Deyirlər seç, bəs necə seçək? - ARAŞDIRMA
İcbari
tibbi sığorta vətəndaşa tibb müəssisəsini və həkimi seçmək hüququ verir. Ancaq
vətəndaşların dövlət tibb müəssisələrində göstərilən xidmətlər, mütəxəssislərin
təhsili, təcrübəsi və s. haqqında məlumatları əldə edəcəkləri onlayn resurs
yoxdur
Əvvəlki
qaydalara görə, vətəndaş icbari tibbi sığorta xidmətindən yararlanmaq üçün
yalnız qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət etməli
idi. Qeydiyyatda olduğu tibb müəssisəsində xidmətlər zərfi çərçivəsində ona
lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmadıqda müqaviləli tibb müəssisəsinə
göndəriş verilirdi. Lakin son dəyişikliyə əsasən, vətəndaşlar ixtisaslaşdırılmış
ambulator yardım üçün ölkə daxilində yerləşən istənilən dövlət tibb müəssisəsinə
göndərişsiz müraciət edə biləcəklər.
Bildirək ki, ambulator yardım
odur ki, xəstə klinikada qalmır. Müayinə olunub, ev şəraitində müalicəsini
davam etdirir.Eyni zamanda, vətəndaş həkimi də
özü seçə bilər. Yəni həm tibb müəssisəni seçə bilirik, həm də həkimləri. Bəs
seçimi necə edək?
Özəl tibb müəssisələrinin xidmətləri,
mütəxəssisləri ilə bağlı məlumat almaq üçün saytlarına daxil oluruq. Orda göstərilən xidmətlər, mütəxəssislərin təhsili, təcrübələri
və s. haqqında məlumatlar yerləşdirilir.
Bəlkə sosial şəbəkə səhifələri
var?
Dövlət tibb müəssisələrində də bu
cür etmək istədik. Bakı şəhəri
tibbi ərazi bölməsinə
daxil olan 160-dan çox tibb müəssisəsinin saytlarının
olub-olmadığını bir-bir yoxladım. Cəmi 3-ünün saytı var: Mərkəzi Neftçilər
Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə
Mərkəzi və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya
İnstitutu.
İlk ikisinin saytlarında mütəxəssislər
haqqında məlumat yerləşdirilib. Üçüncüdə isə sayt olsa da, mütəxəssislərlə
bağlı məlumat yoxdur.
"Sayt olmadı, bəlkə sosial şəbəkə
səhifələri var” düşünüb, axtarış etdim, barmaqla sayılacaq dərəcədə az müəssisənin
sosial şəbəkə səhifəsi var. O səhifələrin də çoxunda aktiv paylaşımlar edilmir.
Xidmətlər, mütəxəssislərlə bağlı məlumatlar isə paylaşılmayıb. Bakı şəhərindəki
klinikalar belədirsə, regionlardakılara baxmağa dəyməzdi.
İcbari
sığorta vətəndaşa həkimi seçmək hüququ verirsə, amma vətəndaşın seçim edəcək
bir mənbəyi yoxdursa, bu, icbari sığortanın
tətbiqinə nə kimi təsir edəcək?
"Azərbaycanda
həkimə şübhə var”
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, inkişaf etmiş ölkələrin təcrübəsində
icbari tibbi sığorta sistemində xəstələrə həkim seçmək imkanı verilmir. Çünki səhiyyə
sisteminə insanların inamsızlıq problemi yoxdur: "Dünyanın bütün inkişaf etmiş
ölkələrində həkimlər bəlli bir mərhələni keçdikdən sonra klinikalarda fəaliyyətə
başlayırlar. Onların bilik və bacarıq səviyyəsi elə olur ki, o mərhələni keçirlər.
Artıq hər hansı şübhəli məqam qalmır. Məsələn, vətəndaş düşünmür ki, məni
müayinə edəcək kardioloq savadsız olacaq. Ancaq Azərbaycanda bu şübhə var. Digər
tərəfdən, adamların məşhur, reklamı çox olan həkimlərə meyli, daha çox inanması
praktikası geniş yayılıb. Əslində, xəstə klinikaya yaxınlaşarkən növbədə olan həkim
kimdirsə, onun da müayinəsindən keçməlidir. "Mən filan həkimi istəyirəm” məsələsi
ölkəmizdə səhiyyə xidmətinin təşkilində çox ciddi baryerə, maneəyə çevrilib”.
"Seçim
hüququ verilirsə...”
İ.Hüseynli
deyir ki, xəstələrə klinika və həkimi seçmək imkanı verilirsə, bunun üçün
lazımi şərait yaradılmalıdır: "Elektron baza yaradılmalı, orda dövlət tibb müəssisələri,
həkimləri barəsində geniş informasiya yerləşdirilməlidir. Xəstə bazaya daxil
olub orda dövlətin tibb müəssisəsində çalışan həkimlərin bilik səviyyəsi, təcrübəsi
ilə tanış olmalıdır. Bu sistem özəl klinikalarda var. Onlar saytlarında göstərdikləri
xidmət, həkimləri ilə bağlı geniş informasiyalar verirlər. Dövlət
klinikalarında bu cəhətdən acınacaqlı vəziyyət var”.
"Büdcə
ayrılmalıdır”
İ.Hüseynli
qeyd etdi ki, bu sistemin qurulması üçün dövlət büdcəsindən pul ayrılmalıdır:
"Saytın, sosial şəbəkə səhifələrinin qurulması, saxlanması xərcləri də az
deyil. Dövlət büdcəsi tərəfindən maliyyələşən klinikalarda büdcə
planlaşdırılması aparılarkən bu məsələ də ora daxil olmalıdır ki, xəstəxanalar
da bunu yarada bilsinlər. Düşünürəm ki, səhiyyə büdcəsi planlaşdırılarkən bu məsələlərə
önəm verilməlidir”.
Zaman
lazımdır
Tibbi
ekspert Aydın Əliyev deyir
ki, sistem yeni qurulduğu üçün bu işlərin də həll olunması zaman ala bilər: "Vətəndaşlara
həkimi və klinikanı seçmək imkanının verilməsi yaxşı haldır. Əgər vətəndaşların
seçim imkanı varsa, yaxşı olar ki bütün klinikalarda çalışan həkimlər, onların
təhsil və təcrübələri, gördükləri işlər və s. haqqında məlumatlar icbari tibbi
sığortanın portalında yerləşdirilsin. Bu, lazımlıdır. Ancaq nəzərə almalıyıq ki,
bu sistem yeni qurulur. Birdən-birə hər şeyin ideal olması da real görünmür.
Əminəm ki, tədricən qurulacaq”.
Gələcəkdə
onlayn platforma yaradıla bilər
"Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi”nin (TƏBİB)
mətbuat xidmətinin rəhbəri Elnarə Baxış bildirdi ki, vətəndaşlara göstərilən tibbi xidmətlərin
keyfiyyətinin artırılması istiqamətində mütəmadi addımlar atılır. Ötən dövrdə
bu istiqamətdə, xüsusilə xəstəxanaların maddi-texniki bazasının, kadr
potensialının inkişafına yönəlik mühüm işlər görülüb. Bu proses davamlı olaraq
həyata keçirilir. Gələcəkdə qeyd edilən onlayn platformaların hazırlanması da
mümkün ola bilər.
Ailə həkimləri
kömək edir
Hazırda
onlayn platforma yoxdur. Bəs indi seçimi necə edək? İcbari
Tibbi Sığortaüzrə DövlətAgentliyinin
mətbuat xidmətindən bildirildi ki, əgər vətəndaşın hər hansı tibb müəssisəsinin
seçimi və ya ixtisaslı həkimlə bağlı məlumata ehtiyacı varsa, bununla bağlı
yaşadığı ərazi üzrə dövlət tibb müəssisəsindəki (poliklinika, Ailə
Sağlamlıq Mərkəzi, kənd həkim məntəqəsi) ailə həkiminə müraciət edə bilər. Ailə
həkimi vətəndaşı müayinə etdikdən sonra onun xəstəliyinə - diaqnozuna uyğun
olaraq tibb müəssisəsi, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər və
müvafiq ixtisas üzrə həkim haqqında məlumat verir. Buna əsasən, vətəndaş ona
lazım olan tibbi xidmətin və ya ixtisas həkiminin hansı tibb müəssisələrində
olması barədə ətraflı məlumata malik olur.
Səhiyyə sisteminə inam da o səviyyədə
deyil ki, vətəndaşlar araşdırmadan hansısa mütəxəssisin qəbuluna getsinlər. Ona
görə verilən seçim hüququndan istifadə etmək üçün mənbə axtarışındadırlar. Ümid
edirik ki, yaxın gələcəkdə bu platformalar yaradılacaq.
Aygün Asimqızı