Jurnalistin cəmiyyət qarşısında məsuliyyəti
Jurnalistikada
söz və mətbuat azadlığı çoxaldıqca, mətbu sözün məsuliyyəti də artır. Burada
jurnalistin üzərinə böyük məsuliyyət düşür. Bununla yanaşı, hər bir jurnalist
bilməlidir ki, kütləvi informasiya vasitələri haqqında qanunda deyildiyi kimi,
dövlət sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla
devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və
qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, yalan
və qərəzli yazılar çap etmək, böhtan atmaq yolverilməzdir.
İnsana
hakimiyyət verib, onu informasiyadan təcrid etmək olmaz. Çünki informasiyadan
təcrid olan insanlar ölkədə gedən proseslərdən xəbərsiz olurlar. Jurnalist
haqsızlıqlara qarşı səsini ucaltmalı, cəmiyyətin inkişafına mane olan
nöqsanları göstərməli və insanları bu nöqsanlara qarşı barışmaz mövqe tutmağını
təbliğ etməlidir. Hazırda ölkəmizdə həyata keçirilən islahatlar kütləvi informasiya
vasitələrinin iştirakı olmadan reallaşa bilməz.
Demokratiyanın
əsas sütunu sayılan azad mətbuat və söz azadlığı olmadan vətəndaş cəmiyyəti
qurmaq mümkün deyil. Azad və müstəqil media olmayan ölkədə haqdan, ədalətdən
danışmaq yersizdir. Çünki vətəndaş cəmiyyəti məsuliyyətli cəmiyyətdir. Burada
hər kəs, xüsusilə də jurnalistlər daha məsuliyyətli olmalıdır. Ona görə ki,
jurnalistika hadisələri insanların müzakirəsinə çıxarmaq, ictimai rəy
formalaşdırmaq gücünə malikdir.
Artıq
bütün dünyada qəbul olunub ki, jurnalistika dördüncü hakimiyyətdir. Bu
hakimiyyət əvvəlki üç hakimiyyətdən seçki yolu ilə formalaşmamağı ilə seçilir
və həyatımızın müxtəlif sahələrinə müdaxilə etmək səlahiyyətləri var. Heç də
təsadüfi deyil ki, "Prezident dörd il, jurnalist isə ömürlük hakimiyyətdədir”
fikri aforizmə çevrilib.
Ölkədə
söz və mətbuat azadlığına nə qədər çox şərait yaradılarsa, onun hüquqları,
sözün məsuliyyəti və çəkisi də artar. Amma, bəzən bu məsuliyyət unudulur, arxa
plana keçir, sensasiya xətrinə insanların informasiya tələbatını yalan,
qərəzli, mənbəyi məlum olmayan məlumatlarla ödəməyə çalışan jurnalistlərə
inamdan danışmaq mümkün deyil.
Keçən
əsrin sonlarında ölkədəki oyanış, milli-azadlıq mübarizəsi jurnalistlərin
əl-qolunu açdı. Rus jurnalistləri həmin dövrü "qızıl dövr” adlandırırlar. Bu
dövrün "qızıllığı” onda idi ki, jurnalistlər üçün qadağan olunmuş mövzu yox
idi. Demokratiya adı altında dövlətin mənafeyi gözlənilmir, onun siyasəti
kəskin tənqid olunurdu. Hətta, dövlət sirri olan yazılar da mətbuata "ayaq
açmışdı”. Təbii ki, belə vəziyyət çox davam edə bilməzdi. Rusiyadakı
telekanallar da mətbuatdan geri qalmırdı. Bir nümunəyə diqqət yetirək: Rusiya
kanalında yayımlanan "Vzqlyad” verilişi yaşlı və orta nəslin yaxşı yadındadır.
Verilişin aparıcısı Vladislav Listevin
"Vzqlyad”da toxunduğu mövzular çoxlarını narahat edirdi. Elə buna görə də
tanınmış aparıcı 1995-ci ilin martında qətlə yetirildi. Bu qadağan olunmuş
mövzulara "baş vuran” jurnalistlərə xəbərdarlıq idi. Fəaliyyətinə görə
jurnalistin qətlə yetirilməsinə heç cürə haqq qazandırmaq olmaz.
M.Ə.Rəsulzadənin təbirincə desək, mətbuat azadlığına əl qaldırmaq insan
azadlığına təcavüz etməkdir.
Beləliklə,
azad söz dalınca qaçan, oxuculara ünvanladığı informasiyanın zərərini dərk
etməyən bəzi jurnalistlər cəmiyyət
qarşısında məsuliyyətlərini dərk etsələr, bir çox problemlərin həllinə nail
olmaq olar. Yazıçı-publisist Nurəddin Babayev qeyd edirdi ki, məsuliyyət hissi
jurnalistin fəaliyyətini tənzim edən, onun əqidəsi, inkişafı və sənətkarlıq
borcu ilə qoşa yaşayan əsas mənəvi keyfiyyətlərdən biridir. Deməli, jurnalist
peşəsinin çətinliyi onunla ölçülür ki, cəmiyyət qarşısında, insanlar
qarşısında, tarix qarşısında mənəvi məsuliyyətidir.
Vəzifə
borcunu yerinə yetirən jurnalistlər öz vicdanı qarşısında məsuliyyət hiss
etməli, qərəzsiz olmalı, yaydığı informasiyanın əhəmiyyətini dərk etməlidir.
Bəzən bu unudulanda, jurnalist özü də bilmədən düşmən tərəfə informasiya
ötürmüş olur. Məsələn, 2003-cü ildə ABŞ – İraq müharibəsi zamanı bir neçə
jurnalistin həbs edilməsi, işdən çıxarılması kimi hadisələr göstərdi ki,
müharibədən yazan jurnalistlər ekstremal şəraitdəki vəziyyəti düzgün
qiymətləndirə bilməyib, məsləhət görülməyən informasiyaları yayıb. Belə bir
hadisə 2014-cü ildə Qarabağda, sərhəd bölgəsində baş vermiş savaş zamanı da
yaranmışdı. Buradaca alman yazıçısı və dramaturqu Bertold Brextin fikrini yada
salmaq yerinə düşür. O, yazır: "Bilmədən edilən səhv yanlışlıq, qəsdən edilən
səhv isə cinayətdir”.
Jurnalistikada
dəqiqlik və vicdanlılıq deyilən prinsiplər var. Bunlar bir-birinə yaxın
ifadələr olsa da, aralarında müəyyən fərq də var. Hər hansı olay fakta
əsaslanmış və dəqiq ola bilər, amma vicdanlı olmaya bilər. Vicdanlı jurnalist
yalandan qaçmalı, yalnız olaya daxil olan faktlara müraciət etməlidir. Bu
barədə "Xəbərçilik” adlı dərslikdə belə yazılıb: vicdanlılığı hadisənin dəqiq xəbərlənməsi
deyil, onun necə xəbərlənməsi, hansı baxış bucağından təqdim olunması
müəyyənləşdirir. Siz qəsdən vacib faktı unudub, ikinci dərəcəli faktı qabarda
bilərsiniz. Burada jurnalistin qərəzliliyi özünü göstərir. Qərəzsiz olmaq üçün
vicdanlı olmaq lazımdır və əlində olan faktlara bəzək-düzək verməyə ehtiyac
yoxdur. Bir misal göstərək: son illər doğma Bakımızın sürətli inkişafı göz
qabağındadır. Təəssüf ki, bu inkişafa müxtəlif baxışlar mövcuddur. Müxtəlif
istiqamətli iki qəzetin eyni mövzu haqqında dərc etdiyi xəbərdə, birinin
qərəzliyi aydın görünür. Onlardan biri şəhərdə maşınlar üçün yol ötürücülərinin
tikilib istifadəyə verilməsini tıxacların aradan qaldırılmasına kömək edəcəyini
yazırsa, digər qəzet isə "yenə xalqın pulu göyə sovruldu” kimi ifadələrlə
məsuliyyətsizliyini, qərəzliliyini büruzə verir. Belə qərəzli, məsuliyyətsiz
xəbər yazanlar xalqın, vətənin taleyini düşünmür, insanlar üçün faydalı olan
tədbiri gözdən salmağa çalışır.
Məsuliyyət
jurnalistika yarandığı gündən ta indiyədək onun ən mühüm problemlərindən biri
olaraq qalır. Jurnalistika ilə məşğul olan mütəxəssis Desbarats hesab edir ki,
məsuliyyət müasir jurnalistikanın həll
olunmamış ən böyük problemlərindən biridir. Digər alimlər də bu fikirdədir ki,
kütləvi informasiya vasitələrinin məsuliyyəti hələ də dolaşıq problem kimi
qalır. Lakin etiraf edim ki, bu dolaşıqlıq şərtidir. Qəbul olunmuş bir sıra
sənədlərdə jurnalistlərin üzərinə düşən vəzifələr aydın göstərilir. Bu da
məsuliyyət hissini artırır. Məsələn, Peşəkar Jurnalistlər Cəmiyyətinin peşə
etik kodeksinin "Məsuliyyət” bölməsində yazılıb: "Peşə statusundan öz şəxsi
mənafeyi və digər ləyaqətsiz məqsədlər üçün istifadə edən jurnalistlər
cəmiyyətin onlara göstərdiyi yüksək etimada xəyanət edirlər”. Deməli, xəyanət
varsa, cavabdehlik də var. Məlum məsələdir ki, öz səhvlərindən nəticə çıxara
bilməyən jurnalistlər, əslində məsuliyyət hisslərini itirənlərdir.
Azərbaycanın
müstəqilliyi cəmiyyətin inkişafı üçün stimul yaratdı. Başqa sahələrdə olduğu
kimi, jurnalistika sahəsində də bu inkişaf özünü göstərdi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatımızın yubileyi ilə
bağlı verdiyi sərəncamda göstərilir: "Bu gün Azərbaycan mətbuatı müasir informasiya
cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli
həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin,
siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub
saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində
fəaliyyətini gücləndirməlidir”. Ölkə başçısının bu fikri Azərbaycan mətbuatının
həm bu günü, həm də gələcəyinə bir baxışdır.
Bu
gün mətbuat azad rəqabətə söykənən sosial məsuliyyət nəzəriyyəsinə arxalanır.
Və bu nəzəriyyə jurnalistikanın inkişafına öz töhfəsini verir. ABŞ sosioloq və
mətbuat nəzəriyyəçiləri, habelə tarixçiləri Fred Sibert, Teodor Piterson və
Uilbur Şrammın yazdıqları və 1956-cı ildə işıq üzü görən "Mətbuatın dörd
nəzəriyyəsi” kitabında sosial məsuliyyət nəzəriyyəsi diqqəti cəlb edir. Adından
da göründüyü kimi, bu nəzəriyyənin əsas məqsədi olan bilgiləndirmək,
əyləndirmək, satışa çıxmaqla yanaşı, konfliktləri diskussiya yolu ilə həll
etməkdir. Bu mətbuatda istənilən şəxs söz deyə, fikrini açıq bildirə bilər.
Mətbuata ictimaiyyətin rəyi ilə nəzarət edilir. Ən asası, kütləvi informasiya
vasitələri öz üzərinə sosial məsuliyyət götürür. Çox dəyərli olan bu nəzəriyyə
sonralar Amerika universitetlərinin jurnalistika fakültələrinin tədris
proqramına güclü təsir göstərdi və jurnalistlərin peşə etikasının formalaşması
prosesini sürətləndirdi.
Yaxşı,
bəs bu sosial məsuliyyət nəzəriyyəsinə bizim jurnalistlər əməl edirlərmi?
Birmənalı cavab vermək düzgün olmazdı. Təəssüflə qeyd edək ki, bəzi jurnalistlər
ədalətlilik prinsipini pozur, məlumat verərkən balansı gözləmir, hər sözü "yüz
ölçüb, bir biçmir”, başqalarının hüquqlarına hörmət etmir, üzərinə düşən
vəzifəni vicdanla, qərəzsiz yerinə yetirmir, bir sözlə, açıq-aşkar sosial
məsuliyyət prinsipinə məhəl qoymurlar. Bu da xoşagəlməz nəticəyə gətirib
çıxarır, mətbu orqan da, jurnalist də cəmiyyətdə gözdən düşür. Belələri barədə
M.Ə.Rəsulzadə demişdi: "Öz xeyirləri üçün cürbəcür yalanlar, qərəzli qara
fitnəkarlıq və iftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir”.
Onu
da qeyd edək ki, mətbuat verilmiş imkanlardan bacarıqla, səmərəli istifadə
etməli, dağıdıcı qüvvə kimi çıxış etməməlidir. Kütləvi informasiya vasitələri
elə bir sosial qüvvədir ki, bu və ya digər problemlərə diqqət yetirmək və bunları
həll etmək üçün təsir göstərir. Burada jurnalistin tərəfsizlik göstərməsi mühüm
amil olmalıdır. Bunlar, bu məsuliyyəti dərk edən, peşə ləyaqətinə hörmət edən,
təmsil etdiyi orqanın nüfuzunu yüksək tutan jurnalist məsuliyyətinin kökündə
dayanan əsas şərtdir.
Sözsüz
ki, jurnalist baş redaktorun və ya redaksiya heyətinin tapşırığını yerinə
yetirməyə borcludur. Bəzən baş redaktor əməkdaşına kiminsə haqqında qərəzli
material hazırlamağı tapşırır. Jurnalist bunun qanun pozuntusu olduğunu bilməli
və belə sifarişli material hazırlamaqdan imtina etməlidir. Onun bu hərəkəti
əmək intizamının pozulması kimi qiymətləndirilməməlidir. Jurnalist dərk
etməlidir ki, başlıca vəzifəsi həqiqətə xidmət etməkdir. O, bundan qürur
duymalı və məsuliyyət hiss etməlidir. Çünki hər bir jurnalist, eyni zamanda
ölkəsinin vətəndaşıdır, onun borcudur ki, dövlətçilik prinsiplərinə sədaqət
nümayiş etdirsin, milli maraqların təəssübkeşi olsun.
Akif Rüstəmov