• şənbə, 25 Iyul, 05:05
  • Baku Bakı 30°C

Milli mətbuatımız 151 yaşında 

25.07.26 03:26 17
Milli mətbuatımız 151 yaşında 

Bu dövr ərzində milli mətbuatımız xalqımızın maariflənməsi, milli özünüdərki və dövlətçilik ənənələrinin formalaşmasında müstəsna və əvəzedilməz rol oynayıb. Bu ənənə hazırda da davam etməkdədir. 

Əsası dahi mütəfəkkir, dövrünün qabaqcıl ziyalılarından olan Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə “Əkinçi” qəzeti ilə qoyulmuş Azərbaycanın milli mətbuatı özünün 151 yaşını qeyd etdi. Bu dövr ərzində milli mətbuatımız xalqımızın maariflənməsi, milli özünüdərki və dövlətçilik ənənələrinin formalaşmasında müstəsna və əvəzedilməz rol oynayıb. 

“Əkinçi”nin yaratdığı ənənə

“Əkinçi”nin yaratdığı ənənə bu gün müstəqil Azərbaycan mediası tərəfindən davam etdirilir. 151 illik böyük zaman kəsiyində milli mətbuatımızın mahiyyət və forması transformasiyaya uğrasa da, əsas məqsəd və amal dəyişməz olaraq qalır. Bu məqsəd Azərbaycanın dövlətçilik maraqlarının qorunması, peşə etikası, xalqın maariflənməsi, qərəzsiz, dolğun və dəqiq informasiya təminatıdır. Bu fikirlər 151 illik bayram tədbirlərində də bir daha vurğulandı, təsdiqləndi. 

Ənənəvi və yeni medianın qarşılıqlı uğurlu fəaliyyəti

Müasir dövrün tələblərinə uyğun özünün rəqəmsal transformasiya dövrünü yaşayan milli mətbuatımız ənənəvi və yeni medianın qarşılıqlı uğurlu fəaliyyəti nəticəsində qlobal məkanda öz sözünü deməkdə davam edir, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Sosial şəbəkələrin, virtual dünyanın, rəqəmsal mühitin sürətlə inkişaf etdiyi və cəmiyyətdə ictimai fikrin formalaşmasına təsir etdiyi bir məqamda dövlətçilik maraqlarına, jurnalistikanın dəqiqlik, qərəzsizlik və etibarlılıq prinsiplərinə ciddi riayət edən milli mətbuatın dayanıqlı inkişafı ehtiyacdan çox zərurətə çevrilib. Bu prinsiplərin əsas tutulduğu milli və müstəqil medianın inkişafı, davamlılığı ölkəmizin strateji hədəfləri sırasında yer almaqdadır.   

Milli mətbuatın inkişafına xüsusi diqqət yetirilir

Azərbaycan dövləti milli mətbuatın inkişafına xüsusi diqqət yetirir, müvafiq proqramlarla media qurumlarının iqtisadi müstəqilliyinin təmini, jurnalistlərin sosial durumlarının yaxşılaşdırılması istiqamətində addımlar atır. Bu addımlar milli dövlətçilik ənənələrini əsas tutan, milli maraqları müdafiə edən, vətənpərvər peşəkar jurnalist və media qurumlarının formalaşdırılması siyasəti ilə paralel olaraq reallaşdırılır. 

Qlobal media problemlərinin müzakirə olunduğu məkan

Artıq Azərbaycan tək milli medianın yox, həm də qlobal media mühitinin problemlərinin, bu sahədəki müasir çağırışların müzakirə olunduğu bir məkana çevrilib. Hər il ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumu bunun ən bariz nümunəsidir. Müasir dünyanın bu gün ən çox ehtiyac duyduğu şey, sülh, sabitlik və təhlükəsiz mühitdir. IV Şuşa Qlobal Media Forumunun əsas devizi də məhz bu qlobal çağırışa həsr edilmişdi: “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”. İşğaldan azad edilmiş Şuşada bu mövzunun seçilməsi heç də təsadüfi deyildi. 151 illik bayram ərəfəsində Azərbaycan dövləti qalib medianın müharibə və sülh dövründəki peşəkar fəaliyyətini, bu sahədə həyata keçirilən uğurlu siyasət modelini dünyaya təqdim etdi. 

Hərtərəfli modernləşdirilən media mühiti

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də vurğuladığı kimi, qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Qlobal Media Forumundan daha uyğun məkan tapmaq çətindir: “Şuşa yalnız şəhər deyil, həm də bir rəmzdir. Əsrlər boyu bura ədəbiyyatın, musiqinin, jurnalistikanın və ictimai fikrin çiçəkləndiyi intellektual və mədəni müzakirə məkanlarından biri olub. Hazırda isə bura dialoqun, ideyaların və beynəlxalq əməkdaşlığın yenidən qurulduğu məkana çevrilir. Şuşa Qlobal Media Forumu sadəcə konfrans deyil, jurnalistlərin, siyasətçilərin, akademik və texnologiya liderlərinin medianın ən vacib dəyərlərindən birini, yəni həqiqəti və faktları qoruyub saxlamaq yollarını araşdırmaq üçün platformadır”.

H.Hacıyevin sözlərinə görə, son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirib. “Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, daha yüksək etik standartların təşviq edilməsi, media savadlılığının artırılması və bu sahənin sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək üçün nəzərdə tutulub. Media islahatı yalnız qanunvericilikdən ibarət deyil. Bu, dayanıqlı institutların qurulması, jurnalistlərə investisiya qoyulması və ictimai etimadın gücləndirilməsi deməkdir”, - deyə Hikmət Hacıyev bildirib.

Milli medianın mövcud əsası

Müasir çağırışlar, hibrid informasiya müharibəsi, təhdidlər fonunda peşəkar, məsuliyyətli və obyektiv jurnalistikanın əhəmiyyəti daha da artır. Dezinformasiyanın, saxta xəbərlərin və informasiya manipulyasiyalarının geniş yayıldığı bir zamanda jurnalistin peşə etikası, dəqiqliyi, məsuliyyəti və vətənpərvər mövqeyi ciddi mahiyyət daşıyır. Müasir media mühitində etik jurnalistika prinsipləri, peşəkar həmrəylik və media subyektləri arasında əməkdaşlığın labüdlüyü bu sahədə uzaqgörən strateji yanaşmanın zəruriliyini bir daha ortaya qoyur. Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu göstərir ki, zəngin maarifçilik ənənələri ilə müasir jurnalistika prinsiplərinin vəhdəti milli medianın həm ölkə daxilində, həm də beynəlxalq informasiya məkanında üzərinə düşən missiyanı daha səmərəli yerinə yetirməsi üçün mühüm əsasdır. Uğurlu strateji yanaşma ilə peşəkar jurnalistikanın vəhdəti, ənənəvi və müasir trendlərin qarşılıqlı fəaliyyəti Azərbaycanın milli mediasının mövcud əsasını təşkil etməkdədir. 

F.Abasoğlu

banner

Oxşar Xəbərlər