Jurnalist təhsili və beynəlxalq təcrübə
3494
27 sentyabr 2018 | 10:15
Son
illərdə beynəlxalq miqyasda həyata keçirilən bir sıra tədbirlər informasiya cəmiyyətinə
gedən yolda jurnalistikanın fəaliyyətinin gücləndirilməsinə böyük təkan
vermişdir. Jurnalistika peşəsi xüsusi vərdişlər və biliklər tələb etdiyinə görə,
inkişaf etmiş ölkələrdə jurnalist kadrlarının hazırlanmasının müəyyən sistemi
mövcuddur. Xarici ölkələrin bəzi tədris müəssisələrində jurnalist təhsili almaq
üçün əvvəlcə hansısa digər ixtisasa yiyələnmək
tələb olunur. Ayrı-ayrı ölkələrdə jurnalist təhsilinə yiyələnmək üçün yaş da müəyyənləşdirilmişdir:
21 yaşdan yuxarı. Bu o deməkdir ki, orta məktəbi bitirdikdən dərhal sonra
jurnalist peşəsinə yiyələnmək olmaz. Bu isə həyat təcrübəsinin və əmək fəaliyyəti
stajının vacibliyi ilə izah edilir. Qeyd etmək lazımdır ki, jurnalistika fakültələrində,
şöbələrində və kurslarında tədris planlarının və proqramlarının məzmunu müxtəlif
olsa da, gələcək jurnalistlərin kütləvi informasiya vasitələrində təcrübə keçmələri
məcburidir.
Bir
zamanlar İngiltərədə belə hesab edirdilər ki, jurnalist olmaq üçün əmək fəaliyyətinə
qəzetdə kuryer vəzifəsindən başlamaq lazımdır və tədricən baş redaktor vəzifəsinə
yüksəlmək olar. Əlbəttə, həmin yol bu günün özündə də aktualdır, bununla belə,
müasir şəraitdə jurnalist kadrlarının hazırlanmasının daha mürəkkəb və daha
keyfiyyətli yolu ən yaxşı təhsil mərkəzlərindən - Oksford və Kolumbiya
universitetlərindən, Fransada Siyasi Elmlər Məktəbindən və digər buna bənzər
jurnalistika məktəblərindən keçir.
Məlum olduğu kimi, jurnalistika müxtəlif
istiqamətlidir. Qəzet, televiziya jurnalistləri, elmi, hərbi jurnalistlər və s.
Məhz buna görə də, jurnalist olmaq istəyən hər bir şəxs ali məktəbi seçərkən
ixtisasını dəqiq müəyyənləşdirməlidir. Amerikanın ən nüfuzlu ali məktəblərindən
biri –Kolumbiya Universiteti yanında jurnalistika məktəbi əslində bütün istiqamətlər
üzrə mütəxəssislər hazırlayır. Jurnalist kadrların hazırlanmasında Nyu-York
Universitetinin jurnalistika şöbəsi çox mühüm rol oynayır. Burada 1975-ci ildən
etibarən həm bakalavr, həm də
magistratura pillələri fəaliyyət göstərir. Bu ali məktəbdə Amerika jurnalistlərinin
bir neçə nəsli hazırlanmışdır. ABŞ-ın "New York Times” , "Washington Post” kimi aparıcı qəzetlərinin,
habelə ən iri televiziya kanallarının və
informasiya agentliklərinin bir çox müxbirləri məhz həmin ali məktəblərin məzunlarıdır.
Nyu-York Universiteti jurnalistika şöbəsinin müəllim kollektivi cəmi-cümlətani
20 nəfərdən ibarətdir. Onların hər birinin aparıcı mətbuat orqanlarında və ölkənin
ən iri televiziya kanallarında iş təcrübəsi vardır. Bu müəllimlərdən üç nəfəri
bilavasitə "New York Times” qəzetindən gəlmişdir. Nyu-York Universitetində
Amerika jurnalistika məktəblərinin ən yaxşı ənənələri qorunub saxlanır, gələcək
jurnalistlərin təkcə nəzəri hazırlığına
deyil, həm də praktiki hazırlığına
böyük əhəmiyyət verilir.
Nyu-York
Universitetində jurnalistika üzrə magistr proqramı da yalnız 9 kursu nəzərdə
tutur. Bunların böyük əksəriyyəti praktik xarakter daşıyır. Bu kurslar öz dərinliyinə
və qarşıya qoyulan tələblərinə görə, bakalvar kurslarından daha yüksək səviyyədə
olsa da, Nyu-York Universiteti jurnalistika üzrə bakalavr dərəcəsi almış tələbələrinə
həmin ixtisas üzrə magistraturaya daxil olmağı tövsiyə etmir. Belə hesab edilir
ki, digər sahə üzrə ikinci elmi dərəcə almaq tələbələrin gələcək fəaliyyəti
üçün daha sərfəli olar.
Bəzən ixtisasın adında "jurnalistika”
sözü ümumən göstərilmir. Məsələn, Avstraliya Western Sidney Univeristeti
seçilmiş istiqamətdən asılı olmayaraq, məzunlara aşağıdakı ixtisaslar üzrə
diplom verir: işgüzar jurnalistika, elmi jurnalistika, idman jurnalistikası,
yaxud siyasi jurnalistika. Yeni Zelandiya Texnologiyalar İnstitutunda Bachelour
of Media arts (İncəsənət mediası üzrə bakalavr) ixtisası vardır. Burada
jurnalistlərdən əlavə, dizaynerlər, fotoqraflar və musiqiçilər hazırlayırlar.
Çox vaxt "jurnalist” sözü "KİV” sözü ilə əvəz edilir.
İki ixtisas üzrə təhsil aparan ali məktəblər
də vardır. Bu ixtisaslardan biri jurnalistikadır, ikincisi isə hər hansı digər sahəyə meyldir.
Bonn-Reyn-Ziq Texniki İnstitutu Almaniyanın tanınmış ali məktəblərindən biridir
və "texniki jurnalistika” ixtisasını təklif
edir. Burada tələbələr humanitar fənlərlə yanaşı, informatikanı, fizikanı,
riyaziyyatı, avtomat idarəetmə texnikasını və s. öyrənir, yəni əlavə texniki təhsil alırlar.
Fransada jurnalist təhsili sahəsində zəngin
təcrübə toplanmışdır. Hələ 1935-ci ildə Fransada jurnalist peşəsini müəyyənləşdirən
fundamental qanun qəbul edilmişdir. Həmin qanuna uyğun olaraq, jurnalist dövri
mətbuat orqanlarında və agentliklərdə müntəzəm işləyən və əməyinə görə haqq
alan peşə sahibidir. 1974-cü ildə bu tərif bir qədər dəyişdirilmiş, peşəkar
jurnalistlər kateqoriyasına daxil edilmişdir. Bundan əlavə, jurnalist işinin
xarakteri anlayışı dəqiqləşdirilmişdir. Jurnalist aktual hadisələrlə bağlı olan
intellektual fəaliyyəti həyata keçirməlidir. 1982-ci ildə audiovizual KİV
haqqında qanun qəbul edildikdən sonra ixtisasın tərkibinə radio-televiziya jurnalistləri də daxil edilmişlər. Xüsusi
komissiya hər il jurnalistin peşə kartını təqdim edir. Bu komissiyanın çoxillik
fəaliyyəti ilə bağlı məlumatlar yarım əsr ərzində peşənin inkişafını təsəvvür
etməyə və bəzi nəticələr çıxarmağa imkan verir. 1955-ci ildə 6.836 jurnalistin
kartı vardısa, 1995-ci ildə həmin rəqəm
28.471-ə çatmışdı.
Dünyanın inkişaf etmiş ölkələrindən
sayılan Fransada jurnalistikaya, əsasən, humanitar elm sahələrinin diplomları
ilə gəlirlər. Ölkədə KİV-də çalışanların 20 faizi filoloq, 16 faizi tarixçi,
17.4 faizi hüquq və siyasi elmlər sahəsinin adamlarıdır. Ötən əsrin 60-cı illərinin
birinci yarısında KİV-də çalışan jurnalistlərin yalnız 6 faizi ali jurnalistika
təhsilinə malik idi və ya Parisdəki
jurnalistika mərkəzinin diplomları ilə işləyirdilər. Hazırda Fransada jurnalist
təhsili fəaliyyəti ilə həm dövlət ali məktəbləri, həm də özəl məktəblər məşğul
olurlar. Bir sıra ali məktəblərdə jurnalistika şöbələri də fəaliyyət göstərir.
Almaniyanın
Dortmund Universitetində isə jurnalistlər və elmi jurnalistlər hazırlanır.
Burada ixtisas fənləri ilə yanaşı, bəzi təbiət elmləri və texniki fənlər öyrədilir,
elmi problematika üzrə məqalələr yazılması vərdişləri aşılanır. Münhendəki
alman jurnalistika məktəbində də jurnalist kadrları hazırlanması sahəsində zəngin
təcrübə qazanılmışdır.
Almaniyada
jurnalist təhsilinə necə böyük diqqət yetirildiyini nəzərə çatdırmaq üçün
2006-cı ildə Almaniyanın ən məşhur jurnalistika məktəblərindən biri olan
Hamburq şəhərindəki Henri Nannen adına məktəbə qəbul imtahanının bir hissəsi
olan suallara diqqət yetirək: "Əgər bir kiloqram buzu (0 dərəcə) 1 litr
qaynanmış su ilə qarışdırsaq, buz əridikdən sonra qarışıq hansı temperaturda olar?”; "Yaşlı adamın sümüklərinin
sayı nə qədərdir?”; "İşıq ili astronomiyada nəyə uyğun gəlir?” Yəqin ki, bu
suallar ən məşhur redaktorları belə çaş-baş salır. İş burasındadır ki, haqqında
söhbət gedən məktəbə qəbul olunmaq son dərəcə çətindir. Buranın tələbəsi olmaq
istəyən hər bir gənc istədiyi yerə qəbul olunmaq üçün bir çox bilik sahələrindən, o cümlədən
siyasətdən, tarixdən, coğrafiyadan, təbabətdən, astrofizikadan yaxşı baş
çıxarmalıdır. Yalnız bundan sora o, ali məktəbin tələbəsi adını qazanar və burada yüksək elita təhsilinə yiyələnə bilər.
Bu elə bir təhsildir ki, onun sahibi təkcə
jurnalist kimi deyil, həm də digər sahələrdə
uğurla fəaliyyət göstərə bilər.
Maraqlıdır ki, həmin məktəbə qəbul
olunmaq üçün heç bir ilkin təhsil tələb edilmir. Yeganə məhdudiyyət yaş məsələsindədir.
19 yaşından 28 yaşına qədər olan və alman dilində şifahi və yazılı nitq
qabiliyyətinə malik olan şəxs buraya ərizə verə bilər. Ərizə verənlər internetdə
qeydiyyatdan keçməli və təklif olunmuş 5 mövzudan birində şərh və reportaj
yazmalıdır. Altmış ən yaxşı iddiaçını
sonrakı imtahanlara dəvət edirlər. Qalibləri burada ciddi seçimin birinci mərhələsi
gözləyir. Onlar biliklərinin yoxlanması
ilə yanaşı, müəyyən müddətə reportaj yazmalıdırlar. Reportaj yazmaq üçün üç
saat informasiya axtarışına və üç saat da yazmağa vaxt ayrılır. Bundan sonra 12
nəfərdən ibarət münsiflər heyəti onları əsaslı surətdə yoxlayır. 1.500
iddiaçıdan yalnız 20 nəfər ən yaxşı iddiaçı
məktəbə qəbul oluna bilir. Təhsil pulsuzdur, tələbələrin hər biri hətta
ayda 761 avro məbləğində müavinət alır.
Şimali Avropa ölkələrində
jurnalistikanın inkişaf etdirilməsi və onun cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsi
sahəsində böyük nailiyyətlər
qazanılmışdır. Jurnalist təhsilinin təkmilləşdirilməsi də bu işdə
mühüm rol oynamışdır. Əlbəttə, bir qəzet
və jurnal məqaləsində bu ölkələrdə jurnalist təhsilinin uğurları, tələbələrin
praktik həyata hazırlanması üçün görülən işlərin hamısı haqqında danışmaq
qeyri-mümkündür. Yalnız Finlandiyanın təcrübəsi barəsində söhbət açmaq kifayətdir.
Qeyd etmək lazımdır ki, Finlandiya Şimali Avropada jurnalistikanı ali təhsil səviyyəsində
tədris etməyə başlayan ilk ölkədir. 1925-ci ildə Helsinkidə ictimai kollecin əsası
qoyulmuş və burada ilk jurnalistlərin hazırlanmasına başlanmışdır. İkinci Dünya
müharibəsinin axırlarına qədər həmin proqramla 50 nəfər jurnalist
hazırlanmış, 1945-1960-cı illərdə isə
daha 50 nəfər məzun jurnalist təhsili almışdı. 1930-cu ildə kollec Ali İctimai
Elmlər Məktəbinə çevrilmiş, 1947-ci ildə isə bu məktəbdə ilk professor fəaliyyətə
başlamışdı. Tezliklə jurnalistika magistratura səviyyəsində öyrənilmiş və bütün
məzunlar jurnalist ixtisası üzrə diplom almışlar. 1964-cü ildə bu məktəb Tamperə
köçürüldükdən sonra ümumtəhsil proqramı əsaslı surətdə genişləndirilmiş və iki
istiqamətə bölünmüşdür. 1969-cu ildə Elektron KİV kafedrası yaradılmışdır. Bu
gün həmin struktur Tamper Universitetindəki İctimai elmlər fakültəsində
jurnalistika və kütləvi kommunikasiyalar şöbəsi adlanır. Hazırda jurnalistika,
həmçinin media bölümündə iş üçün ixtisaslar,
o cümlədən ictimaiyyətlə əlaqələr, reklam, səsləndirmə kimi sahələrdə
işləyə biləcək mütəxəssislər Finlandiyada ən populyar ixtisaslar hesab
edilir. İnkişafın ardıcıl surətdə davam
etdiyini göstərmək üçün aşağıdakı faktlara diqqət yetirək: 1998-ci ildən sonra ölkədə jurnalistika təhsili verən məktəblərin
miqdarı iki dəfə artmışdır. 40 mahalda fəaliyyət
göstərən 70-dən çox məktəbdə jurnalistika tədris olunur. Maraqlıdır ki,
jurnalistika ilə əlaqəsi olmayan bir sıra ali məktəblərdə də həmin ixtisas öyrədilir.
Ali məktəblərdə jurnalistika şöbəsinə qəbul
olunmaq üçün yaradıcılıq məhsulu - esse yazılmasına baxmayaraq, çox ciddi
müsabiqə keçirilir və ali məktəbə keçid balı yüksək olur.
Finlandiyanın jurnalistika və kütləvi
kommunikasiyalar şöbələrinin, bir qayda olaraq,
radio və televiziya studiyaları
vardır. Universitetlər ümummilli və regional media şirkətləri ilə əməkdaşlıq
edirlər. Finlandiyanın media şirkətlərinin özlərinin də jurnalistika məktəbləri
mövcuddur.
Qloballaşma
dövründə jurnalistikanın özündə də ciddi dəyişikliklər baş verir. Bu gün
jurnalist eyni vaxtda həm qəzet, həm radio, həm televiziya, həm internet, həm
mobil jurnalistika üçün işləməyə imkan verən rəqəmsal texnologiyalara malikdir. Jurnalist kadrlarının hazırlanması
sahəsində beynəlxalq təcrübədən istifadə etməklə ölkəmizdə də müəyyən işlər
görülməkdədir. Bu gün inkişaf etməkdə
olan Azərbaycanda aşağıdakıları həyata keçirmək mümkündür:
-BDU-nun jurnalistika fakültəsini Azərbaycanda jurnalistikanın mərkəzinə çevirmək;
- ölkədə nəşr olunan qəzet və jurnal,
televiziya və informasiya agentlikləri əməkdaşlarının təkmilləşdirilməsi üçün jurnalistika kursları
təşkil etmək;
- yaxın gələcəkdə digər ixtisaslar üzrə
bakalavr pilləsini bitirənlərin ikinci ixtisasa - jurnalistika ixtisasına yiyələnmələri
üçün BDU-nun jurnalistika fakültəsində şöbə açmaq;
- jurnalistika
fakültəsinin müəllimlərinin ixtisasının artırıb təkmilləşdirilməsi üçün xüsusi
kurslar təşkil etmək və ya onların bəzilərinin tanınmış beynəlxalq jurnalistika
məktəblərində və ya universitetlərinin jurnalistika fakültələrində staj keçmələrinə
şərait yaratmaq.
Ümumən,
xarici ölkələrdə jurnalist təhsilinin təkmilləşdirilməsi sahəsində toplanmış zəngin
təcrübədən istifadə etmək, Azərbaycanda jurnalist təhsilinin günün tələbləri səviyyəsinə
qaldırılmasında çox böyük əhəmiyyət kəsb edərdi.
Həmid
VƏLİYEV,
BDU-nun
beynəlxalq jurnalistikakafedrasının müdiri,
professor