Görkəmli şəxsiyyətin layiqli davamçısı: Məmmədəli Sidqi - 130

Maarifçi və pedaqoq Məhəmməd Tağı Sidqinin ailəsində
dünyaya göz açan Məmmədəli Sidqi (1888-1956) XX yüzilliyin sayılıb-seçilən
nümayəndələrindəndir. Dövrün tanınmış adamları Kərbəlayi Nəsrulla Şeyxov, Mirzə
Nəsrulla Əmirov, Məşədi Qurbanəli Şərifov, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa
Şahtaxtinski, Şahbaz ağa Kəngərlinski və başqaları Məhəmməd Tağı Sidqinin ən
yaxın dostları idi. O, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Əlisgəndər
Cəfərov və Nəriman Nərimanovla əlaqə saxlayırdı. İrandan, Türkiyədən,
Baxçasaraydan və digər yerlərdən aldığı fars və türk dillərində olan qəzet və məcmuələri
diqqətlə oxuyardı. Oğlu Məmmədəli Sidqi xatirələrində yazırd: "Atamın yaxın
dostları, Naxçıvanın ziyalıları gecələr atamın ikinci mərtəbədə olan otağına
yığışıb çox vaxt səhərə yaxın dağılışardı. Atam çox şirinsöhbət olduğuna görə,
bizə yığışmaqdan əlavə, hər gecə atamı dəxi onlar öz evlərinə dəvət edərlərdi”.
Belə bir mühitdə böyüyən Məmmədəli Sidqidə hələ uşaq vaxtlarından ədəbiyyata həvəs
və məhəbbət olmuşdur. O, ilk təhsilini Naxçıvanda atası Məhəmməd Tağı Sidqinin
təşəbbüsü ilə açılmış "Məktəbi-tərbiyə”də almışdır. Sonra təhsilini Naxçıvan şəhər
rus-tatar məktəbində davam etdirmişdir. Hüseyn Cavid, Əliqulu Qəmküsar, İbrahim
Əbilov, Əli Səbri Məmmədəli Sidqinin məktəb yoldaşları olmuşlar.
1906-cı ildə məktəbi bitirdikdən
sonra Sidqi əvvəlcə "Məktəbi-tərbiyə”də, daha sonra Naxçıvan kəndlərində müəllimlik
etmişdir.
"Molla
Nəsrəddin” Məmmədəli Sidqinin Əliqulu Qəmküsar ilə birlikdə Naxçıvandan göndərdikləri
yazıları dərc edirdi. Buna görə də hər ikisi nəzarət altına alınmışdı. 1910-cu
il iyun ayının birindən Məmmədəli Sidqi
vəzifəsindən kənar edilir.
Məhz
belə bir vaxtda, 1910-cu il iyun ayının 9-da Cəlil Məmmədquluzadə Tiflisdən Məmmədəli
Sidqiyə məktub göndərir: "Əzizim Məmmədəli! Mən bu ovqat kəndə getməliyəm və
burada bir adam lazımdır ki, "Molla Nəsrəddin”i idarə eləsin. Əgər yay fəsli, yəni
iki ay gəlib Tiflisdə qala bilsəniz... Tez gəliniz Tiflisə və bunu da biliniz
ki, burada, bizim evdə yeyib-içəcəksiniz və bir qədər də xərclik hər ay evə
göndərə biləcəksiniz. Qədərini indi müəyyən edə bilmədim, amma güman edirəm ki,
narazı olmazsınız. Əgər iki aydan sonra Tiflisdə qalmaq istəsəniz, bəlkə yenə
idarədə qalasınız. Bunu da biliniz ki, burada bizim uşaqlara dərs verə bilərsiniz.
Bura gələndən sonra hər bir şey müəyyən olar. Amma güman edirəm ki, "Molla Nəsrəddin”
işlərində mənə yaxşı köməkçi ola biləsiniz. Əgər mərhum Sidqi bəradərimin oğlu
ilə gələcəkdə dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm.”
Beləliklə,
M.Ə.Sidqi iyul ayında Tiflisə gəlib jurnalın mühərrirliyini öhdəsinə götürür.
O, 1911-ci ilin sonlarınadək "Molla Nəsrəddin”in müvəqqəti redaktoru olsa da,
sonrakı illərdə də məcmuənin nəşrində və yayılmasında yaxından iştirak
etmişdir. Məlumdur ki, "Molla Nəsrəddin” Cənubi Qafqaz şəhərlərindən başqa Orta
Asiya, Türkiyə, İran, Mərkəzi Rusiyanın bir çox şəhərlərinə göndərilirdi. Bu
işdə də M.Ə.Sidqinin xidmətlərini qeyd etməmək olmaz. Cəlil Məmmədquluzadənin
Sidqiyə ünvanladığı 7 mart 1912-ci il, 11 yanvar 1915-ci il, 10 fevral, 17
sentyabr 1917-ci il tarixli məktublarını nəzərdən keçirmək kifayətdir ki, deyilənlər
bir daha təsdiq olunsun.
1912-ci ildə Məmmədəli Sidqi Aşqabada gedərək
orada müəllimlik edir. Bir il sonra 1913-cü ilin iyun ayında o, Bakıya gəlir və
Əmircan kəndində müəllim və məktəb müdiri vəzifəsində çalışır. M.Ə.Sidqi
1915-ci ildə "Açıq söz” qəzetində işləməyə başlayır. Sonralar həmin qəzet "Azərbaycan
kommunisti” adı ilə dərc olunur və Sidqi 1943-cü ilədək orada fəaliyyət göstərir.
1944-cü ildə isə "Vətən yolunda” qəzetində işləmək üçün Sidqi İrana göndərilir.
1952-ci ildə "Sumqayıt işçisi” qəzeti dərc olunmağa başladıqda o, Sumqayıta gəlmiş
və həmin qəzetdə ömrünün sonunadək fəaliyyət göstərmişdir.
Məmmədəli
Sidqi "Molla Nəsrəddin”, "Babayi-əmir”, "Zənbur” məcmuələrində, "Açıq söz”, "Bəsirət”,
"İttifaqi-tərəqqi”, "Sədayi-həqq”, "Həqiqət”, "Bakı”, "Kaspi”, "Azərbaycan”,
"Kommunist”, "Vətən yolunda”, "Sumqayıt işçisi” və s. qəzetlərdə "Mozalan”,
"Şeypur”, "Qəmiş” və digər imzalarla məqalələr yazırdı. O, Naxçıvanda, Tiflisdə,
Bakıda mətbuatla yanaşı teatr sahəsində də çalışmış, suflyor, aktyor və müdir
müavini vəzifələrində işləmişdir.
AMEA
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində Məmmədəli Sidqinin şəxsi
arxivi saxlanılır. Arxivdə Məmmədəli Sidqinin hekayə, pyes, məqalə və xatirələrinin
avtoqraf nüsxələri, tərcümeyi-hal sənədləri, ailəvi sənədlər, müxtəlif şəxslərin
Məmmədəliyə Sidqiyə məktubları, Məhəmməd Tağı Sidqiyə aid sənədlər və s.
mühafizə edilir.
Sidqinin
tərcümeyi-hal və xatirələri həm özünün, həm də atası Məhəmməd Tağı Sidqinin həyat
və fəaliyyəti haqqında məlumatı səhih mənbədən əldə etməyə imkan verir. Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir kimi dövrün görkəmli nümayəndələri ilə ünsiyyətdə olan Məmmədəli
Sidqi bu nümunələrdə sözügedən şəxsiyyətlərlə bağlı xatirələrini yada salır.
Onun M.Ə.Sabir haqqında xatirəsi şairin yaradıcılığının bəzi məqamlarının
canlandırılmasında əhəmiyyətli nümunələrdən sayıla bilər.
Arxivdə
Məmmədəli Sidqiyə ünvanlanan məktublar üstünlük təşkil edir. Görkəmli adamların
Məmmədəli Sidqiyə məktublarında onların şəxsi keyfiyyətləri, Sidqiyə olan səmimi
münasibəti ilə yanaşı iqtisadi, siyasi məsələlər
də işıqlandırılmışdır.
Tanınmış
şəxsiyyətlərin həyat və fəaliyyətinin, yaradıcılıq əlaqələrinin öyrənilməsində,
dövrün ictimai-siyasi, iqtisadi durumunun canlandırılmasında məktubların əhəmiyyəti
əvəzsizdir. Məktublaşma qədim və zəngin ənənəyə malikdir. Şəxsi məktublar gündəliklər
kimi asanlıqla memuar hekayəsi şəklini ala bilər. Şəxsi yazışmalarda ikitərəfli
münasibətlər bu günlə əlaqələndirilir. Bu, çoxlu sayda maraqlarla və gündəlik həyatda
baş verən hadisələrin reallaşması ilə zəngindir. Çünki məktub müəllifi ünvan
sahibini mövzusu hər iki yazışan üçün aktual olan çağdaş varlığın olayları ilə
xəbərdar edir. Məktubların onları yazanların şəxsi keyfiyyətlərinin
işıqlandırılmasında müstəsna əhəmiyyəti vardır. Bu cəhətdən məktublar, qeyd
edildiyi kimi, gündəliklərə daha yaxındır. Çünki burada uzaq keçmişin olayları
deyil, çağdaş zamanın, bu günün hadisələri izlənilir.
Məmmədəli
Sidqinin də şəxsi arxivinin əsas hissəsini məktublar – epistolyar nümunələr təşkil
edir. Cabbar Əsgərzadə, Cəlil Mirzəyev, Firidun bəy Köçərli, İsmayıl Həqqi,
Hüseyn Minasazov, İsa bəy Aşurbəyov, Həbib Yusifov, Məmməd Əkbər, Əziz Şərif, Əziz
Mirəhmədov və başqalarının Məmmədəli Sidqiyə ünvanladıqları məktublarda həm
onların şəxsi keyfiyyətləri əks olunmuşdur, həm də dövrün ictimai-siyasi, ədəbi-tarixi olayları
canlandırılmışdır.
Cabbar
Əsgərzadə məktublarında "Kəlniyyət”, "İqbal”, "Dirilik” və digər qəzet, məcmuələrin
durumu, dövrün ziyalıları Salman Mümtaz, Əliqulu Qəmküsar, Seyid Hüseyn, Zülfüqar
Hacıbəyov, Hüseyn Minasazov, Mirzağa Əliyev və başqaları haqqında fikirlərini
M.Ə.Sidqi ilə paylaşır. Nəşr etdirdiyi "Qızıllı yarpaq” kitabının satılmasında
ona kömək etməsini və kitab haqqında rəyini bildirməsini xahiş edir.
Ərəb,
fars tərkibli sözlərdən azad sadə danışıq dilinə üstünlük verən Cabbar Əsgərzadə
bəzi ziyalıların, özü də daxil olmaqla, yazılarında yabançı ifadələrin olduğunu
təəssüf hissi ilə qeyd edir. 1913-cü il dekabr ayının 4-də yazdığı məktubunda
fikirlərini 24 misralıq şeirlə bildirir:
Mən həqiqətdə türk desəm özümə
Qalıram mat özüm də
öz sözümə.
Var isə gər cahanda
türklük ikən
Niyə bəs yoxdu sadə
türk dili?
Beş sözün yarısı
fars, yarısı ərəb
Türk dili demədə nədir
mətləb?
Bir ədibin kəlamına
baxsan,
Axtarıb türk dilin
seçib çıxsan,
İki pay fars, üç pay ərəbi
Türk dili qoymağın nədir
səbəbi.
Beş söz olmaqla türk
dili olsa,
Nə deyim bilmirəm ərəb,
farsa.
Yaraşar söyləsək ərəbi,
farsı.
Çünki türkcə deyil
onun yarısı.
Gər desək bir böylə
dilə türki
Bizə əfzəldi o dilin
türki.
Müştərək bir dilə əgər
üdəba
Lütf edib türk dili
adı qoysa
Bunu bən hər zaman xəta
sanıram.
Bilmirəm qanmıram və
ya qanıram.
Gər çəkərsəm təəssübün
elmin
Qədrini bilməli mən
öz dilimin.
Üdəba qoy özü
qırıldatsın.
Necə istər elə fəryad
etsin.
Araşdırıcılar,
ədəbiyyatşünaslar Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin” jurnalının tarixi
haqqında məlumat almaq məqsədilə Məmmədəli Sidqiyə məktublar ünvanlayır, onun
köməyinə ehtiyac olduğunu bildirirlər. Əziz Mirəhmədov 31 yanvar 1951-ci il
tarixli məktubunda Məmmədəli Sidqinin fəaliyyətini
yüksək qiymətləndirərək yazmışdır: "Bu gün bilxassə "Molla Nəsrəddin”dən,
XIX-XX əsr Azərbaycan mətbuatı və Naxçıvan ədəbi mühitindən söhbət düşəndə Mirzə
Cəlildən sonra Məhəmməd Tağı Sidqinin, Eynəli Sultanovun və Sizin adınız, fəaliyyətiniz
təsəvvürə gəlir”.
Görkəmli
ədəbiyyatşünas alim Əziz Şərif də məktublarında Sidqidən müasirləri haqqında məlumat
verməsini xahiş edir. Arxivdə Ə.Şərifin M.Ə.Sidqiyə ünvanladığı 13 məktub
saxlanılır. Qeyd etmək lazımdır ki, Əziz Şərifin bir ədəbiyyatşünas kimi yetişməyində,
Azərbaycan ədəbiyyatının M.T.Sidqi, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi görkəmli
nümayəndələrindən bəhs edən araşdırmalarında M.Ə.Sidqinin verdiyi məlumatların
da böyük önəmi olmuşdur.
"Molla
Nəsrəddin” jurnalında M.Ə.Sidqinin fəaliyyətini dəyərləndirən Ə.Şərif məktublarının
birində yazır: "Molla Nəsrəddin” jurnalında sənin rolunu qətiyyən unutmaq
olmaz. Mən öz əsərimdə bunların hamısını işıqlandırmalıyam. Qoy həqiqət
parlasın. Mən heç kəsi həddindən artıq tərifləmək və heç kəsi insafsızcasına
unutmaq fikrində deyiləm. Mənim məqsədim Mirzə Cəlilin bütün həyatını olduğu
kimi göstərmək, jurnalın nə kimi şəraitdə təşkil edilib dünyanı sarsıtmasını
aydınlaşdırmaq, hər kəsin bu jurnalda olan yerini müəyyən etmək, söz, ədəbiyyat
və ictimai fikir tariximizdə bu günə kimi qaranlıq qalan bu dövrü
işıqlandırmaqdır. Bu böyük işdə kim mənə kömək etsə, mənə yox, xalqa, tarixə, cəmiyyətimizə
xidmət etmiş olar. Mənim borcum bütün bu adamların adını çəkmək və onlara əsərdə
öz təşəkkürümü izhar etmək olacaqdır”.
M.Ə.Sidqiyə
ünvanlanan məktubların bəziləri onun daxili aləmini, mənəvi keyfiyyətlərini
aydınlaşdırmaq baxımından əhəmiyyətlidir. Məmməd Əkbərin öz səmimiliyi ilə diqqətçəkən
məktublarını nümunə göstərə bilərik. 29 noyabr 1941-ci ildə İranın Rəşt şəhərindən
ünvanladığı məktubunda yazır: "Mirzə, sizdən uzaq olub, sizin həyatda çox nadir
insanlara xas olan nəcabətinizi və təvazökar sifətlərinizi xatırladıqca, insan
yaxşı dost və yoldaşdan ayrılmağın bir ürək əzabı olduğunu daima hiss edir.
Buna görə də gərək sevincli və gərəksə kədərli dəqiqələrimdə siz daima gözlərim
qarşısında dayanırsınız. Sizin səlamət olmağınızı ürəkdən istəyirəm və sizinlə
görüşməyi yeganə bəxtiyarlıq hesab edirəm”.
Məmmədəli
Sidqi fars və rus dillərini mükəmməl bilirdi. O, iranlıların Tiflisdə yerləşən
"İttifaq” mədrəsəsinə yazdığı ərizədə bu dilləri bir çox dövlət müəssisələrində
tədris etdiyini və bu sahədə təcrübəli olduğunu bildirir. Sidqi, mədrəsənin Azərbaycan,
fars və rus dillərini tədris edən müəllimə ehtiyacı olduğu üçün özünün orada
pedaqoq kimi çalışmaq istədiyini qeyd edir.
Təkcə
müəllim və jurnalist kimi deyil, M.Ə.Sidqi digər sahələrdə də fəaliyyət göstərmişdir.
22 və 30 avqust 1918-ci ildə verilmiş vəsiqəyə əsasən məlum olur ki, o, İran səfirliyinin
məmuru işləmiş və İran baş konsulunun sərəncamı ilə xidməti işlə əlaqədar
Bakıdan Həştərxana sərbəst və maneəsiz keçmək hüququna malik olmuşdur. Sidqi
bir müddət Xalq Maarif Komissarlığında fəaliyyət göstərmiş, Azərbaycanı tədqiq
və tətəbbö cəmiyyətinin üzvü olmuşdur.
1923-cü
il dekabr ayının 30-da "Kommunist” qəzetinin mininci sayının çıxması münasibətilə
Məmməd Səid Ordubadi, Əzim Əzimzadə, Qədir Heydərov və digər mətbuat nümayəndələri
ilə yanaşı Sidqi də mətbuat qəhrəmanı adını almışdır.
Məmmədəli
Sidqi bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun pyes, hekayə, şeir və xatirələri
şəxsi arxivində mühafizə olunur. Pyeslərinin biri ailə-məişət mövzusunda, digəri
siyasi mövzuludur. 9 səhifədən ibarət hekayəsi isə məhəbbət mövzusundadır. Bu
nümunələr ərəb əlifbasında yazılmış avtoqraf nüsxələrdir. Atası Məhəmməd Tağı
Sidqi haqqında yazdığı irihəcmli əsərində isə M.Ə.Sidqi onun həyatı və pedaqoji
fəaliyyəti haqqında müfəssəl məlumat vermişdir.
Jurnalist, pedaqoq, tərcüməçi, mühərrir, nasir Məmmədəli
Sidqinin əsərləri, xatirələri, ona aid sənədlər, məktublar onun indiyədək tədqiqatdan
kənarda qalmış həyat və fəaliyyətinin öyrənilməsində, XX əsr Azərbaycan mətbuatının
inkişaf mərhələlərində mövqeyini müəyyənləşdirməkdə
dəyərli qaynaqlardır.
Nailə Səmədova
Filologiya üzrə elmlər doktoru
