“Yayın kabusu”na qarşı ən təsirli üsul
Ağcaqanadlara qarşı mübarizədə kimyəvi preparatlardan normadan artıq və ya düzgün olmayan şəkildə istifadə insan sağlamlığına, ətraf mühitə mənfi təsir göstərə bilər. Xüsusilə qapalı məkanlarda istifadə edilən bəzi vasitələr uşaqlar, yaşlılar və allergiyası olan şəxslər üçün əlavə risk yaradır.
Yay mövsümünün gəlişi ilə insanların üzləşdiyi ən ciddi narahatlıqlardan biri də ağcaqanadların çoxalmasıdır. Xüsusilə axşam saatlarında park və həyətlərdə, kənd yerlərində, eləcə də su hövzələrinin yaxınlığında bu problem daha qabarıq hiss olunur. Ağcaqanadların sancması təkcə narahatlıq yaratmır, həm də bəzi hallarda müxtəlif xəstəliklərin yayılması riskini artırır. Buna görə də hər il minlərlə insan onlardan qorunmaq üçün müxtəlif üsullara əl atır.
Kənd yerlərində ənənəvi olaraq təzək və ya müxtəlif bitki qalıqları yandırılaraq tüstü vasitəsilə ağcaqanadların uzaqlaşdırılmasına çalışılır. Şəhərlərdə isə daha çox aerozol, spiral, elektrik fumiqatorları və digər kimyəvi vasitələrdən istifadə edilir. Lakin istifadə olunan bütün üsullar eyni dərəcədə təhlükəsiz hesab edilmir. Mütəxəssislər bildirirlər ki, kimyəvi preparatlardan normadan artıq və ya düzgün olmayan şəkildə istifadə insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərə bilər. Xüsusilə qapalı məkanlarda istifadə edilən bəzi vasitələr uşaqlar, yaşlılar və allergiyası olan şəxslər üçün əlavə risk yarada bilər.
Digər tərəfdən, təzək tüstüsü kimi ənənəvi üsullar da birmənalı qarşılanmır. Bu üsul müəyyən müddət ərzində ağcaqanadları uzaqlaşdırsa da, yaranan tüstü havanın keyfiyyətini pisləşdirir, tənəffüs yollarına mənfi təsir göstərir və ekoloji baxımdan da arzuolunan hesab edilmir.
Bəs, bütün bu üsullar arasında ən təhlükəsiz və səmərəli variant hansıdır?
“Çoxalma ocaqları aradan qaldırılmalıdır”
Həkim-epidemioloq Elmira Əkbərova bildirir ki, ağcaqanadlar əsasən durğun su hövzələrində, rütubətli ərazilərdə və su saxlanılan yerlərdə yumurta qoyaraq sürətlə çoxalırlar. Onun sözlərinə görə, bu səbəbdən ilk növbədə onların çoxalma ocaqlarının aradan qaldırılması vacibdir.
E.Əkbərova qeyd edib ki, ağcaqanadlar malyariya da daxil olmaqla bir sıra xəstəliklərin daşıyıcısı hesab olunur. Buna görə də onlara qarşı mübarizə yalnız kimyəvi vasitələrin tətbiqi ilə məhdudlaşmamalı, profilaktik tədbirlərlə də müşayiət edilməlidir. Onun sözlərinə görə, pəncərələrə tor çəkilməsi, qoruyucu vasitələrdən istifadə və ağcaqanadların çoxalması üçün əlverişli şəraitin aradan qaldırılması ən effektiv profilaktik tədbirlər sırasındadır.
Kimyəvi preparatlardan istifadə zamanı ehtiyatlı olmaq lazımdır
Mütəxəssis deyir ki, elektriklə işləyən və ya digər insektisid tərkibli preparatlar müəyyən hallarda effektiv nəticə versə də, onlardan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir. "Belə preparatlardan istifadə olunan otaqlarda uzun müddət qalmaq məsləhət görülmür. Xüsusilə hamilə qadınlar, azyaşlı uşaqlar, yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslər bu baxımdan daha həssas qrup hesab olunur. Uşaq bağçalarında isə bu cür preparatlardan yalnız uşaqların bir neçə gün həmin məkanda olmayacağı hallarda istifadə edilməlidir", – deyə o vurğulayır.
Dezinseksiya kompleks şəkildə aparılmalıdır
E. Əkbərovanın sözlərinə görə, dezinseksiya işlərinin effektivliyi təkcə preparatın keyfiyyətindən deyil, həm də təlimata düzgün əməl olunmasından asılıdır. O bildirib ki, preparat tətbiq edildikdən sonra ən azı iki gün ərzində emal olunan əraziyə su vurulmamalıdır. Əks halda preparatın təsiri azalır və ağcaqanad sürfələrinin inkişafı üçün yenidən əlverişli şərait yaranır. "Bəzən vətəndaşlar müraciət edirlər ki, həyət dərmanlanıb, amma səhəri gün vəziyyət dəyişməyib. Araşdıranda məlum olur ki, dərmanlama başa çatdıqdan qısa müddət sonra həyət sulanıb, ağaclara su verilib və ya ərazi yuyulub. Belə olduqda preparat öz təsirini göstərə bilmir", – deyə mütəxəssis bildirir.
Mütəxəssis əlavə edib ki, kompleks şəkildə aparılan və müəyyən intervallarla üç dəfə təkrarlanan dezinseksiya tədbirləri daha yüksək nəticə verir. Bu xidmətin qiyməti ərazinin ölçüsündən asılı olaraq dəyişsə də, orta hesabla bir sot sahənin dərmanlanması təxminən 90 manata başa gəlir.
"Sadə süngər üsulu" necə işləyir?
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun dosenti Nəsib Namazov deyir ki, ağcaqanadlarla mübarizədə profilaktik tədbirlərin mütəmadi həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər kənd və qəsəbələrdə, eləcə də şəhər ərazilərində yerli şərait nəzərə alınmaqla aparılır. Şəhər şəraitində tətbiq olunan üsullar kənd yerlərində istifadə edilən metodlardan müəyyən dərəcədə fərqlənir. Bunun əsas səbəbi şəhərlərdə ağcaqanadların zirzəmilər, binaətrafı sahələr və digər rütubətli məkanlar kimi uyğun mühitlərdə yaşaya bilməsidir. Bu baxımdan, şəhərlərdə kimyəvi mübarizə üsullarından zərurət yarandıqda istifadə olunur.
N.Namazov bildirir ki, uzun illər apardığı tədqiqatlar nəticəsində qansoran ağcaqanadlara qarşı "Sadə süngər üsulu" adlandırdığı tətbiq metodunu hazırlayıb. Onun sözlərinə görə, bu üsul insektisidlərin xüsusi püskürdücü avadanlıqlardan istifadə edilmədən tətbiq edilməsinə və təsir müddətinin uzadılmasına imkan verə bilər.
N.Namazovun sözlərinə görə, bu metod zamanı preparat norma əsasında xüsusi həlledicidə həll olunur, daha sonra süngərə hopdurularaq polietilen torbaya yerləşdirilir. Torbanın üzərində kiçik diametrli dəliklər açıldıqdan sonra o, tavandan və ya digər uyğun yerdən asılır və təxminən 60-80 kvadratmetrlik sahədə təsir göstərə bilir. Asılmasının mümkün olmadığı məkanlarda isə qarışım uyğun qablarda yerləşdirilərək istifadə oluna bilər.
50-60 gün təsir göstərə bilən metod
N.Namazov bildirir ki, hazırladığı metodun əsas üstünlüklərindən biri preparatın daha qənaətlə istifadə olunması və təsir müddətinin uzun olmasıdır. Onun sözlərinə görə, bir dəfə tətbiq edilən süngər uyğun şəraitdə təxminən 50-60 gün effektivliyini saxlaya bilir. Bundan əlavə, süngər sudan çıxarılıb yuyulduqdan sonra yenidən preparat hopdurularaq təkrar istifadə oluna bilir ki, bu da həm iqtisadi, həm də praktik baxımdan üstünlük yaradır.
Sevinc Abbasova