Döyüş yoldaşını xilas edərkən şəhid olan zabit - FOTOLAR
"Vüsal şəhid
olanda əsgərləri bizə gəlmişdilər, deyirdilər ki, biz hamımız sizin
bişirdiyiniz yeməkdən yemişik. Son tikəsini bölməyi bacarırdı, uşaqlara da bunu
öyrədirdi. Bayramlarda deyirdi ki, filan əsgərin ata-anası yoxdur, filan əsgərin
valideynləri gələ bilməyəcək, onlara da bayram payı qoy”.
Deyirlər
ki, yaxşı dostluğu, yoldaşlığı olub. Ətrafında olan hər kəs onunla bağlı
danışanda məhz bu məsələləri xüsusi vurğulayır. Və müharibədə döyüş yoldaşını
xilas edərkən şəhid olur. Söhbət şəhid baş leytenant, tağım komandiri Vüsal
Babayevdən gedir.
Qeyd edək
ki, Vüsal Sübbuh oğlu Babayev 8 yanvar 1992-ci ildə Bakının Pirallahı rayonunun
Pirallahı adasında dünyaya gəlib. Həmin rayonun 186 nömrəli tam orta məktəbində
təhsil alıb. Ali təhsil üçün isə seçimi Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbi olur. 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib
xidmətə başlayır. Daha sonra baş leytenant rütbəsinə layiq görülüb. 2016-cı
ildə Aprel döyüşlərinə qatılır. 2020-ci ildə İkinci Qarabağ savaşının ilk
günündən döyüşdə iştirak edənlərin sırasında olur. Vüsal Babayevin son döyüşü
2020-ci il oktyabrın 21-i Füzuli rayonunun Gecəgözlü kəndində olur. O, yaralı
döyüş yoldaşını xilas edərkən yanına mərmi düşür və qəhrəmancasına şəhidlik
zirvəsinə ucalır.
"Hərbini
üstün tutdu”
Anası
Əntiqə Babayeva deyir ki, hərbiyə yönəlmək Vüsalın
öz istəyi olub: "Hələ balaca olanda musiqi dərsində sinifdəki uşaqlar başqa
mahnılar oxuyardılar, Vüsal isə himnimizi ifa edirdi. Elə ondan hiss edirdim
ki, vətənpərvər uşaqdır. Məktəbdə yaxşı oxuyurdu, başqa sahələri də seçə
bilərdi, amma hərbini üstün tutdu”.
Ə.Babayeva
bildirdi ki, oğlu çox zəhmətkeş idi: "11-ci sinifdə oxuyanda həm məktəbə
gedirdi, həm repetitor yanına, üstəlik, namaz da qılırdı. Bir gün gəlib dedi
ki, iş tapmışam, işləmək istəyirəm. Atası dedi ki, bütün günü yorulursan, bir
az da istirahət et. Dedi ki, yox, işləyəcəyəm. Boş qala bilmirdi. İlk maaşı ilə
evə dondurma aldı. Çox zəhmətkeş idi”.
"Özü
ac qalıb...”
Atası
Sübbuh Babayev deyir
ki, Vüsal həmişə nümunəviliyi ilə seçilib: "Məktəbdə yaxşı oxuyurdu, tərbiyəsi
də gözəl idi. Nə məktəbdən, nə qonşulardan onunla bağlı bizə şikayət edən
olmayıb. Dava-şava adamı deyildi. Söyüş söyən, dava edən olanda gedib
aralayırdı, sülh yaradırdı. Daim öz üzərində işləyirdi, özünü formalaşdırırdı”.
S.Babayev
bildirdi ki, oğlu hər zaman çörəyi birinci başqasına verən olub: "Döyüşdə
iştirak edən əsgərləri gəlmişdi. Deyirdilər ki, yemək gələndə əvvəlcə bizim yeməyimizin
verilməsinə diqqət edirdi, sonra özü
yeyirdi. Özü ac qalıb başqasını yedirəcək ürəyə sahib insan idi. Dostluğu,
yoldaşlığı yaxşı idi. Məktəbdə də belə olub, tələbə vaxtı da. Bir adamla küsülü
qalmazdı. Hörmət qazanmışdı”.
"Evdə çox
mülayim idi”
Həyat
yoldaşı Aynur Babayeva
deyir ki, Vüsal çox yaxşı ailə başçısı idi: "Vüsalı görəndə "qismətimi tapdım”
dedim. Tanış olandan qısa müddət sonra evləndik. Həqiqətən də, ailədə təsəvvür
etdiyim kimi biri oldu. Qayğımı çəkirdi, nəvaziş göstərirdi. Bir saat içində bəlkə
100 dəfə danışırdıq. Aldığımız nəfəsi də bir-birimizə deyirdik. Nə isə istədiyimi
deyirdimsə, həvəslə "gedək alaq” deyirdi. Ciddi olsa da, evdə çox mülayim idi.
Evin qapısını açan kimi qızlarımızı çağırırdı, hərəsini bir qoluna alıb otağa
girirdi. Həmişə bu mənzərəni görəndə deyirdim ki, Allah, mənim ömrümdən kəs, ona
ver, bu uşaqlar onunla nəfəs alırlar. Mən ondan 5 yaş böyük idim, həmişə
zarafat edirdi ki, sən yaşlanıb qocalacaqsan, amma mən qocalmayacağam”.
"Nəyisə
ona deməkdən çəkinmirdim”
A.Babayeva
bildirdi ki, Vüsal həm də onun ən yaxın dostu olub: "Ata-anama deyə bilmədiklərimi
belə ona rahatlıqla danışırdım. Nəyisə ona deməkdən çəkinmirdim.
İndi çox əziyyət çəkirəm, çünki heç kəslə onun qədər rahat danışa bilmirəm.
Uşaqları məktəbə qoyandan sonra hər gün qəbri üstünə gedirəm, orda şəkli, qəbri
ilə danışıram”.
"Deyirdi
ki, Polad Həşimov kimi olacağam”
A.Babayevanın
sözlərinə görə, Vüsal əsgərlərinə həmişə həssas yanaşırdı: "Əsgərlərinə, işinə
çox bağlı idi. Əsgərlərini çox istəyirdi. İşə aparmaq üçün Vüsala yemək
qoyurdum. Onu da əsgərləri ilə bölürmüş. Vüsal şəhid olanda əsgərləri bizə gəlmişdilər,
deyirdilər ki, biz hamımız sizin bişirdiyiniz yeməkdən yemişik. Son tikəsini
bölməyi bacarırdı, uşaqlara da bunu öyrədirdi. Bayramlarda deyirdi ki, filan əsgərin
ata-anası yoxdur, filan əsgərin valideynləri gələ bilməyəcək, onlara da bayram payı
qoy. Sağlamlıqları ilə bağlı nə isə xırda bir problem yaransa, narahat olurdu,
tez nə isə etməyə çalışırdı. Əsgərləri deyirlər ki, Vüsal bizə ata qayğısı göstərirdi.
Həmişə deyirdi ki, mən Polad Həşimov kimi olacağam, əsgərlərimə də onun kimi
yanaşacağam. İşi ilə bağlı daim oxuyurdu, öyrənirdi, araşdırırdı, yüksəlmək istəyirdi”.
"Döyüşə
getməməli idi”
A.Babayeva
deyir ki, Vüsal sağlamlığı ilə bağlı problemdən dolayı müharibədə iştirak etməyə
bilərdi, amma o, bunu gizlədib döyüşə yollanır: "Normalda qanda trombosit sayı
150-450 min arası olur, amma onda 63 min idi. Güclü yeməklər, davamlı müalicələrlə
onun qanında trombosit sayını 80 minə qaldırırdıq. Ancaq bu da qanda
laxtalanmanın çox zəif olması deməkdir. Döyüşdə şəhid olmasa, yaralansaydı belə,
həyatda qalma ehtimalı çox az idi. Sağlamlığındakı problemlə bağlı əlində sənəd
var idi, onu göstərib, əslində, döyüşə getməməli idi. Amma sənədi evdə gizlədib
getdi. Vüsal bilirdi ki, döyüşdən qayıdan deyil, bunu bilərək gedirdi. Əsgərləri
döyüşdə olanda o, evdə qala bilməzdi”.
"Xeyli
vaxt sonra dedi ki...”
A.Babayeva
bildirdi ki, Vüsal yaxınlarına narahatlıq verməmək üçün əlindən gələni edib:
"Aprel döyüşləri ərəfəsində telefonla danışırdıq, deyirdi ki, Bakıda hərbi hissədəyəm.
Aprel döyüşləri bitəndən, evə gələndən xeyli vaxt sonra dedi ki, mən döyüşlərdə
iştirak etmişdim. İkinci Qarabağ Döyüşündə də daim hər şeyin yaxşı olduğunu
deyirdi. Şəhid olduğu gün danışanda dedi ki, plov yemişəm, yerimiz də istidir,
narahat olmayın. Sonradan yoldaşları danışdılar ki, 21-i də daxil olmaqla öncəki
4 gün yemək filan gəlmədi, torpaqda yatmışıq”.
"Atam ölməyib,
şəhid olub”
Qeyd edək
ki, baş leytenant Vüsal Babayev ölümündən sonra Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda” və "Füzulinin azad
olunmasına görə” medalları ilə təltif olunub.
A.Babayeva
qeyd etdi ki, şəhidin balaca qızları Selcan və Ruqiyyənin dilindən ataları
düşmür. "Ata filan sözü demişdi”, "Ata belə eləmişdi”, "Ata bizi qucağına belə
götürmüşdü” və s. Onlar atalarından söz düşəndə "Atam ölməyib, şəhid olub”
deyirlər. Bəli, ataları ölməzlik zirvəsi olan şəhidliyə ucalıb və daim nəinki
övladlarının, yaxınlarının, bütün xalqın qəlbində yaşayacaq.
Aygün
Asimqızı
Fotolar: Tapdıq Abdullayev / Global
Media Group