Mədəniyyətimizin 1959-cu il baharı

Aprel 1938 - may 1959. Moskva, Azərbaycan incəsənəti ongünlüyü. Bu
iki tarix arasından 21 il keçmişdi. Hər iki ongünlük Azərbaycan incəsənətinin
böyük qələbəsi, uğuru demək idi. Hər ikisi də Azərbaycan incəsənətinin tarixinə
qızıl hərflərlə yazılmışdı.
1938-ci ilin dekadasının möhtəşəm keçməsi, Azərbaycanın görkəmli bəstəkarı
Üzeyir bəy Hacıbəyovun gərgin işi və böyük zəhməti sayəsində olmuşdu. Dekadaya o dövrün mətbuatı - istər Azərbaycanda,
istərsə də keçmiş SSRİ məkanında geniş yer ayırmışdı.
2018-ci ildə dekadanın 80 illiyi ilə bağlı respublika qəzetləri
tarixi yada salaraq, o dövrün materialları ilə geniş oxucu auditoriyasını tanış
etmişdilər. Üzeyir bəyin iki əsəri: Operası "Koroğlu” və operettası "Arşın mal
alan” nəinki adi Moskva tamaşaçıları, həmçinin dövlət rəhbərlərini, İ.V.Stalin
başda olmaqla hamını valeh etmişdi.
1948-ci ildə biz Üzeyir bəyi itirdik. İtirdik, amma yalnız cismən.
Şair Məmməd Rahimin dili ilə desək: "Ona ölüm yoxdur, ölən bədəndir. Ölüm düha
üçün əfsanədəndir ”. Üzeyir bəy neçə-neçə gözəl bəstəkarlar yetişdirmişdir.
Onların adı, şöhrəti Azərbaycanın hüdudlarını çoxdan aşmışdı: Fikrət Əmirov,
Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Süleyman Ələsgərov və s. O, bir
Üzeyir məktəbi yaratmışdı. 1959-cu ildə Moskvada keçirilən Dekadada da Üzeyir məktəbinin
yetişdirmələrinin əsərləri - F.Əmirovun " Sevil ” (opera), Q.Qarayevin "Yeddi
Gözəl ” (balet), S.Hacıbəyovun "Gülşən” (balet) və başqaları Moskvada böyük uğur
qazanmışdır. Bu məqalə vasitəsilə istərdim
hörmətli oxucularımızı Moskvaya - 1959-cu ilin may ayına qiyabi səyahətə dəvət
edim. Gəlin bir yerdə həmin dövrün mətbuatının səhifələrini vərəqləyək. "Bu
günlərdə Moskva şəhərində Azərbaycan incəsənəti və ədəbiyyatının ongünlüyü
başlamışdır. Bu ongünlükdə Azərbaycanın görkəmli teatr xadimləri, bəstəkarları,
dirijorları, rəssamları, yazıçıları və s. iştirak etmişlər”.
Danışır ongünlük iştirakçıları: Moskvadakı ongünlük barəsində Azərbaycanın xalq artisti, dirijor, Maestro
Niyazi öz xatirələrində qeyd edirdi: "Birinci
ongünlükdən keçən iyirmi bir il respublikamızın bir çox ədəbiyyat və incəsənət xadimləri kimi, mənim üçün də gərgin
yaradıcılıq və böyük imtahan illəri olmuşdur.
Bu illər ərzində mən ölkəmizin bir çox böyük şəhərlərində və xarici
ölkələrin paytaxtlarında bəstəkarlarımızın ən gözəl musiqi əsərlərinin ifasında
iştirak etmişəm. Ongünlükdə isə mən "Koroğlu”, " Sevil” operalarında "Yeddi Gözəl”
baletində və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Konsertlərində
dirijorluq edəcəyəm. Bu, mənim üçün böyük fəxrdir”
1959-cu ildə Moskvanın teatr və konsert salonlarında doğma Azərbaycan
musiqisinin xoş təranələri səslənirdi. Böyük Teatrın səhnəsində dahi bəstəkarımız
Ü.Hacıbəyovun "Koroğlu” operasının gözəl ariyaları, duetləri, Bülbülün məlahətli
səsi dinləyiciləri heyran qoymuşdu.
Tamaşa musiqisinin ahəngdarlığı
ilə yanaşı, dekor və geyimləri ilə də nəzərləri cəlb etmişdi. Xalq qəhrəmanlığının
timsalı Çənlibel səhnəsinin dekorları əzəmətli görünürdü. Operanın bədii tərtibatı
gənc istedadlı teatr rəssamı Əyyub Fətəliyevin
ilk yaradıcılıq nailiyyəti idi. Az müddət
ərzində rəssam Ü.Hacıbəyovun "Əsli və Kərəm”, Z.Hacıbəyovun "Aşıq Qərib”,
C.Cahangirovun "Azad”, R.Mustafayevin " Vaqif ” operalarını tərtib edir. Əsərlərin
tərtibatı Əyyub Fətəliyevin Azərbaycan səhnəqrafiya sənətinə novatorluq meyli gətirdiyini
sübut etmişdi. Ongünlük zamanı xalq artisti M.Məmmədovun quruluşunda "Koroğlu”
ilə birlikdə F.Əmirovun "Sevil” operası da böyük müvəffəqiyyət qazanmışdı.
Respublikamızın bütün incəsənət işçiləri kimi, gənc rəssam Əli Minayi və
istedadlı gənclər Əli və Hüseyn Pariyab qardaşları da ongünlük üçün böyük həvəslə mücrü hazırlamışdılar və ongünlükdə
iştirak etməyi düşünürdülər.
Şövkət Məmmədova ongünlükdəki təəssüratlarını belə bölüşmüşdü: "Mən,
gözəl musiqi zövqü olan dinləyicilər qarşısında ərəb xalq mahnısı "Şələbiyyə”
C.Cahangirovun "Azad” operasından "Fars qızının mahnısı”nı və Azərbaycanın dahi
şairi Füzuliyə həsr etdiyi kantatanın solo hissəsini və başqa mahnıları oxuyacağam”.
Azərbaycanın
dahi xalçaçı rəssamı Lətif Kərimov öz
xatirələrində qeyd etmişdi: "Mən sənət yarışı olan Azərbaycan incəsənəti
və ədəbiyyatı ongünlüyünə, işlədiyim naxışlarla Azərbaycan Xalça İttifaqının
toxuyub təzəcə xanadan kəsdiyi altı xalça gətirmişəm. Bunlar "Qızıl Xalça”, "Pambıq
nişan”, "Araz”, "Ləçək-turunc”, "Yeni xalça” və "Göygöl” adlı xalçalardır.
Bülbül ongünlükdən danışarkən deyirdi: "Bizim musiqi
yaradıcılığımızın belə sürətlə inkişafını təmin edən zəngin mənbələrdən biri
xalq musiqisidir. Məhz buna görə milli opera sənətimizdə xəlqilik özünün bu qədər
aydın və parlaq ifadəsini tapmışdır. "Koroğlu” bunun ən gözəl nümunəsidir.
İyirmi bir il əvvəl - 1938-ci ildə bu əsər Teatrların səhnələrində nə qədər əzəmətlə
səslənmişdisə, bu gün də o, eləcə səslənir və öz təravətini itirmir. Mən hələ o
vaxt birinci ongünlükdə olduğu kimi, indi də böyük ilham, şövqlə "Koroğlu” operasının məşhur
ariyasını oxuyacağam”.
Çünki oldun dəyirmançı,
Çağır gəlsin dən, Koroğlu !
Bu ongünlükdə Azərbaycan
rəssamları da öz əsərlərini təqdim etmişdilər. Onlardan Fuad Əbdürrəhmənovun
"Çoban” heykəli, Tokay Məmmədovun "Səməd Vurğun” və "Niyazi” əsərləri, Ömər Eldarovun heykəl qrupu təqdim olunmuşdu. Bu
ongünlükdə gözəl əsərləri ilə tamaşaçıları valeh edən görkəmli rəssamımız Səttar
Bəhlulzadə də iştirak edib. O, "Bizim dağlar” adlandırdığı Babadağın fonunda çəkdiyi
mənzərəli tablonu incəsənət və ədəbiyyat ongünlüyündə tamaşaçılara təqdim etmişdir.
Azərbaycan ədəbiyyat
və incəsənəti ongünlüyü ciddi bir imtahan idi. Bu imtahanda xalqımız əldə etdiyi nailiyyətləri – mədəniyyət
və incəsənətinin böyüklüyünü, qüdrətini, əsrarəngizliyini, qədimliyini və
müasirliyini nümayiş etdirmişdir.