• cümə axşamı, 28 mart, 23:21
  • Baku Bakı 13°C

MARİKO SUMİKURAdan şeirlər

17.10.16 11:40 5198
MARİKO SUMİKURAdan şeirlər
Mariko Sumikura Yaponiyanın Kyoto şәhәrindәanadan olmuş, Ristumeikan üniversitetini bitirmişdir. Ümumdünya Şairlər Assosiasiyasının Yaponiya tәmsilçisidir. "Poetik-Bridge. Ama Hashi" beynəlxalq jurnalının baş redaktorudur "Kokoro Kaoru Hito", "Yume Tsumugu Hito", "Hikari Oru Hito", "Ai Mato Hito", "Tsuchi Dakum Masurao" kitablarının müәllifidir.49-cu Struga Poetry Beynelxalq şeir festivalının (2011 Makedoniya), Jan Smrek Beynəlxalq Ədəbiyyat Festivalının (Slovakiya, 2012) Mihai Emuneski Şeir festivalının (2015 Rumınya) və "Verci Avropa" (Como, İtaliya, 2015) şeir festivallarının iştirakçısıdır.
Gabriel Rosenstockun "Mina dağ Tonaete" ("Onun adını tələffüz et,") kitabının tәrcümәsinәgörә2012-ci ildə İrlandiyada Exchange Irish Ədəbiyyat üzrә bədii Tərcümə mükafatı almışdır.

ŞEH DAMLASI
Həyatın mənasını görürəm
şeh damlalarında!
İncə bir yarpağın ucunda,
özünə qapanaraq sükuta qərq olmuş
bu mükəmməl zərrəciklərdə
bir dünya əks olunur...

Gün işığını yeddi rəngə bölən
Şeh damlası!
Öz gözəlliyinə şübhən yoxdur sənin!
Lakin, hər an yıxılmaq qorxusu var canında.
Qorxma!
Mən sənə toxunmaram.
Sən göylərin hədiyyəsisən.
Məzlumlar belə
həzz almaq iqtidarındadırlar sənin gözəlliyindən.
Ümid kimi şirinsən,
Şeh damlası!
Xəyalla gerçək arasında bir aynasan!

Xatirələr solduqca
gözlərimdən damlalar düşür,
duzlu... əlacsız...
Sən də tənhasan!
Kaş ki, öpə bilsəydim səni –
Daha bir günü yaşaya bilmək üçün!..

OPAL
Göz yaşı daşı!
Mavi işıqlar oynaşır
Bulanıq çizgilərində...
Zahirən ipək kimisən,
Lakin sirli və müəmmalı...
Nədir sənin möcüzən?
Soyuq mavi rəngi
Tünd yaşıla,
Qırmızını isə
Günəşin parlaq sarısına çevirirsən!
Kim bilir
Sənin al rənginin sirrini?
Kim bilir?..

GÜNAHKAR…
Bir kəlməlik poemalardır -
Ətir şüşələrinin üzərindəki adlar.
İki söz – faciədir artıq!
May ayı...
Ətraf yaşıllıq...
Bu kiçicik şüşələrlə oynayaraq
Vaxtı öldürürəm yalnızlıqda.
Requête[1], Mon Ame[2], L'Air du Temps[3]
Soir de fête[4], Imprudence[5], Magie[6],
Près du coeur[7], Moment Suprême[8], Je reviens [9]…
Kiminsə kəlmələrə möhürlənmiş ehtirası!
Həbs olunmuş ehtiras!
Günahmı?
Elədirsə cəzamı qəbul edir
və qəti qərar verirəm:
Unudulsun!
VAR OLMAQ
Düşüncələrimin dərinliyində
var olan insan –
Mənim dövrümdə yaşayan,
düzgün və pak yaşayan
İnsandır!

KİŞİ ÇƏTİRİ
Çiyinlərimizi qucaqlayan çətir
Otağımız kimiydi..
Kiməsə
Yenə yer vardı altında...
Yağışsa
Körpə çiçəklərin ürkək titrəyişiydi...
Yağış...
Yağış...

SİRR
Qəlbimin mübhəm guşəsində
bir sirr közərir…
Daha heç kim
inandıra bilməz məni
mavi rəngin gözəlliyinə!

PEQAS
Bu o deyil!
Bu, məni cuşa gətirən,
Sonra da məğlub edən
Dalğa deyil!
Yox, bu da o deyil!
Bu da mənim boşalmış qəlbimi
Öz işığıyla dolduracaq dalğa deyil!
Mən gözləyəcəyəm,
Öz böyük dalğamı gözləyəcəyəm!
Yaxındadır, bilirəm...
Mən ağ köhlənəm!
Mən
Həyat dənizindən
Fəzalara can atan
Peqasını gözləyirəm!..

Tərcümə etdi: Afaq Şıxlı
[1] İstək
[2] Ruhum mənim
[3] Bir anlıq nəfəs
[4] Bayram gecəsi
[5] Divanəlik
[6] Sehir
[7] Ürəyimin başında
[8] Möhtəşəm an
[9] Qayıdağacam
banner

Oxşar Xəbərlər