Feminizmin nə olduğunu bilməyənlərin feministliyi
Azərbaycanda yad düşüncə tərzini "Avropa dəyərləri” adı altında
insanlara sırımaq istəyən qüvvələr növbəti dəfə ağalarının sifarişini yerinə
yetirməyə cəhd edib. Belə ki, oktyabrın 20-də bir qrup feminist qadın Bakının
Nizami küçəsində icazəsiz aksiya keçirərək, müxtəlif şüarlar səsləndirib. Bu
cərəyan nümayəndələrinin oktyabrın 19-da Milli Şuranın icazəsiz aksiyasından
sonra belə bir addım atması isə suallar yaradır. Çünki aksiya iştirakçıları
təkcə qadınlara qarşı zorakılıq edilməsini pisləməklə kifayətlənməyib, eləcə də
bir gün öncə həbs edilənlərin azad edilməsi tələbini irəli sürüblər. Siyasi şüarların
səsləndirilməsi aksiyanın heç də qadınların hüquq və azadlıqları ilə bağlı
olmadığını açıq-aydın ortaya qoymuş olur. Eyni zamanda, bu aksiyaya rəhbərlik
edən şəxsin kimliyi də cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, aksiyanın
əsas təşkilatçılarından biri bir müddət öncə Milli Qəhrəman Mübariz İbrahimovla
bərabər bütün şəhidlərimizi təhqir edən özünü psixoloq adlandıran Nərmin
Şahmarzadə olub.
AZAD
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında BAXCP funksioneri Nəzakət Məmmədova feminist adı altında bir qrup
cəmiyyətdə heç bir sosial dayağı, nüfuzu olmayan araqızışdırıcı şəxslərin
iğtişaş yaratmaq cəhdinin məhz 19 oktyabr aksiyasından dərhal sonra
keçirilməsini təsadüf hesab etmədiyini qeyd etdi. Onun sözlərinə görə, özlərini
feminist adlandıran bu şəxslərin məqsədi ara qarışdırmaqdır: "Onların
feminizmin tarixi, nəzəriyyəsi, elmi əsasları barədə yetərli savadlarının
olmadığı aşkar görünür. Əks halda bunlar Avropada və dünyada uzun yol keçsə də,
bu gün də bəşəriyyətin şüurunda mütərəqqi ideya kimi özünə yer tuta bilməyən,
cinslərarası qarşıdurmaya zəmin hazırlayan bu ideologiyanın ölkəmizdə heç bir
inkişaf şansının olmadığını anlamalı idilər. Görünən odur ki, feminizmi öz
məkrli niyyətlərinə bayraq edən bu bir qrup manqurtlaşmış şəxs ara qatmaq, iğtişaş
yaratmaq, cəmiyyətdə ədavət toxumu səpmək üçün öz xarici və ola bilsin ki,
daxili havadarlarının göstərişi əsasında küçələrə tökülüblər. Məqsəd heç də
qadın hüquqlarının müdafiəsi deyildi. Onların səsləndirdikləri şüarlar mənasız
və mücərrəd idi. Qadına şiddətə son qoyulmasını tələb edərkən ünvan kimdir?!
Azərbaycanda qadınlara qarşı zorakılıq ailə-məişət cinayətləri zəminində baş
verir və bunu dövlətdən tələb etmək absurddur. Bizdə qadına münasibət bəzi islam
ölkələrində olduğu kimi şəriət qanunları əsasında yox, dünyəvi qaydalar və
adət-ənənələr əsasında formalaşıb. Dövlətin qanunları beynəlxalq standartlara
uyğundur, ayrı-ayrı şəxslərin ailədə və ya iş yerlərində etdikləri qanunsuzluq,
zorakılıq isə hüquqi məsuliyyət yaradaraq, günahkarları cəzalandırmağı nəzərdə
tutur”.
N.Məmmədova vurğuladı ki, feministlərin başçısı Nərmin Şahmarzadənin
şəxsi keyfiyyətləri isə milli qəhrəman Mübariz İbrahimov haqda dediyi
fikirlərdən sonra cəmiyyətə aydın oldu: "Eyni zamanda, separatçı, erməni
dəyirmanına su tökən yaxın qohumu, hazırda həbsdə olan Faxroddin Abboszadənin
ifşa olunması bunların əqidəsinin parametrləri barədə aydın təsəvvür yaradır.
İmperialist güclərin ən aşağı dərəcəli nökərləri olan bu cür şəxslərin
cəmiyyətə ağıl dərsi keçməsi yolverilməzdir, dəyərlərini məhv etməyə
çalışdıqları xalqa təhqirdir. Hesab edirəm ki, onlar barəsində qanuni ölçü
götürülməlidir”.
"Hilal” İctimai Birliyinin
sədri Arzuman Abdulkərimov bildirdi ki, müxalifətin icazəsiz aksiyasından
sonra feministlərin mərkəzi küçədə aksiya keçirməyə cəhd etməsi təsadüfi deyil:
"Çünki bu feministlər bir gün əvvəl icazəsiz aksiyada həbs edilənlərin azadlığa
buraxılmasını tələb edirdilər. Həm də qadınların bu aksiyasında bəzi adamların
iştirakı qəribə idi. O cümlədən də ReAl hərəkatının sədri İlqar Məmmədovun
iştirakı maraqlı idi. Çünki özünü siyasi partiya adlandıran bir təşkilatın
rəhbərinin bu aksiyada nə işi var? Eyni zamanda bəzi insanları gördüm ki, onlar
qadınlara qoşulub, "şiddətə yox” və sair bu kimi şüarlar səsləndirirdilər. Yəni,
"kişi” deyilənlərin orada nə işi var idi? Bizim milli dəyərlərimizi ayaq altına
alan, şəhidlərimizə, xüsusilə də Mübariz İbrahimov kimi qəhrəmanımıza dil
uzadan birinin hansısa insan haqlarından, qadın hüquqlarından danışması
absurddur. Çünki bu insanlar həqiqətən də Azərbaycanın milli dəyərlərinin məhv
edilməsi üçün xaricdən maliyyə ayıran ağalarının sifarişini yerinə yetirirlər”.
A.Abdulkərimov qeyd etdi ki, bu məsələnin AXCP sədri Əli Kərimli ilə əlaqəsi var:
"Çünki aksiya iştirakçılarının şüarlarına, davranışına və ritorikasına nəzər
salmaq yetərlidir. Milli Şuranın icazəsiz aksiyasında səsləndirilən şüarların
burada təkrarlanması onu deməyə əsas verir ki, bu, bloqqer Əli Kərimlinin
qrupuna daxil olan qadın şəbəkəsidir. Hansı ki, həmin qadınlar Azərbaycanda
ailə dəyərlərinin, mentalitetimizin məhv edilməsi üçün əllərindən gələni
əsirgəmirlər. Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun epizodunda da bu
insanların iştirakı var. Birmənalı şəkildə qeyd edirəm ki, feminizm Azərbaycana
yad düşüncə tərzidir. Bu düşüncə tərzini Azərbaycan cəmiyyətinə yeritmək üçün
beynəlxalq güclərin, xüsusilə də anti-Azərbaycan qüvvələrin maliyyə dəstəyi
verdiyi heç kimə sirr deyil”.
AZAD