• cümə, 19 Aprel, 22:36
  • Baku Bakı 24°C

Deputat: “Şuşa Bəyannaməsi regional təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir”

16.06.21 13:45 257
Deputat: “Şuşa Bəyannaməsi regional təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir”
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Vətən müharibəsindən sonra regionda yaranmış yeni təhlükəsizlik formatının bütün elementlərini özündə ehtiva edir”.
BunuAPA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.

Deputat deyib ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin təmin olunmasına da mühüm töhfə verəcək: "Bəyannamədə əksini tapmış müddəalar iki ölkənin xalqlarının tarixi maraqlarını, milli mənafelərini ifadə edir, eyni zamanda regional kontekstdə də əməkdaşlıq üçün etibarlı zəmin yaradır. Şuşa Bəyannaməsini iki kontekstdən qiymətləndirmək mümkündür. Bir tərəfdən bu sənəd Azərbaycanla Türkiyə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir, iki ölkənin təhlükəsizlik, geosiyasi maraqlar kontekstində atılacaq addımları, beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını qorumaq istiqamətində fəaliyyətini daha sıx koordinasiya etməsini nəzərdə tutur. Bəyannamədə birgə iqtisadi layihələrin həyata keçirilməsi, hərbi sahədə əlaqələrin dərinləşdirilməsi kimi son dərəcə vacib əhəmiyyətə malik müddəalar var. Digər tərəfdən, Şuşa Bəyannaməsi regional təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinə yeni məzmun verməklə Cənubi Qafqazda sülhün təmin olunması, bəzi dairələrin revanşizm haqqında illüziyalarına son qoyulmasına da çox ciddi təsir göstərəcək”.
Milli Məclisin deputatı bildirib ki, Şuşa bəyannaməsində iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi də əksini tapıb. Bu fakt, Azərbaycan və Türkiyənin geosiyasi və təhlükəsizlik maraqlarının üst-üstə düşdüyünü təsdiq edir: "Azərbaycan və Türkiyə prezidentləri də öz çıxışlarında dəfələrlə vurğulayıblar ki, iki ölkə arasında bu qədər yaxın müttəfiqlik münasibətlərinin dünyada analoqunu tapmaq çox çətindir. Təsadüfi deyil ki, Şuşa bəyannaməsi Qars müqaviləsindən sonra Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələdə inkişafını əks etdirən ən böyük tarixi razılaşma kimi qiymətləndirilir. Bəyannamədə diqqəti çəkən əsas müddəalardan biri də iki dövlət arasında mövcud hərbi-siyasi əməkdaşlığın üçüncü dövlətlərə qarşı yönəlmədiyinin vurğulanmasıdır. Bu, bir daha təsdiq edir ki, imzalanan sənəd iki ölkənin milli maraqlarının ifadəsi olmaqla yanaşı, regionda təhlükəsizliyin, sabitliyin, sülhün və əməkdaşlığın inkişafına xidmət edəcək”.
Soltan Məmmədov bildirib ki, Şuşa Bəyannaməsində göstərilən geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazın tarixində yeni bir dönəmin başlanmasını təmin edəcək.
banner

Oxşar Xəbərlər