Bilikli və məsuliyyətli vətəndaş yetişdirmək hədəfi
Bakıda "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda dövlət qurumlarının rəhbərləri, mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bakıda "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfrans keçirilib. Konfrans Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransın əsas məqsədi müasir dövrdə gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması, dünyagörüşünün zənginləşdirilməsi və cəmiyyətin fəal üzvləri kimi yetişdirilməsi istiqamətində mövcud yanaşmaların müzakirəsidir.
Dövlət bütün dini etiqadlara hörmətlə yanaşır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışı zamanı bildirib ki, informasiya bolluğu avtomatik olaraq düzgün dünyagörüşü yaratmır. Əksinə, eyni informasiya məkanında müxtəlif ideoloji, dini, mədəni və sosial təsirlərin mövcudluğu seçim imkanlarını artırdığı kimi, yanlış istiqamətlənmə risklərini də artırır. O qeyd edib ki, buna görə müasir dövrdə yalnız informasiya təhlükəsizliyindən deyil, həm də düşüncə təhlükəsizliyindən danışmalıyıq: "İnsanın düşüncə və dünyagörüşünün təşəkkülündə aldığı biliklərlə yanaşı, hansı dəyərlər sistemi əsasında qərar verdiyi də mühüm rol oynayır. Din bu dəyər sisteminin mühüm komponentlərindən biridir. Ona görə gənclərin dini biliklərinin düzgün, sağlam və etibarlı mənbələr əsasında formalaşdırılması xüsusi əhəmiyyət daşıyır".
Ramin Məmmədov söyləyib ki, düşüncə təhlükəsizliyi ilk növbədə insanın doğru ilə yanlışı, sağlam dini yanaşma ilə xurafatı, mənəvi dəyərlə radikal ideyanı bir-birindən ayıra bilməsi ilə bağlıdır: "Azərbaycanın dövlət-din münasibətləri modelinin mühüm xüsusiyyətlərindən biri də bundan ibarətdir ki, dövlət bütün dini etiqadlara hörmətlə yanaşır, dini etiqad azadlığını təmin edir və eyni zamanda cəmiyyətin dünyəvi xarakterini qoruyur".
Davamlı və ölçülə bilən mexanizmlər
Sədrin sözlərinə görə, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün davamlı və ölçülə bilən mexanizmlər üzərində əməkdaşlıq qurulmalıdır.
R.Məmmədov qeyd edib ki, gənclər arasında milli-mənəvi dəyərlər, dini savadlılıq və düşüncə təhlükəsizliyi mövzusunda Gənclər və İdman Nazirliyi ilə birgə maarifləndirici proqramlar həyata keçirilə bilər: "Klassik tədbirlərdən əlavə, sosial media və rəqəmsal platformalar üçün müasir məzmunlar hazırlaya bilərik. Gənclər üçün dini savadlılıq və media savadlılığını birləşdirən təlim proqramları hazırlamaq mümkündür. Bunlarla bərabər, gənclərin milli-mənəvi dəyərlərlə bağlı təşəbbüslərini dəstəkləyən birgə layihə və müsabiqələr təşkil etmək mümkündür. Xüsusilə gənclərin özlərinin məzmun istehsalçısı kimi iştirak etdiyi layihələr daha effektiv ola bilər".
Dünyəvi dövlətlə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur
Sədr deyib ki, dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir. Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur: "Əksinə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət Azərbaycan cəmiyyətinin ictimai sabitliyini və həmrəyliyini möhkəmləndirən, bir-birini tamamlayan prinsiplərdir. Bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır". R.Məmmədovun sözlərinə görə, bu çərçivədə əsas məqsəd bilikli və məsuliyyətli vətəndaş yetişdirməkdir.