• cümə, 29 Mart, 02:53
  • Baku Bakı 7°C

İyirmi dörd prelüdiyanın sirri

07.12.19 10:30 921
İyirmi dörd prelüdiyanın sirri
O üçüncü xətti kim oxuya biləcəksə...
Bir gün Şarl Quno böyük İohan Sebastian Baxın 24 prelüdiya və fuasını notbanot təhlil etmək qərarına gəlir. Və 1-ci Do major prelüdiyasından başlayır. Musiqi elmindən az-çox başı çıxanlar yaxşı bilir ki, Do major hər şeyin başlanğıcıdır, yəni bir "Böyük partlayış"dır. Fizikadan da az-çox başı çıxanlara isə yaxşı məlumdur ki, böyük partlayış antimateriyanın materiyaya çevrilməsi ilə nəticələndi. Yəni hər şeydən əvvəl zaman yarandı. Zamanın yaranması, deməli, həm də məkanın yaranmasıdır. Çünki məkan olmasa, zaman şərtlənə bilməz, yəni bir növ mövcud ola bilməz. Böyük fransız bəstəkarı, "Faust" operasının müəllifi Şarl Quno elə həmin başlanğıc prelüdiyanı təhlil etdiyi zaman dəhşətə gəlir. Bəsit və yalnız ağ dillərdən ibarət olan və xüsusi bir melodik qabarıqlığı da olmayan bu kiçik əsərdə Şarl Quno təxminən 15-20 min arası melodiya kəşf edir! Və gördüyü dəhşətin qarşısında şoka düşür. Heç nə... sadəcə səslər üzərindəki aksentlərin, yəni vurğuların yerini dəyişməklə, bu müdhiş mənzərəni ortaya çıxarır. Sonra isə anlayır ki, bu prelüdiyanın içərisində gizlənən melodiyaların sayı elə ulduzların sayı qədər sonsuzdur. İohan Sebastian Baxın 24 prelüdiya və fuqası belə başlayır. Bizi oxuyan hər kəsə tövsiyəmiz odur ki, bu toplunu, yəni qısa adı "YTK" olan "Yaxşı temperasiya olunmuş klavir"i dinləsin. Həm də tez-tez, bol-bol, hər gün. Çünki bir insan ağlının həm də bütöv bir kainatdan ibarət olduğunu dərk edib, ibrət götürmək lazımdır.
Sonra 2-ci prelüdiya gəlir -Do minor. Həqiqətən də dəhşətli bir məqamdır! 1-ci əsər major tonallığında yazılıb. Major kainatdır, sonsuz fəzadır. Qəmsiz, kədərsiz, problemsiz, ziddiyyətsiz bir axındır. Yaranışın əzəməti və qüsursuzluğudur. Bunu istənilən bir majorun ilk üç səsindən dinləyə bilərik. 1-ci səslə 2-cinin, 2-ci səslə isə 3-cü səsin arasındakı bərabər proporsiyanı açıq-aydın görə bilərik. Lakin minorda bu proporsiya pozulur. Özü də məhz Do minorda! Çünki Do major bir mənada cənnətdir. Yəni Həzrəti Adəmin xəlq olub yaşadığı Tanrı dərgahı. Məhz orada, yəni Do majorda bu prinsip pozulur və 2-ci prelüdiyada Do major Do minora çevrilir. Nə baş verir? İlk yanlışlıq, ilk üsyan, ilk xaos! Almaya və yaxud da buğda dənəsinin toxunulmazlığına xələl gəlir. Bununla da elə orada, yəni Do səsi ilə başlayan qammada üçüncü səs, yəni Mi, Mi bemola çevrilir. Yəni 1-ci səslə 2-ci səsin, 2-ci səslə isə 3-cü səsin arasındakı proporsiya pozulur. Birdən-birə kosmos xaosa çevrilir! Qəm-qüssə, dağınıqlıq, qısacası ölümlü dünya həyatı başlayır. Minor timsalında Həvva öz ayıb yerlərindən utanmağa başlayır. Bunların heç biri uydurma təxəyyül ünsürləri deyil. Səmavi kitablardakı qissələrlə tanış olub, sonra minor məqamındakı qəmi, kədəri, ölüm qoxusunu duymaq lazımdır ki, o böyük alman bəstəkarının kim olduğunu və ümumiyyətlə, bir insan oğlunun nələrə qadir olduğunu dərk edəsən!
Bir daha nəzəri musiqiyə müraciət edək. Oktava deyə bir anlayış mövcuddur. Yəni bir səsdən başlayan pilləvari və həm də spiralvari hərəkət zamanı eyni səsin zil və yaxud da bəm şəkli ilə bitdiyi anda bir oktava əmələ gəlir. Pilləvari hərəkətin həm də dairəvi hərəkət olmasının səbəbi də budur. Ancaq oktava dairələrinin hərəkəti, deyildiyi kimi, eyni zamanda spiralvaridir. Yəni məsələn, bəmdəki Do notu həm zildəki Do notudur, həm də deyil. Eynilə öz oxu ətrafında dönən planetlərin oxu tamamladığı zaman fəzanın başqa bir nöqtəsinə gəldiyi kimi. Məsələn, Yer kürəsi həm özü ətrafında dönür, həm də Günəşin ətrafında. Lakin 24 saatın tamamında olduğu kimi, 365 günün tamamında da Yer kürəsi eyni nöqtədən keçmir. Çünki ətrafında döndüyü Günəş də eyni ilə Yer kimi, həm öz oxu ətrafında dönür, həm də Saman Yolu qalaktikası boyu spiralvari hərəkət edir.
Bizim gözümüz qalaktikanı məhdud şəkildə gördüyü kimi, qulaqlarımız da musiqi səslərinin yüksəkliyini məhdud ölçülərdə eşidə bilir. Yəni ən geniş diapazonlu musiqi aləti etalon olaraq, pianodur ki, orada da cəmi doqquz oktava, yəni doqquz dəfə təkrarlanan spiralvari dairə mövcuddur. Lakin bu o demək deyil ki, musiqi səsləri bəmdən zilə doğru Subkontur oktavadan başlayıb, Beşinci oktavada bitir. Sadəcə, qulaqlarımız daha bəmi və daha zili eşidib, ayırd edə bilmək imkanına malik deyil.
Bütün bu detalları, bu təxəssüsi müfrədatı ona görə sadaladıq ki, aləmdəki hər şeyin üzvi şəkildə vəhdətdə olduğunu qeyd edək. Bir oktava daxilində 12 səs mövcuddur. Hər səsdən qurulan major və minor qammalarını nəzərə alsaq, deməli, musiqidə 24 ədəd səsdüzümü vardır. İohan Sebastian Bax tərəfindən qoyulan ənənəyə əsasən, saysız-hesabsız bəstəkarlar 24 prelyüdiya və yaxud da fuqadan ibarət əsərlər toplusu yazmışlar ki, onların içərisində şəxsən mənim ən çox sevdiyim böyük Qara Qarayevin 24 fuqasıdır. Böyük Azərbaycan bəstəkarı da eyni prinsiplə bu klassik, bu ilahi ənənəni davam etdirmişdir.
Məsələ burasındadır ki, Sebastian Bax kilsə xadimi olmuşdu, bu ənənə Qərb klassikasının məhsuludur deyə, onu bizlərə yad, hətta bizə düşmən bir ünsür kimi qəbul etmək, sadəcə cahillikdir. Şəxsən mən, bir ifaçı və musiqişünas olaraq, Şərq musiqisində, bir oktava daxilində 12 yox, 17 səsin olduğunu hər zaman elmi və praktik şəkildə müdafiə etmişəm. Ancaq indi söhbət Şərqdən, Qərbdən getmir. Söhbət bütün kainata xas olan dairəvi tamamlanmadan və onun spiralvari hərəkətindən gedir. Diqqət etdinizsə, mən "bir oktava daxilində" ifadəsini işlətdim. Bu o deməkdir ki, məsələn, do səsindən sonra neçə dənə səs mövcud olursa olsun, həmin dairə yenə də gəlib, do notunda tamamlanacaq. Bunun, bu dairəvi prinsipin, bu müvəqqəti tamamlanmanın qanunauyğunluğundan xilas olmaq mümkün deyil - nə musiqidə, nə həyatın digər sahələrində, nə də qalaktikada.
Qalaktikadakı göy cisimlərinin hamısı həndəsi fiqur olaraq, öz hərəkət trayektoriyasına bənzəyir. Yəni dairəvi planetlər elə dairəvi də hərəkət edir - həm öz oxu ətrafında, həm də başqa göy cisimləri ətrafında. Dairə, həm də sonsuzluq, bitməzlik əlamətidir. Yuxarıda dediyimiz kimi, nə göy cisimlərinin sayı bizim görə bildiyimiz qədərdir, nə də musiqi səslərinin sayı bizim eşidə bildiyimiz qədər. Sonsuzluq, əslində Tanrıdır! Lakin mən hər zaman fiziki anlamdakı sonsuzluğa qarşı çıxmışam. Hər zaman düşünmüşəm ki, nə son var, nə sonsuzluq. O üçüncü şey, Şəms Təbrizi demişkən, "Üçüncü xət" nədirsə, mütləq kəşf olunacaq. Ancaq indi söhbət hərəkətin - aşağıya və yuxarıya doğru, qaranlığa və işığa doğru hərəkətin sonsuzluğundan gedir. Onu da düşünmədən dura bilmirəm ki, sonsuzluq fikri sona qarşı qoyulan bir adekvatdır, müdafiə qalxanıdır. Yəni sonsuzluq ayrıca bir nəzəri fikir deyil və ola da bilməz. Sonsuzluq deyə bir şey yoxdur. Sadəcə, son mövcud deyil. Deməli, sonun olmaması hələ sonsuzluq demək deyil. Həmin o üçüncü xətti kim oxuya biləcəksə, bax, Mehdi də odur, Məsih də odur, İmami-zaman da odur! Yəni həqiqətin zühuru elmin zühurudur! Haqq dedikləri qavram, elmin tamamlanması, elm dairəsinin başa çatmasıdır ki, yeni epoxa, yeni boyut, yeni rassa ondan sonra başlayacaq!
Vacib olan daha bir məsələ bundan ibarətdir ki, yuxarıdakı rəqəmləri sadalamaqla, biz nə kabbalistikayla, nə də hürufiliklə məşğuluq. Onların hamısı qeyri-müəyyən və iddialı ehtimal nəzəriyyələridir. Yəni heç bir ruhani-mistik cərəyan mövcudiyyətin həqiqi inikası deyil. Musiqi isə nəzəriyyə yox, həqiqətdir. O, göz önündədir. Göz önündədir ki, bir səs bəlli və dəyişməz aralıqlarla, dəqiq müəyyən olunmuş ölçülər və məsafələr çərçivəsində təkrarlanır. Və deməli dairə tamamlanır. Növbəti dairənin hərəkətə başlaması üçün bir dairənin hərəkəti beləcə, başa çatır. Bunlar elmi və qeyri-elmi fərziyyə deyil, iddia deyil, ideya deyil. Bu, musiqidir - yəni gerçəklidir. Böyüklər boşuna deməyiblər ki, musiqi Tanrının səsidir! Bu sözdə çox dərin məna yatır. Bu o deməkdir ki, Tanrının yaradılış tərzində və Onun hərəkət mexanizminə tam uyğun şəkildə var olan yeganə nəsnə musiqidir! Başqa incəsənət növləri Tanrını yamsılayır, onun rənglərini, onun simmetriyasını bu və ya başqa şəkildə təkrarlayır. Zira, bu aləmdə mümkün olan yeganə şey təkrarçılıq və ya var olandan çıxış etmək, onun üzərində yaratmaqdır. Çünki Tanrı hər şeyi yaratdı və O elə hər şeydir. Ancaq musiqi Onu təqlid etmir. Onun danışıq dilini bizlərə öyrədir. "Tanrının dilində, Onun səsi ilə danışmaq, bax, belə olur" deyir bizə musiqi!
Bunlar qətiyyən pafos deyil. Gözlə görünən açıq simmetriya heç bir zaman pafos olmayıb. Hətta riyaziyyatda belə ehtimal nəzəriyyələri mövcuddur. Ancaq musiqi, necə deyərlər, riyaziyyatın özündən daha dəqiq "riyaziyyatdır". Biz bunu İohan Sebastian Baxın timsalında aydın şəkildə görürük. Üstündən 3 əsrdən artıq zaman keçib. Sual edə bilərlər ki, bu nostalji xatirələri açıb vərəqləməyin nə anlamı var? Ağıllı sualdır. Ən azından ona görə ki, nostaljini mən də sevmirəm. Ancaq bunlar keçmişin nostaljisi deyil. Bunlar gələcəyin planlarıdır! Çünki Sebastian Baxın musiqisi get-gedə çətinləşir. Anlaşılmaq yerinə, günü-gündən qəlizləşir. Bu çox qəribədir! Elə bu fakta söykənərək deyirəm ki, onun musiqisi gələcəyin musiqisidir. Əslində musiqinin bəxti onda gətirib ki, rəssamlıq kimi, memarlıq kimi, şeir kimi, roman kimi, onun qəhrəmanları və süjeti dəqiq müəyyən deyil. Yəni bir gün məsələn, xristianlıq olmasa, Mikelancelonun freskaları aktuallıq təhlükəsini yaşaya bilər. Çünki onun əsərlərində dəqiq ünvan göstərilib. Ancaq klassik musiqini belə bir tale gözləmir. Musiqinin dili həm də onun müəllifinə imkan verir ki, onu zamanlara daşıya bilsin. Bunun üçün sifarişçiləri aldatmaq bəstəkar üçün daha asandır. Məsələn, Da Vinçinin əsərlərində çeynənən kilsə yasaqları o qədər gizli, o qədər çətindir ki, onların çoxunu bu gün belə Da Vinçinin özündən başqa heç kim anlamır. Üstəlik, müharibələr, insan cəhaləti, təbiət hadisələri və sairə, memarlığa, rəssamlığa, heykəltəraşlığa vurduğu zərbəni musiqiyə vura bilmir. Məsələn, Frederik Şopenin noktryunləri və ya Rixard Vaqnerin simfoniyaları kimlərsə tərəfindən müəyyən müddətə qadağan edilə bilərdi. Lakin o kimlərsə öz dövranını sürüb getdikdən sonra həmin qadağalar da sürətlə aradan qalxdı. Fəqət, dağıdılmış və ya nəm çəkərək sökülüb tökülmüş bir "Sonuncu şam yeməyi" freskasını artıq heç cürə bərpa etmək mümkün deyil! Bütün bunları göz önünə aldığında, adama elə gəlir ki, musiqini birbaşa Tanrının özü qoruyur! Çünki musiqi onun öz səsidir! Və bu səs insandan zühura gəlir. Səbəbi isə nə qədər ehtişamlı olsa da, bir o qədər sadə səslənir: ona görə ki, Tanrı insanın özündədir, hətta insanın özüdür! Və təbii ki, Onun səsi də başqa yerdən yox, insandan gələcək!
Bəli, məhz səs! Görüntüdən, hərəkətdən, rəngdən, formadan vacib olan səs! Çünki Tanrını digərlərinə sığdırmaq çətindir. Ancaq Tanrı səsə, musiqiyə çox gözəl sığır. Mədəni-intellektual baxımdan Şərqə, Qərbə bölünməyən bu müəmmalı Dünyanın o biri ucunda oturan böyük Mövlana Cəlaləddin Ruminin insanlığa xitabən dediyi ilk söz "dinlə" oldu, "Ey insanlar, oxumaqdan, yəni görməkdən, baxmaqdan, dərk etməyə çalışmaqdan öncə, dinləyin" dedi. Özü də kimi, nəyi? Məhz musiqini! Ən qədim musiqi alətlərindən olan neyi! Bəli, Mövlana da bütün peyğəmbərlər kimi, qulağa xitab etdi. Heç düşündükmü ki, nəsihət verən, doğru yola səsləyən bir kimsə "mənə baxın, məni görün" demədi! Hər kəs "məni dinləyin" dedi. Adına "səmavi" və ya "qeyri-səmavi" dedikləri bütün ilahi kitablar avazla, musiqi ilə oxundu! Nə üçün? Bu sualın, təkrar da olsa, bir cavabı var: musiqi Tanrının insanlarla ünsiyyət vasitəsidir!
Məzarı kilsə divarları arasında, döşəmədə bulunan İohan Sebastian Baxa isə Mövla qəni-qəni rəhmət eləsin! Amin!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər