• çərşənbə axşamı, 16 iyun, 05:57
  • Baku Bakı 23°C

İslam falçılığı və kəhanəti rədd edir

29.01.14 09:02 4551
İslam falçılığı və kəhanəti rədd edir
İslam dininə görə fal və falçılıqla bağlı əməllər tövhid əqidəsini zədələyir və insanı sağlam məlumat qaynaqlarından məhrum edir. Ayə və hədislərdə qeybi bilmə, insanın qədərini dəyişdirmə iddiası daşıyan, Allahdan başqa varlıqlardan yardım diləmə qayəsi güdən hər cür xurafat və batil inanclar qadağan edilmişdir.
Ərəb dilində “fal”(fel) “uğur və uğurlu şeyləri göstərən əlamət” anlamına gəlir. Qərb dillərində, ümumiyyətlə, gələcəkdən xəbər vermə (kəhanət) mənasındakı yunan dilində “manteia” şəkilçisi ilə düzəldilən və fal növlərinə görə dəyişən kəlmələr işlədilir (geomancy – torpaq falı; ornithomancy – quş falı və s.).
İnsan oğlu tarix boyunca istər özü, istərsə də ətrafı ilə bağlı bilinməzləri kəşf etməyə, gələcəkdə nələr olacağını qabaqcadan öyrənməyə və beləliklə də, öz qədərinə hökm etməyə çalışmışdır. Şübhəsiz ki, bu məsələdə əsrarəngizliyə və məchulluğa qarşı olan maraq duyğusunun da böyük payı vardır. Bir baxışa hər şəklə bir məna vermə və hər davranışa bir anlam yükləmə insanın fitrətindən irəli gələn bir xüsusiyyətdir. İnsan bu əsrarəngizliyi kəşf etmək üçün müxtəlif metodlardan istifadə etmişdir. Bu işi məslək halına gətirənlər ortaya çıxmış və cəmiyyətdə etibar qazanmışdırlar. Kahin, sehirbaz, cadugər, falçı və baxıcı kimi adlarla adlandırılan bu insanlar mistik sezmə gücünə istinad edərək, gözəgörünməz varlıqlarla təmasa girib, yaxud təbiətdəki bəzi varlıq və əşyaların durum və davranışlarını yorumlayaraq bu barədə söz sahibi olduqlarını iddia etmişdirlər.
Falda müxtəlif vasitələr işlədildiyi üçün müxtəlif fal növləri ortaya çıxmışdır. Başlıca fal növlərini bu şəkildə sıralamaq mümkündür: Ulduz falı (horoscopy). İnsanın doğulduğu günü əsas götürərək həmin gündə olan göyün durumu, ulduzların vəziyyəti və insana təsirlərindən çıxış edərək onun taleyi haqqında yorum etmə işidir. Falın bu növü ulduzların mövqeyini və təsirlərini araşdıraraq insanın qədərini qabaqcadan təyin etmək məqsədini güdən astrologiya ilə yaxından bağlıdır. Əl falı (chiromancy). Əldəki cizgilərdən insanın gələcəyini oxuma işidir. Quş falı (ornithomancy). Quşların uçuş şəkli və səslərindən bir məna çıxarmaqla gələcəkdən məlumat vermə işidir. Kağız falı (cartomancy). Üzərində müxtəlif şəkil və simvollar olan kağızların müxtəlif şəkildə açılıb paylanılması ilə ortaya çıxan nəticənin yorumlanması işidir. Torpaq falı (geomancy). Qum, torpaq, toz və çınqıl daşları ilə təsadüfən təsbit edilən müəyyən nöqtələr və bunların şəkilləri üzərində edilən yorumdan ibarətdir. Kitab falı. Müəyyən bir dilək və niyyətlə müqəddəs kitabları açıb rast gəlinən ifadələri yorumlama ilə əlaqədardır. Bunlardan başqa, od falı (pyromancy), su falı (hydromancy), yuxu yozumu (oneiromancy), çay falı (tasseography) kimi fal növləri də vardır. Bəzən elə şeylərlə qarşılaşırsan ki, onun bir növ fal olduğunu anlamaq, adətən, mümkün olmur. Məsələn, qeyri-iradi olaraq bədən hərəkətləri, ani sancılar, asqırmalar və s. şeylərdən məna çıxarmaq, onları yorumlamaq; cin çıxarmaq, cin tutmaq, zəhər, qaynar su kimi şeylərlə cəza verib ona görə nəticələr çıxarmaq kimi metodlar bunlardan sayılır.
Tarixə nəzər saldıqda bəzi dinlərdə din adamlarının eyni zamanda kahinlik etdiklərinin də şahidi oluruq. Falın ən qədim mənşəyi, çox ehtimal ki, Mesopotamiyadır. Mesopotamiyalılara görə, ulduzlar göylərin yazıları idi. Onlar millətlərin və insanların qədərinin orada yazıldığına inanırdılar. Bir kəsin doğumu əsnasında ulduzların durumundan çıxış edərək həmin insanın taleyinin müəyyən edildiyinə inanılırdı.
Türklərin İslamı qəbul etməzdən əvvəl dini mərasimlərində və gündəlik həyatlarında falın mühüm yeri olmuşdur. Orta Asiya türkcəsində fal qavramı “ırk” sözü ilə ifadə olunurdu. Mahmud Kaşğarlı “Divanü luğati-t-türk”də bu kəlməni “falçılıq, kahinlik və bir kimsənin içindən keçəni bilmək” şəklində açıqlamışdır. Türklərdə “fal” mənasına gələn sözlərdən biri də “tölgə”dir. Suya və aynaya baxma, qurşun, köz və tüstü, kürək sümüyü, qəhvə falları terklərdə geniş yayılmış fal növlərindəndir. Şamanlar itkin düşən adamdan xəbər almaq üçün aynadan istifadə etmişdirlər. Orta Asiya türkləri, monqollar, ərəblər, yunanlar, romalılar və bəzi Balkan xalqlarında qoyun və keçi kimi heyvanların kürək sümüyü ilə fala baxma ənənəsi vardır.
Hititlər Babildəki fal növlərindən ən çox astroloji olanları qəbul etmiş, ay və günəş tərəfindən verilən işarələr, xüsusilə kral ailəsi üçün keçərli qəbul edilmişdir. Onlarda işlədilən başlıca fal növləri tale falı, quşların uçuş falı, qızıl kəklik falı idi.
Qədim Yunanıstanda rahiblərin yanında gələcək barəsində nəsihətlər vermə və tanrıların istəklərini öyrənmə səciyyəsinə sahib “mantis” adını daşıyan kahinlər vardı.
Yəhudilikdə Allahın mütləq qüdrətinə, Allaha aid olana müdaxilə qəbul edildiyi üçün fal yasaqlanmışdı. Yəhudilikdəki qədər olmasa da fal və kəhanət xristianlıq üçün də əhəmiyyətli bir ənənə təşkil edirdi. Xristianlıqda falçılığın təməli Yunan-Roma və yəhudi ənənəsinə dayanır. Əhdi-Cədidin “Rəsulların İşləri” bölümündə xristian olmayanlar arasındakı sehirbaz və falçılarla bağlı məlumatlar verilmiş (Rəsulların İşləri, 8/9; 13/6; 16/16), ancaq bu, xoş qarşılanmamışdır.
İslamın qəti şəkildə qadağan etdiyi falçılıq və kəhanət bir növ qeybdən xəbər vermə mənasına gəlir. Halbuki Qurani-Kərim qeybi Allahdan başqa heç bir kəsin bilmədiyini, hətta peyğəmbərlərin və mələklərin də onlara vəhy olunmadığı təqdirdə qeybi bilməmələri açıqca bildirilmişdir:
“De: “Allahdan savayı göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz!” (ən-Nəml, 27/65).
Uca Allah “Ənam” surəsinin müvafiq ayəsində buyurur:
“De: “Mən sizə Allahın xəzinələri mənim yanımdadır demirəm. Qeybi də bilmirəm. Sizə mən mələyəm də demirəm. Fəqət mənə göndərilən vəhyə itaət edirəm. De: “Heç korla görən bir olarmı?” Siz heç düşünmürsünüzmü?” (əl-Ənam, 6/50).
Digər bir ayədə Haqq-Təala buyurur:
De: “Allahın istədiyi istisna olmaqla, mən özümə nə bir xeyir, nə də bir zərər vermək gücünə sahibəm. Əgər qeybi bilsəydim, əlbəttə, bol-bol fayda əldə etməyə çalışardım və başıma heç bir müsibət də gəlməzdi. Mən yalnız inanan bir qövm üçün nəsihət edən və müjdəçiyəm!” (əl-Əraf, 7/188).
İslam dininə görə fal və falçılıqla bağlı əməllər tövhid əqidəsini zədələyir və insanı sağlam məlumat qaynaqlarından məhrum edir. Ayə və hədislərdə qeybi bilmə, insanın qədərini dəyişdirmə iddiası daşıyan, Allahdan başqa varlıqlardan yardım diləmə qayəsi güdən hər cür xurafat və batil inanclar qadağan edilmişdir. İslami dövrdə ən geniş yayılmış fal növlərindən olan və haqqında bir çox əsərlər yazılmış fal növlərindən biri də Quran və kitab falıdır. İslam dünyasında daha çox elmi və fikri həyatın durğunluğa düçar olduğu zamanlarda Qurani-Kərim, “Divani-Hafiz”, “Məsnəvi”, “Əhmədiyyə”, “Muhəmmədiyyə” və “Ənvarü-l-aşiqin” kimi kitablarla fal açıldığı, hətta bəzi yerlərdə basılan Quran kitablarının sonuna beş-on səhifəlik falnamələrin, yaxud fal dəyərləndirmə cədvəllərinin əlavə olunduğu görünür. Kitab falı daha çox gözüyumulu vəziyyətdə Quranı, yaxud sözügedən kitablardan birini açaraq yeddi səhifə arxasından ilk gözə çarpan ayəni, yaxud səhifəni oxumaq şəklində tətbiq olunur.
Bir qrup insan Hz.Peyğəmbərdən kahinlər haqqında soruşduqda Rəsuli-Əkrəm: – “Onlar doğru söyləmirlər” – buyurur.
– “Ey Allahın Rəsulu! Axı, onların gələcəyə dair verdikləri məlumatlar doğru çıxır”– dedikdə Rəsuli-Əkrəm:
– “Mələklər “Anən” deyilən bulud üzərinə enərək göydə gələcəyə dair qəbul olunmuş qərarları bir-birinə danışırlar. Bu əsnada şeytan onları pusaraq əldə etdiyi məlumatları kahinlərə fısıldayır. Kahinlər isə həmin xəbərlərə özlərindən yüz yalan əlavə edib danışırlar” – deyə cavab verir (Riyazü-s-salihin, VII, s.162-163).
Safiyyə Bint Əbu Ubeyd Peyğəmbərimizin zövcələrindən birinə istinadən Rəsulullahın belə buyurduğunu rəvayət etmişdir: “Ərrafın (oğurlanmış, yaxud itmiş mal haqqında xəbər verənin) söylədiyinə inanıb təsdiq edən kəsin qırx gün heç bir namazı qəbul olunmaz” (Riyazü-s-salihin, VII, s.163).
Qeyd edildiyi kimi, “kahin” gələcəkdən xəbər verdiyini iddia edən falçı deməkdir. Kəhanət qeybdən xəbər vermək işidir, yəni falçılıqdır.
Hədisdəki bu vəziyyət yaşadığımız texnologiya əsrində bütün irəliləyişlərə baxmayaraq, bəlkə də bu inkişafın təbii bir nəticəsi olaraq müxtəlif şəkillərdə informasiya şəbəkələrinə daxil olub məlumat sızdırma işinə bənzəyir. Buradan məlumat sızdırma metodlarının mələklər və şeytanlar arasında da yaşandığı məlum olur. Əslində bu məlumat sızdırma hadisəsi Qurani-Kərimdə də təsdiqlənir. Amma başaqa bir həqiqət də ondan ibarətdir ki, İslam gəldikdən sonra şeytanların bu istixbarat (xəbər əldə etmə) qapıları qapanmışdır. Uca Rəbbimiz bu haqda buyurur:
“Biz ən yaxın səmanı ulduzların gözəlliyi ilə bəzədik. Və (onu) hər cür üsyankar şeytani gücə qarşı mühafizə etdik. Onlar mələi-əlanı (səmadakı mələkləri) dinləyə bilməzlər və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovularaq tar-mar edilərlər. Ayrıca onları bitib-tükənməz bir əzab gözləyir! Fəqət məlumat qırıntısı qapan olsa, onu da yandırıb-yaxan bir ulduz təqib edər” (əs-Saffat, 37/6-10).
Münəccimlərin də ulduzların hərəkətini izləyərək gəldikləri qənaətlərdə çoxlu yanlışlıqlar vardır. Amma burada astronomiya elminin münəccimliklə heç bir əlaqəsi olmadığını qeyd etmək lazımdır.
Hədisdən öyrəndiklərimizi aşağıdakı kimi sıralamaq olar:
1. İslam falçılığın hər növünü və falçılara inanmağı rədd edir.
2. Falçıların verdiyi xəbərlərin heç bir həqiqi tərəfi yoxdur. Doğru çıxan bir söz olarsa, o da tamamilə təsadüfi bir şeydir. Heç bir falçı, yaxud kahinin sözünə etibar edilə bilməz.
3. Oğurlanmış, yaxud itmiş əşya və malların yerini söyləyəcəyi iddiasında olan ərraf və kahinlərdən bir şey soruşub ona inanmaq qırx gün müddətində namazın savabından məhrum qalmağa səbəb olan bir cinayətdir.
4. Fal, kəhanət, cadu, cinçıxarma və sairənin hər növündən uzaq durmaq lazımdır.
Müxtəlif dövlətlər cəmiyyətdə mənfi meyillərin inkişafına rəvac verdiyi üçün falçılığı qadağan etməyə məcbur olmuşdurlar. Buna baxmayaraq falçılıqla cadugərliyin iç-içə girdiyi bir sıra əsrarəngiz metodlar tətbiq etməklə insanların qeybi və gələcəyi bilmə istəklərini istismar edən, maraq doğurmaq üçün özlərini müxtəlif ad və ünvanlarla cəmiyyətə təqdim edən bu tip insanlara hələ də inananlar vardır. Bəzi kütləvi informasiya vasitələrində yer alan, televiziya kanallarında və sosial şəbəkələrdə müxtəlif adlarla yayımlanan ulduz falları, cinçıxarmalar bu zərərli fəaliyyətin nə dərəcədə yayğınlaşmasını və müvafiq ölçü götürülməsinin zəruriliyini bir daha ortaya qoymaqdadır.
(Quran ayələrinin orijinaldan tərcüməsi müəllifə aiddir)
İdris Abbasov
banner

Oxşar Xəbərlər