"ASAN xidmət"lərdə 9,2 milyon vətəndaşa xidmət göstərilib
Son 14 ildə "ASAN xidmət" mərkəzlərində 9,2 milyon vətəndaşa xidmət göstərilib. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"ə 100 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbirdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2012-ci ildən bu günə ümumilikdə 100 milyon xidmət göstərilib: "Hər ötən il həm xidmətlərin sayı, həm də xidmətlərdən yararlanan vətəndaşların sayı artır. Azərbaycanın əhalisi 10 milyondan bir qədər çox olsa da, artıq 9 milyon 200 min vətəndaş "ASAN xidmət"dən istifadə edib. Bu isə o deməkdir ki, demək olar, hər bir vətəndaş "ASAN xidmət"ə orta hesabla 9–10 dəfə müraciət edib".
Ü.Mehdiyev bildirib ki, bu gün "ASAN xidmət"də vətəndaş məmnuniyyəti 99,9 faiz təşkil edir: "ASAN xidmət"də çalışan əməkdaşların şəffaflıq, sıfır bürokratiya, operativlik və hər kəs üçün əlçatan xidmət prinsiplərinə sadiqliyi sayəsində bu yüksək vətəndaş məmnuniyyətinə nail olunub. Bu gün də şahidi olduğumuz kimi, 100 milyonuncu xidmət göstərilən vətəndaş cəmi 10 günlük körpədir. Arzu edirik ki, o da gələcəkdə ailəsinə, xalqına və dövlətinə faydalı bir şəxsiyyət kimi yetişsin".