• cümə, 19 Aprel, 03:54
  • Baku Bakı 18°C

Hikkəli siyasətin sonu - TƏHLİL

27.11.21 09:00 1010
Hikkəli siyasətin sonu - TƏHLİL
Politoloqların fikrincə, İran Azərbaycana qarşı əvvəllər tutduğu mövqedən çəkildikcə, daha konstruktiv fəaliyyət ortaya qoyacaq. İrana qarşı tətbiq edilən sanksiyalar da bu ölkəni regional əməkdaşlığa can atmağa məcbur edir.
Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan bir müddət sonra qonşu İran İslam Respublikasından ölkəmiz ünvanına heç bir əsası olmayan ittihamlar səsləndirildi. Zəfər Gününün ildönümü yaxınlaşdıqca, Tehran-Bakı münasibətlərində gərginlik yenidən artdı. İran hansısa əyalət mollasının dili ilə gah Azərbaycanı hədələdi, gah da Gorus-Qafan yolunun ölkəmizdən keçən hissəsi ilə Xankəndidəki separatçılara qeyri-müəyyən yüklər daşıdı. Bununla rəsmi Tehran regiondakı yeni reallıqla barışmayaraq qeyri-səmimi münasibət sərgilədi.


Avrasiya materikində yeni hədəflərə doğru

Son vaxtlar isə İranın mövqeyində dəyişiklik hiss olunur. Rəsmi Tehran iki ölkə arasındakı gərginliyi azaltmağa yönələn açıqlamalar verir. Maraqlıdır, İranın mövqeyindəki bu yumşalma nə ilə əlaqədardır? Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən politoloq Məhəmməd Əsədullazadəbildirdi ki, Azərbaycanın ikinci Qarabağ savaşında zəfər əldə etməsi regionda yeni geosiyasi və geoiqtisadi nizam formalaşdırıb. Onun sözlərinə görə, regionda cərəyan edən proseslərdə Türkiyənin rolu xüsusilə diqqət çəkir. Politoloq vurğuladı ki, Türkiyə-Azərbaycan kombinasiyası əsas moderator olub: "Avrasiya materikində yeni hədəflərə doğru irəliləyiş prosesi başlayıb. Avropanı Asiya ilə birləşdirəcək Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun siyasi nizamını müsbət istiqamətə yönəldəcək. Bu faktorlar qarşısında qalan İran Qarabağ savaşında Azərbaycanın qələbəsini qəbul etmək istəmirdi. Rəsmi Tehran üzdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, reallıqda çalışırdı ki, Qarabağ münaqişəsi həllini tapmasın”.


Regional siyasi-iqtisadi inteqrasiya

Politoloq söylədi ki, bütün bunlar, xüsusən də Azərbaycan və Türkiyənin mövqeyinin güclənməsi, regional siyasi-iqtisadi inteqrasiyanı özündə əks etdirən 3+3 formatında əməkdaşlıq təşəbbüsü İranı ciddi narahat edir: "Rəsmi Tehran destruktiv, qeyri-səmimi regional siyasətin nəticəsi olaraq, regiondakı yeni reallıqları qəbul etmək istəmirdi. Lakin Azərbaycanın haqlı və prinsipial mövqeyi, aparılan danışıqlar, Rusiya və Türkiyənin proseslərdəki rolu İranı geri addım atmağa məcbur etdi. Rəsmi Tehranın təzyiq və təhdid siyasəti heç bir səmərə vermədi. Azərbaycanla münasibətləri gərginləşdirmək İranın öz əleyhinə işləyirdi. Məhz buna görə də, ölkəmizlə münasibətləri normallaşdırmaq istiqamətində addımlar atıldı. Yalnız buy yolla və regional əməkdaşlıqda iştirak etməklə İran beynəlxalq sanksiyalardan yayına, iqtisadi inkişafa nail ola, Azərbaycanla birgə iqtisadi layihələri reallaşdıra bilər. Düşünürəm ki, gələcəkdə prezidentlərin görüşü zamanı qarşılıqlı münasibətlərin, regional iqtisadi, siyasi əlaqələrin inkişaf etdirilməsi əsas müzakirə mövzusu olacaq. Bu istiqamətdə razılığa gəlinməsi gözləniləndir. Bununla yanaşı, Azərbaycan İranın siyasətini daim izləməli, Türkiyə ilə siyasi, iqtisadi, hərbi əlaqələri daha da inkişaf etdirməli, hansısa region dövlətinin gələcəkdə ölkəmizə qarşı yönələ biləcək təzyiq siyasətini bu yolla neytrallaşdırmalıdır”.


Tehran səhvlərini anladı

Politoloq Sədrəddin Soltan qəzetimizə açıqlamasında dedi ki, İranın Azərbaycanla bağlı yaratdığı süni gərginlik hazırkı dönəm üçün başa çatıb. Onun sözlərinə görə, ehtimal etmək olmaz ki, İran gələcəkdə hansısa bəhanə ilə Azərbaycana qarşı yeni iddialarla çıxış etməyəcək: "İranın Azərbaycan əleyhinə atdığı addımlarla bir daha sübut etdi ki, rəsmi Bakının tutduğu mövqe düzgündür. Azərbaycanda İranın iddia etdiyi kimi xarici ölkələrin, o cümlədən İsrailin qanunsuz hərbi qulluqçusu yoxdur. Bundan başqa, sübut olundu ki, İran tərəfi Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərib, qeyri-qanuni şəkildə ölkəmizdən keçməklə Ermənistana giriş-çıxış edib. Azərbaycan tərəfinin haqlı etirazlarından sonra rəsmi Tehran səhvlərini anladı, gərginliyin onun öz əleyhinə işləyəcəyini dərk etdi. Bunun ardınca, Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün addımlar atdı. İlk növbədə Tehran rəsmiləri Bakıya gəldi. Ardınca İran prezidenti, xarici işlər naziri mehriban qonşuluq siyasətini, ikitərəfli əlaqələri davam və inkişaf etdirmək istiqamətində açıqlamalar verdilər. Zəfər Günü ilə bağlı Azərbaycan xalqına və dövlət başçısına təbriklər ünvanladılar. Bununla İran, vaxtilə Azərbaycana qarşı yanlış addımlar atdığını etiraf etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandan, o cümlədən Qarabağdan İrana çağırışları da Tehran-Bakı münasibətlərinin yaxşılaşmasına, gələcək inkişafına təsirsiz ötüşmədi”.


Avropaya açılan pəncərə

Politoloq vurğuladı ki, hazırda İran Azərbaycanla əməkdaşlığın faydalı olduğunu dərk edir: "Tehran 3+3 formatında əməkdaşlığa hazır olduğunu bəyan edib. Perspektivdə İran Azərbaycana qarşı tutduğu mövqedən çəkiləcək, daha konstruktiv və gerçəkçi fəaliyyət ortaya qoyacaq. Tehran anlayır ki, Azərbaycana qarşı hikkəli siyasət yürütmək effekt verməyəcək. Bundan başqa, İrana qarşı tətbiq edilən sanksiyalar da bu ölkəni regional əməkdaşlığa can atmağa məcbur edir. Ermənistan bazarı Rusiya tərəfindən zəbt edildiyindən, İrana burada geniş yer yoxdur. Ancaq İranın Azərbaycanla yaxşı ticarət əlaqəsi qurması, ölkəmiz üzərindən beynəlxalq bazara çıxması mümkündür. Odur ki, İran Azərbaycanla əlaqələrə, əməkdaşlığa üstünlük verir. Baş nazirin müavini Şahin Mustafayevin bu günlərdə Tehrana səfəri, orada keçirdiyi görüşlər onu deməyə əsas verir ki, İran üçün Azərbaycan həm də Avropaya açılan bir pəncərədir. İran Azərbaycanın nəqliyyat, enerji və sair infrastruktur layihələrindən yararlanmaq istəyir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər