Əgər ölkədə sürətli inkişaf təmin edilibsə, onda islahatlara nə ehtiyac var?

Əgər ölkədə sürətli inkişaf təmin edilibsə, onda islahatlara nə ehtiyac var?

Cəmiyyət
13 Noyabr 2019, 17:30 1288
Prezident İlham Əliyev qondarma suallarla islahatlar prosesinə kölgə salmaq istəyənlərə cavab verdi, həmçinin, medianın ictimai nəzarət funksiyasını bir daha xatırlatdı

Şirvan şəhəri, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edən Prezident İlham Əliyev, təyinat alan şəxslərə tapşırıqlarını verməklə yanaşı, həm də 2018-ci ilin seçkilərindən sonar sürətlə gerçəkləşdirilən islahatlar kursu barədə də yeni tezislərini açıqladı. Son vaxtlar, az qala, sensassiya kimi görünən kadr islahtlarını ümumi islahatların tərkib hissəsi kimi dəyərləndirən Prezident, bu prosesi zəruri edən məqamlara da aydınlıq gətirdi: "Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir”.

Qeyd edək ki, "müxalif nəzəriyyəçilər” əslində son günlər bu sualı fərqli formada təqdim etməklə, islahatlar kursunda məntiqi boşluq tapdıqlarını iddia edirdilər. Bildirirdilər ki, Prezident bir tərəfdən "ölkədə hər şeyin yaxşı olduğunu deyir, digər tərəfdən isə, islahatlara zərurət olduğunu bildirir: əgər ölkədə sürətli inkişaf təmin edilibsə, hər şey qaydasındadırsa, onda islahatlara nə ehtiyac var?”. Prezidentin son çıxışı isə həmin sualı formalaşdıranların özlərinin fikirlərində məntiqi boşluq olduğunu göstərdi.

Prezident Azərbaycanda siyasi və iqtisadi islahatların vəhdət təşkil etdiyini vurğuladı: "Siyasi islahatlar aparılır. Son illərdə demokratiyanın inkişafı istiqamətində, insan haqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib. Həmişə dediyim kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir. İqtisadi sahədə Azərbaycanın əldə etdiyi nəticə dünya miqyasında rekord göstəricidir, 15 il ərzində - 2003-2018-ci illərdə bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Bütün digər göstəricilər onu təsdiq edir ki, iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərmişdir. Beləliklə, Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5 faizə düşmüşdür. Xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik”.

Prezident qeyd edib ki, bütün bu nailiyyətlərin əldə edilməsində bacarıqlı kadrlara ehtiyac var və aparılan kadr islahatları zərurət duyulan həmin kadrların müəyyənləşdirilib görəvləndirilməsinə yönəlib: "Bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar”.

Amma Prezident İlham Əliyev "Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur, hamı qanun qarşısında cavabdehdir” deməklə, həm də yeni təyinat alan və əvvəldən görəv başında olan kadrlara xəbərdarlıq etmiş oldu. Əgər etimadı doğrultmayacaqlarsa, özləri də "islahata məruz qalacaqlar”. Prezident "yerində olmayan kadrların” müəyyənləşdirilməsin isə mediaya, vətəndaş cəmiyyəti institutlarına həvalə etdi, kadrlar üzərində ictimai nəzarətin gücləndirilməsini tövsiyyə verdi.
 
Müşfiq ƏLƏSGƏRLİ