İrəvanda nəşr olunan anadilli mətbuatımız tədqiqatlarda
Azərbaycan
sovet mətbuatı haqqında danışarkən, əzəli və əbədi torpaqlarımız olan, ulu
yurdumuzda, himayədarlarının yardımı ilə qurulmuş Ermənistan respublikasında
həmvətənlərimizin nəşr etdiyi mətbu orqanlardan da bəhs etməliyik. Bu, həm
ümumi Azərbaycan sovet mətbuatının tam mənzərəsini yaradar, həm də
həmkarlarımızın fədakar əməyinə ehtiram olardı. Digər tərəfdən də, Azərbaycanda
nəşr olunan mətbu orqanlar bu və ya digər dərəcədə araşdırılsa da, bu fikri
Sovet Ermənistanında çıxan mətbu orqanlarına şamil etmək olmur. Odur ki, bu
barədə bir qədər ətraflı bəhs etmək, yerinə düşərdi.
İrəvanda çap olunan anadilli
mətbuatımızın ilk tədqiqatçısı İsrafil Məmmədov yazır: "XIX əsrdə orada yaşayan
azərbaycanlıların ana dilində heç bir qəzeti, dərgisi olmayıb”. Əslində,
1920-ci ildə İrəvanda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyi dövrdə
də Azərbaycan dilində qəzet nəşr etdirmək mümkün deyildi. Tanınmış jurnalist
Məmmədəli Nasir hələ 1918-ci ildə daşnakların təqibindən qurtularaq Gəncə
şəhərinə gələrək, orada jurnalistlik fəaliyyətini davam etdirib. Yalnız İrəvan
Müsəlman Milli Şurası, 1918-ci ilin mayında daşnakların hakimiyyətə
gəlməsinədək, aktiv fəaliyyət göstərdiyindən, "Cavanlar şurası”nın 1917-ci ilin ikinci yarısı, 1918-ci ilin
birinci yarısında nəşr edildiyini təxmin etmək olar.
İ.Məmmədovun əsərindən aydın olur ki, "Cavanlar Şurası” Ermənistanda
Azərbaycan dilində nəşr edilən ilk qəzetdir. Müəllif bu qəzetin yaranma tarixi
haqqında yazır: "İrəvanda müsəlman ziyalıları beynəlmiləl bir şura təşkil
etdilər. Bu şura Ermənistan sosialistləri ilə birləşib gələcəkdə olan qanlı hadisələrin
qabağını alıb, milli davanı sülh yolu ilə həll etmək istəyirdi. Şura həmin
fikri yaymaq üçün "Cavanlar Şurası” adlı bir qəzet nəşrinə başladı. Qəzet Rza
Tağıyev, Məmməd Əli Nasir və Mir Fətullayevin idarələrində çıxırdı”.
Bu qəzet haqqında mətbuatşünas alim Nazim Axundov da "Azərbaycanda
dövrü mətbuat” adlı biblioqrafiyada məlumat verib. Amma Nazim müəllim qəzetin
nəşr tarixini 1920-ci il kimi qeyd edib. İ.Məmmədov isə qəzetin 1917-1918-ci
illərdə nəşr olunduğunu belə sübut edir: "Ermənistanın partiya arxivində
saxlanılan bir sənəd də bu fikri təsdiq edir. Həmin sənəddə deyilir: "1917-ci
ildə sosial-demokrat "Müdafieyi-məzluman” (məzlumların müdafiəsi) partiyasına
qəbul oldum. Sonra İrəvan şəhərində "Şura” qəzetini nəşr etdirdim. Qəzetin
adını dəyişib "Cavanlar Şurası” etdik. Qəzet 1917-1918-ci illər ərəfəsində
çıxdı”.
Çox təəssüflər ki,
1918-1920-ci illərdə Ermənistanda daşnak hakimiyyəti dövründə Azərbaycan
dilində mətbuat nəşr olunmadığı halda, həmin dövrdə Bakıda erməni dilində
"Arev” ("Günəş”), "Aşxatavori dzayn” (Əməkçinin səsi”), "Aşxatanki droşak”
("Əmək bayrağı”), "Banvori xosk” ("Fəhlə sözü”), "Qordz” ("İş”), "Yerkir”
("Ölkə”) və s. kimi mətbu orqanları işıq üzü görürdü. Bu gün erməni
tarixçilərinin iddia etdikləri kimi, əgər 1918-ci ildə Bakıda ermənilərə qarşı
"soyqırımı” törədilmiş olsaydı, bu qədər qəzet və jurnal işıq üzü görə
bilərdimi? Əsla yox!
Hələ o zaman Ermənistanda ən çox yayılan "Molla Nəsrəddin” həm də orda
Azərbaycan dilində realist satirik mətbuatın yaranmasına güclü təsir göstərmiş,
1914-cü il fevralın 22-də İrəvanda "Lək-lək” adlı ilk jurnal nəşrə başlamışdır.
Bu, Ermənistanda Azərbaycan dilində çıxan ilk mətbuat orqanı idi. "Lək-lək”in
mövzu dairəsi, istiqaməti, yazarları haqqında geniş məlumat verən İ.Məmmədov
yazır: "Lək-lək”in müdir və naşiri Mirməhəmməd Mirfətullayev 1914-cü il iyunun
30-da məcmuənin 12-ci sayında istefa verdiyini elan etdi. Bildirdi ki, bəzi
səbəblərə görə bir neçə nömrədən sonra daha "Lək-lək” məcmuəsi çıxmayıb və
"Lək-lək” müştərilərinə yeni nəşr ediləcək "Çınqı” namində məcmuə
göndəriləcəkdir. Lakin müxtəlif səbəblər üzündən "Çınqı” işıq üzü görə bilmədi.
12-ci sayı "Lək-lək”in son çıxışı oldu”.
"Ermənistanın azərbaycanlı ziyalılarının səy və arzularına baxmayaraq,
1917-ci ilədək burada onların ana dilində daha heç bir qəzet və məcmuəsi
çıxmadı” yazan müəllif, 1917-ci il yanvarın 1-də "Bürhani-həqiqət” adlı yeni
jurnalın nəşrə başladığını qeyd edir. Jurnalın müdiri və baş mühərriri
zəmanəsinin tanınmış jurnalisti, şairi Əli Məhzun Zeynalabdinzadə Rəhimov idi.
Müəllif jurnalın bir necə sayını əsərində geniş şəkildə təhlil edib.
Bu təhlillərdən aydın olur ki, "Bürhani-həqiqət” oxucularını elmə, maarifə,
yeniliyə, ədəb-ərkana sövq edən bir mətbuat orqanı olub: "Azərbaycan mətbuatı
tarixində özünəməxsus yeri və rolu olan” "Bürhani-həqiqət” jurnalı Azərbaycan
Sovet Ensiklopediyasında dövrün ideologiyasına uyğun olaraq "dini ehkamları
müdafiə edən ziddiyyətli, zərərli jurnal” kimi təqdim edilir. Təəssüf ki,
"Lək-lək” kimi, "Bürhani-həqiqət”in də ömrü çox qısa olur. İyunun 29-da çıxan
9-cu nömrədən sonra məcmuə bağlanır”.
İ.Məmmədov sovet
Ermənistanında Azərbaycan dilində nəşr olunan ilk qəzet kimi isə "Kommunist”in
adını çəkir. Məlumdur ki, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet
hakimiyyəti qurulduqdan az bir müddət sonra yenidən öz yer-yurdlarına qayıdıb
gələn azərbaycanlı əhalinin mərkəzi hakimiyyət orqanlarında təmsilçiliyi
məsələsi gündəliyə gəlmişdi. İlk dövrlərdə Ermənistana rəhbər kadrlar
Azərbaycandan göndərilirdi. 1921-ci ilin yanvarın ortalarında Azərbaycan
İnqilab Komitəsinin zəmanəti ilə rəhbər vəzifə tutmaq üçün Süleyman Nuri adında
şəxs Ermənistan İnqilab Komitəsinin sərəncamına göndərilmişdi. Mustafa Sübhinin
başçılıq etdiyi Türkiyə Kommunist Partiyasının üzvü olan Süleyman Nuri Bakıda
qalmış, 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I
qurultayının təşkilatçılarından olmuşdu. 1921-ci il yanvarın ortalarında
Ermənistan Hərbi-İnqilab Komitəsinin üzvü kimi İrəvana göndərilən Süleyman Nuri
Ermənistan Xalq Komissarları Şurasının qərarı ilə Xalq Ədliyyə Komissarı və Ali
Məhkəmənin sədri təyin edilir. Süleyman Nurinin xatirələrindən belə aydın olur
ki, o, eyni zamanda, tərkibi, İrəvan şəhərində yaşayan yerli türklərdən təşkil
edilmiş kommunist özəklərinin yaradılması ilə məşğul olmuşdur. Süleyman Nuri
yazırdı: "Təklifim əsasında Ermənistan Kommunist Partiyası mərkəzi Komitəsi
Bakıya məktub göndərmiş, qəzetəçi Semih Hüseyn adında bir yoldaş redaktor
olaraq İrəvana dəvət edilmiş və İrəvanda yerli türklərin dilində çıxan bu
qəzetin yayımları daha yaxşı hala gəlmişdir”.
Süleyman Nuri
xatirələrinin başqa bir yerində yazırdı: "Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin sərəncamında Semih Hüseyn adlı İstanbullu türk zabitinin
komandanlığında bir ehtiyat polis taburu var idi”. Semih Hüseyn də bəzi türklər
kimi, Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıda qalmış, kommunist
partiyasına üzv olmuş, Süleyman Nuri ilə birgə çalışmışdı. Çox ehtimal ki,
Bakıdan qəzet redaktoru kimi İrəvana dəvət edilən Semih Hüseyn elə Süleyman
Nurinin bəhs etdiyi həmin şəxs olmuşdur. Belə qənaət hasil olur ki, bəzi
tədqiqatçıların "Kommunist”in redaktorunun Həmid Qənizadə adlı şəxsin olması
haqqında irəli sürdükləri fikir yanlışdır. Həmid Qənizadə "Kommunist”in deyil,
1921-ci ilin ikinci yarısından nəşr edilən "Rəncbər” qəzetinin redaktoru
olmuşdur.
1921-ci il fevralın ikinci
yarısında daşnaklar qiyam qaldıraraq Ermənistanda sovet hakimiyyətini yıxmış,
İrəvan şəhəri daşnakların əlinə keçmişdi. Bununla da "Kommunist” qəzeti öz
fəaliyyətini dayandırmışdı. Aprel ayında İrəvanda sovet hakimiyyəti yenidən
bərpa edilmiş, may ayında yeni hökumət - Xalq Komissarları Soveti təşkil
edilmişdi. Erməni dilini bilməyən, tərcüməçi vasitəsi ilə Ədliyyə Komissarı
vəzifəsində işləməyin səmərəli olmadığını söyləyən Süleyman Nuri yenidən
İrəvana qayıtmaqdan imtina etmişdi. 1921-ci ilin iyul ayında Azərbaycandan
göndərilən Bala Əfəndiyev Xalq Daxili İşlər Komissarının müavini vəzifəsinə
təyin edilmişdi. Bala Əfəndiyev 1922-ci ilin yanvarından Ermənistan KP MK-nın
təbliğat-təşviqat şöbəsinin nəzdində türk seksiyasının müdiri vəzifəsində
işləməklə yanaşı, Ermənistan KP MK-nın və İrəvan şəhər Partiya Komitəsinin
orqanı olan "Rəncbər”, sonra isə "Zəngi” qəzetinin redaktoru olmuşdu. Bala
Əfəndiyevin xanımı Fatma Əfəndiyeva da ictimai-siyasi işlərdə fəal iştirak
edirdi. O, "Rəncbər” qəzetinin ilk qadın müxbiri olmuşdu. Əvvəlcə 500, sonra isə 1000 nüsxə
ilə 4 səhifə həcmində nəşr olunan "Rəncbər” qəzetinin 1921-ci ildə 31 sayı,
1922-ci ildə isə 46 sayı işıq üzü görmüşdür. "Rəncbər” qəzeti 1922-ci il
dekabrın sonunda nəşrini dayandırmışdır. Ermənistanın bolşevik qiyafəsinə
girmiş millətçi-şovinist rəhbərləri Azərbaycan dilində qəzetin buraxılmasını
heç istəmirdilər. Mərkəzi Komitənin katiblərindən biri olan Aşot Hovanisyan
"Rəncbər”in abunəçilərinin az olmasını bəhanə edərək, qəzetin bağlanmasına
göstəriş vermişdi. Digər tərəfdən, 1922-ci ilin dekabrında Zaqafqaziya Ölkə
Partiya Komitəsi Zaqafqaziyada nəşr edilən bir sıra qəzetlərin vəziyyətini
müzakirə edərək, qərar qəbul etmişdi. Qərarda deyilirdi: "İrəvan və Batumidə
türk dilində nəşr edilən qəzetlərin çıxarılması dayandırılsın. Zaqafqaziya
türkləri üçün ümumi bir ölkə qəzetinin nəşri zəruri hesab edilsin. Gürcüstan
K(b)P MK-nın orqanı olan "Yeni fikir” qəzeti Zaqafqaziya Mərkəzi İcraiyyə
Komitəsinin və Xalq Komissarları Şurasının orqanı olaraq gündəlik nəşr
edilsin”.
Ermənistan K(b)P
MK-nın nəzdindəki türk seksiyasının müdiri Bala Əfəndiyev seksiyanın
1922-1925-ci illərdə gördüyü işləri əhatə edən hesabatında göstərirdi: "1923-cü
ildən Ermənistan KP MK-nın orqanı olan "Rəncbər” qəzeti Zaqafqaziya Ölkə
Komitəsinin qərarı ilə bağlanmış, əvəzində "Yeni fikir” qəzeti alınmışdır,
hansı ki, Ermənistanın türk rayonlarının ehtiyac və tələbatını ödəyə bilmirdi”.
Məhz Bala Əfəndiyevin əməyi nəticəsində, 1925-ci il noyabrın 29-da
onun redaktorluğu ilə Ermənistan KP MK-nın və Ermənistan SSR Xalq Komissarları
Şurasının orqanı kimi, "Zəngi” qəzeti nəşr olunmağa başlamışdı. 1928-ci ilin
sonuna kimi "Zəngi” adı ilə nəşr olunan qəzet, 1929-cu ilin yanvarından "Qızıl
şəfəq” adı ilə nəşr olunmağa başlamışdı. Bala Əfəndiyev 1926-cı ildə
Ermənistanda ictimai təminat komissarı vəzifəsinə təyin edildikdən sonra
qəzetin məsul redaktoru Mustafa Hüseynov olur.
1930-cu ilin yanvarından Əli Ələkbərli "Qızıl şəfəq” qəzetinin
redaktoru təyin edilir. Əli Tağızadə Bala Əfəndiyevdən sonra 1929-1932-ci
illərdə Ermənistan SSR ictimai təminat komissarı, eyni zamanda, "Qızıl şəfəq”in
redaktoru olmuş, Ermənistan KP MK-nın büro üzvü seçilmiş, 1933-1935-ci illərdə
Vedi rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. Ermənistanın daşnak
rəhbərliyi Əli Tağızadənı ləkələmək üçün bəhanə axtarırdı. Nəhayət, işində
"ciddi nöqsan tapılan” Əli Tağızadə Vedi rayonunun Qaralar kəndinə kitabxana
müdiri göndərilir. Təqiblərdən qurtularaq Bakıya qaçmağa müvəffəq olan Əli
Tağızadə 1959-1963-cü illərdə Azərbaycan SSR Ali Sovetinin sədri seçilmişdir.
1932-1936-cı illərdə Mustafa
Hüseynov yenidən "Qızıl şəfəq”in redaktoru təyin olunur. Türkiyədə doğulan
Mustafa Hüseynov bu ölkədən gələn bir türk dostunu redaksiyada işə (gözətçi)
götürdüyü üçün həbs edilir və "Türkiyənin agenti” damğası vurularaq, 1936-cı
ildə güllələnir.
1936-cı ilin noyabrından 1937-ci ilin aprelinədək "Qızıl şəfəq”ə
redaktorluğu Səfər Alməmmədov edib. "1937-ci il oktyabrın 2-dən etibarən qəzet
"Kommunist” adı altında” nəşrini davam etdirib. Bu zaman qəzetin redaktoru
Əkbər Rizayev olub. Qəzet 1939-cu il sentyabrın 26-dan 1989-cu ilin sonuna
qədər - nəşrini dayandıranadək "Sovet Ermənistanı” adı ilə çap olunub. Qısa
fasilə ilə, Cəfər Vəlibəyov təqribən 20 ilə yaxın qəzetə (əvvəlcə "Qızıl
şəfəq”in, sonra isə "Sovet Ermənistanı”nın) redaktorluq edib.
1938-ci ildən 1947-ci
ilədək Cəfər Vəlibəyov "Sovet Ermənistanı” qəzetinin redaktoru, 1947-1949-cu
illərdə isə Qarabağlar rayon Partiya Komitəsinin birinci katibi, 1949-cu ilin sonundan
yenidən "Sovet Ermənistanı”nın redaktoru təyin edilərək, 1961-ci ilin
əvvəllərinə kimi redaksiya kollektivinə rəhbərlik etmişdi. 1947-49-cu illərdə
Cəfər Vəlibəyov Qarabağlar rayon PK birinci katibi işlədiyi zaman, Rza
Vəlibəyov "Sovet Ermənistanı”nın redaktoru olmuşdur.
1961-1974-cü illərdə isə "Sovet Ermənistanı” qəzeti Həbib Həsənovun
redaktorluğu ilə nəşr edilib (O, əvvəllər Amasiya rayon Partiya Komitəsinin
birinci katibi vəzifəsində işləyib).
1966-1969-cu illərdə qəzetin
redaktor müavini işləyən filologiya elmləri namizədi Məhərrəm Bayramov 1974-cü
ilin sonlarından 1981-ci ilin əvvəllərinə kimi "Sovet Ermınistanı”a redaktorluq
edib.
"Sovet Ermənistanı” qəzetinin redaktorluğu 1981-1984-cü illərdə
Cahangir Əliyevə həvalə edilib. Qəzetçilik təcrübəsi olan C.Əliyev 1956-1962-ci
illərdə Amasiya rayonunda çıxan "Kolxozçu tribunası” qəzetinin redaktoru və
"Şirak” qəzetinin redaktor müavini vəzifələrində işləyib. 1984-cü ildə Bakıya
köçmək məcburiyyətində qalan Cahangir Əliyev əvvəlcə Azərbaycan KP MK
aparatında mətbuat bölməsində işləmiş, 1991-ci ildən ömrünün sonunadək "Xalq
qəzeti”ndə redaktor müavini və məsləhətçi vəzifələrində çalışmışdır.
Sovetlər dönəmində bir qayda
olaraq Kommunist Partiyasının və hökumətin mətbu orqanlarına abunə yazılışı üçün
yerli təşkilatlar qarşısında plan qoyulurdu. Lakin Ermənistanın millətçi
rəhbərləri Ermənistan KP MK-nın, Ali Soveti Rəyasət Heyəti və Nazirlər
Sovetinin orqanı olan "Sovet Ermənistanı” qəzetini abunə yazılmasını nəzərdə
tutulan qəzetlərin siyahısına daxil etmirdilər. Bununla belə, qəzetin
oxucularının sayı getdikcə artırdı. 80-ci illərin ortalarında qəzetin tirajı 10
min nüsxəyə çatmışdı.
1985-ci ildən "Sovet Ermənistanı”na redaktorluğu Zərbəli Qurbanov
edib. Bu zaman Mərkəzin "xeyir-duası” ilə "yenidənqurma” və "aşkarlıq” pərdəsi
altında, ermənilərin azərbaycanlılara qarşı təcavüzü başladı. 1987-ci ilin
sonlarından etibarən "Sovet Ermənistanı” qəzetinin redaksiyası öz
əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi qayğısına qalmaqla yanaşı, həm
də bütövlükdə Ermənistan ərazisində insan hüquqları kobudcasına pozulan, təzyiq
və təqiblərlə üzləşən, ermənilərin zorakılıqlarına məruz qalan
azərbaycanlıların hüquqlarının müdafiəçisi kimi çıxış edirdi.
1988-ci ilin sonunda "Sovet
Ermənistanı” qəzetinin əməkdaşlarının böyük əksəriyyəti Azərbaycana köçmək
məcburiyyətində qaldı. İrəvandakı Opera Teatrının qarşısında keçirilən
mitinqlərin birində "Sovet Ermənistani” qəzeti ilə haqq-hesab çəkmək təklif
olunmuş, mitinqçilər redaksiya binasını mühasirəyə almışdılar. Bir müddətdən
sonra Zərbəli Qurbanov və redaksiyanın bir neçə əməkdaşı həmişəlik olaraq
İrəvanı tərk etməli oldular.
Tarix elmləri namizədi İsrafil Məmmədov 1989-cu ildə "Sovet
Ermənistanı” qəzetinin sonuncu redaktoru olmuşdur. 1956-cı ildən taleyini "Sovet
Ermənistanı” qəzeti ilə bağlayan İsrafil Məmmədov 30 ildən artıq müddətdə şöbə
müdiri, məsul katib, redaktor müavini kimi məsul vəzifələrin öhdəsindən
bacarıqla gəlmişdi. Zərbəli Qurbanovun İrəvanı tərk etmək məcburiyyətində
qalmasından sonra Ermənistan rəhbərliyi "Sovet Ermənistanı” qəzetinin nəşrini
davam etdirməyi İsrafil Məmmədova həvalə etmişdi. Müxbir, tərcüməçi və
korrektor çatışmazlığı, ciddi erməni senzurası şəraitində qəzetin nəşrini davam
etdirmək mümkün deyildi. Lakin Ermənistan rəhbərliyi orada yaşayan
azərbaycanlıların heç bir probleminin olmadığı təəssüratını yaratmaq məqsədilə,
hər vəchlə çalışırdı ki, "Sovet Ermənistanı” qəzeti nəşrini davam etdirsin.
Çünki həmin dövrdə Bakıda ermənilər firavan şəkildə yaşayır və erməni dilində
nəşr olunan "Kommunist” qəzeti, "Agitatator” jurnalı, Yazıçılar İttifaqının
orqanı olan "Qrakan Adrbecan” ("Ədəbi-Azərbaycan”) jurnalı həmişəki qaydada
nəşr edilirdi. Əsasən teletayp vasitəsilə alınan rəsmi materialları dərc etməyə
gücü çatan "Sovet Ermənistanı” qəzetinin nəşrini davam etdirmək mümkün olmadı.
1989-cu ilin sonunda "Sovet Ermənistanı” qəzeti həmişəlik qapadıldı. Girov kimi
İrəvanda saxlanılan qəzetin redaktoru İsrafil Məmmədov 1990-cı ilin yanvarında
hərbçilərin müşayiəti ilə Azərbaycan sərhədinə çatdırılmışdı.
İ.Məmmədov "İrəvan dəftəri
III. Teatr tariximizdən səhifələr” adlı əsərində də Ermənistanda çap olunan
anadilli qəzetlərimizdən "Rəcbər”, "Zəngi”, "Sovet Ermənistanı”, "Qızıl Şəfəq”
haqqında qısa məlumat verir.
Azərbaycan mətbuat tarixində silinməz iz qoyan "Sovet Ermənistanı”
qəzetində Tofiq Məmmədov, Lətif Hüseynov, Cümşüd Sultanov, Rza Əsgərov, Əsgər
Əsgərov, Nəcəf Şabanov, Nüsrət Sadıqov, Allahyar Rəhimov, Vidadi Quliyev kimi
peşəkar jurnalistlər də çalışıb. Tarix elmləri doktoru Sabir Əsədov, filologiya
elmləri doktoru, "Respublika” qəzetinin redaktoru Teymur Əhmədov,
şair-publisist Hidayət Orucov, Azərbaycan Dövlət Teleradio Verilişləri
Şirkətinin sədri olmuş Babək Məmmədov, Milli Məclisin üzvü olmuş Eldar Səfərov
əvvəllər "Sovet Ermənistanı” qəzetinin əməkdaşı olmuşdular.
Təəssüf ki, Sovet hakimiyyəti illərində - Ermənistan arxivləri
azərbaycanlı tədqiqatçıların üzünə qismən açıq olduğu dövrdə, İrəvanda
Azərbaycan dilində nəşr olunan mətbuatın tarixi kifayət qədər
araşdırılmamışdır. Yalnız tədqiqatçı alim İsrafil Məmmədov 1972-ci ildə
İrəvanda müdafiə etdiyi "Ermənistanda Azərbaycan mətbuatının tarixi” mövzusunda
namizədlik dissertasiyasında XX əsrin əvvəllərində İrəvanda nəşr olunan
"Lək-lək” və "Bürhani-həqiqət” jurnallarını araşdırmışdır.
Tədqiqatçı-jurnalist Qəzənfər Qəribov isə 1978-ci ildə Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsində "Ermənistanda Azərbaycan
dilində dövri mətbuat orqanlarının meydana gəlməsi haqqında” müdafiə etdiyi
diplom işində sovet hakimiyyəti illərində İrəvanda Azərbaycan dilində nəşr
edilən qəzetlərin tarixçəsini diqqətlə araşdırmışdır.
Azərbaycan mətbuat
salnaməsinin ayrılmaz parçası olan İrəvanda nəşr edilən mətbu orqanlarının
tarixinin daha dərindən araşdırılması mətbuat və mətbuatşünaslıq tariximizin
zənginləşməsinə xidmət edir. Amma bu, çox çətin bir işdir. Çünki, həmin dövrdə
nəşr olunan anadilli mətbuatımızın nüsxələri Ermənistanın arxivlərində olduğu
üçün (əgər saxlanılıbsa) onları araşdırmaq hələlik çox müşkül məsələdir.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist