İdmanın strategiyası - TƏHLİL
"Gənclərimiz
ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi
dəyərlər bizim əsas sütunumuzdur... İndiki dünyada qloballaşma prosesləri gedir
və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər”
Prezident
İlham Əliyevin sentyabrın 7-də imzaladığı sərəncamla Fərid Fazil oğlu Qayıbov
Azərbaycanın yeni gənclər və idman naziri təyin edilib. Bunun ardınca dövlət
başçısı İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar
videoformatda qəbul edib. O, qarşıdakı illərdə gənclər və idman siyasəti sahəsində
gözləntiləri yeni nazirin diqqətinə çatdırıb. Qeyd edib ki, idman sahəsində
buraxılan nöqsanlar araşdırılmalı, ciddi təhlil aparılmalıdır.
İdmançı nəsillər arasında məsafə
Prezident İlham Əliyev Olimpiya Oyunlarına hazırlıq
dövründə bəzi federasiyalarda işlərin qeyri-qənaətbəxş olduğunu xatırladıb,
bütün federasiyalarda mövcud olan vəziyyətin ciddi təhlil edilməsinin zəruriliyini
vurğulayıb. Bildirib ki, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət
yetirilməlidir: "Son Olimpiya Oyunlarında medal qazananlar, əsasən bizim təcrübəli
idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin
nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər
arasında belə bir ara, məsafə yaranır? Son illərdə bütün bölgələrdə idman
obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın
idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş
edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman
bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir?
Çünki biz bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm
idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin”.
Vətənpərvərlik hissləri ön planda olmalı
Prezident İlham Əliyev idman sahəsində tərbiyə məsələlərinə
də çox ciddi diqqət yetirmək lazım olduğunu söyləyib. Deyib ki, bütövlükdə gənclərimizin
tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır: "Gənclərimiz ənənəvi dəyərlər
əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər
bizim əsas sütunumuzdur... İndiki dünyada qloballaşma prosesləri gedir və bəzi
hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni gəncləri
aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə,
bunun qarşısı alınmalıdır. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır”.
Uğurların davamlılığını təmin etmək
Ölkə başçısının yeni gənclər və idman naziri
qarşısında qoyduğu tələbləri "Kaspi” qəzetinə şərh edən Milli Məclisin Gənclər
və idman komitəsinin üzvü Cavid Osmanov bildirib ki, ötən il sentyabrın
27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində əldə etdiyi parlaq qələbədən
sonra Azərbaycan bir çox sahələrdə yeni mərhələnin başlandığını bəyan edib.
Onun sözlərinə görə, naziri qəbul edən Prezidentin gənclər və idman siyasəti
sahəsində bundan sonra görüləcək işlərlə bağlı fikirləri də bu sahədəki yeni
yanaşmadan xəbər verir: "İdman elə bir sahədir ki, hər bir ölkənin tanınmasında
çox mühüm rolu var. Bu baxımdan yanaşsaq, Prezident İlham Əliyevin yeni naziri
qəbul edərkən dilə gətirdiyi irad və təkliflər başa düşüləndir. Cənab Prezident
Azərbaycanda idmanın inkişaf etməsinə, həmçinin gənclərin inkişafına hər zaman
öz dəstəyini verib. Bu dəstəyin və uğurlu siyasətin nəticəsidir ki, azərbaycanlı
atletlər indiyə qədər keçirilən bir çox idman yarışlarında uğurlu nəticələr əldə
ediblər. Bu uğurların davamlı olmasını təmin etmək gərəkdir. Təhsil, elm, səhiyyə
və digər sahələrdə müxtəlif uğurlara imza atan gənclərimiz nəinki Azərbaycanda,
eləcə də dünyanın bir çox ölkələrində fəaliyyət göstərirlər”.
Milli-mənəvi ruhda tərbiyə
Millət vəkili söyləyib ki, gənclərimizin,
idmançılarımızın milli-mənəvi ruhda tərbiyə olunması, dəyərlərimizə sahib
çıxması üçün indiyə qədər bir çox işlər görülüb. Onun qənaətincə, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin
44 gün ərzində Ermənistan ordusunu darmadağın etməsi, işğal altında saxlanılan ərazilərimizi
azad etməsi buna əyani misaldır: "Silahlı Qüvvələrimizin sıralarında yer alan əsgər,
çavuş, gizir və zabitin hər biri Vətəninə, millətinə, ölkəsinə, milli-mənəvi dəyərlərimizə
son dərəcə bağlı olan vətəndaşlardır. Onların bir çoxu dünənki, bir qismi isə
bugünkü gənclərdir. Ordumuzun şəxsi heyəti döyüş meydanında öz vətənpərvərliyini
ən yüksək səviyyədə nümayiş etdirib, düşmənə layiqli yerini göstərib. Böyüməkdə
olan gənc nəslin də bu cür – vətənpərvərlik ruhunda tərbiyə olunması mütləqdir,
vacibdir. Yeni naziri qəbul edən ölkə başçısı bu istiqamətdə də müvafiq
tapşırıqlar verdi”.
Yad təsirlərə məruz qalmamaq
Azərbaycanın dünyada müstəqil siyasət yürüdən ölkələrdən
biri olduğunu diqqətə çatdıran deputat bildirib ki, bu, bəlli güc mərkəzlərini,
beynəlxalq dairələri qıcıqlandırır: "Onlar müxtəlif yollarla Azərbaycana təzyiq
və təsir göstərmək, öz iradələrini ölkəmizə yeritmək, şərtlərini diktə etmək
istəyirlər. Bu zaman gənclərdən istifadə etməyə, onlardan hansısa məqsədlər
naminə yararlanmağa çalışırlar. İndiyə qədər dəfələrlə belə cəhdlər olub.
Xarici qüvvələrin daxilimizdə olan əlaltıları, antimilli fəaliyyət göstərən
qruplar, qaragüruhçular vasitəsilə gənclərimizi ələ almağa müxtəlif cəhdlər
göstəriblər. Xarici dairələr gənclərimizin beyinlərini "yeyib” müstəqil, sabit,
demokratik şəkildə inkişaf edən Azərbaycanda xaos yaratmaq, bununla ölkəmiz üzərində
öz geosiyasi maraqlarını təmin etmək istəyiblər. Azərbaycanı bu kimi yollarla təsir
dairəsinə salmağa çalışıblar. Müasir dövrümüzdə də belə cəhdlərə rast gəlinir.
Məhz buna görə də Prezident İlham Əliyev gənclərin milli-mənəvi dəyərlərə
sadiq, vətənpərvər ruhda tərbiyə olunmasının, xarici təsirlərin altına düşməməsinin
vacibliyini diqqətə çatdırıb”.
Rufik İSMAYILOV