AZE | RUS | ENG |

Dərsə gedən milyon yarım uşaq...

Dərsə gedən milyon yarım uşaq...
Yeni tədris ilinin başlanması ilə əlaqədar aidiyyəti qurumlar iş rejimini gücləndirib

Artıq yeni tədris ilinə sayılı günlər qalıb. Növbəti həftədən şagirdlər məktəblərə, tələbələr isə universitetlərə yollanacaqlar. Kiçikdən böyüyə hər kəsin həyəcan və narahatlıqla gözlədiyi bu günə hərə bir cür hazırlaşır. Elə dövlət qurumları da yeni tədris ili ilə bağlı hazırlıqlara erkən start veriblər. 
 
Tıxac olmayacaq?

Başlayaq elə yollardakı tıxac problemindən. Tədris ili başlayan kimi, Bakının mərkəzi küçə və prospektlərində tıxacın ucu-bucağı görünmür. Hər kəsin harasa tələsdiyi bir dövrdə bu problem təbii ki, hamının əsəblərini tarıma çəkir. Sevindirici məqam odur ki, məsələnin həlli üçün bu il müəyyən addımlar atılıb. Belə ki, yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi göstəriş verilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, həmin şirkətlərə tapşırılıb ki, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılsın, zərurət yarandığı halda, günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılsın. Məqsəd, xüsusən də ilk dərs günü səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatmasını təmin etməkdir. Səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədi ilə işıqforlarda "yaşıl dalğa" tətbiq ediləcək. Agentlik nəzərdə tutulan tədbirlərin səmərəli olması üçün hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklama qaydalarına ciddi əməl etməyi tövsiyə edir. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edilir ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bildirilir ki, bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da, ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.

Qeyd edilənlər nəzərə alınaraq, vətəndaşlar, mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırılır.
 
Metropoliten qatarların sayını artıracaq 

Digər bir xəbər isə Bakı Metropolitenindən gəldi. Belə ki, yeni tədris ilinin başlanması, həmçinin fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar Bakı Metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu dövrdə metro istifadəçilərinin sayı artır, sərnişin axını intensivləşir: "Bunu nəzərə alaraq, metropolitendə hərəkət qrafiki mövsümün tələblərinə uyğun tərtib olunur və bir sıra müvafiq digər tədbirlər də görülür. "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmri ilə təsdiq edilmiş qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılaraq, onların hərəkəti sıxlaşdırılacaq və nəticədə interval azaldılacaq. Sentyabrın 14-dən tətbiq ediləcək qrafiklə, iş günlərinin gur saatlarında "Həzi Aslanov-28 May” istiqamətində və əksinə olmaqla, qatarlar arasında minimum interval 2 dəqiqə müəyyən olunub. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq. Onu da əlavə edək ki, Bakı metropolitenində gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir. Onu da əlavə edək ki, Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə, xətlərin birləşdiyi "28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq”.

Məlumatda bildirilir ki, Bakı metropoliteni sərnişinləri, günün müəyyən vaxtlarında "Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın "Dərnəgül” və ya "İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük interval müşahidə edirlər. Bunun səbəbi qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılması ilə əlaqədardır. Bu hallarda "Ulduz-Həzi Aslanov" sahəsində bəzi hallarda interval daha çox ola bilər. Eyni qayda ilə "Həzi Aslanov-Ulduz" sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında iki qatarın ardıcıl olaraq "Dərnəgül” və ya "İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edilməsi mümkündür. Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur. Yeni qrafik 2020-ci ilin yay aylarına qədər qüvvədə olacaq. Məlumat üçün bildiririk ki, Bakı metropolitenində hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Tədris ilinin başa çatması, habelə yay mövsümündə şəhərdən kənarda istirahətə üz tutan sərnişinlərin sayının əsaslı şəkildə artması ilə əlaqədar metropolitendə qismən yüngülləşdirilmiş qrafik tətbiq olunur”.

Sumqayıtdan gələnlər də nəzərə alınıb 

Sentyabrın 16-dan həmçinin, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, kollektiv yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır: "Bu günlərdə dəmir yolunun xidmətlərindən istifadə etmək istəyənlərin sayı artdığından, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Eyni zamanda 16 sentyabr 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilir. Yeni hərəkət cədvəlinə əsasən Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının dövriyyəsi artırılır. Gün ərzində bu marşrutla 15 cüt elektrik qatarı hərəkətdə olacaq. Eləcə də, sosial sifarişlər nəzərə alınaraq, birinci növbədə oxuyan tələbələrin dərsdən sonra daşınması üçün saat 15:00-a da qatar təyin edilir. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir”.

43 yeni məktəb 

Bəs görəsən bu il nə qədər şagird məktəbə yollanır? Kitab, məktəbli forması məsələləri öz həllini tapıbmı? Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadənin verdiyi məlumata görə 2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Hazırda respublikada 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir. Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib. 2019-2020-ci tədris ilində 108074 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168148 dərslik və metodik vəsait çap edilib.

Bəs görəsən uşaqlar lazımi dərs vəsaitinin paylanması nə yerdədir. Bildirilir ki,  dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün dərsliklər sentyabrın 6-dək paylanılıb. Şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumtəhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunub. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verib. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Mövcud qaydalara görə, dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər, əsasən əvvəlki illərdə istifadə olunmuş, yalnız bir hissəsi isə 2019-cu ildə yeni çap edilmiş dərsliklərdir. Qeyd edək ki, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib”.

Biz də öz növbəmizdə hər kəsə uğurlu tədris ili arzulayırıq. Ümid edirik, bütün şagirdlər və tələbələr qarşıya qoyduqları hədəfə çata biləcəklər. 

Şəbnəm Mehdizadə
 
 
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873