Deputatlar hesab
edir ki, bu addım Azərbaycan hökumətinin aztəminatlı ailələrə qayğı və
diqqətinin növbəti təzahürüdür
Bütün dünyada koronavirus (COVİD-19) pandemiyası
ilə bağlı sosial-iqtisadi çətinliklər yaşanır. Hətta ən inkişaf etmiş ölkələr
belə mövcud təhlükə ilə bağlı əhalinin sağlamlığının qorunması ilə yanaşı, həm
də onların qarşılaşdıqları problemlərin həllinə cəhd göstərir. Azərbaycanda da
koronavirus təhlükəsi ilə bağlı sosial və iqtisadi sahədə tədbirlər planı
həyata keçirilir. Bu tədbirlər planı bir çox sahələri, o cümlədən təhsil
sahəsini də əhatə edir. Belə ki, sosial baxımdan həssas əhali qrupuna aid
edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək.
Bu, Nazirlər Kabinetinin "Koronavirus
(COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm
bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının
iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və
sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra
tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19
mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər
Planı"nda əksini tapıb. Sənədə əsasən, bu məqsədlə 40 milyon manat ayrılıb
və Maliyyə Nazirliyinə 2020-ci il ərzində bu tədbirin həyata keçirilməsi ilə
bağlı göstəriş verilib.
"Kaspi” qəzetinin məlumatına görə, təhsil nazirinin müşaviri Elnur Məmmədov
mövzu ilə bağlı bildirib ki, Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il
tarixində təsdiq edilmiş "Tədbirlər Planı”na əsasən, sosial baxımdan həssas
əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı
xərclərinin ödənilməsi üçün 40 milyon manat məbləğində kompensasiya nəzərdə
tutulub: "Bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə nazirlikləri,
icra müddəti isə 2020-ci il müəyyən edilib. Təbii olaraq, bu tədbirin konkret
olaraq hansı ailələrin üzvü olan tələbələrə aid olmasına və təhsil haqqının
hansı şərtlərlə ödənilməsinə dair hazırda sosial mediada çoxsaylı suallar
verilir, rəy və mülahizələr irəli sürülür. Bəzi hallarda verilən suallara
şərhlərdə konkret cavablar da verilir (bu sizə aiddir/aid deyil, artıq
ödənilmiş məbləğ nəzərə alınacaq/alınmayacaq, yalnız ali təhsilə aiddir və
sair).
Hazırda sərəncamdan irəli gələn məsələlər müzakirə
olunur və qərar layihəsi üzərində iş gedir. Qərar qəbul və elan ediləndən sonra
verilən bütün suallara dəqiq cavab vermək mümkün olacaq”.
Milli Məclisin
deputatı Ceyhun Məmmədov bildirdi ki, bu addım Azərbaycan
hökumətinin aztəminatlı ailələrə qayğı və diqqətinin növbəti təzahürüdür: "Dövlət
hər zamankı kimi, vətəndaşının yanındadır, diqqət və qayğısını ondan əsirgəmir.
Bildiyiniz kimi, koronovirus (COVİD-19) infeksiyasının sürətlə yayılması dünya
ölkələrinin, o cümlədən Azərbaycanın da iqtisadiyyatına ciddi təsir etdi. Belə
vəziyyətdə bəzi imkansız ailələrin övladlarının təhsilində müəyyən çətinliklər
yarana bilərdi. Dövlət aztəminatlı ailələrin bu prosesdən əziyyət çəkməməsi
üçün bir sıra ciddi qərarlar qəbul etdi, zəruri tədbirlər həyata keçirdi. Bu
baxımdan, həmin qərarın qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır.
Onu da qeyd etməliyik ki, son illər Azərbaycanda
təhsil sistemində ciddi islahatlar həyata keçirilir, bu sahəyə diqqət və qayğı
daha da artırılır. Bu qərarın qəbul edilməsi imkansız ailələrin övladlarının
təhsilinə və təhsil prosesinə öz töhfəsini verəcək”.
Millət vəkili
Tamam Cəfərova bildirdi ki, bir neçə gün öncə Azərbaycan
iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və
sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı bir sıra
tədbirlər haqqında Prezident İlham Əliyev sərəncam imzaladı: "Bu sərəncamda
sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin
təhsil haqqı xərclərinin ödənilməsi məsələsi də var. Bildiyiniz kimi,
koronavirus bütün dünya iqtisadiyyatına ciddi təsirlər göstərməkdədir və göstəricilər
ən nüfuzlu ölkələrdə belə kəskin şəkildə azalmağa doğru gedir. Təəssüf ki, bu
qlobal bəlanın qarşısını yalnız evdə qalmaqla, dövlətin apardığı izolyasiya və
məhdudlaşdırıcı tədbirlərə əhalinin ciddi əməl etməsi şərti ilə almaq olar.
Belə olan halda, aztəminatlı ailələr daha çox əziyyət çəkirlər. Koronavirus
pandemiyası səbəbi ilə Azərbaycan əhalisinin maddi vəziyyətinin dəstəklənməsi
üçün hazırlanan sosial paketdə həssas əhali qrupuna aid edilən ailələrin üzvü
olan tələbələr də nəzərə alınıb”.
T.Cəfərova qeyd etdi ki, bu paketdə sosial baxımdan
həssas əhali qrupuna təkcə maddi dəstək deyil, eləcə də həmin şəxslərin
övladlarının təhsil xərclərinin ödənilməsi də nəzərdə tutulub: "Dövlət başçısı
bu həssas məqamda tələbələri də unutmadı. Cənab Prezident təkcə insanların
sosial məsələlərini deyil, o cümlədən tələbələrin təhsilini yüksək səviyyədə
davam etdirmələrini də düşünür. Bu qərarlar dövlət başçısının təhsilə nə qədər
böyük önəm verdiyini göstərir. Xatırlatmaq istəyirəm ki, cənab Prezident 2019-cu
ildə tələbələrin təqaüdlərinin, o cümlədən təqaüd alan tələbələrin sayının
artırılması ilə də bağlı sərəncamlar imzalamışdı. Bundan başqa, dövlət
başçısının digər sərəncamı ilə I və II dərəcə əlilliyi olan şəxslərin, habelə
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil
haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi qərara alınmışdı. Bütün bu
qərarlar özlüyündə tələbələrin sosial yükünün azaldılması baxımından çox mühüm
əhəmiyyətə malikdir. Pandemiya bitdikdən sonra aztəminatlı ailələrdən olan
tələbələr təhsil haqqı xərclərini necə ödəyəcəklərini düşünməkdən daha çox, öz
dərslərinə vaxt ayıra biləcəklər. Bu da onların təhsilində göstəricilərinin
yüksəlməsinə gətirib çıxaracaq”.