• şənbə, 10 Oktyabr, 03:05
  • Baku Bakı 20°C

Eyvandan yerə, qanundan boşluğa

10.10.26 01:11 48
Eyvandan yerə, qanundan boşluğa

Hamilə itin döyüldükdən sonra yuxarı mərtəbədən aşağı atılması ilə bağlı yayılan video vicdanları sızlatdı. Bu hadisə bir daha heyvanlara qarşı şiddətə görə məsuliyyət məsələsini gündəmə gətirdi.

Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin biz bu günə qanımızı donduran xəbərlə başladıq. Hamilə itin döyüldükdən sonra yuxarı mərtəbədən aşağı atılması ilə bağlı yayılan video vicdanları sızlatdı. Bu hadisə bir daha heyvanlara qarşı şiddətə görə məsuliyyət məsələsini gündəmə gətirdi. Bəs belə hallarda cəzalandırma mexanizmi necə işləyir?

Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində heyvanla rəhmsiz rəftar edən şəxsin kimliyi müəyyənləşdirilib. Məhkəmənin qərarı ilə ona 25 sutka inzibati həbs cəzası verilib. Lakin itin ölümü ilə nəticələnən bu ağır əmələ görə tətbiq edilən inzibati həbs cəmiyyətdə və hüquq müstəvisində müzakirələrə səbəb olub.

 

Qanunvericilik nə deyir?

Vəkil Turan Abdullazadə deyir ki, heyvanlara qarşı qəddar və rəhmsiz rəftar Azərbaycanda əsasən İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, heyvanlara zorakılıq, xəsarət yetirmək, zəhərləmək və ya digər şəkildə əziyyət vermək inzibati xəta sayılır: “İnzibati Xətalar Məcəlləsinin 274.1-ci maddəsinə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Bu əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir. Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda 1000 manatdan 1500 manatadək, tələf edilməsinə səbəb olduqda 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur”.

“İnkişaf etmiş ölkələrdə bu, cinayət sayılır”

Vəkil deyir ki, həmin məcəllənin 274-1-ci maddəsinə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə isə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur: “Açıq danışsaq, bizdə bu əməllər hələ də yalnız inzibati məsuliyyət doğurur. Cinayət Məcəlləsində heyvanlara qəddar rəftara dair müstəqil maddə yoxdur. Halbuki inkişaf etmiş ölkələrdə xüsusi qəddarlıqla, uşaqların gözü qarşısında və ya təkrarən törədilən bu cür əməllər cinayət sayılır”.

Vəkil deyir ki, qanunvericilikdə ikinci boşluq – təkrarlıq amilidir. Bu gün cəriməni ödəyən şəxs sabah eyni əməli təkrar edə bilər və hüquqi vəziyyəti dəyişmir. Sahəni bütövlükdə tənzimləyən - heyvan saxlamağın qaydalarını, sahibsiz heyvanlarla davranışı, baytarlıq nəzarətini bir araya gətirən vahid çərçivə qanununa ehtiyac var. 

İnsana qarşı zorakılığın ilk əlaməti

Vəkil heyvanlara qarşı zorakılığın yalnız heyvanların müdafiəsi məsələsi olmadığını düşünür. Onun sözlərinə görə, bu cür əməllər cəmiyyətin təhlükəsizliyi və insanlarda empatiya hissinin formalaşması baxımından da əhəmiyyətlidir: “İmmanuel Kant deyirdi ki, insanın heyvana münasibəti onun insanlara münasibətinin güzgüsüdür. Kriminologiya da bunu təsdiqləyir: heyvana qarşı zorakılıq çox vaxt insana qarşı zorakılığın ilk əlamətidir. Ona görə də bu maddələr təkcə heyvanları qorumur – cəmiyyəti qoruyur”.

“Bütün yük könüllülərin üzərinə düşür”

Heyvan müdafiəçisi Aqşin Məmmədov illərdir küçədə yaralı, xəstə və sahibsiz heyvanları xilas edən insanlardan biridir. O deyir ki, insanların məsuliyyətsizliyinin nəticəsində yaranan yük sonda heyvanlara kömək edən könüllülərin üzərinə düşür: “İllərdir yaralı və xəstə heyvanları küçədən götürürəm. Borc edirəm, imkanım çatmayanda yenə yol axtarıram, müalicə etdirirəm, əməliyyat etdirirəm, sağaltmağa çalışıram. Sonra isə başqa bir problem başlayır. Heyvan sağalır, amma onu küçəyə qaytarmağa vicdanım imkan vermir. Çünki düşünürəm ki, yenə maşın vurar, küçədə döyərlər, yaxud yemək verən olmaz”.

Əgər bir insan heyvanı eyvandan ata bilirsə...

A.Məmmədov balkondan atılan it hadisəsini də yalnız bir heyvana qarşı qəddarlıq kimi qiymətləndirmir. Deyir ki, bu, müdafiəsiz bir canlının həyatının heçə sayılmasıdır: “Əgər bir insan heç bir müdafiə imkanı olmayan heyvanı eyvandan ata bilirsə, burada çox ciddi empatiya problemi var. Cəmiyyətin reaksiyası da önəmlidir. Çünki biz illərdir küçələrdə yaralı, xəstə, maşın vurmuş, zəhərlənmiş heyvanlarla qarşılaşırıq. Lakin bunları yenə insanlar xilas edir. Dövlət qurumlarının, bələdiyyələrin və digər aidiyyəti strukturların üzərinə düşən məsuliyyət tam şəkildə yerinə yetirilmədikdə, bütün yük könüllülərin və heyvansevərlərin üzərinə düşür”.

“Bu şəxslərin psixoloji vəziyyəti araşdırılmalıdır”

Hazırda tətbiq olunan cəzaların kifayət edib-etmədiyinə gəldikdə isə, həmsöhbətimiz hesab edir ki, mövcud yanaşma kifayət qədər çəkindirici deyil: “İllər ərzində gördüyüm mənzərə mənə göstərib ki, cəzasızlıq yeni qəddarlıq üçün zəmin yaradır. Bir heyvanın canı, ağrısı, qorxusu, yaşamaq instinkti var. Qanun elə işləməlidir ki, insan əvvəlcədən bilsin ki, heyvana işgəncə verməyin, onu qəsdən yaralamağın və öldürməyin real nəticəsi olacaq. Təkrar qəddarlıq edən şəxslərə daha ağır yanaşılmalı, heyvan saxlamaq hüququ məhdudlaşdırılmalı və konkret hallarda şəxsin psixoloji və psixiatrik vəziyyəti də araşdırılmalıdır. Yalnız qanunu sərtləşdirmək də kifayət deyil. Qanun işləməlidir”.

A.Məmmədov heyvana qarşı zorakılıq hadisəsi ilə qarşılaşan şəxslərin yalnız sosial şəbəkələrdə paylaşmaqla kifayətlənməməli olduğunu deyir. Onun sözlərinə görə, hadisə zamanı təhlükəsiz şəkildə foto və video çəkmək, şahidləri müəyyənləşdirmək və aidiyyəti qurumlara rəsmi müraciət etmək vacibdir: “Heyvanlara qarşı qəddarlığın qarşısını almaq üçün sadəcə heyvansevərlərin vicdanına güvənmək yox,  dövlətin məsuliyyəti öz üzərinə götürməsi lazımdır”.

Aygün Əziz

banner

Oxşar Xəbərlər