Dünya miqyaslı geosiyasi aktor - ŞƏRH
"Hazırkı proseslər fonunda Azərbaycana diqqət
artmaqdadır. Antalya Diplomatiya Forumunun əsas müzakirə mövzularından biri də
Rusiya-Ukrayna müharibəsinin fəsadlarının aradan qaldırılması olub. Türkiyə ilə
Azərbaycanın birlikdə atdığı addımlar dünyanın diqqət mərkəzindədir”.
Azərbaycanın balanslı xarici siyasəti, dünya dövlətləri
ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən əlaqələr qurması ölkəmizi
beynəlxalq birliyin layiqli üzvünə çevirib. Cənubi Qafqazın lider dövləti,
regionun sabitlik adası olan Azərbaycan sadəcə yerləşdiyi coğrafi bölgənin
deyil, hətta qoca qitənin təhlükəsizliyinə müsbət təsir edəcək təşəbbüslərlə
çıxış edir.
Etibarlı tərəfdaş, dialoq məkanı
Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm
rol oynayır. İkiqütblü dünyanın böyük dövlətlərini, hərbi təşkilatlarını təmsil
edən liderlər, hərbçilər dialoq məkanı kimi məhz Azərbaycanı seçirlər. Ölkəmiz
özünün və regionun təhlükəsizliyini möhkəmləndirmək üçün NATO üzvü olan Türkiyə
ilə hərbi-siyasi, KTMT-nin əsas siması sayılan Rusiya ilə müttəfiqlik bəyanatları
imzalayıb. 44 günlük Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbə ilə beynəlxalq
nüfuzu yüksələn Azərbaycanın Rusiya-Ukrayna müharibəsi fonunda dünya üçün əhəmiyyəti
bir qədər də artıb. Xüsusən Avropa İttifaqı ölkəmizə xüsusi diqqət ayırmağa
başlayıb. Hazırda bu İttifaqa sədrlik edən Fransanın Prezidenti Emmanuel Makron
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra dövlət başçısı İlham Əliyevə zəng
edib, ardınca məktub göndərib, Avropanın əsas dövlətlərindən olan İtaliyanın
hökumət rəhbəri telefon əlaqəsi yaradıb. Eyni zamanda Türkiyə, Rusiya və
Ukrayna prezidentləri də Azərbaycan lideri ilə telefonla danışıb, müzakirələr
aparıblar. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun bu günlərdə Bakıya səfərinin
ardınca Prezident İlham Əliyev Türkiyəyə səfər edib, orada həmkarı Rəcəb Tayyib
Ərdoğanla məsləhətləşmələr aparıb.
Beynəlxalq hüququn fundamental norma və prinsipləri
Qısa zaman kəsiyində baş verən hərəkətlilik Azərbaycanın
dünya və region üçün əhəmiyyətli bir dövlətə çevrildiyini nümayiş etdirib.
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas
Hüseynov bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Azərbaycanın
həm regional, həm də qlobal miqyasda əhəmiyyəti artıb. Onun sözlərinə görə,
Türkiyə ilə Azərbaycanın birlikdə atdığı addımlar dünyanın diqqət mərkəzindədir:
"Rusiya-Ukrayna müharibəsindən öncə NATO-nun baş katibi də Azərbaycan
Prezidenti ilə telefon əlaqəsi saxlamışdı. Belə əlaqələr fonunda Azərbaycan
Rusiya ilə qarşılıqlı fəaliyyət haqqında müttəfiqlik bəyanatı imzalayıb. Onu da
nəzərə alaq ki, Azərbaycan Avropa İttifaqının üzvü olan 9 dövlətlə strateji tərəfdaşlıq
haqqında saziş imzalayıb. Avropa İttifaqı karbohidrogen ehtiyatlarının etibarlı
və sabit şəkildə nəqlində maraqlıdır. Bu baxımdan Ermənistan-Azərbaycan münasibətlərinin
normallaşdırılması istiqamətində ötən ilin dekabrında Brüsseldə Avropa
İttifaqının prezidenti Şarl Mişellə görüş keçirilib. Eyni zamanda cari ilin
fevral ayında Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron, Ermənistanın baş
naziri Nikol Paşinyan və Prezident İlham Əliyev arasında videoformatda dördtərəfli
görüş keçirilib. Hazırkı proseslər fonunda Azərbaycana diqqət artmaqdadır. Bu
günlərdə keçirilən Antalya Diplomatiya Forumunun əsas müzakirə mövzusu beynəlxalq
hüququn fundamental norma və prinsiplərinin bərqərar olunması, Rusiya-Ukrayna
müharibəsinin fəsadlarının aradan qaldırılması olub. Bu önəmli platformada Azərbaycan
da iştirak edib. Türkiyə ilə Azərbaycanın birlikdə atdığı addımlar dünyanın
diqqət mərkəzindədir. Hətta Rusiya ilə Ukrayna arasında baş tutan sülh
danışıqlarının keçirilməsi üçün sadalanan neytral şəhərlər arasında Bakı var
idi. Həm Türkiyə, həm də Azərbaycan yaranmış böhranı aradan qaldırmaq üçün
vasitəçi qismində çıxış edib”.
Ərazi bütövlüyü, suverenlik, sərhədlərin
toxunulmazlığı
Politoloq söyləyib ki, Azərbaycanın regional və
qlobal miqyasda artan nüfuzu Vətən Müharibəsində qazandığı möhtəşəm qələbə ilə
sıx bağlıdır: "Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsi
nüfuzu, müdrik diplomat, bacarıqlı lider kimi hörməti dünyada Azərbaycana olan
marağı bir qədər də artırır. Prezident İlham Əliyev yenilənən dünya, dəyişən
geosiyasi reallıqlar fonunda Azərbaycanı yeni uğurlara aparır. Region dövlətləri
ilə bərabərhüquqlu, etibarlı, qarşılıqlı maraqlara, sabitliyə, iqtisadi tərəqqiyə
xidmət edən əlaqələrin qurulması Azərbaycan ətrafında çox güclü təhlükəsizlik kəməri
yaradıb. Bu təhlükəsizlik amili indiki durumda ölkəmizin gücünü, nüfuzunu
artırmağa xidmət edir. Azərbaycanın gələcəkdə müasir beynəlxalq münasibətlər
sistemi, dünyanın siyasi nizamı, Avropanın təhlükəsizlik arxitekturası və digər
fundamental məsələlərlə bağlı öz mövqeyi var. Cənubi Qafqazda güclü siyasi,
iqtisadi, hərbi dayaqlara əsaslanan ölkəmizin uğurları hər kəsi maraqlandırır.
Rusiyanın məhz ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı, daxili
işlərə qarışmamaq çərçivəsində Azərbaycana olan münasibəti dəfələrlə
vurğulanıb. Moskva bəyannaməsinin birinci bəndində də bu məqam əks olunub.
Bunlar Azərbaycanın qırmızı cizgiləridir. Ölkəmizin bu mövqedən çıxış etməsi, Cənubi
Qafqazda təhlükəsizliyin qorunmasına töhfə verməsi, terrorizmə qarşı beynəlxalq
koalisiyada yer alması, transmilli cinayətkarlığın qarşısının preventiv
üsullarla alınmasında mühüm rol oynaması və digər önəmli məqamlar Azərbaycanın
dünya miqyasında geosiyasi aktor kimi uğurlarını artırır”.
Rufik İSMAYILOV