Mirzə Ələkbər Sabirin “ailəvi faciə”si

Bu günlərdə auditoriyada
mollanəsrəddinçilərdən danışarkən tələbələrimdən biri belə bir sual verdi:
"Müəllimə, nə üçün M.Ə.Sabirin övladları, nəvə-nəticələri haqqında bir məqalə
yazmırsınız? Hazırda onlardan yaşayanı, dahi Sabirin yolunu davam etdirənlər
varmı? Doğrudur, sovet dövrü tədqiqatlarında şairin ailəsi haqqında məlumatlar
var, amma biz o əlifbanı bilmədiyimiz üçün oxuya bilmirik. Yaxşı olar ki,
şairin özünün böyüdüyü mühit və ailəsi, övladları haqqında bir məqalə
yazardınız”.
Dərsin sonunda tələbəmə söz verdim ki,
"Kaspi” qəzetinin növbəti saylarından birində bu haqda geniş məlumat verəcəyəm.
Bu məqsədlə "axtarışa” başladım. Həmişəki kimi, bu dəfə də professor Alxan
Bayramoğlunun köməyinə ehtiyacım oldu. Alxan müəllim bildirdi ki, şairin nəvəsi
(Məmmədsəlim Tahirlinin qızı) Sevda Tahirli elə bizim universitetimizdə
çalışır. Onun köməkliyi ilə Sevda xanımla görüşdüm. O, universitetin biologiya
fakültəsinin dosentidir və "Mirzə Ələkbər Sabir” fondunun prezidentidir. Söhbət
zamanı bəlli oldu ki, o, Gündüz Tahirlinin bacısıdır. Yadıma tələbəlik illərim
düşdü. Gündüzlə eyni vaxtda BDU-nun Jurnalistika fakültəsində oxumuşam. Səhv
etmirəmsə mən dördüncü, Gündüz isə ikinci kursda oxuyurdu. Balacaboy, arıq,
amma çox çevik, şən, mütaliəli bir oğlan idi. Sonralar Gündüz Tahirli mətbuatda
da çalışdı. Son illərdə isə jurnalistikadan uzaqlaşıb, xaricdə yaşayır.
Sevda xanım da eynən qardaşı kimi mehriban və sadədir. Gəlişimin səbəbini
bildirdikdə, məmnuniyyətlə kömək edəcəyini bildirsə də, sonra ondan "material”
almaq mümkün olmadı. Bilmədim o bunu təvazökarlıqdanmı etdi, ya...
Üz tutdum M.Ə.Sabirin həyatı haqqında
olan tədqiqatlara. 20-ci yüz illiyin tanınmış ədəbi tənqidçisi, publisisti
Seyid Hüseyn və görkəmli ədəbiyyatşünas, mətbuatşünas alim Əziz Mirəhmədovun
tədqiqatlarından yetərincə bəhrələndim. S.Hüseyn 1934-cü ildə yazdığı "Ailəvi
faciə” adlı I məqaləsində M.Ə.Sabirin ata babası Hacı Tahirdən başlayaraq, atası
Hacı Zeynalabdin və onun ailəsi haqqında geniş məlumat verib. Məqalədən aydın
olur ki, Sabirin atası Hacı Zeynalabdin gənclik "məcəraları” ilə Şamaxıda ad
çıxarıbmış: "Cavan ikən sünniliyi atıb şiə məzhəbini qəbul etməsi onun haqqında
müxtəlif şayiələrin yaranmasına səbəb olmuşdu. Bu iş üstündə Zeynalabdin ilə
atası Hacı Tahir arasında da kəskin bir ixtilaf baş vermişdi”.
S.Hüseynin məqaləsindən aydın olur ki,
əslində, Zeynalabdinin "ipə-sapa” yatmamağında, "məcaralara” sövq etməsində
atası Hacı Tahirin çox böyük günahı olub: "Haqq-nahaq, uşağı döymək, başqalarının
yanında təhqir etmək, alçaltmaq, danlamaq Hacı Tahirin bir tərbiyə prinsipi
idi”. Artıq yetkinlik yaşına çatan "bığları çıxmış” Zeynalabdin bu "şiddət və
təzyiqi” qəbul edə bilməmiş və onu itaətsizliyə sövq etdirmişdir ki, nəticədə
atası onu evdən qovur və övladlıqdan çıxarır. Bundan istifadə edən şiələr
"başqa sünni gəncləri şirnikləndirmək üçün ianə toplayaraq Zeynalabdinə bazarda
bir baqqal dükanı açdılar və ayağını küçədən tamamilə yığmaq üçün onu
evləndirdilər”. Ev-eşik, oğul-uşaq sahibi olan Zeynalabdin yavaş-yavaş keçmiş
həyatından əl çəkib dindar bir müsəlmana çevrilir və oğlu Ələkbərin də ruhani
və ya bir dərviş olmasını istəyir. Amma Ələkbər bu istəklərə ram olmur.
Səkkiz yaşında atasının göstərişi ilə
mollaxanaya oxumağa gələn Ələkbər, 12 yaşında bu məktəblə vidalaşır və Şamaxıda
Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbə gedir. Oğlunun bu hərəkəti
Zeynalabdinin heç xoşuna gəlmir. O, Ələkbəri dükanına aparıb "alış-veriş adamı”
etmək üçün onu məktəbdən çıxarır və ata-oğul arasında yaranan fikir ayrılığı
Ələkbəri Şamaxını tərk etməyə sövq edir: "Bir gün Xorasana gedən bir karvana
qoşulub Şamaxıdan uzaqlaşır. Lakin atası tez xəbər tutub onu geri qaytarır. Bu
hadisədən sonra gözü qorxmuş ata, oğlunu sərbəst buraxıb şairliyinə mane
olmur”.
Artıq 21-22 yaşına çatan Ələkbərin
gününü şeirlə, kitablarla keçirməsi Hacı Zeynalabdini yenidən narahat etməyə
başlayır. Ələkbər isə müəllimi Seyid Əzimin Yaxın Şərq ölkələri haqqında
maraqlı söhbətlərinin nəticəsi olaraq, səfərə çıxmaq fikrinə düşür. Hacı
Zeynalabdin oğlunun müqəddəs yerləri ziyarət etdikdən sonra "düzələcəyinə” ümid
edərək, onun səfərə getməsinə razılıq verir və 1884-cü ildə Sabir yola düşür”.
Bu səfərdən az sonra Sabir ikinci dəfə də səfərə çıxır. O, bu dəfə bir müddət Mərvdə
qalmaq fikrinə düşür. Lakin atasının vəfatı onu vətənə qayıtmağa məcbur edir.
Sabirin vətənə bu qayıdışı daha
çox anasının ürəyincə olur və onun bir daha Şamaxını tərk etməməsi üçün
evləndirmək fikrinə düşür. Bu haqda S.Hüseyn Sabirin öz dilindən dediklərini
belə qələmə alır: "Anam məni evləndirmək istəyirdi. Mən isə onun bu fikrinə
qəti etiraz etdim. Amma anam əqrəbamızdan birinin qızını, Badamxanımı gətirib
evdə saxladı. O, bu qızı mənə almaq istəyirdi. Mən isə özümü heç o yerə
qoymurdum. Özlüyümdə anamın bu hərəkətinə gülürdüm. Hətta bir dəfə ona dedim
ki, sən nahaq yerə xalqın qızını avara edib burada saxlama, mən evlənən
deyiləm. Bu qız bizdə yaşadığı halda, çox vaxt məndən qaçırdı. Mən də ona heç
əhəmiyyət verməz, üzünə belə baxmazdım. Bir gün necə oldusa, küçə qapısını
açarkən, onunla üz-üzə gəldikdə, gözlərim gözlərinə sataşdı. Onun gözləri mənim
qəlbimin dərinliyinə qədər təsir etdi. Mənə elə gəldi ki, o gözlərdə mənə qarşı
bir məzəmmət vardı.
Mən qapıdan içəri girib, ona zəhmət olmasın
deyə qapının dəmirini özüm bağlamaq istədim. "Sən zəhmət çəkmə, özüm bağlayaram”
deyərək əlimi dəmirə tərəf uzatdıqda "yox, özüm bağlayaram” deyib əlini dəmirin
üstünə qoydu. Bizim əllərimiz bir-birinə toxunduqda, mən onun əlindəki hərarəti
hiss etdim. Bu hadisədən sonra Badam məni maraqlandırmağa başladı. Getdikcə ona
meylim artdı... Beləliklə, mən Badamla evləndim”
(Ə.Mirəhmədov yazır ki,
şairin tərcümeyi-halını yazan müəlliflərin çoxu onun arvadının adını səhv
olaraq Badam yazmışlar. Onun adı Büllurnisə olub). Bəzi tədqiqatçıların
yazdığına əsasən, M.Ə.Sabirin ailə qurması təxminən 1885-1886-cı illər arasında
baş verir və on beş il ərzində onun səkkiz qızı, 1908-ci ildə isə bir oğlu
olur.
Bu haqda Həmidə xanım Cavanşir
(Məmmədquluzadə) "Şərq qadını” jurnalının 1936-cı il dekabr tarixli, 23-24-cü
saylarında yazırdı: "...Sabir danışırdı ki, anamın əvvəllər böyük bir dərdi
vardı. Demək olar ki, hər il Ramazan ayında bizim arvad bir qız doğardı. Səkkiz
qızımız olduğu halda, oğlumuz yox idi. Odur ki, anam hər dəfə qız doğulanda
qara geyər, yasa batardı. Qonşu arvadları gəlib ona başsağlığı verirdilər, "neynək,
ürəyini sıxma, canın sağ olsun, Allah qoysa, gələn səfər oğlan olar”
deyirdilər.
Buna görə də anam nəzir
edib tez-tez Kərbəlaya gedərdi ki, mənim oğlum olsun. Axır ki, 1908-ci ildə,
yenə Ramazan ayında bizim bir oğlumuz oldu. Anam sevincindən yerə-göyə sığmırdı.
Yetim-yesirləri sevindirdi. Çox fikirləşəndən sonra uşağın adını Məmmədsəlim
qoydu”.
Sabirin qızı Səriyyə Tahirzadənin
"Xatiratım”dan isə belə aydın olur ki, şairin on bir övladı olub. "...on bir
uşaqdan ancaq üçümüz ( bu günə kimi sağ qalmış böyük bacım, mən və qardaşım)
qalmışdıq” (Bax: "Şərq qadını” jurnalı, dekabr 1936-cı il, 23-24-cü sayları).
Həm Səriyyə xanımın, həm də bir zamanlar "Molla Nəsrəddin” jurnalında
M.Ə.Sabirlə çiyin-çiyinə çalışan Əziz Şərifin xatirələrindən aydın olur ki,
şair qızı Səriyyəni daha çox sevərmiş.
"Söyləndiyinə görə, uşaqlar
içərisində, dilli və hafizəli olduğum üçün, atam məni çox sevərmiş. Kiçik
bacısı Nazlı bibimdən sonra məni özünə ikinci sirdaş etmişdi. Atam mənə
"anaşım” deyə xitab edərək, yazdığı şeirləri ilk əvvəl mənim üçün oxuyardı” söyləyən
Səriyyə xanım, o günləri xoş hisslərlə xatırlayırdı. Ə.Şərif isə "Sabir
Tiflisdə” adlı məqaləsində yazırdı: "Sabir xəstəxanadan çıxıb yenidən redaksiyaya
qayıdanda onun halı lap xarab olmuşdu. Dostum Əhməd Pepinov bəzən gecələr
xəstənin yanında oturardı ki, lazım olsa, ona qulluq etsin. O zaman Əhməd,
şairin gecələr tez-tez "Səriyyə” deyərək, öz qızını çağırdığını
söyləyirdi”.
"Qaynananın qəzəbi”
Billurnisə xanımı qaynanası özü
bəyənib alsa da, onun hər dəfə qız doğması şairin anasını lap hövsələdən çıxarırdı.
M.Ə.Sabirin bir parça çörək dalınca Bakıya, Tiflisə üz tutması ailədə gəlin-qaynana
münasibətlərini daha da gərginləşdirərmiş. M.Ə.Sabir isə bunlara o qədər də
əhəmiyyət verməzmiş. "Əlidadaş (o zaman atama belə xitab edərdik) Bakıda ikən
hər kəsin hücumundan ziyadə, bizi incidən əqrəbamızın təzyiqi idi. Bir gün
nənəm (atamın doğma anası) anamın yanına gəlib "niyə oturubsan, sən şərən
azadsan, o, babıdır, get boşan, mən də südümü ona halal etməyəcəyəm” dedi. Belə
sözlərə anam öyrənmiş olduğu üçün əhəmiyyət vermədisə, də mən əhvalatı atama
yazdım, cavabında isə atam, belə şeylərdən narahat olmamağımızı məsləhət
edirdi”.
Sabirin gənc həyat yoldaşı şən,
mehriban, işgüzar olsa da, onu aşiqanə bir qəzəldən, yanıqlı bir mərsiyə və
sənətkaranə bir qəsidədən çox, Sabirin evə gətirdiyi bir girvənkə yağ, bir
batman un daha artıq maraqlandırır, ona daha artıq "bədii” zövq verirdi.
Yoxsulluq, sıxıntılar, söz-söhbətlər Sabiri nə qədər üzsə də, o, ailəsini
həmişə xoş üzlə, zarafat və şuxluqla qarşılayırdı.
M.Ə.Sabir nəinki övladlarını, hətta
ömür yoldaşını da savadlı görmək arzusunda olub. "Atam işinin çoxluğuna baxmayaraq, anama və
mənə savadlanmağı təklif etdi” söyləyən Səriyyə xanım, daha sonra təəssüflə
qeyd edir: "Anam "qocalıqda iməkləmək” deyərək, bu təklifi qəbul etmədi. O
zamankı vəziyyətimizdə anam bir növ buna haqlı idi. Bir tərəfdən ağır maddi
vəziyyət üzündən uşaqlarının ölməsi, digər tərəfdən sabun bişirməkdə atama
yardım etməsi onu üzür və bütün vaxtını alırdı”.
1900-cü ildə ailənin maddi vəziyyəti daha
da ağırlaşır. O, günləri, şairin qardaşı oğlu Zeynalabdin Tahirzadə illər sonra
belə xatırlayırdı: "1900-cü ildə ailəmizin güzəranı ağırlaşdı. Atam və əmim
(Sabir) köçüb Məşhədə getməyi qərara aldılar. Onlar var-yoxlarını satıb qəndə
və şama verdilər. Biz bütün ailə ilə birlikdə köçüb Xorasana getdik. Məşhəddə
qardaşlar kiçik bir dükan açıb güzəran keçirirdilər. Biz Məşhəddə təxminən iki
ilə yaxın qaldıq. Orada güzəranımız o qədər də yaxşı keçmədi. 1902-ci ildə
köçüb, təkrar doğma Şamaxıya qayıtdıq”.
1908-ci ildə (bəzi mənbələrdə
1909-cu il yazılır) oğlunun dünyaya gəlişi Sabirin həyatına ruh verir. Bu oğul
onun adına-sanına layiq bir evin yox, bir elin oğlu olur. Növbəti saylarımızda
birində şairin övladları Səkinə, Səriyyə, Məmmədsəlim və onların övladları
haqqında məlumat verəcəyik.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
