• şənbə, 20 Aprel, 15:17
  • Baku Bakı 23°C

Mirzə Cəlilin nakam oğlu

23.07.16 12:40 1529
Mirzə Cəlilin nakam oğlu
Mirzə Cəlil böyük oğlu Midhətə "atam” deyirmiş. Həmidə xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim”də yazırdı: "Mirzə Cəlil böyük oğlumuz mərhum Midhəti canından artıq istəyirdi”.
Midhət 1908-ci ildə Tiflisdə anadan olub. O günləri Həmidə xanım belə xatırlayırdı: "Martın 17-dən 18-nə keçən gecə saat 3-də Cəlil məni xəstəxanaya apardı. Ertəsi gün xəbər tutanda ki, səhər saat 11-də oğlu olub, özünü böyük bir sevinc içində xəstəxanaya çatdırdı”.
Midhət ilk təhsilini Kəhrizlidə Həmidə xanımın kəndli uşaqları üçün açdığı oğlan-qız məktəbində alıb. Məktəbdən sonra isə onun təlim və tərbiyəsi o zaman məşhur olan fransız müəllimə Eberinə həvalə edilib. 1916-cı ildə Midhətin təhsili ilə Şuşadakı real məktəbin müəllimi Nikolay Nikitiç Vasilyev məşğul olmağa başlayıb.
Yüksək təhsil və tərbiyə alan Midhət qeyri-adi istedadı ilə diqqəti cəlb edir. Onun özündən müxtəlif qurğular, əşyalar icad etməsi hamının marağına səbəb olur. "Midhət uşaqlıqdan ciddi oğlan idi. Daima kitab oxuyur, elmi jurnallar mütaliə edirdi. Özündən müxtəlif qurğular, hərəkətli əşyalar icad edirdi. Bir dəfə böyük həvəslə kiçik aeroplan hazırladı və onu işə saldı. Bu aeroplan işə salındıqdan sonra yerdən qalxıb, 20 sajen gedib yerə düşürdü”.
Bu qurğudan sonra Midhət radioqəbuledici hazırlamaq fikrinə düşür. Bu işdə ona müəllimi N.N.Vasilyev və atası dəstək olur. Midhət onların köməkliyi ilə xarici mətbuatı əldə edir. Oradan "radioqəbuledici quraşdırmaq qaydaları haqqında oxumuş və xeyli baş sındırıb bir radioqəbuledici qayırmışdı. Nəticədə damımızda onun ixtira etdiyi dördlampalı radioqəbuledicinin anteni ucaldı. Biz açıq-aydın Moskvanı və xarici ölkələri dinləyə bilirdik”.
Midhətin bu ixtiralarının sorağı məktəbdə böyük əks-səda doğurur. Məktəbin direktoru Kireyev qurğuya böyük maraq göstərir, onu sınaqdan keçirir və bəyənir. Bundan sonra məktəb rəhbərliyi Midhəti "elektrotexnika təmayüllü məktəbə köçürdü. Burada oxuyarkən Midhət məktəbin birincilərindən oldu. Müdir Popov bütün toplantılarda onun gələcəyinin parlaq olacağını söyləyirdi”.
Midhət bu sahədə bilgilərini daha da mükəmməlləşdirmək üçün 1928-ci ildə sənədlərini Azərbaycan Dövlət Politexnik İnstitutunun Hidrotexniki tikintilər fakültəsinə təqdim edir və yüksək qiymətlərlə qəbul olur. (Həmidə xanımın xatirələrində isə Azərbaycan Neft İnstitutu göstərilir). Ailənin maddi vəziyyəti ağır olduğu üçün Midhət oxuya-oxuya işləmək qərarına gəlir. O, Dövlət Plan Komitəsində elmi katib işinə düzəlir. Çox cətin də olsa, oxuya-oxuya işləyir, nəzəri və təcrübi bilgilərini mətbuat vasitəsilə təbliğ etmək fikrinə düşür.
İlk olaraq İsgəndər Rzazadə ilə elmi məqalələr yazmağa başlayır. Mingəçevir SES-i haqqında olan ilk məqalələri "Bakinski raboçi” qəzetində "Rzazadə və Məmmədquluzadə” imzaları ilə çap edilir. "Mirzə Cəlil məqaləni fərəhlə oxudu və səbirsizliklə Midhətin işdən qayıtmasını gözlədi. Midhət gələndə isə onu bərk-bərk bağrına basıb üz-gözündən öpdü və qəlbinin dərinliklərindən gələn bir səslə pıçıldadı: "Atamsan!”. (İ.Rzazadə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Avropaya oxumağa göndərdiyi tələbələrdən idi. O, Fransada və Almaniyada bu sahədə mükəmməl təhsil almış və energetika mühəndisi diplomu ilə vətənə qayıtmışdı. Azərbaycanın ilk su-elektrik stansiyalarının layihələndirilməsində çox böyük xidmətləri olub).
Bütün gücünü oxumağa və işləməyə verən Midhətin səhhətində problemlər yaranır. Bu zaman ailənin maddi vəziyyətinin çox açınacaqlı olması Mirzə Cəlili çıxılmaz vəziyyətə salmışdı. Atasının xiffət çəkməsi Midhəti çox narahat edirdi. Odur ki, gecə-gündüz çalışırdı. "Midhət demək olar ki, canının bahasına oxuyur və işləyirdi. Çox az yeyirdi, günorta, axşam yeməklərini belə ayaqüstü, tələm-tələsik bitirirdi”.
1931-ci ildə onu Leninqrada təcrübəyə göndərirlər. Midhətin bu səfəri nə Mirzə Cəlilin, nə də Həmidə xanımın ürəyincə olur. Səbəbini Həmidə xanım "Xatirələrim”də belə açıqlayır: "Mirzə Cəlili oğlunun kövrək səhhəti və xəstələnmə ehtimalı qəm-qüssəyə salmışdı. Bir tərəfdən də, Midhətə isti palto almağa pulu da yoxdu. Bu, ona əzab verirdi. Mən isə yenə öz növbəmdə ona toxtaqlıq verirdim. Təklif etdim ki, Midhətin köhnə paltosunun içinə pambıq qoyub isti astar tikərik. Sonra şalvarının üzünü astarına çevirib isti adyaldan içlik tikdim və bu yolla başqa isti paltarlar hazırladım. Aprelin ortalarında Midhət yoldaşları ilə Leninqrada, oradan da "Severstroy”a yola düşdü. Mirzə Cəlil xiffət icində idi. Oğlunun xəstəliyi və uzun müddətə uzaq, sərt iqlimli şimala göndərilməsi onu son dərəcə məyus etmişdi”.
Sən demə, Mirzə Cəlilin xifət cəkməsi boş yerə deyilmiş. Midhətin xəstə, zəif səhhəti sərt şimal iqliminə davam gətirə bilmir və onun xəstəliyi şiddətlənir. Midhət isə xəstə atasını təşvişə salmaq istəmədiyi üçün bu haqda ailəyə xəbər vermir.
Bir yerdə qərar tuta bilməyən Mirzə Cəlil gah Şuşaya, gah da Bakıya qayıdaraq oğlundan məktub gözləyir. "Midhətin bu səfəri məni xeyli dilxor etdi”, -deyə hey deyinir, təşviş kecirir.
Nəhayət, bir gün Midhətdən xəbər gəlir. "Onun xəstələnmiş yoldaşlarından biri Şuşaya istirahətə gəlmiş, bizə ondan məktub və bir qutu şokolad gətirmişdi. Mirzə Cəlil uşaq kimi sevinirdi. Hətta birdən-birə elə yaxşılaşdı ki...”.
Sən demə, Midhət "babatlaşandan sonra da başqa yoldaşları kimi hərəkət edərək geri dönmək əvəzinə işinə davam etmiş, yalnız payızın axırlarında, əməyinə görə rəhbərlikdən müsbət rəy aldıqdan sonra evə qayıtmışdı”. Lakin bu qayıdış Mirzə Cəlilə, Həmidə xanıma o qədər də sevinc bəxş etmədi. Midhət həddən çox zəifləmiş, bənizi ağarmış, xəstəhal olmuşdu. Sürətlə inkişaf edən vərəm öz işini görmüşdü.
Oğlunu müalicə etdirməyə imkanı olmayan Mirzə Cəlil çox həyəcan keçirirdi. Bütün bu problemlərin içində aciz qalan Mirzə Cəlil Həmidə xanıma tez-tez deyirmiş: "Həyat çox eybəcərləşdi!”
Cəmi 24 il bu "eybəcər həyat”ın sevincini-kədərini dadan Midhət 1932-ci ildə vəfat edir. Həmidə xanım bir ildə iki əzizini, sevimli ömür-gün, məslək yoldaşı Mirzə Cəlili və ciyərparası Midhəti itirdi.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər