioloq həkimlərin ciddi çatışmazlığıdır. Dövlət klinikalarında radioloqların sayı kifayət qədər deyil. Radioloji avadanlıqlar – KT, MRT aparatları çox bahalıdır. Onların alınması o zaman zərurətə çevrilir ki, həm də kifayət qədər kadr potensialı olsun. Müəyyən rayonlarda diaqnostik mərkəzlər var. Ancaq orada alınan aparatların çoxu işlək olmayan vəziyyətdə qalıb. Hazırda rayon xəstəxanalarında 60-cı illərin aparatlarından istifadə olunur”. Ekspertin sözlərinə görə, dövlət klinikalarında rentgen kontrast maddə yoxdur: “Sığortalı xəstələri heç özəl klinikalara da transfer etmirlər. Xəstə kontrast KT olmalıdır, amma “alternativ olaraq sizi kontrastlı MRT edə bilərik. Sizi özəl xəstəxanaya göndərə bilmirik”, - deyirlər. Bu gün öyündüyümüz Yeni Klinikada pasiyentləri kontrastlı KT-yə növbəyə götürür, amma bir gün qalmış “kontrastlı maddə olmadığından sizi müayinəyə çağıra bilmirik” deyirlər. Nəticədə xəstələr çətin durumda, xidməti almamış vəziyyətdə qalırlar”.
“Yalnız kadrı dəyişməklə islahat olmur”
Ekspert bildirir ki, Abşeron rayon mərkəzi xəstəxanasında da bu cür avadanlıqlar yoxdur, onlar xəstələri göndərişlə başqa xəstəxanalara yönləndirirlər: “Xəstələr sığortalı olsa da, xidmətin dəyərinin 20 faizinin pulunu ödəməlidirlər. Elə klinikalar var ki, pasiyenti gecə 2-3-ə növbəyə yazırlar”. İ.Hüseynov rayonlarda vəziyyətin daha acınacaqlı olduğunu deyir: “KT aparatı bir yana qalsın, normal rentgen aparatları istismar vaxtını bitirmiş vəziyyətdədir”. Ekspert hesab edir ki, səhiyyə sahəsində təkcə kadr dəyişikliyi ilə islahata nail olmaq mümkün deyil: “Mütəxəssislərin sayı azaldılmasın, əksinə, artırılsın, 65 yaşlı həkimlər işdən çıxarılmasın. Onsuz gənclər bölgələrə getmirlər. Həkimsizləşmək problemi yaşayırıq. Gənc həkimlər kütləvi şəkildə Almaniyaya gedirlər. Onlar üçün yaxşı şərait yaradılmalı, avadanlıqlar verilməlidir ki, burada qalıb radioloq kimi işləsinlər. Rerezidentura ilə bağlı da islahatlar aparılmalıdır. Yalnız kadrı dəyişməklə islahat olmur. Səhiyyə sahəsində görülməli işlər çoxdur”.
Təranə Məhərrəmova