Mətbuatşünaslığımız sovet dövründə

1920-ci ilin
ortalarından 1990-cı ilin əvvəllərinə kimi Azərbaycanda (əslində bütün SSRİ
məkanında) mətbuat marksizm ideologiyası, metodologiyası əsasında öyrənilib,
yazılıb və təbliğ edilib. Partiya və onun ideoloji funksionerləri öz
ideyalarının təbliğ, təşviq və təşkili işində mətbuatın, xəbər agentliyinin,
radio və televiziyanın manipulyasiya gücündən maksimum istifadə etmək üçün
kütləvi informasiya vasitələri sistemini mümkün qədər genişləndirməyə cəhd
göstərdilər. Proletar ədəbiyyatı və mətbuatı hakim ideologiyanın ruporuna
çevrildi, bu ideologiya isə marksizm-leninizm ideologiyası idi.
Qafqaz Senzura Komitəsində
erməni qrupu
Sovet dövründə Azərbaycan mətbuatının tədqiqi əsasən 20-ci illərin
ortalarından başladı. 1925-ci il, aprelin 12-də bolşevik yazarı Həbib Cəbiyevin
sədrliyi ilə Azərbaycan mətbuatının 50 illik yubileyinin keçirilməsi üçün
komissiya yaradılır. Bundan sonra Azərbaycanın mətbuat tarixinə dair əsərlər,
məqalələr, elmi kitablar və xatirələr yazılır. Bu tədqiqatlar sovet
ideologiyasına uyğun yazılsa da, onlarda mətbuatımızın yaranması və inkişafı
tarixini əks etdirən çox dəyərli faktlar var.
Məsələn, uzun illər Qafqaz Senzura Komitəsində Şərq dilləri üzrə
senzor vəzifəsində çalışan, ilk müsəlman senzor Mirzə Şərif Mirzəyevin
"Qafqazdakı türk mətbuatı tarixi üçün materiallar” əsəri Azərbaycan dövrü
mətbuatının tarixinin öyrənilməsində etibarlı mənbələrdəndir. Çox zəngin arxiv
sənədləri əsasında yazılan bu əsərdə M.Ş.Mirzəyev Azərbaycan mətbuatına qənim
kəsilən Qafqaz Senzura Komitəsində çalışan erməni Korqanov, Melik-Meqrabov,
Kişmişev, Qaraxanov kimi senzorların anadilli mətbuatımıza qənim kəsilməsini
faktlarla qeyd edirdi.
M.Ş.Mirzəyev
əsərində "Ziya”, "Ziyayi-Qafqaziyyə”, "Kəşkül” və "Şərqi-rus” mətbu orqanları
haqqında da məlumat verib. Müəllif M.Şahtaxtlının "Şərqi-rus”da Hacı
Zeynalabdin Tağıyevə qarşı yazdığı qərəzli məqalələrə münasibətini belə
bildirib: "İlk nömrədən başlayaraq, 15-ci nömrəyə qədər mərhəmətli və qüdrətli
milyonerin adı və soyadı müxtəlif cür hallanır və onun fəaliyyəti hər tərəfdən,
müxtəlif nəzər nöqtəsindən müzakirə olunurdu. "Şərqi-rus” şəxsi həyatın
toxunulmazlığı prinsipini unudaraq, utanmadan milyonerin ailə həyatından faktları
da müzakirəyə qoyurdu”. Mükəmməl sənədlərlə əhatə edilən əsərdə Azərbaycan
mətbuatının necə böyük çətinliklərlə yaranması, fəaliyyəti geniş şəkildə şərh
edilib. Yeri gəlmişkən, qeyd edim ki, M.Ş.Mirzəyevin həmin əsəri uzun illər
sonra AMEA N.Gəncəvi adına Ədəbiyyat
İnstitutunun bir qrup əməkdaşı tərəfindən yenidən rus dilində çapa hazırlandı
və 2009-cu ildə nəşr edildi.
"Kaspi” qəzeti "ziyanlı
burjua nəşri” kimi...
1920-30-cu illərə nisbətən 1940-50-ci illərdə ümumpartiya bolşevik
mətbuatı və onun ayrılmaz tərkib hissəsi olan Azərbaycan bolşevik mətbuatı daha
geniş tədqiqata cəlb edildi. Nüsrət Bağırov, Həsən Şahgəldiyev, Xasay Vəzirov,
Seyfulla Əliyev, Xəlil Rəfiyev, Həsən Quliyev, Rza Quliyev, Məcid Katibli və
başqalarının elmi məqalələrində və əsərlərində ölkədəki bütün nailiyyətlər
bolşevik mətbuatının və yazarlarının fəaliyyəti ilə bağlanaraq, milli ruhlu
mətbuatımız və yazarları ancaq tənqid atəşinə tutuldu.
Məsələn, tarixçi alim Xəlil Rəfiyevin bir çox əsərləri, xüsusən də
"Leqal bolşevik qəzeti "Təkamül” adlı əsərində inqilabın ölkəmizə gətirdiyi
"xoşbəxtlikdən”, V.İ.Leninin xalqımıza qarşı "diqqət və qayğısından”, yerli
bolşevik mətbu orqanlarımızın V.İ.Leninin təlimini əsas tutaraq, amansızcasına
mübarizə aparmasından fərəh hissi ilə danışaraq, sonda "Kaspi” "Tərcüman” və
"Füyuzat” kimi milli ruhlu mətbu orqanlarını "yalan və iftira” yazan mətbu
orqanları adlandıraraq, "millətçi, panislamist, pantürkisist” kimi təqdim
edirdi.
1960-cı ildə buraxılan
üçcildlik "Azərbaycan tarixi” və "Azərbaycan ədəbiyyatı tarixi” kimi
fundamental nəşrlərdə də "Kaspi” qəzeti "ziyanlı burjua nəşri” adlandırılır.
Əslində sovet tarixşünaslığında "liberal istiqamətli, ticarət-sənaye
burjuaziyasının mənafeyini güdən, müsəlman burjuaziyasının islamçılıq, türkçülük
ideyalarını təbliğ edən qəzet” kimi təqdim edilən "Kaspi” öz səhifələrində
bütün dünyada, o cümlədən də Qafqazda baş verən yeniliklərə, sosial-iqtisadi,
siyasi məsələlərə geniş yer verərək, təhlil-təbliğ edibdir. Adı çəkilsə də,
çəkilməsə də, onun səhifələrindəki faktlardan, informasiyalardan alimlərimiz
yetərincə bəhrələniblər. Məsələn, Azərbaycan mətbuatının ilk salnaməçisi,
tədqiqatçı-alim Qulam Məmmədli ikicildlik "Azərbaycan teatr salnaməsi”ndə,
ədəbiyyatşünas Kamal Talıbzadə "XX əsr Azərbaycan tənqidi” əsərində,
zərdabişünas Ziyəddin Göyüşov "H.Zərdabinin dünyagörüşü” kitabında, mətbuat
tədqiqatçısı Nəriman Zeynalov "Azərbaycan mətbuat tarixi” dərsliyində,
tədqiqatçı alim Feyzulla Qasımzadə "XIX əsr Azərbaycan ədəbiyyatı”
monoqrafiyasında, mollanəsrəddinşünas Əziz Şərif "Molla Nəsrəddin” necə
yarandı?” əsərində, filosof Heydər Hüseynov "XIX əsr Azərbaycan ictimai və
fəlsəfi fikir tarixindən” elmi əsərində və daha necə-necə fundamental əsərlərin
yazılmasında kifayət qədər "Kaspi”nin materiallarından istifadə edilib. On
illər boyu "Kaspi”ni dana-dana, söyə-söyə onun varlığını, gərəkliyini dolayısı
yolla təsdiqləmişik.
Və "Füyuzat”a münasibət
Bu tədqiqatlarda "burjua
mətbuatı” adı altında "Kaspi” qəzeti ilə yanaşı, daha çox tənqidə, hətta
təhqirə məruz qalan "Füyuzat” jurnalı idi. 1920-ci ildən 1950-ci illərin sonuna
kimi ədəbi mühitimizdə "Füyuzat” ədəbi məktəbinin yetirmələrinə qarşı siyasi
tərəddüdlərlə müşayiət olunan bir dövrdür. "Füyuzat”çı alim Ş.Vəliyev bu ədəbi
məktəbə dair tədqiqatların tarixini beş dövrə bölür.
Birinci - "Füyuzat”
jurnalının nəşrindən 1920-ci ilə qədər olan dövr. Bu dövr ərzində tanınmış tənqidçilər
F.Köçərli, A.Sur, S.Hüseyn, F.Ağazadə ilə yanaşı jurnalist S.E.İbrahimov,
Ö.F.Nemanzadə, Ə.Qəmküsar, Ə.Müznib, H.S. Ayvazov və başqaları da bu mövzuya
müraciət edərək "Füyuzat”a layiq olduğu obyektiv qiyməti veriblər.
İkinci
dövr - 1920-37-ci illəri əhatə edir və bu dövr "Füyuzat” ədəbi məktəbinin
əleyhinə tərəddüdlərlə dolu ideoloji təzyiq və təsirlərlə səciyyəvidir.
Füyuzatçılara qarşı siyasi ittihamlarla zəngin olan bu dövrdə mətbuatda daha
çox çıxış edənlər M.Quliyev, Ə.Nazim, R.Axundov və B.Çobanzadə olub. Məsələn,
Ə.Nazimin "Yeni Azəri ədəbiyyatı haqqında” (Bax: Türk yurdu” jur, 1927,
N-31-32), M.Quliyevin "Proletar ədəbiyyatına doğru” (Bax: "İnqilab və
mədəniyyət” jur, 1929, N-4), B.Çobanzadənin "Azəri ədəbiyyatının yeni dövrü-
Nasionalizimdən internasionalizmə” (Bax: ADETİ-nin nəşri, 1930) və s. Bu zaman
"Füyuzat”a qarşı aparılan siyasi məqsədlər, "ədəbi döyüşlər” siyasi məhkəmələrə
çevrilib.
Üçüncü - 1937-ci
ildən 1960-cı ilə qədər olan illəri əhatə edir. Bu dövrlə bağlı araşdırmalardan
aydın olur ki, 1950-ci ilin ortalarından sonra füyuzatçıların bədii irsi
nisbətən nəşr edilib və təbliğ olunub. Doğrudur, bu dövrün tədqiqatlarında da
füyuzatçılar tənqid edilirdi. Amma tənqid məqsədilə də olsa, tədqiqatçılar
füyuzatçıları ədəbi-elmi təhlil müstəvisindən çıxmağa qoymadılar.
Dördüncü
dövr - 1960-cı ildən 1985-ci ilə qədər. Bu dövrdə artıq tədqiqatçılar füyuzatçılar
haqqında ciddi elmi mülahizələr söyləyir, onların yaradıcılığını ictimai-siyasi
prinsiplərlə yox, bədii-estetik tələblərlə tədqiqata cəlb edirdilər. Məsələn,
Əziz Mirəhmədovun "Azərbaycan "Molla Nəsrəddin”i (1980), Mir Cəlal Paşayev və
Firudin Hüseynovun "XX əsr Azərbaycan ədəbiyyatı” (1982), Ofeyla Bayramlının
"Həyat” qəzetində ədəbiyyat məsələləri (1905-1906)” namizədlik dissertasiyası
(1981), "Fikrin karvanı” (1984) və başqa əsərlərin təsiri nəticəsində "Füyuzat”
ədəbi məktəbinə maraq yenidən diqqəti cəlb etdi.
Beşinci
- sonuncu dövr isə 1985-ci ildən sonrakı illəri əhatə edir.
Ədəbiyyatşünas və mətbuatşünas alimlərimizdən Ə.Mirəhmədov, K.Talıbzadə,
X.Məmmədov, İ.Həbibbəyli, Ş.Qurbanov, O.Bayramlı, Ş.Vəliyev, V.Sultanlı,
İ.Ağayev, A.Zeynalzadə, V.Quliyev və başqaları əsərlərində "Füyuzat” ədəbi
məktəbinin nümayəndələrinə layiq olduqları qiymətləri verdilər. Adlarını
sadaladığım bu alimlərin gərgin əməyi və səyi nəticəsində "Füyuzat” ədəbi
məktəbinin yaradıcısı olan Ə.Hüseynzadənin və digər füyuzatçıların mətbu
irsinin transliterasiya edilərək yenidən ədəbi-elmi ictimaiyyətə çatdırılması
Füyuzatçılığın tədqiqi tarixində diqqətə layiq əhəmiyyət kəsb edir.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
