İlk çərşənbə, əzəl çərşənbə, gözəl çərşənbə - su çərşənbəsi

Su həyat
mənbəyidir. Susuz yaşam olmaz. İnsanlar gündəlik ehtiyaclarını, təmizliklərini,
yeməklərini, məişətdəki hər bir işini suyun vasitəsilə edir. Gəlin köçən
qızların, səfərə, ziyarətə gedənlərin arxasınca su atmaq, su ilə yola salmaq
bir ənənədir. Yaradılışın əsası olan 4 ünsürdən (su, od, yel, torpaq) biri olan
su qədim zamanlardan bu günə kimi insanlara həyat bəxş edir, yaşamın, təbiətin
məhv olmasının qarşısını alır. Buna görə də su müqəddəs sayılır.
Həm də "Gül çərşənbə”
Qədim
türklər yaradılışın əsası olan 4 ünsürə tapınmış, onların hər birini bayram
kimi qeyd edərək, 4 çərşənbə yaratmışlar. Həmin çərşənbələrin birincisi isə Su
çərşənbəsi adlanır. Su çərşənbəsinə bəzən "ilk çərşənbə”, "əzəl çərşənbə”, "gözəl
çərşənbə”, "gül çərşənbə” də deyirlər. Ölkəmizdə Su çərşənbəsi "Kiçik çillə”
bitəndən sonra, Boz ayın ilk həftəsinin çərşənbə axşamı günü qeyd edilir. Qədim
el adətlərinə və inanclara görə, su çərşənbəsində gün çıxmamış su üstündən atılarlar,
tonqal yandırarlar. Kənd yerlərində Su çərşənbəsi günü dan ağaranda insanlar
yuxudan qalxıb axar su kənarına gedirlər. Su kənarında tonqal yandırıb,
bir-birinin üzərinə su ataraq, təbrik edirlər. Bəzi bölgələrdə, xüsusilə də
Naxçıvan MR Şərur rayonunun Dizə kəndində gənclər "sulaşma” mərasimini də icra edirlər.
Onlar özləri ilə götürdükləri qabları su ilə doldurub, su kənarına yeni gələnlərin
üzərinə ataraq "bayramınız mubarək” deyirlər. İslananlar bundan qətiyyən inciməz,
suyun onları paklaşdırdığına inandıqlarından, cavabında "aydınlığa cıxasınız”
deyərlər. Sonra hər kəs "ağırlığım, uğurluğum tökülsün bu suyun üstünə” deyərək,
suyun üstündən atılırlar. Bəzən də niyyət edib, suyun içərisindən daş götürürlər.
Bu niyyət adətən, götürüləcək daşın tək və ya cüt olması ilə müxtəlif cür
yozulur. Sonra sudan bir ovuc daş və bir qab su götürərək evə qayıdırlar. Gətirilən
daş ya azuqə qablarına qoyulur, ya da evin künclərinə atılır. Bir sonrakı
bayrama qədər orada qalır. Suyu isə həyət bacaya, evin astanasına və künclərinə
çiləyib "il boyu aydınlıq olsun” deyirlər. Əgər evdəkilərdən kimsə su kənarına
getməyibsə, həmin sudan onun üzünə çiləyərək yuxudan oyadırlar. Xəstələrə yeni
gətirilmiş çərşənbə suyundan içirdib, tez sağalması üçün yarasına həmin sudan
çiləyərlər. Körpə uşaqların əl-üzünü çərşənbə suyu ilə yuyaraq, sudan onlara da
içirdərlər. Suyun bir hissəsini də kənd yerlərində mal-qaranın üzərinə, əkin
yerinə də çiləyərlər ki, məhsul bol olsun, evin ruzi-bərəkəti artsın. Çərşənbə
suyundan qorxanların da başından bir az töküb, qorxuluğunu alarlar.
Su falları
Subay qızların su çərşənbəsi günü əyləncələrindən
biri də "su falı”na baxmaqdır. Fala baxmaq üçün sudan istifadə olunduğuna görə,
bu fala "su falı” deyilir. Bunun üçün gecə subay qızlar bir evə yığışırlar. Bu
mərasimi icra etmək üçün axar sudan - bulaqdan, yaxud çaydan əvvəlcədən "lal
su” gətirilir. Su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir
neçə adam tərəfindən müşayiət oluna bilər. Falda istifadə olunan suya ona görə
"lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə
götürəndən sonra suyu gətirib evdə su falına baxılacaq qaba tökənəcən
danışmamalıdır. Yoxsa həmin su fal üçün yaramaz.
Üzüklə su falı - Falı icra etmək üçün bir fincan (stəkan), nişan
üzüyü və bir saç teli lazımdır. "Lal su” fincanın yarısına kimi tökülür.
Nişanlı qızlardan birinin qızıl üzüyünü falına baxılacaq subay qızlardan biri
saçından ayırdığı telə (tük) keçirib, içi su ilə dolu qaba salır. Ürəyində niyyət
tutub üzüyü fincana yaxınlaşdırır. Üzük fırlanmağa başlayır və fincanın
divarlarına dəyir. Üzük hər dəfə fincanın kənarlarına dəydikcə, sayırlar. Say
neçə olursa, niyyət tutan subay qız o yaşda da gəlin gedəcək deyirlər.
İynə ilə su falı - Falı icra etmək üçün iki iynə, bir az pambıq və bir
kasa lazımdır. "Lal su” kasaya tökülür. Sonra iki iynənin ulduzlu tərəfinə bir
azca pambıq dolanır. İynənin birini falına baxılacaq subay qızın adına, digərini
o qızın istəklisi olan oğlan kimi niyyət edirlər və iynələrin hərəsini bir tərəfdən
üsulluca kasadakı suya salırlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən
mülahizələr söyləyirlər. Falın qaydalarına görə, iynələr müxtəlif tərəflərə hərəkət
etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirsə, inanırlar ki, niyyət yerinə yetəcək, adları çəkilən oğlanla
qız gələcəkdə qovuşacaq. Əgər iynələr o tərəf-bu tərəfə hərəkət edir və
bir-birinə yaxınlaşmırsa, onda deyirlər ki, bu niyyət baş tutmayacaq. İynələr
suyun dibinə çökürsə, deyirlər ki, su "lal su” deyilmiş, suyu gətirən adam
suyun üstündə kiminləsə danışıb.
Bəzək əşyaları ilə su falı - Bu falı icra etmək üçün müxtəlif bəzək əşyaları (məsələn:
üzük, sırğa, sancaq, qolbaq) və bir böyük kasa lazımdır. "Lal su” kasaya
tökülür. Falına baxılacaq hər bir subay qız özünün bir bəzək əşyasını (üzük,
sırğa, sancaq, qolbaq) kasanın içinə atır. Kasanın üstü kəlağayı və ya bir
parça ilə örtülür. Hamıdan böyük olan bir xanım vəsfi-hal (bayatı) söyləyərək
bir-bir bəzək əşyalarından birini sudan çıxarır. Məsələn, vəsfi-hal söyləyən
qadın belə bayatılar deyir:
Su gəlir, dolur çarxa,
Tökülür bizim arxa.
Burda bir yar sevmişəm,
Qardaşdan qorxa-qorxa.
Araxçının haşımı,
Hara qoyum başımı.
Məni sənə verməzlər,
Tökmə gözün yaşını.
Göydə ulduz olaydım,
Xoşbəxt bir qız olaydım.
Yar qapını döyəndə
Evdə yalqız olaydım.
Eləmi nəynən alım,
Əlifnən, beynən alım.
Yarım küsüb gedibdi,
Könlümü nəynən alım.
Söylənən
vəsfi-hal (bayatı) sudan çıxan bəzək əşyasının sahibinə aid edilərək yozulur. Bəxtinə
yaxşı söz çıxan adam ürəyində tutduğu niyyətinə çatacağına inanır.
Su ilə bağlı atalar sözləri
Su axan arxa birdə gələr.
Su axar, çuxurunu tapar.
Su hər şeyi təmizləyər, üz qaralığından başqa.
Susuz ağac bar verməz.
Suyun lal axanı, adamın yerə baxanı.
Suda boğulan saman çöpündən yapışar.
Su sənəyi suda sınar.
Sulu el abad, susuz el viran olar.
Su ilə bağlı alqışlar
Sucan ömrün olsun.
Su kimi duru olasan.
Su kimi paka çıxasan.
Su qədər əziz olasan.
Su ilə bağlı inanclar
Su kiçiyindir, yol böyüyün.
Odu su ilə söndürmək günahdır.
Su içən adamı ilan vurmaz.
Qaynar suyu yerə tökmək olmaz
Su içən adamı qəfil vurmazlar.
Yuxuda su görmək aydınlıqdır.
Səfərə çıxanın arxasınca su atarlar.
Axar murdar götürməz.
Əziz həmvətənlər,
Su Çərşənbəniz mübarək olsun! Ömrünüz su qədər saf, təmiz və aydınlıq içində
keçsin!
Əpoş Vəliyev
AMEA
Folklor İnstitutu, "Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi,
Filologiya üzrə fəlsəfə doktoru
