Jurnalistin cəmiyyət qarşısında məsuliyyəti

Jurnalistin cəmiyyət qarşısında məsuliyyəti

Təfsilat
31 Oktyabr 2017, 09:15 2025
Jurnalistikada söz və mətbuat azadlığı çoxaldıqca, mətbu sözün məsuliyyəti də artır. Burada jurnalistin üzərinə böyük məsuliyyət düşür. Bununla yanaşı, hər bir jurnalist bilməlidir ki, kütləvi informasiya vasitələri haqqında qanunda deyildiyi kimi, dövlət sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, yalan və qərəzli yazılar çap etmək, böhtan atmaq yolverilməzdir.

İnsana hakimiyyət verib, onu informasiyadan təcrid etmək olmaz. Çünki informasiyadan təcrid olan insanlar ölkədə gedən proseslərdən xəbərsiz olurlar. Jurnalist haqsızlıqlara qarşı səsini ucaltmalı, cəmiyyətin inkişafına mane olan nöqsanları göstərməli və insanları bu nöqsanlara qarşı barışmaz mövqe tutmağını təbliğ etməlidir. Hazırda ölkəmizdə həyata keçirilən islahatlar kütləvi informasiya vasitələrinin iştirakı olmadan reallaşa bilməz.

Demokratiyanın əsas sütunu sayılan azad mətbuat və söz azadlığı olmadan vətəndaş cəmiyyəti qurmaq mümkün deyil. Azad və müstəqil media olmayan ölkədə haqdan, ədalətdən danışmaq yersizdir. Çünki vətəndaş cəmiyyəti məsu­liyyətli cəmiyyətdir. Burada hər kəs, xüsusilə də jurnalistlər daha məsuliyyətli olmalıdır. Ona görə ki, jurnalistika hadisələri insanların müzakirəsinə çıxarmaq, ictimai rəy formalaşdırmaq gücünə malikdir.

Artıq bütün dünyada qəbul olunub ki, jurnalistika dördüncü hakimiyyətdir. Bu hakimiyyət əvvəlki üç hakimiyyətdən seçki yolu ilə formalaşmamağı ilə seçilir və həyatımızın müxtəlif sahələrinə müdaxilə etmək səlahiyyətləri var. Heç də təsadüfi deyil ki, "Prezident dörd il, jurnalist isə ömürlük hakimiyyətdədir” fikri aforizmə çevrilib.
 
Ölkədə söz və mətbuat azadlığına nə qədər çox şərait yaradılarsa, onun hüquqları, sözün məsuliyyəti və çəkisi də artar. Amma, bəzən bu məsuliyyət unudulur, arxa plana keçir, sensasiya xətrinə insanların informasiya tələbatını yalan, qərəzli, mənbəyi məlum olmayan məlumatlarla ödəməyə çalışan jurnalistlərə inamdan danışmaq mümkün deyil.

Keçən əsrin sonlarında ölkədəki oyanış, milli-azadlıq mübarizəsi jurnalistlərin əl-qolunu açdı. Rus jurnalistləri həmin dövrü "qızıl dövr” adlandırırlar. Bu dövrün "qızıllığı” onda idi ki, jurnalistlər üçün qadağan olunmuş mövzu yox idi. Demokratiya adı altında dövlətin mənafeyi gözlənilmir, onun siyasəti kəskin tənqid olunurdu. Hətta, dövlət sirri olan yazılar da mətbuata "ayaq açmışdı”. Təbii ki, belə vəziyyət çox davam edə bilməzdi. Rusiyadakı telekanallar da mətbuatdan geri qalmırdı. Bir nümunəyə diqqət yetirək: Rusiya kanalında yayımlanan "Vzqlyad” verilişi yaşlı və orta nəslin yaxşı yadındadır. Verilişin  aparıcısı Vladislav Listevin "Vzqlyad”da toxunduğu mövzular çoxlarını narahat edirdi. Elə buna görə də tanınmış aparıcı 1995-ci ilin martında qətlə yetirildi. Bu qadağan olunmuş mövzulara "baş vuran” jurnalistlərə xəbər­darlıq idi. Fəaliyyətinə görə jurnalistin qətlə yetirilməsinə heç cürə haqq qazandırmaq olmaz. M.Ə.Rəsulzadənin təbirincə desək, mətbuat azadlığına əl qaldırmaq insan azadlığına təcavüz etməkdir.

Beləliklə, azad söz dalınca qaçan, oxuculara ünvanladığı informasiyanın zərərini dərk etməyən bəzi  jurnalistlər cəmiyyət qarşısında məsuliyyətlərini dərk etsələr, bir çox problemlərin həllinə nail olmaq olar. Yazıçı-publisist Nurəddin Babayev qeyd edirdi ki, məsuliyyət hissi jurnalistin fəaliyyətini tənzim edən, onun əqidəsi, inkişafı və sənətkarlıq borcu ilə qoşa yaşayan əsas mənəvi keyfiyyətlərdən biridir. Deməli, jurnalist peşəsinin çətinliyi onunla ölçülür ki, cəmiyyət qarşısında, insanlar qarşısında, tarix qarşısında mənəvi məsuliyyətidir.

Vəzifə borcunu yerinə yetirən jurnalistlər öz vicdanı qarşısında məsuliyyət hiss etməli, qərəzsiz olmalı, yaydığı informasiyanın əhəmiyyətini dərk etməlidir. Bəzən bu unudulanda, jurnalist özü də bilmədən düşmən tərəfə informasiya ötürmüş olur. Məsələn, 2003-cü ildə ABŞ – İraq müharibəsi zamanı bir neçə jurnalistin həbs edilməsi, işdən çıxarılması kimi hadisələr göstərdi ki, müharibədən yazan jurnalistlər ekstremal şəraitdəki vəziyyəti düzgün qiymətləndirə bilməyib, məsləhət görülməyən informasiyaları yayıb. Belə bir hadisə 2014-cü ildə Qarabağda, sərhəd bölgəsində baş vermiş savaş zamanı da yaranmışdı. Buradaca alman yazıçısı və dramaturqu Bertold Brextin fikrini yada salmaq yerinə düşür. O, yazır: "Bilmədən edilən səhv yanlışlıq, qəsdən edilən səhv isə cinayətdir”.

Jurnalistikada dəqiqlik və vicdanlılıq deyilən prinsiplər var. Bunlar bir-birinə yaxın ifadələr olsa da, aralarında müəyyən fərq də var. Hər hansı olay fakta əsaslanmış və dəqiq ola bilər, amma vicdanlı olmaya bilər. Vicdanlı jurnalist yalandan qaçmalı, yalnız olaya daxil olan faktlara müraciət etməlidir. Bu barədə "Xəbərçilik” adlı dərslikdə belə yazılıb:  vicdanlılığı hadisənin dəqiq xəbərlənməsi deyil, onun necə xəbərlənməsi, hansı baxış bucağından təqdim olunması müəyyənləşdirir. Siz qəsdən vacib faktı unudub, ikinci dərəcəli faktı qabarda bilərsiniz. Burada jurnalistin qərəzliliyi özünü göstərir. Qərəzsiz olmaq üçün vicdanlı olmaq lazımdır və əlində olan faktlara bəzək-düzək verməyə ehtiyac yoxdur. Bir misal göstərək: son illər doğma Bakımızın sürətli inkişafı göz qabağındadır. Təəssüf ki, bu inkişafa müxtəlif baxışlar mövcuddur. Müxtəlif istiqamətli iki qəzetin eyni mövzu haqqında dərc etdiyi xəbərdə, birinin qərəzliyi aydın görünür. Onlardan biri şəhərdə maşınlar üçün yol ötürücülərinin tikilib istifadəyə verilməsini tıxacların aradan qaldırılmasına kömək edəcəyini yazırsa, digər qəzet isə "yenə xalqın pulu göyə sovruldu” kimi ifadələrlə məsuliyyətsiz­liyini, qərəzliliyini büruzə verir. Belə qərəzli, məsuliyyətsiz xəbər yazanlar xalqın, vətənin taleyini düşünmür, insanlar üçün faydalı olan tədbiri gözdən salmağa çalışır.

Məsuliyyət jurnalistika yarandığı gündən ta indiyədək onun ən mühüm problemlərindən biri olaraq qalır. Jurnalistika ilə məşğul olan mütəxəssis Desbarats hesab edir ki, məsuliyyət müasir  jurnalistikanın həll olunmamış ən böyük problemlərindən biridir. Digər alimlər də bu fikirdədir ki, kütləvi informasiya vasitələrinin məsuliyyəti hələ də dolaşıq problem kimi qalır. Lakin etiraf edim ki, bu dolaşıqlıq şərtidir. Qəbul olunmuş bir sıra sənədlərdə jurnalistlərin üzərinə düşən vəzifələr aydın göstərilir. Bu da məsuliyyət hissini artırır. Məsələn, Peşəkar Jurnalistlər Cəmiyyətinin peşə etik kodeksinin "Məsuliyyət” bölməsində yazılıb: "Peşə statusundan öz şəxsi mənafeyi və digər ləyaqətsiz məqsədlər üçün istifadə edən jurnalistlər cəmiyyətin onlara göstərdiyi yüksək etimada xəyanət edirlər”. Deməli, xəyanət varsa, cavabdehlik də var. Məlum məsələdir ki, öz səhvlərindən nəticə çıxara bilməyən jurnalistlər, əslində məsuliyyət hisslərini itirənlərdir.

Azərbaycanın müstəqilliyi cəmiyyətin inkişafı üçün stimul yaratdı. Başqa sahələrdə olduğu kimi, jurnalistika sahəsində də bu inkişaf özünü göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatımızın yubileyi ilə bağlı verdiyi sərəncamda göstərilir: "Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir”. Ölkə başçısının bu fikri Azərbaycan mətbuatının həm bu günü, həm də gələcəyinə bir baxışdır.

Bu gün mətbuat azad rəqabətə söykənən sosial məsuliyyət nəzəriyyəsinə arxalanır. Və bu nəzəriyyə jurnalistikanın inkişafına öz töhfəsini verir. ABŞ sosioloq və mətbuat nəzəriyyəçiləri, habelə tarixçiləri Fred Sibert, Teodor Piterson və Uilbur Şrammın yazdıqları və 1956-cı ildə işıq üzü görən "Mətbuatın dörd nəzəriyyəsi” kitabında sosial məsuliyyət nəzəriyyəsi diqqəti cəlb edir. Adından da göründüyü kimi, bu nəzəriyyənin əsas məqsədi olan bilgiləndirmək, əyləndirmək, satışa çıxmaqla yanaşı, konfliktləri diskussiya yolu ilə həll etməkdir. Bu mətbuatda istənilən şəxs söz deyə, fikrini açıq bildirə bilər. Mətbuata ictimaiyyətin rəyi ilə nəzarət edilir. Ən asası, kütləvi informasiya vasitələri öz üzərinə sosial məsuliyyət götürür. Çox dəyərli olan bu nəzəriyyə sonralar Amerika universitetlərinin jurnalistika fakültələrinin tədris proqramına güclü təsir göstərdi və jurnalistlərin peşə etikasının formalaşması prosesini sürətləndirdi.

Yaxşı, bəs bu sosial məsuliyyət nəzəriyyəsinə bizim jurnalistlər əməl edirlərmi? Birmənalı cavab vermək düzgün olmazdı. Təəssüflə qeyd edək ki, bəzi jurnalistlər ədalətlilik prinsipini pozur, məlumat verərkən balansı gözləmir, hər sözü "yüz ölçüb, bir biçmir”, başqalarının hüquqlarına hörmət etmir, üzərinə düşən vəzifəni vicdanla, qərəzsiz yerinə yetirmir, bir sözlə, açıq-aşkar sosial məsuliyyət prinsipinə məhəl qoymurlar. Bu da xoşagəlməz nəticəyə gətirib çıxarır, mətbu orqan da, jurnalist də cəmiyyətdə gözdən düşür. Belələri barədə M.Ə.Rəsulzadə demişdi: "Öz xeyirləri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq və iftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir”.

Onu da qeyd edək ki, mətbuat verilmiş imkanlardan bacarıqla, səmərəli istifadə etməli, dağıdıcı qüvvə kimi çıxış etməməlidir. Kütləvi informasiya vasitələri elə bir sosial qüvvədir ki, bu və ya digər problemlərə diqqət yetirmək və bunları həll etmək üçün təsir göstərir. Burada jurnalistin tərəfsizlik göstərməsi mühüm amil olmalıdır. Bunlar, bu məsuliyyəti dərk edən, peşə ləyaqətinə hörmət edən, təmsil etdiyi orqanın nüfuzunu yüksək tutan jurnalist məsuliyyətinin kökündə dayanan əsas şərtdir.

Sözsüz ki, jurnalist baş redaktorun və ya redaksiya heyətinin tapşırığını yerinə yetirməyə borcludur. Bəzən baş redaktor əməkdaşına kiminsə haqqında qərəzli material hazırlamağı tapşırır. Jurnalist bunun qanun pozuntusu olduğunu bilməli və belə sifarişli material hazırlamaqdan imtina etməlidir. Onun bu hərəkəti əmək intizamının pozulması kimi qiymətləndirilməməlidir. Jurnalist dərk etməlidir ki, başlıca vəzifəsi həqiqətə xidmət etməkdir. O, bundan qürur duymalı və məsuliyyət hiss etməlidir. Çünki hər bir jurnalist, eyni zamanda ölkəsinin vətəndaşıdır, onun borcudur ki, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirsin, milli maraqların təəssübkeşi olsun.

Akif  Rüstəmov