“Kaspi” qəzetinin təsisçisi Sona xanım Vəliyevaya açıq məktub

Əzizim Sona xanım!
Uzun illərdir ki, mətbuatda çalışıram. Tələbəlikdən hesablayanda 40 ili ötüb. Bu müddət ərzində söz meydanında nələrin şahidi olmadım. Quruluşdan gələn təqiblərin altında həqiqəti demək, gələcəyə sözün ölməzliyini aparmaq üçün onu iynə deşiyindən keçirdirdik. Bir tərəfdən də “qlavlit” deyilən qurum əzrayıl kimi mətbuatın başının üstünü kəsdirmişdi. Belə bir zamanda azad ruhlu olmaq ancaq baş bəlası idi. Amma istedadlı və məharətli qələm sahibləri bu əngəllərin içində belə sözün düzünü deməyə yol tapardılar. “Qızım, sənə deyirəm, gəlinim sən eşit” məsəli yaradıcılıq prinsipinə çevrilmişdi. Qəzet-jurnal da elə çox deyildi. Üstəlik də hər bir mətbuat orqanının öz təmayülü, öz yazarı və abunəçisi (oxucusu yox, ha-F.X.) var idi. Bəzən də yazımız əlimizdə qalırdı. Onu dərc etdirincə min əziyyət çəkirdik. Ona görə də əl boyda qəzet-jurnal yarananda çox sevinərdik. Ona təkcə iş yeri kimi yox, yeni söz kürsüsü kimi baxırdıq. Bu mənada ömrünü qələmə bağlayanlar üçün mətbuat orqanlarının çox olması bir bəxtəvərlik idi. Bütün bu acı və şirin xatirələrlə həmahəng söz urvatdan düşməmişdi, hər kəs öz yerində idi. Mətbuat orqanları adlarına görə yox, imzalara görə oxunurdu. Məncə, bu imza məsələsi bütün quruluşlarda aktual və hakimizaman olub. Müxtəlif əsərləri, felyetonları, tənqidi məqalələri, xəbərləri, eləcə də naşirlikləri və digər məziyyətləri ilə əsrləri adlayaraq gələcəyə yol gedən məşhur qələm sahiblərimiz, ziyalılarımız bu səbəbdən əbədiyyət qazanıblar. Xalqa, millətə, Vətənə və bütün insanlığa xidmət jurnalistin əsas məramı və devizi olmalıdır. Bu yolda azanlar həmişə uduzublar, məğlub olublar. Söz sənəti də ümman kimidir, çör-çöpü həmişə sahilə çırpır...
Dövlət müstəqilliyimizi əldə etdikdən sonra mətbuat aləminə yeni günəş doğdu. Və etiraf edək ki, bu günəşin nuru o qədər bol və hərarətli oldu ki, yalnız sözümüz dirçəlmədi, əsl qələm sahibləri fəaliyyətə başlamadılar. Bütün bunları düşünən də təəccüblənməyə də dəyməz. Çünki işığa təkcə pərvanələr qanadlanmır ki...Yoldan keçən də, bör-böçək də ora üz tutur. İlk illərdən mətbuat bolluğu, ən dəhşətlisi onun müxtəlif rənglərə boyanması, qruplara bölünməsi, xalqın, millətin, dövlətin yox, şəxsi mənafeləri əks etdirən qəzetlərin nəşri demokratiyadan deyil, anarxiyadan xəbər verdi. Yadımdadı, unudulmaz müəllimim, xalq yazıçısı Əzizə Cəfərzadə ilə bu barədə söhbət edəndə qəribə fikir söyləmişdi “qızım, sel gələndə əvvəlcə özü ilə çör-çöp gətirir, ardınca kötüklər gəlir, sonra sular elə durulur.” Doğrudur, bu durulmaq çox uzun çəkdi, amma həqiqətən də mətbuat orqanlarının bəzisi öz sifətini, adını təsdiqləyə bildi. Yaxşısı da, pisi də məlum oldu. Əlbəttə, zamanın sınağından qalib çıxmaq üçün çarpışmaq prosesi hələ də davam edir. Elə qəzetlər mövcuddur ki, sadəcə adları fərqlidir, sanki onların hamısının müəllifi eyni adamdır. Müxalifət mətbuatında da belədir, elə iqtidarda da...
Mənim çox sevdiyim Sona xanım, bilirsinizmi, bu məktubu sizə niyə yazdım? Uzun illər mətbuatda çalışan bir qələm əhli kimi son vaxtlar apardığım müşahidələrimi və aldığım təəssüratları yazmaq arzusunda olanda öncə sizə minnətdarlıq duyğularımı bildirmək istədim. Sizin xeyirxahlığınızdan, nəcibliyinizdən, dəyanətinizdən, səmərəli yaradıcılıq və ictimai fəaliyyətinizdən, vətəndaşlıq təəssübkeşliyinizdən, millət aşiqliyinizdən, həssaslığınızdan və digər məziyyətlərinizdən yetərincə xəbərim var. Təsisçisi olduğunuz “Kaspi” qəzeti mənim çox bəyəndiyim, oxuduğum və müntəzəm dərc olunduğum mətbuat orqanıdır. Aldığım zənglərdən bilirəm ki, onun oxucu dairəsi də çox genişdir. Bir həmkar fikrimi də bildirim ki, qəzetin uğurlarında onun baş redaktorluğunu etibar etdiyiniz Natiq Məmmədlinin də əməyi danılmazdır. Həqiqətən də atalar doğru deyib ki, zər qədrini zərgər bilər. Sizin doğru seçiminizdir ki, indiki mətbuat bolluğunda və çaşqınlığında “Kaspi” məhz barmaqla sayılacaq qəzetlərdən biridir. Bir yazımda söyləmişdim, yenə də təkrar edirəm qəzetiniz həm də qəlibsizdir. Yəni hər bir yazıda müəllifin nəfəsi, üslubu, bir sözlə, özü var. Qoy oxucu seçsin ki, kim necə yazır. Yaxşıları dəyərləndirmək üçün bəzən pisləri də tanımaq lazım gəlir. Əlbəttə, bu o demək deyildi ki, müəllif seçimi olmamalıdır. Qətiyyən, onda qəzet uduzar. Ən birinci şərt meydanın peşəkarlara verilməsidir. Məhz oxucu rəyi onlara yönələndə qəzet mənən qazanır. İmza mühüm amildi. Nə xoş ki, sizin qəzetdə bu problemlər yoxdu. “Kaspi”nin qəzetlər içində öz imzası var.
Bir qələm sahibi kimi könlüm açılır ki, öz yolunuz, öz məramınız var. Nə xoş ki, 1881-ci ildə nəşrə başlayan və korifeylərə meydan verən, sonra uzun müddət sükuta dalan “Kaspi” məhz sizin sayənizdə yenidən bərpa olundu. Sona xanım, siz böyük sevgi və fədakarlıqla üç əsrin qəzetini indi üç qəzetdən biri etdiniz! Bu xidmətiniz mətbuat tariximizə pozulmaz naxışlarla həkk edildi. Bu, həm danılmaz, həm də gözəl bir həqiqətdir. Gələcəkdə bu barədə kim bilir hansı tədqiqatlar aparılacaq. Bildiyim odur ki, nəcib əməliniz, vətənpərvərliyiniz, təmənnasızlığınız həmişə anılacaq.
Əslində, “Kaspi”nin missiyası çoxdur. Bir neçə qəzetin görməli olduğu işi məhz sizin məsləhət və köməyinizlə «kaspiçi»lər böyük həvəs və məhəbbətlə yerinə yetirirlər. Xeyli müddətdir ki, hər həftənin şənbə günləri “Kaspi”nin “Ədəbiyyat əlavəsi” oxucuların ixtiyarına verilir. Klassik şair və yazıçılarımızdan tutmuş müasirlərədək, eləcə də dünya ədəbiyyatı ilə bağlı dərc edilən yazıların əksəriyyəti maraqlıdır. Müsbət haldır ki, artıq şənbə gününüzün xüsusi oxucuları var. Bu günlərdə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevlə sizin qəzetlə bağlı kiçik bir müzakirəmiz oldu. Hörmətli və dəyərli ziyalımızın fikirləri ürəyimdən xəbər verdi: “Mən bu qəzetin ədəbiyyata önəm verməsini, çox bəyənirəm. “Kaspi” elə məsələlərə toxunur ki, mən özüm də heyrətlənirəm. Ardıcıl izləmək üçün ona abunə də yazıldım. Sevdiyim imzalar və mövzular var ki, “Kaspi”də oxuyuram.”
Müqayisə aparanda bu fikir şəksiz belədir, “Kaspi” ədəbiyyat təmayüllü qəzetlərin işini də çox məharətlə yerinə yetirir. Qəzet içində qəzet çıxarmaq ustalığı bax budur. Qəzetlərin çoxunun siyasiləşdiyi bir zamanda “Kaspi”nin ədəbiyyata, mənəviyyata, mədəniyyətə geniş yer verməsi həqiqətən təqdirəlayiqdir. Bir fikrimi də deyim ki, saydan-saya “Ədəbiyyat əlavəsi” daha da təkmilləşir, yeniləşir. Kollektivinizin daim axtarışda olması, məhz maraqlı qəzet uğrunda çarpışması təqdirəlayiqdir.
Sizin böyük ehtiramla gerçəkləşdirdiyiniz bir layihədən danışmamaq günah olardı. Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ilə əlaqədar qəzetinizin keçirdiyi müsabiqə bir neçə baxımdan əhəmiyyətli oldu. Bu müsabiqənin təşkili öncə, böyük ustada məhəbbətin ifadəsi idi. İkincisi də, unudulmaz şairlə bağlı yüzə qədər məqalənin, xatirənin, essenin, şeirin, bayatının, araşdırmanın qələmə alınmasına səbəb oldu. Seçilən yazılar mükafatlandırıldı. Eləcə də 60 müəllifin yazısı “Haqqın var yaşamağa” adlı kitabda toplanaraq rəflərimizi bəzədi. Özünüzün dediyiniz kimi “Hər yeni tədqiqat mövzusu müsabiqənin əhəmiyyətini artıraraq, Məmməd Araz yaradıcılığının Azərbaycanın özü qədər dərin, zəngin qatları olmasını ortaya qoydu”. Bu münasibətlə təşkil etdiyiniz yubiley mərasimi, sizin orijinal çıxışınız yaddaşıma dərin iz saldı. Vətəndaşlığın, şeirə, sənətə bağlılığın, qədirşünaslığın, qələmdaşlarınıza göstərdiyiniz həssas münasibətin daha başqa adı olmur ki?! Ona da əminəm ki, bu layihənin davamı mütləq olacaq. Çünki hələ də yaddan çıxanlar, unudulmuş unudulmazlarımız çoxdur. Nə isə... Mətləbdən uzaq düşməyək.
“Kaspi”nin “Teatr” əlavəsindəki yazılar da müstəqil bir sahə qəzetinin görəcəyi işdir. Yenə də bu məsuliyyətli yükü “Kaspi” təkbaşına öz çiyinlərinə götürüb. Həm təcrübəli, həm də gənc sənətşünasları bir araya gətirərək teatr aləminə müxtəlif baxış bucağından yanaşmaq həm sizin, həm də rəhbərlik etdiyiniz yaradıcı kollektivin peşəkarlığından və sənət sevgisindən irəli gəlir. Milli kinomuzun tarixi və bu günü ilə bağlı dərc edilən yazılar da maraqlı və oxunaqlıdır. Qəzetinizin ən dəyərli cəhətidir ki, yorucu deyil. Zövqündən, dünyagörüşündən, mənəvi ehtiyacından asılı olaraq hər kəs üçün maraq doğuracaq məqalə, hekayə, şeir, tərcümə əsərləri, eləcə də digər yazılar diqqət çəkir. Həm kütləvi oxucular, həm də ziyalılar, əsl sənət xiridarları üçün nəzərdə tutulan “Kaspi”nın çoxcəhətli fəaliyyəti çoxlarına nümunədir.
Daim axtarışda, yenilik həvəsində olan «kaspiçi»lərin bu günlərdə oxucularına bağışladığı növbəti bir ərməğan nədənsə məndə bir nostalji ovqatı doğurdu. Əzizim Sona xanım! Bu, «Gənclik qəzeti» oldu. Qəzetin baş redaktoru Natiq Məmmədli “Sözümüz gənclərədi” adlı yazısında sanki mənim ürəyimdən keçənləri qələmə alıb. Həqiqətən də sovet dövründə nəşr edilən “Azərbaycan gəncləri” biz nəslin-o vaxtkı gəncliyin çox sevimli qəzeti idi. Xiffətli duyğular məni haralara aparmadı. Gənc jurnalistlər üçün bu qəzetdə dərc olunmaq böyük xoşbəxtlik idi. Yadımdadı, SSRİ Ali Sovetinə deputat seçilən Tərlan Musayeva həmkarları arasında ən cavanı idi. Səhv etmirəmsə 22 yaşı var idi. Onun barəsində yazmaq mənə tapşırılanda necə sevinmişdim. Mən o zaman “Azərbaycan müəllimi” qəzetində işləyirdim. Niyə xatırladım bu olanları? Həqiqətən gənclərə mətbuat meydanı vermək çox vacibdir. Mən Natiq Məmmədlinin fikirləri ilə həm şərikəm, həm də əminəm ki, məhz sizin dəstəyinizlə yeni qəzet davamlı işıq üzü görəcək, gənclərimizin sevimlisi və yaxın dostu olacaq. Gənclər üçün belə bir qəzetin varlığı çox əhəmiyyətlidir. Gənclərin sistemli tribunasının olması həm həyat, fəaliyyət, arzu və düşüncələrindən xəbər tutmağı asanlaşdırır, həm də onları formalaşdırır. Yeni imza yeni mövzu və yeni düşüncə tərzi deməkdir. Bunların da görüş yeri, ünsiyyəti ancaq və ancaq mətbuat səhifələridir. Bəzən oturuşmuş, artıq mətbuat aləmində öz yeri olan qəzetlər tanınmayan imzanı elə də yaxına qoymurlar. Bəziləri də ardıcıllığa mane olurlar. Daha başqa səbəbləri demirəm. Nə xoş ki, “Gənclik qəzeti” artıq bu kimi nöqsanlara son qoydu. İndi gənclərimizin öz qəzetləri var.
Yaxşı ənənəni davam etdirmək və yaşatmaq çox vacibdir. Hörmətli Sona xanım! Mən dəqiq bilirəm ki, sizin çoxsahəli, coşqun, həm də mükəmməl fəaliyyətiniz yeni axtarışlara, eləcədə xalqa, millətə, dövlətə xidmətə yönəlib. Arzudan arzu doğar-deyiblər. Yəqin ki, sizin də yadınızda olar? Ötən əsrdə böyük təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü, rəhbərliyi və Məmməd Arazın redaktorluğu ilə “Azərbaycan təbiəti” adlı bir jurnal nəşr edilirdi. Vaxtı ilə mən özüm də o jurnalın redaksiyasında işləmişəm. Böyük şairimiz son nəfəsinədək həmin dərginin yaşamasına çalışdı. Azərbaycan təbiəti Azərbaycan torpağı deməkdir. Rəhmətlik Həsən müəllim çiynində foto aparat vətənimizi qarış-qarış gəzərdi. Ana təbiətimizin bənzərsiz pasibanı idi. Quraqlıq və şoran torpaqlarda yaşıllıqların, meşə zolaqlarının salınmasında, mühafizəsində böyük əmək sərf etmişdi, cəfakeşlik göstərmişdi. Təəssüf ki, iki dahi şəxsiyyətdən yadigar olan bu jurnal indi bilmirəm “div yuxusu”na çəkilib, yoxsa arxivə göndərilib. Hər nədisə izi-tozu da yoxdu. Bu hal məni çox əzir. Halbuki Azərbaycan təbiəti və ekologiyası ilə bağlı mətbuat orqanına böyük ehtiyac var. Sizin vətənpərvər əqidənizə, mili təəssübkeşliyinisə, millətsevərliyinizə, torpaq aşiqliyinizə söykənərək bir xahişimi bildirmək istərdim. “Kaspi”nin bir əlavəsini də təbiətə yönəldin. Sinəsinə min bir dağ çəkilmiş - 20 faizi yaralanmış, çiçək bitirmək əvəzinə qoynuna mərmilər basdırılmış, ağacları ermənilər tərəfindən kəsilmiş, meşələri yoxa çıxardılmış, çaylarına zəhərli maddələr axıdılmış, bulaqları qurudulmuş, daha neçə-cür problemi olan təbiətimizin mühafizəsindən, qayğılarından, onu sevənlərin zəhmətindən, vəsfindən niyə ardıcıl yazan bir mətbu orqan olmasın? İnanın, sizin kaspiçilər belə bir missiyanı da öz üzərlərinə götürsələr savab iş görmüş olarlar. Bu həm təbiətimizə diqqətin, məhəbbətin ifadəsi, həm də Həsən Əliyevlə, Məmməd Arazın xatirələrinə ehtiramdır. Ruhları şad olar.
Çox sevdiyim Sona xanım! Siz həm də zərif duyğulu şairsiniz. Şeirləriniz həssas ürəyinizin aynasıdır. Çox arzulayardım ki, nə vaxtsa işıq üzü görəcək “Təbiət”in rubrikalarından biri məhz “Təbiət ilhama çağırır məni” olsun.
Bilirəm, vaxtınızı almalı oldum. Amma neylim, ürəyim dolu idi, bir qismini sözə çevirib sizə göndərdim. Gördüyünüz nəcib işlərin sayı artdıqca bizim də ürəyimiz fərəhlənir. Gücümüz sözə çatır. Bizi var edən yaşadan sözə. Minnətdarlıq duyğularımı onun heç zaman solmayan ləçəklərinə bükərək sizə göndərirəm.
Hörmətlə,
Flora Xəlilzadə,
əməkdar jurnalist