• çərşənbə, 24 Aprel, 15:08
  • Baku Bakı 27°C

Molla Nəsrəddin və mollanəsrəddinçilik

30.04.19 10:00 6490
Molla Nəsrəddin və mollanəsrəddinçilik
Son dövrlərdə Azərbaycan ədəbiyyatının "düşünə-düşünə güldürən” və "güldürə-güldürə düşündürən” yaradıcılıq ustası Cəlil Məmmədquluzadənin haqqında geniş polemika – mübahisə və müzakirə aparılması, əlbəttə, özünə görə müəyyən məntiqə malikdir. Yüz il də bundan sonra bu müzakirələr gedəcək, "Şərqin qoca Molla Nəsrəddini”nə müxtəlif tərəflərdən baxılacaq, haqq qazandıran da olacaq, haqsız çıxaran da. Bu, əlbəttə, Molla Nəsrəddinin və mollanəsrəddinçiliyin özündən doğan və onun taleyinə çevrilən məsələdir. Əgər bir an Molla Nəsrəddinə, onun XX əsrdəki varisi və xələfi Cəlil Məmmədquluzadəyə mübahisə açan olmazsa, o zaman "mollanəsrəddinçilik ölübdür” fikrinə qəti olaraq gəlmək olar. Çünki hər zaman gedişatın tərsinə getmək, eşşəyinə tərs minmək, fərqi yoxdur, baba Molla Nəsrəddin olsun, ya nəvə Molla Nəsrəddin, onun yaradıcılıq və ifadə tərzinin ortaya çıxardığı aqillik və müdriklik simvoludur. Bu cəhətdən mollanəsrəddinçiliyin tarixiliyi, ənənəviliyi və varisliyi məsələsi də "Mollanəsrəddinçiliyə qayıtmaq zərurəti”ndən (akademik İ.Həbibbəyli) doğan məsələdir.
Bir çox qənaətlərə söykənib qətiyyətlə demək olar ki, Molla Nəsrəddin lətifələri xalq yaradıcılığında tənqidi realist düşüncənin ən gözəl bədii nümunələrini təşkil edir. Dövrə, mühitə, zamana, varlığa realist və tənqidi yanaşmanın ən sanballı və dəqiq nümunəsi kimi Molla Nəsrəddin lətifələri özündə mühüm məqamlar daşıyır. Ümumiyyətlə, fikrimizcə, bəzi məqamlarda böyük ustad Cəlil Məmmədquluzadənin rus ədəbiyyatının Qoqol kimi görkəmli nümayəndəsini rəhmətlə xatırlamasını, epiqraflarını nəzərə alan çoxsaylı tənqidçilər, Azərbaycan Molla Nəsrəddinini daha çox Rusiya ədəbi ənənələri və yumoristik publisistikasının davamçısı görməkdə heç də haqlı deyillər. Doğrudur, "Molla Nəsrəddin” kimi bir satirik jurnalın yaranmasının ilk səbəbləri sırasında əcnəbi mətbuatından olan "Kukureku”, "Petuşok” kimi mətbuat orqanlarının təsiri olduğu artıq qeyd edilmişdir. Lakin bu, heç də "Molla Nəsrəddin” jurnalının həmin mətbuat orqanlarının davamçısı olması fikrini doğurmaz. Belə ki, "Azərbaycan Molla Nəsrəddini” (istər ədib, istər jurnal) adından tutmuş, məzmunu və yaradıcılıq ənənələrinə qədər xalq lətifələrinin adını daşıyan Molla Nəsrəddinin varisi və xələfi idi. Fikrimizcə, Molla Nəsrəddin lətifələri milli tənqidi realist düşüncə sistemi və rasional baxış-düşüncə-münasibət formasının nüvəsini, əsasını təşkil edir. XX əsrdə meydana gələn "Molla Nəsrəddin” jurnalı və tənqidi realist cərəyan məhz həmin düşüncə sisteminin məntiqi nəticəsi, davamı və onun varisi-xələfi idi.
Molla Nəsrəddin lətifələrindəki lətifəçilik-yumor tərzi, bədii gülüş, əqli mühakimə üslubu, mövzu və tənqid hədəfləri XX əsrin "Molla Nəsrəddin”i ilə keçmişin qoca müdriki Molla Nəsrəddin arasında ənənəviliyi və varisliyi tam uğurla təzahür etdirir. Qısaca demək olar ki, XALQ "Molla Nəsrəddin” üçün həm mübarizə qaynağı, həm də məqsəd və ali ideya idi. Bu, həm də o dövr üçün hüquqi məsuliyyətdən yaxa qurtarmağın bir yolu, gerçəkləri qadasız-bəlasız ifadə etmənin bir çarəsi idi. Məsələn; "Əncir nübarı” adlı lətifə bizi həm "Molla Nəsrəddin” jurnalının, həm də Cəlil Məmmədquluzadənin yaradıcılıq duzuna götürür. Xüsusilə "Əhvalatlar” əsərindəki Məhəmmədhəsən əmi – Divanxana süjeti və ümumən "Poçt qutusu” əsəri ilə daha çox yaxınlaşdırır. Belə ki, "Əncir nübarı” lətifəsində əsas məsələ budur ki, xana, bar gətirən əncir ağacından sovqat aparmaq istəyən Mollanı, Teymur şahın fərraşları zindana salırlar. Zindanda qalan Mollanı necə olursa, bir gün Teymur görür və onu azad edir. Mollanın məqsədinin ona sovqat gətirmək olduğunu bilən Teymur, buna görə də ona bəxşiş vermək istəyir və nə istədiyini soruşur. Molla balta istəyir. Bu istəkdən heyrətlənən Teymur bunun səbəbini soruşur. Molla əncir ağacını dibindən kəsəcəyini söyləyir ki, bundan sonra xana sovqat gətirmək kimi fikrə düşüb də, daha zindanlarda qalmalı olmasın. Beləliklə, Mollanın Teymur şaha sədaqətlə xidmət göstərməsi, onun əncir ağacından sovqat aparmaq niyyəti, buna rəğmən fərraşlar tərəfindən zindana salınması hadisəsi, eynən İtqapan kəndinin sakini Novruzəlinin xanına sovqat aparmağı, xanın tapşırığı ilə onun məktubunu poçta salmaq istəməsi və poçtalyonun məktubu götürməsini görüb onunla dalaşması nəticəsində zindana düşməsi hadisəsilə tam eynilik təşkil edir. Göründüyü kimi, İtqapan kəndinin sakini Novruzəli də xanına təmənnasız xidmətin və qırılmaz sədaqətin nümayişi olaraq olanından pay tutub xana sovqat aparır. Lakin xanın məktubunu poçta salmaq tapşırığını alan Novruzəli, poçtun nə olduğunu bilmədiyindən məktubu poçtalyonun götürməsini onu "oğurlaması” kimi başa düşür, buna tab gətirməyərək onu kötəkləyir və üç ay həbsdə yatmalı olur. Göründüyü kimi, eyni xarakter, süjet və hadisə bu iki bədii parçanı bir-birinə bağlayır. Lakin lətifədə problem xalq müdrikliyi ilə həll olunur və özünün ideal, konkret həll yolunu tapır: "Şahın ədaləti ilə” zindandan çıxan Molla, şahdan balta xahiş edib əncir ağacını kəsməklə şaha bir daha sovqat gətirmək və bunun da nəticəsində zindana düşmək dərdindən qurtulmaq istəyir. Lakin Cəlil Məmmədquluzadə bu hadisədən can qurtarmağın yolunu novella tələblərinə (eləcə də xalq müdrikliyi və Sokrat metodu adlanan bədii məntiq-əqli mühakimə formuluna) uyğun olaraq oxucuların öz daxili məntiqinin, əqli mühakiməsinin ixtiyarına buraxır. Hər iki bədii materialda diqqəti cəlb edən məqam, ağaya sədaqətlə xidmət düşüncəsinin tənqidi və ifşasıdır. Özünü xanına xidmətçi bilmək və ona sədaqətlə xidmət göstərmək psixologiyası Mollanın da, Novruzəlinin də aqibəti ilə inkar olunur.
Digər çoxsaylı faktlar vardır ki, XX əsrin "Molla Nəsrəddin”i ilə xalq müdrikliyinin daşıyıcısı olan Molla Nəsrəddin arasında ədəbi bağlılığı bütün təfərrüatı və tamlığı ilə təqdim edəsən. Xüsusilə, bir az əvvəl deyilən kimi, obrazlar sistemi və xarakterlər aləmi, süjet, hadisə və kompozisiya, dil və bədii konfiqurasiyalar hər iki Molla Nəsrəddini və mollanəsrəddinçiliyi – şifahi və yazılı bədii realist tənqidi varisləşdirir və bir-birilə qırılmaz bağlılıqda olduğunu, biri digərinin davamçısı olduğunu açıq şəkildə göstərir, həm də ideya-problem cəhətdən tam bir məntiqlə birləşdirir. "Gör bədsuyum kimdi?” xalq lətifəsindəki hadisə və əhvalat bizi dərhal görkəmli ədibin məşhur "Xatiratım” əsərindəki xanın ziyarətə gedərkən tək səbir eşidib geri dönməsi əhvalatına götürür. Mövhumata və avamlığa düşmən kəsilən hər iki aqil, ağıl və məntiqdə birləşirlər. "Molla Nəsrəddin” lətifələri tam aydınlığı ilə göstərir ki, avamlıq və mənəvi əsarətin mənbəyi olan mövhumatçılıq və fanatizm hələ orta əsrlər dövründən üzü bəri xalq müdrikləri tərəfindən həmişə ciddi tənqid və ifşa edilmişdir. Nəsimi bütün qəzəliyyatı, şairlik məharəti və şeriyyət pafosu ilə avamlığı, cahilliyi tənqid edir, insanı kamilliyə, əqlə, elmə, biliyə çağırırdı. Böyük təfsirçi alim Nemətullah Naxçıvani kimi elm adamları isə "Hidayətül-ixvan” kimi əsərləri ilə yalançı və fürsətgir din xadimlərini, hakimiyyət və sərvət düşkünü olan din və elm oğrularını lənətləyərək insanları belə cahillərdən uzaq olmağa səsləyirdi. Bu mənada lətifə qəhrəmanı kimi xalqın aqili və müdriki Molla Nəsrəddin belə klassik söz və elm ustadları ilə birləşərək, elmin, idrakın vəhdətini təzahür etdirirdilər (Əslində şüurda, idrak və düşüncədə bu birlik və bütövlük orta əsrlər milli intibahının təzahürü idi – R.Q.). Dua və səna ilə xoşbəxtliyə nail oluna bilməyəcəyini açıb göstərmək istəyən və bununla da mövhumatçılığı ciddi tənbeh və təshih edən Şərqin böyük aqili qoca Molla Nəsrəddin və onun lətifələri özünün XX əsrdəki xələfi olan "Molla Nəsrəddin”lə yaxından birləşir və uzun tarixi bir mərhələyə malik olan bədii realist düşüncəni və tənqidi yaradıcılıq metodunu əks etdirmiş olur. "Duanın gücü” adlı xalq lətifəsində Mollanın evinə gəlmiş oğrunun kal ağlını oğurlayan Molla Nəsrəddin yalan-dolan söhbətilə onu inandırır ki, ayın işığından yapışıb içəri düşmək olar və axmaq oğru bunu edərkən damdan yıxılıb xurd-xəşil olur. Cəlil Məmmədquluzadənin də belə bir fikirləri vardır: "Həqiqətdə bir böyük xoşbəxtlikdir, əgər bir uca damın üstünə çıxıb təzə aya baxmaqla və bir neçə kəlmə dua oxumaqla sən zalimlərin zülmündən eymən olacaqsan. Ta bundan yaxşı şey nə ola bilər? Xalq xalqların zülmünün qabağını almaq üçün dəstə tutub mübarizəyə çıxır, zalım hakimlərin üzünə biədəblik edib ağ olur, hiyləgər ruhanilərin fəsad torlarını yırtıb o tordan çıxmaq üçün zəhmət çəkib dünya elmlərini təhsil eləyir, övladını məktəblərə göndərib fənni və ictimai biliklərə sahib olur, zalımların zülmündən xilas olmaq üçün çox-çox fədakarlıqları özlərinə rəva görür, amma sən bunların cümləsinin əvəzində təsbehi al əlinə, çıx damın üstünə və hilali-ramazanül-mübarəki görməyə cidd-cəhd elə və elə ki gördün, dəxi sahirlərin sehrindən bilmərrə xilas olacaqsan”. Və bu fikirlə də insanlardakı mövhumi yalanlara inamı ciddi tənbeh edirdi. Göründüyü kimi, bu kimi motivlər hər iki aqili bir-birinə doğmalaşdırır və varisləşdirir.
XX əsr tənqidi realizmi üçün səciyyəvi olan və onu fərqləndirən və xüsusiləşdirən varlığın, xüsusilə insan surətlərinin xarakterini yaratmaq, təsvirini çəkmək və portretini cızmaq şifahi ədəbiyyatın müdrik nümunəsi olan xalq lətifələrindən və onun baş qəhrəmanı Molla Nəsrəddindən qalıb desək, yanılmarıq. Bu bədii yaradıcılıq tərzi hər iki Molla Nəsrəddini səciyyələndirir və sərhədləndirir. Xalq lətifələrində hadisə və ya obraz, xarakter çox yığcam, eləcə də dəqiq, səlis və təsirli şəkildə öz əksini tapır. Ümumiyyətlə, Azərbaycan tənqidi realizminin portret yaratmaq, tənqid və ifşa etmək üsulunun mənbəyində şifahi söz sənətindən gələn ənənələrin, xüsusilə Molla Nəsrəddin lətifələrindən gələn ənənələrin xüsusi rol oynadığını qətiyyətlə deyə bilərik. Molla Nəsrəddin lətifələri içərisində "Fərzəli bəy” lətifəsi bunun ən yaxşı nümunəsi və deyilənlər üçün sanballı nişanəsidir. Eləcə də, "Deyəsən padşahı istəyir” lətifəsi və görkəmli tənqidi realist ədib C.Məmmədquluzadənin "Xudayar bəy” obrazının portreti yaradılış etibarilə bir-birini tamamlayır. Lətifədə Molla Nəsrəddinin Teymur Ləngi cəsarətlə "buynuzlu danaya” bənzətməsi Cəlil Məmmədquluzadənin Xudayar bəyi heyvani sifətə, hətta "Xudayar bəyin anqırtısı” ifadəsi daxilində onu uzunqulağa tay tutması bədii qəsdi ilə bərabərləşir. Yuxarıda adları çəkilən lətifələrin hər birində, eləcə də "Bir də bir ağıllı padşah”, "Qorxulu dilənçi”, "Teymur Ləngsən ki, varsan” və b. lətifələrdə ağaları və ağalığı ciddi tənbeh edən Molla Nəsrəddin müdrikliyi özünü açıq göstərir. Eləcə də "Kəndxuda” lətifəsində kəndxudaların qanmazlığı tənqid olunduğu kimi, qanmazlıqlarla özünə el arasında xüsusi bir təəssürat yaradan kəndxudalıq da ifşa edilmişdir. Eşşəyi oğurlanmış Mollaya "lotular” deyəndə ki, eşşəyin filan kənddə kəndxuda olub, Şərqin qocaman və müdrik siması Molla Nəsrəddin böyük ustalıqla əslində kəndxudanın heç də onun eşşəyindən geri qalmadığına işarə vuraraq cavab verir: "İnanıram, qardaş! Çünki mən həmişə kəndxuda adı çəkəndə çər dəymiş qulaqlarını şəkləyirdi. Görünür ki, elə o vaxtdan kəndxudalıqda gözü var imiş”. Ümumiyyətlə, Şərq xalqlarının ictimai-mənəvi düşüncəsində "Eşşək” surəti daha çox iki mənada və məqsədlə bağlı ümumiləşmişdir: Qanmazlıq mənasında, və müdriklik simvolu kimi. Molla Nəsrəddin lətifələrində də "Eşşək” məhz bu iki məqsədlə bağlı olaraq geniş istifadə olunur. Şərq aqili Molla Nəsrəddinin köməkçisi kimi Eşşək müdriklik simvolu olaraq çıxış edir. Hətta bəzi yerlərdə Molla Nəsrəddinə də qahmar çıxıb ona kömək də edə bilir və bununla da özünü bəzi qanmaz insanlardan fərqləndirməklə onlara qarşı bədii surət kimi dayanmış olur. İkinci isə, qanmazlıq, biveclik mənasında lətifələrdə işlənməklə, ümumiyyətlə qanmazlığı, mənəviyyatsızlığı, bivecliyi, heysiyyətsizliyi ümumiləşdirmiş və ifşa etmişdir. Bütün bu deyilənlər isə bizi eyni zamanda XX əsrin Molla Nəsrəddini kimi məşhurlaşmış görkəmli ədib Cəlil Məmmədquluzadənin əsərlərinə, xüsusilə "Danabaş kəndinin əhvalatları”na, başqa adla isə "Eşşəyin itməkliyi”nə götürür. Belə ki, əvvəldə də bəhs etdiyimiz kimi, "Kəndxuda” lətifəsində olduğu kimi, C.Məmmədquluzadə də bu əsərində Xudayarın timsalında Azərbaycan kəndlərində kəndxuda olmaq üçün heç də hansısa mənəviyyata, savada, insan simasına malik olmaq lazım olduğunu diqqətə çatdırmır. Əksinə, bütün insani keyfiyyətlərdən məhrum olub, tək bircə hansısa "böyük məmura” yaxın olmağın yetərli olmağından bəhs edir. Necə ki, adama oxşamayan, əsli-kökündən, atasından danışmağı sevməyən Xudayarın bəy olması, müəllifin özü də dediyi kimi, başqalarına bənzəmir, "özgə tövrlə olubdu”.
"Molla Nəsrəddin” jurnalı ilə Molla Nəsrəddin lətifələrində xalqın arzu və istəklərinin başlıca ideya seçilməsi, hər ikisini xalqın dostu kimi təqdim etməyə yetərlidir. Bu, həmçinin jurnalın ideya-məfkurə platformasında xalq ideallarının tutduğu əhəmiyyətli mövqe ilə bağlıdır. "Molla Nəsrəddin” jurnalındakı xalqa sədaqət və məhəbbət ideyası azərbaycançılıq olan məfkurənin mahiyyətindən doğur. Hər zaman xalqın yanında olmaq və onu, ölçüsünün meyarı götürmək mollanəsrəddinçiliyin tarixən amalı və məqsədi olmuşdur. Bu mənada xalqçılıq nə yerdən, nə göydən gələndir, bu, elə tarixən mövcud olan xalqa məhəbbət motivlərinin ənənəyə çevrilməsinin nəticəsidir.
Ramiz QASIMOV
AMEA Naxçıvan bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər