• cümə, 19 Aprel, 03:10
  • Baku Bakı 18°C

Gəncə yazarlarının mənəvi atası

23.10.19 10:30 819
Gəncə yazarlarının mənəvi atası
Maraqlı cəhət burasındadır ki, hər dəfə Gəncə mədəni-ədəbi ictimai həyatından yazmaq istəyərkən, böyük bir xəzinənin içərisində olduğumu görürəm. Bu xəzinə mənə mərhum valideynim, respublikanın xalq artisti Məhəmməd Burcəliyevdən miras qalıb. Ömrünün 80 ilinin 65 ilini Gəncə mədəni-ədəbi ictimai həyatının inkişafına, formalaşmasına sərf etməklə yanaşı, həm də ətrafına mərd dostları da toplaya bilib. Onlarla bağlı xatirələrini dəfələrlə danışıb. Bu söhbətlər zehnimə elə həkk olunub ki, hər dəfə onlar haqqında yazmaq istəyərkən, məhz bu xatirələrdən bəhrələnirəm. Bu gün də belə olacaq. Məhəmməd Burcəliyevin yaxın dostlarında biri olan, Gəncə yazarlarının mənəvi atası hesab etdiyimiz ustad Dədə Qərib Mehdidən söhbət açacağam.
Orta məktəbin altıncı sinfində oxuyurdum. Atam Məhəmməd Burcəliyev həftədə üç dəfə dərslərdən sonra əlimdən tutub məni Gəncədə fəaliyyət göstərən "Alimlər evi”nə aparırdı. Buraya Gəncənin ağsaqqalları, söz sahibləri, elm adamları toplaşardı. Həm də "Alimlər evi”ndə bir "İlham” Ədəbi Birliyi də fəaliyyət göstərirdi. Atam da bu ədəbi birliyin görüşlərində iştirak edər, müzakirələrdə fikirlərini bölüşərdi. Mən isə sadəcə olaraq, uşaq düşüncələrimlə onları seyr edərdim. Qərib Mehdi "İlam” Ədəbi Birliyinə istedadlı və sözünü misralara köçürməyi bacaran gəncləri toplamaqla, onları istiqamətləndirər, şerlərinə düzəlişlər edər və hər birinin gələcəkdə böyük qələm sahibləri olmaları üçün çalışardı. Çox tələbkar idi. Hətta onun tənqidi fikirlərindən sarsılıb içində hıçqırtı ilə ağlayanlar da olurdu. Ancaq bu hissləri heç zaman Ustad Dədə Qərib Mehdiyə bildirməzdilər. Deyim ki, Qərib Mehdi burada şerdən başqa heç kimin əlavə nəsə oxumasına icazə verməzdi. Ara-sıra hekayələrini oxumaq istəyənlər də olurdu. Bir müddət bu proseslərə alışdıqdan sonra birliyin toplantısına gələrkən özümdə cəsarət tapıb əlimi qaldırdım. Qərib Mehdi dərhal dilləndi:
- Nə istəyirsən, Anar bala?
- Qərib əmi, mən də Gəncə Dövlət Dram Teatrının tamaşası haqqında bir balaca yazı yazmışam. Olar Sizə oxuyum, qulaq asasınız?
Qərib Mehdi müdrik təbəssümü ilə dedi:
- Yaxşı, oxu görək sən nə yazıbsan.
Mən də yazımı oxudum. O, məni maraqla dinləyib məsləhətlərini verdi. Beləcə, "İlahm” Ədəbi Birliyi ilə əməkdaşlığım genişləndi. Mən də Ustad Dədə Qərib Mehdi bulağından su içib, "İlham”ın yetirmələrindən sayıldım.
Ustad Dədə Qərib Mehdi 50-ci illərin sonunda milli ədəbiyyatımıza qədəm qoyub. "İşıq”la, "Qərib, hey”lə, "Rast”la etiraf edilib və böyük oxucu kütləsini ətrafında toplaya bilib. Sonrada o, 60-cı illərin ədəbi mübarizəsinə qoşulub. O zamanlar çox çətin bir dövr idi. Sovet məkanında qəbul olunmayaraq bir çox nümayəndələri ideoloji düşmən kimi xaricə qovulan dissident ədəbiyyatının mehi Gəncəyə də çatırdı. Bu gün o illərdən söz düşərkən, Qərib Mehdi dalğın baxışlarla xatirələrini bir daha vərəqləyərək deyir: "SSRİ-də, o cümlədən, Azərbaycanda "60-cılar”ın meydana gəlməsi ilə bu ədəbi meh, ədəbi küləyə çevrildi. Və daha sonra bu proses qarşısıalınmaz oldu. Sükanın doğru istiqamətə dönüşünə səbəb olan bu hərəkata hərə bir cür ad verir. Mən də adlar içinə bir ad qoşdum: "Şübhə ədəbiyyatı”.
Bütün bu deyilənlərə rəğmən, Qərib Mehdi bir gün də olsun doğma Gəncədən ayrılmayıb. Hər zaman burada xan çinarların kölgəsində ruhən dinclik tapıb, yazıb, yaradıb. Bir gün Qərib Mehdiyə sual verdim ki, ustad, nə əcəb Bakı sizi özünə cəlb etməyib? Yaradıcılığınızı orada davam etdirmək istəməyibsiniz? Axı Bakıda olan daha rəvan inkişaf Gəncədə yoxdur. Sualı eşidən tək, güldü və söylədi: "Bu barədə mənə çoxları suallar verib. Hər dəfə də eyni cavabı vermişəm. Məndə heç vaxt paytaxt cazibəsi olmayıb. Baxmayaraq ki, sənin qeyd etdiyin daha rəvan inkişaf üçün mərkəz münbit şərait yaradırdı. Bununla belə, mərkəzəqaçma sevdası məndən də yan keçmədi. Yazılarım diqqət çəkəndən sonra təəssübkeşlərim məni də müxtəlif ünvanlara – "Gənclik” nəşriyyatına, televiziyaya və "Azərbaycan” jurnalına dəvət etdilər. Bu proses uçotdan çıxıb qatara bilet almağa qədər davam etdi. Son anda mərhum yazıçımız Altay Məmmədov məni bu fikirdən döndərdi. Nə dərəcədə udub-uduzduğumu isə deyə bilmirəm”.
Bu illər ərzində bir-birindən maraqlı və orijinal povestləri, çağdaş və retro hekayələri, esseləri ilə daima fikir ünsiyyətində olan Ustad Dədə Qərib Mehdi heç zaman yaradıcılığında büdrəməyib, əksinə yeni fikir və düşüncələrin formalaşmasında müstəsna xidmətlər göstərib. Belə olmasaydı "İşıq” ("Gənclik” nəşriyyatı - 1967), "Yaralı mərmər” ("Gənclik” nəşriyyatı - 1969), "Ucalan dağlar” ("Gənclik” nəşriyyatı - 1971), "Rast” ("Gənclik” nəşriyyatı - 1973), "Təmiz hava” ("Yazıçı” nəşriyyatı - 1980), "Səndən sonra ” ("Yazıçı” nəşriyyatı - 1985), "Çinar günü” ("Gənclik” nəşriyyatı - 1986), "Müsabiqə” ("Yazıçı” nəşriyyatı - 1988), "Qəhqəhə”("Gəncə” nəşriyyatı - 1993), "Xatırlanmaq xoşbəxtliyi” ("Gəncə” nəşriyyatı - 2000), "Kentavr lətifələri” ("Gəncə” nəşriyyatı - 2000), "Hamını oxumağa çağıran adam” ("Gəncə” nəşriyyatı - 2000) və başqa 46 kitabı bu günə kimi işıq üzü görməzdi. Qərib Mehdi yaradıcılığının həm də xoşbəxtliyi orasındadır ki, o, hər zaman aktualdır. Çünki fikirlər toplusu Qərib Mehdi yaradıcılığında hər zaman dövrünün müasiridir. Mübaliğəsiz deyə bilərəm ki, o, dövrü mətbuatda hətta çıxışlarında belə, hər zaman formaca rəngarəng, mövzu və ideyaca aktual, dil-üslub baxımından orijinal fikirləri ilə oxucular tərəfindən sevilə-sevilə oxunan, ədəbi mühitimizdə geniş rezonans doğuran, onlarla xarici dilə tərcümə olunan bədii yaradıcılıq nümunəsinin sahibidir.
Tənqidçi Gülrux Əlibəyli onun yaradıcılığı haqqında yazır: "Bədii etirafın ən kamil nümunəsi Qərib Mehdinin "Məni çağıran səs” povestidir. Azərbaycan ədəbiyyatında ana haqqında yüzlərlə gözəl, kamil povestlər, poemalar, romanlar yaranmışdır. Ana möcüzəsi isə ölməz və ümumbəşəri, mövzudur. Burada oxucunu təəccübləndirmək də sanki qeyri-mümkündür. Bununla belə, Qərib Mehdi təəccübləndirir də, heyrətləndirir də”. Və ya tənqidçi Rəhim Əliyev ona üzünü tutub yazır: "Sizdən xahiş edirəm, qəzeti uşaqlara tapşırıb var qüvvənizlə işləyin, hər saatınızın qədrini bilin. Cəsarətlə Gəncənin iç dünyasını açıb tökün. Bunu Siz etməsəniz, bəlkə, yüz ildə heç kəsə nəsib olmayacaq”.
Qərib Mehdi bu yüksəkliyə özü çatıb. Heç zaman həqiqəti söyləməkdən vaz keçmədi, bəziləri tək, qələm altında yatıb köləlik taxtında oturmadı. Buna görə də, onun bütün toxunduğu mövzuları öz orijinallığını qorumaqla, düzü-düz, əyrini-əyri kimi göstərə bildi. Qələminin məhsulu olan "Müsahiblər və müsahibələr” ("Gəncə” nəşriyyatı - 2001), "Əlin çatan, ünün yetən sənətçilər ” ("Gəncə” nəşriyyatı - 2002), "Bulanma, könül çayım” ("Gəncə” nəşriyyatı - 2002), "Göyçəgülü” ("Gəncə” nəşriyyatı - 2002), "Səbuhinin hekayətləri” ("Gəncə” nəşriyyatı - 2003), "Bu qızı eşit ilahi” ("Gəncə” nəşriyyatı - 2003), "Gördüyünü çağıran aşığın nağılı” ("Gəncə” nəşriyyatı - 2004), "Güldün, ağlım apardın” ("Gəncə” nəşriyyatı - 2006), "Gül əvəzinə söz” ("Qeyrət” nəşriyyatı - 2006), "Sözün vaxtı - vaxtın sözü” ("Gəncə” nəşriyyatı - 2007), "Mənsiz gün olmaz günün” ("Gəncə” nəşriyyatı - 2007), "Küləklər ağzında şam işığı” ("Vektor” nəşriyyatı - 2007), "Nizami Aydın şəhidliyi” ("Vektor” nəşriyyatı - 2008) kimi kitabları neçə-neçə oxucu qəlbini fəth etməklə, dövrünün aktual problemlərini açıqlayırdı. Qərib Mehdi hərdən söhbətlərində deyir: "İnsan sevəndə, yaradanda, kiməsə yaxşılıq edəndə yaşayır. Qələmim nadinc uşaq kimi dinc durmur. Elə bir ucdan yazıram. Döyüşə girən cəngavərin silahları cəsarətdən, atdan və qılıncdan ibarətdir. Mənim də silahlarım qələmim, mövzum və üslubumdur”.
1979-cu ildə, orta məktəbi bitirən kimi Gəncəyə gəlməsini xatırlayan Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilk dəfə olaraq kənddən kənara çıxdığını və şəhəri tanımadığını söyləyir. "Bu boyda şəhərdə bir nəfər də tanışım yox idi. Bircə ağaclar, küləklər, yağışlar tanış idi. Onları kənddə görmüşdüm, elə bil mənimlə şəhərə gəlmişdilər. Gəncə Dövlət Universitetinə dil-ədəbiyyat fakültəsinə qəbul olundum. Doğrusu, Bakıda oxumaq istəyirdim. Məni instituta qəbul etdirən adam demişdi ki, səni Bakıdakı universitetlərin birinə köçürtdürəcəyəm. İki aydan sonra Qərib Mehdi ilə tanış oldum. Qərib Mehdiyə "aldanıb” qaldım Gəncədə. Yaxşı ki, qaldım. Gəncədə ilk tanış olduğum insan da elə Qərib Mehdi idi. İlk tanış olduğum yazıçı da, müəllim də, dost da Qərib Mehdi oldu. Buna kimi canlı yazıçı görməmişdim, kitab hədiyyə almamışdım, mənə avtoqraf yazmamışdılar. Hamısını Qərib Mehdi ilə tanıdım”.
Ustad Dədə Qərib Medi bu gün xalq yazıçısı deyil. Onun buna heç ehtiyacı da yoxdur. Qələm əhli tanıyıram ki, qalaq-qalaq kitabları var. Hamısını o qədər toz basıb ki, heç imzaları belə oxunmur. Ancaq Ustad Dədə Qərib Mehdinin imzası ilə bir kitab görəndə, ixtiyarsız olaraq əlinə götürürsən. Vərəqləyirsən, sanki yeni bir dünyaya düşürsən. Bütün düşündüklərini, zehnini, işığını bu imzada tapırsan. Elə buna görə də, Ustad Dədə Qərib Mehdi Xalq yazıçısı olmadan xalqın yazıçısıdır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar onun əsərlərindən söz düşərkən maraqlı bir faktı önə çəkməklə deyir: "Siz əsərlərinizlə Allah, cəmiyyət və dünya qarşısındakı məsuliyyət hissinin dərinindən, əxlaqlı şəkildə qavranmasına yardımçı olmaq niyyətinizdə həmişə təmənnasız olubsunuz. Bir yazar olaraq, bir insan olaraq, sənətdaşlarınıza, xüsusən, ədəbi gəncliyə davamlı şəkildə diqqət və qayğı göstəribsiniz. Bu xidmətləriniz heç zaman unudulmayacaq.”
Qərib Mehdi hər zaman oxucuları ilə görüşə maraqlı bir üslubda, duyumda gəlməyi bacarır. Onun təqdimatında hər bir mövzu həyat həqiqətlərindən və ya gündəlik gördüyü hadisələrdən qaynaqlanır. Bir çox hekayələrində və esselərində onu tanıyan oxucusu belə, bunu duya bilir. Hətta çox zaman qələmə aldığı mövzular o qədər maraqlı olur ki, oxuyub etinasız ötmək mümkün olmur. Məsələn bu günlərdə "Vektor” Beynəlxalq Nəşrlər evində çapdan çıxan "Ağpapağın nağılı” adlı kitabında eyni adlı povestində oxuyuruq: "Açıq danışmaq heç kimə əskiklik gətirməz. Sovet sistemi dağılanda maliyyə çatışmazlığı üzündən yazarların çoxu təntidi. Necə deyərlər, biz, avarları sıradan çıxmış qayıqlar kimi fırtınalı dənizin dalğaları arasında qərq olmaqdaydıq. Kimin bəxtinə xeyirxah "dalğıc” düşmüşdüsə, o, sahilə çıxa bilirdi. Fəaliyyətini dayandırmaq məcburiyyətində qalan o "qayıqlardan” biri də mən idim. Elə bu zaman sənin xilaskar əlin mənim əlimdən yapışdı və yaradıcılıq qayığım batmaq təhlükəsindən xilas oldu. Bu fikri əvvəllər də demişəm. Xilaskarlığı bir dəfə nəzərə çatdırmaq bəs eləməz. O xeyirxah əməli təkrarlamaq insanın iç dünyası üçün ancaq fayda gətirər. Budur, sənin xeyriyyəçilik yolu ilə nəşr etdiyin 15-ci kitab əlimizdədir. Bu o deməkdir ki, sənin sayəndə mən ədəbiyyatda hələ varam.”
Maraqlı cəhət burasındadır ki, Qərib Mehdi dramaturgiyada qələmini cəmi bircə dəfə sınayıb. Gəncə Dövlət Dram Teatrının səhnəsində onun qələmə aldığı "Oxşarlar” iki hissəli, altı şəkildən ibarət olan dram əsəri maraqla izlənilib. Əsərin ilk tamaşası Gəncə Dövlət Dram Teatrının səhnəsində 23 fevral 1989-cu ilə təsadüf edir. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Məhəmməd Burcəliyev, rəssamı əməkdar artist Telman Əliyev və musiqi tərtibatçısı isə Rafael Ziyadov olub. Xüsusi olaraq qeyd etmək lazımdır ki, "Oxşarlar” pyesi də satirik çalarla işlənərək ekoloji problemlərə həsr olunub. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Məhəmməd Burcəliyev əsəri dramatik-yumoristik planda verməyə müvəffəq olub. Əslində pyes komediya deyil. Ancaq burada yumor çox güclüdür. Hətta əsərin ciddi məsələlər həll olunan səhnələrində belə, yumor öz silahını yerə qoymurdu.
Bu gün yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist, Məmməd Araz və Həsən bəy Zərdabi mükafatçısı, BMT-nin "Şərəf və vicdan” ordeninə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ellərinə ədəbi-mədəni xidmətinə görə "Fəxri doktor” elmi tituluna, həmçinin "Altun medal”na layiq görülən Ustad Dədə Qərib Mehdi ömrünün 80-ci baharını yaşayır. Aydın diksiyası, zədəsiz məntiqi, ötkəmliyi olan, əksərən ciddi problemlərin üzərinə cəsarətlə yeriməyi bacaran bir müdrik ağsaqqalın - Ustad Dədə Qərib Mehdinin yaradıcılıq şöləsinə uğurlar diləyir, xoşbəxt, sağlam həyat arzu edirəm.

Anar Burcəliyev, teatrşünas








banner

Oxşar Xəbərlər