Elmi texniki inqilab və əxlaq

"Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin
vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir".
Heydər ƏLİYEV, Azərbaycan xalqının
ümummilli lideri
İnsan
cəmiyyətdə hörmət qazanmaq üçün gərək insani keyfiyyətlərə və gözəl əxlaqa
malik olsun. Cəmiyyət içində, hər hansı kollektivdə insanlar bir-birindən elmi,
biliyi, təhsili, mədəni səviyyəsi və s. bir sıra şəxsi göstəricilərə görə
fərqlənirlər ki, bunlardan biri də məhz daxili aləmin güzgüsü olan əxlaqi
keyfiyyətdir. Ədəb-ərkan, əxlaq norma və qaydaları, qarşılıqlı münasibətlər hər
zaman cəmiyyət tərəfindən önəm verilən, diqqət edilən ən ümdə mənəvi dəyərlər
olmuşdur.
Əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meylləri də
özünü qabarıq şəkildə göstərir
"Əxlaq”
dedikdə bunu ilk olaraq, qadınların isməti, namusu ilə bağlayırlar. Halbuki,
əxlaq cəmiyyətdə hər kəsə eyni dərəcədə aiddir və insana məxsus olan mənəvi
keyfiyyətlərin və davranış normalarının məcmusudur. Çünki əxlaq bizim
davranışımız, bir-birimizə olan münasibətimiz və təfəkkürümüzdür. Uşaqları
milli-mənəvi dəyərlərə bağlılıq ruhunda, özündən böyüyə - ata-anaya, bütün
insanlara hörmət etmək, kiçiyə sevgi və qayğı, insanlara humanist münasibət
göstərmək, çətinliklərə dözmək, bağışlamağı bacarmaq, saf ürək sahibi, səbirli
olmaq, xeyirxahlıq, cəsarət, şücaət və mərdlik kimi keyfiyyətləri aşılamaqla
tərbiyə etmək və böyütmək lazımdır. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki,
bu gün əxlaqi biliklər barədə kifayət qədər məlumatı olmayan, bunlara bir o
qədər də əhəmiyyət verməyən və biganəlik göstərən gənclərə də rast gəlirik.
Gələcəyimiz olan gənclər arasında öz milli dəyərlərini bilməyən və Avropa
dəyərlərini üstün tutan gənclərimiz heç də az deyil. Cəmiyyətin mənəvi
həyatında baş verən dəyişikliklər, əxlaqi münasibətlərin xarakteri öz əksini
əxlaqi şüurda və onun məzmununda tapdığından, əxlaqi münasibətlərin də məzmunu
konkret tarixi şəraitin, mövcud sosial-iqtisadi amillərin təsiri altında
formalaşır. Yaşadığımız əsr elmi-texniki tərəqqinin sürətli inkişafı, kəşfləri
və ixtiraları ilə cəmiyyətə, insanlara bir sıra yeniliklər bəxş edərkən həm
cəmiyyətdə, həm də şəxsi həyatda köklü dəyişikliklərin yaranmasına gətirib
çıxarır. Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin həyatımızı hədsiz
asanlaşdırmasına, mütərəqqi dəyişikliklərə yol açmasına baxmayaraq,
əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meylləri də özünü qabarıq şəkildə
göstərir. Bugünkü uşaq və gənclərimizlə əvvəlki nəslin cəmiyyətə qarşı
münasibətini, həyata baxışını müqayisə etsək, aradakı kəskin fərqi görə
bilərik. İctimai həyatın bütün sahələrini əhatə edən bu qlobal dəyişikliklərin
cəmiyyətin sosial strukturu kontekstində insan faktoruna təsir göstərməsi heç
də təsadüfü deyildir. Çünki cəmiyyətdəki yeniləşmələr zamanı insanın bu
proseslərin mərkəzi faktoru kimi çıxış etməsi onun yaradıcılıq imkanlarını,
mənəvi dünyasını və həyat tərzini müəyyənləşdirən mənəvi-əxlaqi dəyərlərin
daşıyıcısı olması ilə bağlıdır.
Müasir dövrün azyaşlı uşaqları da oyuncaqlara
deyil...
Bu gün
texnikanın sürətli inkişafı, insanların televiziya və internetlə sıx bağlılığı
insan əxlaqına, mənəviyyatına həm pozitiv, həm də neqativ təsir göstərir.
Qərbdə yüksək texnoloji inkişaf sayəsində hər şeyin adiləşməsi, dərk olunan və
əl çatan olması, insanı heyrətləndirə biləcək hadisələrin azalması, insanın
təbiətə məftunluğunun təbiət üzərində hakimiyyət hissi ilə əvəz olunması, maddi
vasitələrin gücünə inamın artması, onların hər şeyə qadir olması fikrinin
mənəvi idealları sıxışdırması təhlükəsi yaranmışdır. Əvvəllər insan əxlaqı
yalnız onun yaşadığı konkret ictimai mühitin təsiri ilə, həmin mühitdə hakim
olan əxlaq normaları ilə müəyyən olunurdusa, indi müasir texnikanın insana
müxtəlif təsir imkanlarının şahidi oluruq. Müasir dövr ailəsinin bütün fərdləri
televiziya, internet və sosial şəbəkələrdə daha çox vaxt keçirirlər. Ailələrdə
telefon və komputerdən istifadə etməyi bacarmayan azyaşlı uşaqlara rast gəlmək
haradasa mümkünsüz olubdur. Çünki müasir dövrün azyaşlı uşaqları da oyuncaqlara
deyil, telefona, planşet, komputerə daha çox maraqlıdırlar. İnformasiyanın belə
sürətli axını, məkan və zamanın dəyişməsi uşaqların şüuruna, davranışına,
tərbiyəsinə, bütövlükdə cəmiyyətin yeni dəyərlər əsasında formalaşmasına
birbaşa təsir göstərir. Artan tələbat və tələbatın asanlıqla ödənilməsi
uşaqların fərdi keyfiyyətlərini, yaradıcılıq axtarışlarını zəiflədir, onları
real aləmdən kənarda qoyur. Bu mənada kütləvi informasiya vasitələri nəinki
ictimai şüurun, ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi münasibətlər sisteminin
inkişafına öz təsirin göstərir. Belə ki, internet saytlarında yerləşdirilən
məlumatlar, sosial şəbəkələrdə paylaşılan materiallar, televiziyada yayımlanan
verilişlər içərisində təqdirəlayiq informasiyalarla yanaşı, xalqımızın
milli-mənəvi dəyərləri ilə uzlaşmayan hallara da rast gəlmək mümkündür. Bu kimi
informasiyaların təlqin edilməsi, böyüklər tərəfindən izlənilməsinə icazə
verilməsi ümumi inkişaf səviyyəsi aşağı olan, əqidə yetkinliyi əldə etməmiş
gənclərin əxlaqi deqradasiyasına gətirib çıxara bilər.
Elmi-texniki tərəqqi nə qədər sürətlə inkişaf etsə
də...
Texnikaya
marağın əxlaqa, mənəvi tərbiyəyə pozitiv təsiri ilə bərabər neqativ təsiri də
qaçılmazdır. Televiziya və kinonun bədi ədəbiyyat və teatrla, fotoqrafiyanın
təsviri sənətlə rəqabəti və birincilərin texniki cəhətdən müntəzəm olaraq
təkmilləşməsi sayəsində getdikcə daha böyük auditoriya qazanması, ikincilərin
isə olduqca mühüm və böyük mənəvi tərbiyə gücünün kölgədə qalmasına səbəb olur.
Mükəmməl texnika vasitəsilə kiçik vaxtda böyük işlər görmək imkanı vaxta
münasibəti dəyişir və elmi-texniki inqilab şəraitində yaranmış psixoloji
atmosfer adamları daha çox dərəcədə yığcam informasiya dalınca qaçmağa sövq
edir. Bu deqradasiyanın qarşısını almaq üçün maddi şəraitin dəyişdirilməsindən
daha çox ailə və məktəbin həmrəy işi sayəsində tərbiyə vasitələri yeni
tələblərə uyğun şəkildə qurulmalı, gənc nəslin tərbiyəsində milli-mənəvi
dəyərlərin, bədii ədəbiyyatın, mədəniyyətin, incəsənətin, folklor
nümunələrinin, həmçinin tanınmış yazıçı və şairlərin əsərlərinin bədii təsir
gücü artırılmalıdır.
Elmi-texniki
tərəqqi nə qədər sürətlə inkişaf etsə də, həyatımızın ayrılmaz bir hissəsinə
çevrilsə də, insanda var olan ali hisslər, duyğular heç bir texniki qəlibə
sığmayacaq qədər zəngindir, ülvidir. XXI əsrdə yüksək bilik səviyyəsi, təlimi,
təhsili, intellekti, bacarıq və qabiliyyətləri ilə bərabər, zəngin mənəvi-əxlaqi
dəyərləri vəhdət təşkil edən gənclərə bu gün daha çox ehtiyacımız vardır. Amma
dünyada baş verən qloballaşma hərəkatından, mədəni inteqrasiya prosesindən də
kənarda qala bilmərik. Dövlətimiz müasirləşir, beynəlxalq təşkilatlarda təmsil
olunur, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edir. Yüksək texnoloji
inkişafın müsbət nəticələrini dövlətimizin mədəni tərəqqisi naminə tətbiq
edərkən insan mənəviyyatına, əxlaqına mənfi təsir edən yönlərini tədricən
aradan qaldırmalı, digər tərəfdən də xalqın tarixən formalaşmış yüksək
mənəvi-əxlaqi meyarlarını qorumalı, milli irs və özünəməxsusluğunu saxlamalı və
gələcək nəsli əsrlər boyu sınaqlardan keçmiş mənəvi-əxlaqi dəyərlər ruhunda,
milli və bəşəri ideallar əsasında böyütməliyik. Texnoloji yeniliklərdən yalnız
bəşəri ideallara çatmaq üçün istifadə etməli, fəal, çevik, yaradıcı təfəkkürə,
sağlam əhval-ruhiyyə malik şəxsiyyətlər yetişdirməliyik. Unutmamalıyıq ki, hər
bir ailədə böyüyən, yetişən, tərbiyə alan uşaq, gənc gələcəyin müəllimi,
həkimi, mühəndisi, alimi, özündən sonrakı nəslin anası, atası, tərbiyəçisi, ən
əsası da milli-mənəvi dəyərlərimizin varisidir.
Günel Əsgərova,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
