• bazar ertəsi, 07 iyul, 09:19
  • Baku Bakı 23°C

Həsən bəy Zərdabi yaradıcılığına dair dəyərli əsər

20.09.16 15:15 8679
Həsən bəy Zərdabi yaradıcılığına dair dəyərli əsər
Sön dövrlərdə milli mətbuatımızın banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabinin həyat və yaradıcılığına dair bir sıra dəyərli elmi, elmi-publisistik, bədii əsərlər meydana çıxmışdır. Tarix üzrə fəlsəfə doktoru, Ali Media Mükafatçısı Esmira Cavadova uzun illərdir ki, H.Zərdabi irsinin tədqiqi ilə məşğuldur. Onun 2012-ci ildə işıq üzü görmüş "Həsən bəy Zərdabinin etnoqrafik görüşləri” kitabı Həsən bəyin fəaliyyətinin araşdırmadan kənarda qalmış bir sahəsini əhatə edir. Esmira xanım 2015-ci ildə H.Zərdabinin Bakı şəhər dumasındakı fəaliyyətini (1897-1907) işıqlandıran iri həcmli maraqlı bir kitab çap etdirmişdir. Burada milli mətbuatımızın banisinin iştirak etdiyi Bakı şəhər duması iclaslarının stenoqrafik hesabatları, Həsən bəyin çıxışlarının mətnləri verilir, bir daha onun ömrünün son günlərinə qədər xalqının mənafeyi uğrunda əlindən gələni əsirgəməyən bir ziyalı olduğu sübut edilir. E.Cavadovanın tərtib etdiyi son kitab "Həsən bəy Zərdabi (Məlikov). Elmi-köməkçi biblioqrafik göstərici” adlanır. Burada böyük mütəfəkkirin həyat və fəaliyyəti ilə bağlı nəşr olunan bütün materiallar-əsərləri, məqalələri, dəyərli fikirləri, habelə onun barəsində yazılan kitablar, məqalələr, dissertasiyalar, şeirlər barədə məlumat verilmişdir.
Bütün şüurlu həyatını Azərbaycan xalqının maariflənməsi işinə həsr etmiş Həsən bəy Zərdabi ilə bağlı elmi-biblioqrafik göstərici Azərbaycanın ilk milli mətbuat orqanı olan "Əkinçi” qəzetinin (1875-1877) 140 illik yubileyinə töhfə olaraq tərtib olunmuşdur. Biblioqrafik göstəriciyə H.Zərdabinin həyat və fəaliyyəti ilə bağlı respublikamızın kitabxana və arxivlərində saxlanan, kataloq və kartotekalarda əks olunan bütün materiallar daxil edilmişdir. Həsən bəyin yaşadığı dövrdə onun Azərbaycandan kənarda müxtəlif dövri nəşrlərdə çap etdirdiyi məqalələri haqqında məlumatlar qismən də olsa əldə edilərək göstəriciyə daxil edilmişdir. E.Cavadovanın kitaba ön söz kimi yazdığı "Millət fədaisi Həsən bəy Zərdabi” adlı məqaləsində böyük ziyalı, pedaqoq, xeyriyyəçi, naşir, publisist, maarifçi-demokrat, təbiətşünas, torpaqşünas, filosof, iqtisadçı, xalq məişətinin gözəl bilicisi olan Həsən bəyin mənalı ömür yolu bir daha nəzərdən keçirilmişdir. Kitabda H.Zərdabinin həyatının əsas tarixləri ayrıca olaraq verilmişdir. Burada göstərilir ki, bəzi tədqiqatçıların fərqli tarix verməsinə baxmayaraq, Həsən bəy 1842-ci ildə Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində dünyaya gəlmişdir. İlk təhsilini kənd mollaxanasında almış, 1849-1852-ci illərdə Şamaxıdakı dörd sinifli rus məktəbində, 1858-1861-ci illərdə I Tiflis gimnaziyasında oxumus, buranı gümüş medalla bitirmişdir. Həsən bəy 1861-1865-ci illərdə Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsinin Təbiiyyat şöbəsində oxumuş, təhsilini qurtararkən ona təbiiyyat elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Burada böyük mütəfəkkirin həyatına, fəaliyyətinə dair dəyərli məlumatlar diqqəti cəlb edir. Məsələn, öyrənirik ki, "Əkinçi” qəzeti bağlandıqdan sonra Zərdabi 1898-1907-ci illərdə Bakıda rus dilində çıxan "Kaspi” qəzetinin 608 sayına redaktorluq etmişdir.
Kitaba Həsən bəyin bir sıra dəyərli kəlamları, hikmətamiz fikirləri salınmışdır. Milli mətbuatımızın banisi öz həyat yolu, həyat mübarizəsi barədə belə deyib: "Mən bütün günümü avamlıq, zülmət aləminə işıq şüaları gətirməyə sərf etmişəm”. Ömrünün son günlərində böyük fədakar ziyalı öz dəfni barədə bu sözləri demişdir: "Sizdən xahiş edirəm: təntənəli dəfn mərasimi düzətməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar!” Bu sözlər böyük ziyalının həyat və mübarizəsi barədə bütün sənədlərdən daha artıq söz deyir. Həsən bəy həyatının hər bir dəqiqəsini xalqının tərəqqisinə həsr etmişdir. Görkəmli mədəniyyət xadimlərinin H.Zərdabi barədə fikirləri də maraq doğurur. Onun haqqında Əli bəy Hüseynzadə belə demişdir: "Aləmi-islam bir qaranlıq içərisində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışmışdır. O məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi”. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli ömrünü təmənnasız olaraq xalqına, xalq maarifinə həsr etmiş Həsən bəy barədə deyib: "Geniş həyat təcrübəsi və fitri istedada malik Həsən bəy Zərdabi daha çox milli məktəblərimizin təbii ehtiyac və tələbatlarına diqqət yetirirdi. O, boş və gurultulu sözləri, həyatla az tanış olan bəzi gənc pedaqoqların birtərəfli nitqlərini sevmirdi. Bununla belə, böyük səbr nümayiş etdirərək başqalarının fikirlərinə böyük hörmətlə yanaşırdı”.
Kitaba Seyid Əzim Şirvani, Həsən Əlqədari, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi və Abdulla Şaiqin böyük mütəfəkkirə həsr etdiyi şeirlər də daxil edilibdir.
Biblioqrafik göstəricidə H.Zərdabinin kitab və məqalələri barədə məlumatlar da böyük maraq doğurur. Məlum olduğu kimi, Həsən bəy "Əkinçi” qəzetində getmiş bir sıra yazılarını imzalamamışdır. Sonrakı dövrlərdə onun ayrı-ayrı mətbuat orqanlarında, rusca çıxan "Kaspi” qəzetində dərc edilən məqalələri müxtəlif imzalarla getmişdir. Bütün bunları dəqiqləşdirmək Zərdabinin irsi barədə elmi fikir söyləmək baxımından böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, kitabda sadəcə əsərlərin adı göstərilməmiş, onların məzmunu barədə də məlumat verilmişdir. Həsən bəyin arxivlərdə, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan məktublarının ayrıca siyahısı tutulmuşdur.
Bildiyimiz kimi, Həsən bəy Zərdabinin həyat və fəaliyyətinin ən müxtəlif istiqamətləri barədə tədqiqatçılar çoxsaylı məqalə, kitab və dissertasiyalar yazmışlar. Məsələn, filologiya elmləri doktoru, professor Cənnət Nağıyeva 2012-ci ildə Zərdabinin Əlyazmalar İnstitutunda saxlanan arxivinin təsvirini bir kitab halında çap etdirib. 2005-ci ildə E.Ə.Həsənovun "Həsən bəy Zərdabi Azərbaycanda yer quruluşu elminin və torpaq islahatının banisidir” adlı kitabı çapdan çıxıb. Bütün bu əsərlər barədə biblioqrafik məlumat verilməsinin araşdırıcılar üçün çox faydalı olacağına əminik. Sonda H.Zərdabinin və onun haqqında yazan müəlliflərin əsərlərinin əlifba göstəricisi Azərbaycan və rus dillərində verilmişdir. Kitaba böyük maarif və mədəniyyət xadiminə aid fotolar da salınıb. Kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli, redaktoru filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Esmira Cavadovanın çap etdirdiyi "Həsən bəy Zərdabi (Məlikov). Elmi-köməkçi biblioqrafik göstərici” kitabı gərgin tədqiqatçı əməyinin məhsuludur. İnanırıq ki, bu toplu zərdabişünaslığın inkişafına öz töhfəsini verəcəkdir.
Paşa Əlioğlu,
Filologiya elmləri doktoru
banner

Oxşar Xəbərlər