• çərşənbə, 30 Aprel, 08:35
  • Baku Bakı 10°C

Latın əlifbasının ilk tərcümanı

19.12.17 10:50 3152
Latın əlifbasının ilk tərcümanı
Əsası 1875-ci ildə "Əkinçi” qəzetinin nəşrə başlaması ilə qoyulmuş Azərbaycan mətbuatı unudulmuş milli şüur və düşüncənin müstəqil dövlətçilik ruhuna köklənməsi üçün bir çox vəzifəni reallaşdırdı. "Milli demokratik mətbuatın "Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri – maariflənmə, müasirləşmə, məfkurə saflığı, ümumi məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycan demokratik mətbuatının gələcək inkişafı üçün təməl daşları rolunu oynaması” (H. Əliyev – S.V.) nəhayətdə ondan sonra yaranan mətbu orqanların ideya platformasındakı monolit cəmiyyəti daha mübariz amallarla müstəqillik ideyalarına yönəltdi. "Ziya”, "Ziyayi-Qafqaziyyə”, "Kəşkül”, "Şərqi-Rus”, "Molla Nəsrəddin”və digər çoxsaylı qəzet və jurnallarda siyasi-fəlsəfi tutumlu, milli ruhlu problemlər əks olunur, xalqın mədəni tərəqqisi ilə yanaşı, milli müqəddəratı uğrunda mübarizənin vəzifə və istiqaməti də müəyyənləşdirilirdi.
Elmi ictimaiyyətin ixtiyarına verilən Mehriban Sultanın "Milli mətbuat tarixində "Yeni yol” qəzeti” adlı kitabı 1922-1939-cu illərdə latın qrafikası ilə nəşr olunan ilk türk qəzetinin mətbuat tarixində əhəmiyyətli rolu, ideya və məramların daha əhatəli, dəqiq elmi mənbələrlə araşdırılması baxımından diqqəti cəlb edir. Beş bölmədən ibarət olan kitab, həmçinin görkəmli ziyalıların – satirik publisistlərin və dilçi alimlərin "Yeni yol”da nəşr olunmuş çoxsaylı əsərlərinin milli mənəviyyatımızda dövlətçilik görüşlərinin göstəricisi kimi, "Yeni yol” səhifəsindən götürülən tutarlı faktlara əsaslanır. Qəzet haqqında araşdırma və tədqiqatların 1932-ci ildən başlandığını vurğulayan müəllif yeri gəldikcə S.M.Əfəndiyevin, T.Hüseynovun, V.Xuluflunun məqalələri, Q.Məmmədlinin, akademik İ.Həbibbəylinin elmi tədqiqatlarına müraciət edir, türk elmi-ədəbi mühitində "Yeni yol” qəzeti ilə bağlı müsbət elmi qənaətlərin olmasını ümumtürk ictimai-mədəni, ədəbi tarixində türkçülük ideyalarının təbliği qənaəti kimi türk mənbələrinə istinadən (Bilal Şimşir, Betül Aslan) haqlı olaraq açıqlayır.
1920-ci ilin aprelində rus işğalı nəticəsində demokratik respublikanın süqutu, tanınmış ziyalı və görkəmli siyasi xadimlərin təqib və həbsləri, yarımmüstəmləkə şəraitində Azərbaycan türkcəsinin məhdud fəaliyyəti, XX əsrin əvvəllərində dilə siyasi baxış, çağdaş nəsr, teatr, mətbuat – bütün bunlar Azərbaycan maarifçiliyinin özünütəsdiqi idi. Maraqlı faktdır ki, bu özünütəsdiqin önündə məhz milli dil, dövlət dili məsələsi ideoloji baxış kimi gələcək Azərbaycanın məfkurə təməli olmuşdur.
"Yeni yol” qəzetinin nəşri tarixi və inkişaf mərhələləri” adlı bölmə də bu məsələlər üzərində qurulub. 1920-ci ildən başlayan, əslində isə 30-cu illərdə daha dəhşətli hücum yaradan "qırmızı terrorun” totalitar ideologiyasının məhvetmə mövqeyinin mərhələləri lap başdan, Xalq Maarif Komissarlığı yanında Ərəb Əlifbası üzrə İslahat Komissiyasının təşkilindən təhlil olunur. Müəllif ardıcıl olaraq tarixi məxəzlərə müraciət edərək, dövrün siyasi icmalını, Yeni Türk Əlifba Komitəsinin fəaliyyətini, bu fəaliyyətin bəhrəsi olan "Yeni yol” qəzetinin nəşri tarixini araşdırır: "1922-ci il 21 sentyabr tarixində latın əlifbası ilə çıxan ilk türk qəzeti "Yeni yol” işıq üzü görür. Qəzetin ilk nömrəsi Cəlil Məmmədquluzadənin, Fərhad Ağazadənin, Mirzə Cabbar Məmmədzadənin, Abdulla Tağızadənin, Vəli Xuluflunun böyük əzmkarlığı və səyi ilə araya-ərsəyə gəlir. "Yeni yol” qəzetinin nəşri tarixinin 1922-1928-ci illəri əhatə edən böyük bir mərhələsi latın qrafikalı yeni əlifbanın tətbiqi və təbliği ilə bağlıdır. Qəzet 1922-1923-cü illərdə "həftəlik ədəbi, ictimai, bitərəf türk qəzeti” kimi nəşr olunmuşdur. 1923-cü ildə "Yeni Türk Əlifbası əqidəsini yaymağa çalışan”, 1924-1925-ci illərdə "Yeni Türk Əlifba Komitəsinin fikrini yayan” qəzet, 1925-1928-ci illərdə "Azərbaycan MİK nəzdində Yeni Türk Əlifba Komitəsinin orqanı” kimi nəşr olunaraq, yeni əlifba dövlət tərəfindən qəbul olunana qədər bu ideyanın mətbu bayraqdarı olmuşdur (M.Sultan).
Ərəb əlifbasından latına keçid prosesi "Şərqdə mədəni inqilab” adlandırılır, müsbət qiymətləndirilirdi. Qəzetin ilk nömrəsindən etibarən, Türkiyə, Moskva, Gürcüstan, Orta Asiya respublikalarından, Krım və Kazan türklərindən qəzetə ünvan­lanan məqalələr, oxucu məktublarının faktlara istinadən təhlili, qəzetin türkdilli xalqlar arasında bağlılığı möhkəmləndirən ən tutarlı vasitə olmasına bir daha əminlik yaradır.
"Yeni yol” qəzetinin ideya istiqaməti, məqsəd və vəzifələri” bölməsində isə qəzetin "Molla Nəsrəddin” jurnalından bəhrələnərək ədəbi dilin fəaliyyətinə, milli düşüncənin inkişafına fikir, məfkurə axını kimi təsiri tutarlı faktlarla təhlil olunur. Qəzet fəaliyyətə başladığı ilk gündən, əlifba, dil, ədəbiyyat, yazı məsələlərinə geniş yer verməklə, Azərbaycan dilinin saflığı uğrunda mübarizədə "Molla Nəsrəddin” jurnalı kimi əhəmiyyətli rol oynamışdır. Heç təsadüfi deyil ki, Vəli Xuluflu "Yeni yol” kəlməsinin çox vaxt yeni əlifba yerində işlədildiyini, "yeni yol”u yeni əlifbanın bir sinonimi olduğunu bildirir, "Yeni yol”un dili Azərbaycan dilinin əsasıdır” fikrini gündəmə gətirirdi.
Bu bölmədə "Yeni yol” qəzetinin dilimizin saflığı uğrunda məqsədyönlü mübarizəsinin, həmmüasiri olan başqa mətbuat orqanlarının fəaliyyətinə təsiri də təhlil olunur, "Azərbaycan ədəbi dilinin əyri-üyrü imla və tələffüz yollarından çıxıb düzgün yola qədəm qoyması” dövrün mənbələrinə istinadən elmi təhlil süzgəcindən keçirilir. Kitabda "Yeni yol”un Azərbaycan məişəti və milli təfəkküründəki geriliyi, müxtəlif tipli qüsurları mollanəsrəddinsayağı ifşa etməsi ilə yanaşı, jurnalın başlıca mövzularından olan müstəmləkəçilik və müharibə siyasətini örnək alaraq, müraciət etdiyi aktual mövzular kimi dövrün ən tarixi məqamlarına diqqət edilmişdir.
"Yeni yol” qəzetinin redaktorlarına gəlincə isə Cəlil Məmməd­quluzadədən sonra, M.S.Ordubadi, Ziynət Nuşirəvanov, Əhməd Trinç, Əli Aslanov, Ağahüseyn Rəsulzadə, Qulam Məmmədli, Hüseyn Şahgəldiyev kimi əsaslı heyətlə milli ictimai-ədəbi və mədəni düşüncə sisteminin layiqli sələflərinin timsalında bütünləşmişdir. Doğrudur, qəzetin ilk nəşr ilindəki (1922) sayları, demək olar ki, böyük mühərir Mirzə Cəlilin publisistikasından ibarətdir. Z.Nuşirəvanov və Q.Məmmədlinin ictimai-siyasi hadisələrə, əlifba islahatı ilə bağlı dərc olunmuş tək-tək yazıları nəzərə alınmasa, digər baş redaktorlarının fəaliyyəti, M.S. Ordubadi istisna olmaqla, siyasi-ideoloji rəhbərlik xarakteri daşımış, qəzetdə onların imzası görünməmişdir (M.Sultan).
Kitabın " Görkəmli satirik publisistlərin yaradıcılığı "Yeni yol” qəzeti səhifələrində” bölməsi, mətbuat, mədəniyyət və ictimai-ədəbi fikir tarixində önəmli mövqe qazanmış müəllif kontingentinin zəngin irsini araşdırır. Qəzetin ilk redaktoru Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Bayraməli Abbaszadə kimi ədəbiyyat və ictimai fikir xadimlərinin cəmiyyətdəki və ideologiyadakı nöqsan və çatışmazlıqları ifşa edən yazıları təhlilə cəlb olunur. Mirzə Cəlilin "Yeni yol” qəzetində dərc olunan felyeton və məqalələrinin böyük əksəriyyətini ilk dəfə tərtib edən Əziz Mirəhmədov, Turan Həsənzadə, Q.Məmmədli tədqiqatlarına, həmçinin daha dəqiq araşdırmalarla akademik İ.Həbibbəylinin tərtibində C.Məmmədquluzadənin dördcildlik külliyyatına (2004) ilk dəfə daxil olan, "Yeni yol” da dərc edilən məqalə və felyetonlarına, eyni zamanda digər müəyyən edilməmiş əsərlərin müəllif kimliyinə də münasibət bildirilir. Qəzetdə Mizə Cəlil publisistikasına aid olan əsərlərin janr bölgüsünün məqalə və felyeton, hekayə sıralamasında qarışıq məqamların izahı, habelə, satirik və yumoristik üslub xüsusiyyətləri, müqayisəli təsvir üsulu konkret əsərlər üzərində təhlilə cəlb olunur.
"Görkəmli dilçi alimlərin elmi pedaqoji görüşləri "Yeni yol” qəzeti səhifələrində” adlı bölmədə isə tanınmış ictimai xadimlər - Fərhad Ağazadə və Məhəmməd ağa Şahtaxtlının " Yeni yol” qəzetində fəaliyyəti araşdırılır. "Yeni yol” qəzetinin yaradıcılarından və əsas müəlliflərindən olan Fərhad Ağazadənin qəzetdə "Şərqli”, "Öyrədici”, "Öyrədən” imzaları ilə dərc olunan yazıları tədqiqata cəlb olunaraq mənbələr üzərində elmi təhlil olunur.
Bu bölmədə müəllif Məhəmməd ağa Şahtaxtlının ilk dəfə "Yeni yol”dakı publisistikasının araşdırılıb üzə çıxarılmasını vurğulayaraq, qəzetdə əlifba məsələləri ilə çıxış etməsini, latın qrafikalı Azərbaycan əlifbasının tətbiqinin əhəmiyyətini elmi şəkildə, konkret faktlarla, "Yazı və yainki ədəbi dilimizin əskiklikləri” (18 oktyabr 1923, №32) məqaləsində tədqiqata cəlb etmişdir.
Rus- sovet imperiyasının türklərə qarşı yönəlmiş assimilyasiya, dil, əlifba mədəniyyəti pərdəli manqurtlaşdırma siyasəti, XIX əsrdən ərəb əlifbasına qarşı latın əlifbası uğrunda böyük mücadilə məktəbi yaradan Azərbaycan maarifçilərini 1939-cu ildə kiril qrafikasına keçidlə "mükafatlandırdı.” "Bu məqsədlə dövlətin atdığı ilk siyasi addım məhz latın əlifbasının yaradıcısı və yayıcısı olan "Yeni yol”un nəşrini dayandırmaq olur. Nəhayət, on yeddi il ərzində fasiləsiz nəşr olunan qəzetin son nömrəsi (№39(4447)1939-cu il, fevralın 28-də çıxmışdır. "Yeni yol” "Kommunist” qəzeti ilə birləşdiyinə görə, mart ayının birindən müstəqil surətdə fəaliyyətini dayandırır. Beləliklə, təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının ictimai-siyasi, sosial-mədəni həyatında çox mühüm rol oynayan "Yeni yol” qəzeti totalitar sovet rejiminin mənəvi repressiyasına uğrayaraq, öz ömrünü başa vurur ( M.Sultan). Sovetlər dönəmində bir qədər alt qatda davam etməyə məcbur olan milli özünütəsdiq, məfkurə azadlığı ikinci dövlət müstəqilliyi ərəfəsində təlatümə gəldi. 1939-cu ildən 1991-ci ilə qədər keçən zaman cığırında kiril qrafikasından istifadə edən Azərbaycan xalqı həmin ilin dekabrında Ali Sovetin Milli Şurasının qərarı ilə yeni latın qrafikalı əlifbaya keçid aldı.
Əbdürrəhim bəy Haqverdiyev "Mirzə Fətəli və ərəb əlifbası” adlı məqaləsində ərəb əlifbasının dəyişib təzə bir şəkil almasını bu şəkildə açıqlayırdı: "Əgər onun, qəbirdən bir dəqiqəliyə baş qaldırıb ətrafa bir nəzər salmaq imkanı olsaydı, o vaxt cəmi arzularının həyata keçməsini, yetirmək istədiyi və yolunda üqubətlər çəkdiyi ideyalarının tətbiqini görüb, dərin bir nəfəs çəkib, həmişəlik rahat yatardı”.
Eyni fikri millilik, türkçülük ideyalarını qətiyyətlə yayan "Yeni yol” qəzetinə, 37-ci il repressiyasının qurbanlarına, B.Çobanzadə, V.Xuluflu, M.Mirbağırlı, H.K.Sanılı, H.Nəzərli, Q.Əfəndiyev kimi bir çox əməkdaşlarına da şamil etmək olar. Bu istiqamətdə aparılan hər bir araşdırma, tədqiqat öz zəmanəsində baş tutmayan və ya yarımçıq qalan, əslində sabaha, inkişafa, milli özünüdərkə, humanizmə, demokratiyaya işıq salan, XX əsrdə ikinci dövlət müstəqilliyinə aparan yolun tarixi keçmişini yaradan insanların ruhuna böyük ehtiramdır.
Səadət Vahabova
Filologiya üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər