Tərləmə ilə mübarizənin qızıl qaydaları
Yay aylarında tərləmənin artması ilə antiperspirant və dezodorantlara tələbat da yüksəlir. Mütəxəssislər məhsul seçərkən tərkibə, dəri tipinə və düzgün istifadə qaydalarına diqqət yetirməyin həm effektivliyi artırdığını, həm də qıcıqlanma riskini azaltdığını bildirirlər.
Yayın gəlişi, qovurucu istilər və artan fiziki aktivlik hər kəsin ortaq problemi olan tərləmə mövzusunu da gündəmə gətirir. Təbii olaraq, bu aylarda kosmetika mağazalarının rəflərindəki antiperspirant və dezodorantlara tələbat pik həddə çatır. Lakin bu qədər rəngarəng qablaşdırmalar və fərqli tərkiblər arasında doğru seçim etmək heç də asan deyil. Sprey, roll-on, stik, yoxsa krem? Üzərində "alüminiumsuz", "təbii" və ya "orqanik" yazılan məhsullar həqiqətən daha təhlükəsizdirmi, yoxsa bu sadəcə bir marketinq gedişidir?
Antiperspirant və dezodorant fərqi
Dermatoveneroloq Nuridə Qədiməliyevanın sözlərinə görə, insanlar yayda antiperspirantlardan daha çox istifadə etməyə başlayırlar. Hazırda satışda həm antiperspirantlar, həm də dezodorantlar mövcuddur: “Antiperspirantlar tər vəzilərini müvəqqəti olaraq tıxayaraq tərləmənin azalmasına kömək edir. Dezodorantlar isə pis qoxunun yaranmasında iştirak edən bakteriyaların çoxalmasının qarşısını alaraq yalnız qoxunun qarşısını almağa xidmət edir. Antiperspirant alarkən məhsulun tərkibi, aktiv maddələrinin növü, dərinin tipi və həssaslığı, tərləmənin dərəcəsi, gündəlik fiziki aktivlik, həmçinin məhsulun forması (sprey, roll-on, stik və ya krem) nəzərə alınmalıdır. Antiperspirantların əsas aktiv maddələri alüminium duzlarıdır. Satışda ən çox alüminium xlorohidrat və alüminium sirkonium tərkibli məhsullara rast gəlinir. Bu maddələr tər vəzilərinin axacaqlarında müvəqqəti tıxac yaradaraq tərləməni azaldır. Seçim zamanı tərkibində güclü ətir, spirt, propilen qlikol, bəzi konservant və boya maddələrinin olmamasına üstünlük verilməlidir. Xüsusilə həssas dəriyə sahib şəxslər "alcohol-free" qeyd olunan, ətirləndirici, efir yağları, propilen qlikol və boya maddələri olmayan məhsulları seçməlidirlər”.
Sprey, roll-on, stik yoxsa krem?
N.Qədiməliyeva bildirdi ki, müxtəlif formalı antiperspirantların hər birinin öz üstünlükləri və çatışmazlıqları var: “Spreylər tez quruyur, istifadəsi rahatdır və yapışqanlıq hissi yaratmır. Lakin onların tərkibində spirt daha çox olduğundan dəridə qıcıqlanma riski artır və istifadə zamanı tənəffüs yollarına daxil ola bilər. Roll-on məhsullar dəriyə daha bərabər yayıldığı və aktiv maddələrin dəri ilə təmasını yaxşı təmin etdiyi üçün daha effektiv hesab olunur. Bununla belə, onların quruması daha çox vaxt aparır və yapışqanlıq hissi yarada bilər. Stik antiperspirantlar rahat daşınır, yumşaq təsir göstərir və uzunmüddətli qoruma təmin edir. Ancaq isti havada əriməsi və paltarda iz buraxması mümkündür. Krem formalı məhsullar isə həssas dəri üçün daha uyğundur, qıcıqlanma riski azdır və təraşdan sonra istifadəsi daha rahatdır. Mənfi cəhəti tətbiqinin daha çox vaxt aparması və dəridə yağlılıq hissi yaratmasıdır. Dermatoloq olaraq gündəlik istifadə üçün əsasən roll-on və ya krem formalı antiperspirantları tövsiyə edirik. Bu formalar aktiv maddələrin dəri ilə təmasını daha yaxşı təmin edir, sprey məhsullarla müqayisədə qıcıqlanma riski daha aşağıdır və tərkiblərində adətən spirt də az olur. Həssas dərili şəxslərdə krem formaları daha uyğundur. Ümumiyyətlə, məhsul seçərkən dəri tipi, yaş və həyat tərzi nəzərə alınmalıdır. Məsələn, idmanla məşğul olan və çox tərləyən insanlarda daha güclü vasitələrə ehtiyac yarana bilər, yeniyetmələr üçün isə yüngül formulalar kifayət edir”.
“Məhsul gün ərzində bir dəfə istifadə olunmalıdır”
Dermatoveneroloqun fikrincə, sağlam şəxslərdə antiperspirantların gündəlik istifadəsi təhlükəsiz hesab olunur: “Lakin məhsul gün ərzində yalnız bir dəfə, daha yaxşısı axşam saatlarında, tam təmiz və quru dəriyə nazik qat şəklində tətbiq edilməlidir. Axşam saatlarında tər vəzilərinin aktivliyi azaldığı üçün antiperspirant daha effektiv təsir göstərir. Təraşdan dərhal sonra istifadə etmək olmaz, ən azı bir saat gözləmək tövsiyə edilir. Gün ərzində məhsulu tərləyən dəri üzərinə təkrar-təkrar çəkmək, normadan artıq istifadə etmək və qıcıqlanma yarandıqda istifadəyə davam etmək insanların ən çox yol verdiyi səhvlərdəndir”.
“Bu hallarda məhsulun istifadəsi dayandırılmalıdır”
Həkimin sözlərinə görə, antiperspirantların üstünlükləri tərləməni və nəmlik hissini azaltması, gündəlik komfortu artırması, paltarlarda tər ləkələrinin yaranmasının qarşısını alması və hiperhidrozdan əziyyət çəkən insanların həyat keyfiyyətini yaxşılaşdırmasıdır. Mənfi tərəfləri isə bəzi insanlarda dəridə qıcıqlanma, qaşınma, yanma və qızartı yaratmasıdır: “Bəzi hallarda tər vəzilərinin tıxanması follikulit və hidradenit kimi problemlərin şiddətlənməsinə səbəb ola bilər. Bundan əlavə, məhsulun həddindən artıq və ya qat-qat tətbiqi dəri baryerini zədələyə bilər. Belə hallarda məhsulun istifadəsi dayandırılmalıdır. Yeniyetmələrdə pubertat dövründə tərləmə və bədən qoxusu artdığı üçün bu yaş qrupunda yüngül tərkibli və aşağı konsentrasiyalı antiperspirantların seçilməsi məqsədəuyğundur. Mövcud elmi məlumatlara əsasən, hamilə qadınlar da adi istifadə dozalarında antiperspirantlardan təhlükəsiz istifadə edə bilərlər. Lakin hormonal dəyişikliklər səbəbindən dəri daha həssas olduğuna görə ətirsiz məhsullara üstünlük verilməlidir”.
“Elmi əsası olmayan məlumatlardır”
N.Qədiməliyeva bildirdi ki, alüminium tərkibli antiperspirantlarla bağlı narahatlıqların hazırda elmi əsası yoxdur: “Cəmiyyətdə onların süd vəzi xərçəngi və ya Alzheimer xəstəliyi yaratdığına dair fikirlər olsa da, beynəlxalq dermatoloji və onkoloji təşkilatların məlumatlarına əsasən, normal istifadə şəraitində belə bir əlaqə sübut edilməyib”.
Zərif Salmanlı