• cümə, 29 Mart, 19:13
  • Baku Bakı 14°C

Cümhuriyyətin bir nömrəli düşməni

12.09.19 10:00 2364
Cümhuriyyətin bir nömrəli düşməni
Ötən saylarımızdan birində əksər tədqiqatçıların "Cümhuriyyətin bir nömrəli düşməni” adlandırdıqları Əliheydər Qarayev haqqında məlumat verəcəyimizi bildirmişdik. Bu gün vədimizə əməl edərək sənədlərdən, tədqiqat əsərlərindən, xatirələrdən oxuduqlarımızı və eşitdiklərimizi sizinlə bölüşmək istərdik. Əvvəlcə Ə.Qarayevin kimliyi haqqında qısa məlumat vermək yerinə düşərdi.
Qarayev Əliheydər Ağakərim oğlu 1896-cı ildə Şamaxıda anadan olub. Şamaxı Realnı Məktəbində oxuyub. 1916-cı ildə Don Politexnik İnstitutuna daxil olub. 1917-ci ilin yayında Tiflisdə gizli inqilabı iş aparmağa başlayıb. 1919-20-ci illərdə bir necə bolşevik qəzetlərinin redaktoru olub. Bu nəşrlər vasitəsilə Milli hökuməti devirib, Sovet hakimiyyətini qurmağı təbliğ edib. Azərbaycan K (b) P 1-ci qurultayında MK üzv seçilib. Bakı müvəqqəti İnqilab Komitəsinin sədri, Azərbaycan SSR xalq ədliyyə və əmək komissarı, Bakı Sovet İcraiyyə Komitəsinin sədri və Azərbaycan SSR xalq hərbi dəniz işləri komissarı işləyib. 1923-cü ildə AK (b) P MK katibi, 1929-cu ildə isə ÜİK (b) P Zaqafqaziya Ölkə Komitəsinin katibi olub. 1930-31-ci illərdə AK (b) P Gəncə mahal komitəsinin katibi seçilib. Moskva Ali Partiya məktəbində işləyib. 1938-ci ildə Moskvada vətən xaini kimi güllələnib.
"Cümhuriyyətin bir nömrəli düşməni” adlandırılan Əliheydər Qarayev doğrudanmı milli hökumətinə, xalqına düşmən kəsilib? Qarşımdakı bütün arxiv sənədləri, tədqiqat əsərləri, xatirələr (təbii ki, sovet dövrü yazılanları çıxmaq şərtilə) bu faktı təsdiq edir. Məsələn, ən etibarlı mənbə kimi Mirzə Cəlilin ömür yoldaşı Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) "Xatirələrim”i diqqətimi cəlb etdi (Çünki "mən görmədiklərimi yaza bilmərəm” söyləyən Həmidə xanım xatirələrini vicdanının səsinə qulaq asaraq yazmış və heç bir mükafat, ehtiyac onu yalan yazmağa vadar edə bilməmişdir. Axı Həmidə xanım həm də o dövrdə baş verən hadisələrin canlı şahidi olub).
Həmidə xanım "Xatirələrim”də Əliheydər Qarayevi oxucusuna belə təqdim edir: "Əliheydər Qarayev- kommunist partiyasının Azərbaycan xalqının mənafeyinə zidd olan bütün tapşırıqlarını danışıqsız yerinə yetirməsi, milli duyğulara nifrət bəsləməsi, Azərbaycanda rus və erməni nüfuzunun möhkəmlənməsinə əlindən gələni edərək, bu yolda ən şərəfsiz işlərdən belə çəkinməməsi ilə seçilən nümayəndəsi”.
Həmin dövrdə yaşamış, hadisələrin şahidi olmuş qocaman yazıçımız Manaf Süleymanov "Son bahara çatdıq...” adlı əsərində yazır: "Digər böyük vəzifə sahibləri arasında Əliheydər Qarayev yeganə adam idi ki, bolşeviklər ona ən yüksək hərbi rütbə vermişdilər. Hərbi libasının boyunluğunda hər tərəfdə dörd romb vardı, bu da, general rütbəsinə bərabər idi”.
Manaf müəllimin əsərindən daha sonra məlum olur ki, Əliheydər Qarayev bu böyük səlahiyyətdən istifadə edərək "burda mənəm, Bağdada gör xəlifə” prinsipini çox qəddarcasına həyata keçirib.
İki-üç il bundan əvvəl Ə.Qarayev haqqında bir yazım çap olunmuşdu. Hörmətli alimlərimizdən biri məqaləyə etrazını bildirərək dedi: "Qərənfil xanım, birincisi, düz etmirsiniz, o, işlər keçmişdə qaldı, Əliheydər də bu xalqın oğludur, nəyə lazım olub-keçənləri açıb-ağartmaq. İkincisi, görkəmli yazarımız Abbas Səhhət xatirələrində Əliheydəri çox yaxşı bir gənc kimi təqdim edir”.
Qeyd edim ki, Abbas Səhhət Ə.Qarayevi yaxşı bir gənc kimi təqdim edəndə o, Don (Novoçerkassk) Politexnik İnstitutunun (1917) tələbəsi idi. O, zaman hələ Milli Hökuməti üsyanla devirmək, Parlamenti dağıtmaq, Şura hökumətini elan etmək üçün "böyük qardaş”larından yüksək rütbə və vəzifələr almamışdır. İkincisi, başda M.Ə. Rəsulzadə olmaqla həbs etdirdiyi, sürgünə göndərdiyi, ailələrini viran qoydurduğu, ocağını söndürdüyü yüzlərlə vətənpərvər ziyalılarımız bu xalqın oğulları deyildimi? Onların günahı nə idi? Vətənin azad, dövlətin müstəqil olması uğrunda mübarizə aparmaları?
Azərbaycan Parlamentinin 27 aprel 1920-ci il tarixli son iclasında "Səsini çıxardanları gülləboran edərəm!” deyən Ə.Qarayev deyildimi? "Hümmət” partiyasından Azərbaycan Parlamentinə üzv olan və onun əksər iclaslarında Milli Hökuməti haqsız olaraq tənqid, hətta təhqir etməkdən çəkinməyən, 1920-ci ilin yanvarında RK (b) P Bakı Komitəsi yanında (şəxsən onun sədrliyi ilə) Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün silahlı üsyan təşkil etmək məqsədilə "operativ qərargah”ı yaradan Ə.Qarayev deyildimi?
Azərbaycanın bütün şəhər və rayonlarında sovet hakimiyyəti əleyhinə baş verən silahlı üsyanların yatırılması əməliyyatına birbaşa rəhbərlik edən Ə.Qarayev deyildimi? Milli məsələdə Nəriman Nərimanovun əlehinə çıxan, milli ruhlu yazarlarımızı panturanist, panislamist türkçü adlandıran, millətsevər oğulları gedər-gəlməzin qurbanı etməyi özü üçün böyük hünər sayan Ə.Qarayev deyildimi?
Azərbaycan xalqının düşmənləri olan Mikoyan, Mirzoyan, Serobrovski, Kirovla çox yaxın dostluq edən (şəkillər və bir yerdə hazırladıqları, imza atdıqları sənədlər bunu təsdiq edir) Ə.Qarayev deyildimi?
Manaf müəllim demiş "Qarayev kimi vəzifəpərəstlərimiz qollarını çırmayıb başladılar meydan sulamağa: "Kimin kiminlə arası yoxdur, ədavəti var, uğurlarına paxıllıq edir, əvəz çıxmağa, intiqam almağa fürsət tapırdılar. Ermənilərə də bu lazım idi”.
Deməli, yenə də düşmən ocaq başında imiş. Onda, ömrü boyu Azərbaycan xalqına düşmən kəsilmiş Mikoyanla, Mirzoyanla, Azərbaycan neftini talamaqla fəxr edən Serobrovski ilə Əliheydər Qarayevin nə fərqi oldu? Bu fərqi, üsyanların, inqilabların əleyhinə olan M.Ə.Rəsulzadə 1920-ci ilin 27 aprelində, Parlamentin son iclasında belə bəyan etmişdir: "Üsyana çağıranın adı Əliheydərmi olsun, ya Vartazarmı olsun, ikisi də asidir. Qarabağdamı və ya Bakıdamı çıxışda bulunsun, ikisi də birdir”.

Ə.Qarayevlə bağlı sənədlər, tədqiqat əsərləri ilə tanış olarkən bəlli oldu ki, ona bu işdə dəstək olanlardan biri də ömür-gün yoldaşı Xavər xanım imiş. 1901-ci ildə Tiflisdə anadan olan Xavər xanımın ixtisası diş həkimi olsa da, vaxtının çoxunu "Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübarizəyə” həsr edib. Həştərxanda Qırmızı Ordu hissələrində işləyən Xavər xanım 1920-ci ilin aprelində elə həmin ordu ilə Bakıya gəlir.
Xavər xanımın siyasi fəaliyyətindən razı qalan "böyük qardaş”ları 1919-cu ildə onu Sovet İttifaqi Kommunist partiyasına üzv seçirlər və azərbaycanlı qadınlar arasında təbliğat aparmağı tapşırırlar. Bu tapşırıqları can-başla həyata keçirən Xavər xanım, on ildən çox Azərbaycan Kommunist (bolşevik) Partiyasının Bakı Komitəsində qadınlar şöbəsində təlimatçı, Azərbaycan Kommunist (bolşevik) Partiyasının Bakı Komitəsinin və Mərkəzi Komitəsinin təlimatçısı kimi məsul vəzifələrdə işləyir.
1930-cu illərin əvvəllərində cütlük Moskvaya dəvət alır. Hər ikisi burada Qırmızı Professorlar İnstitutunda oxuyurlar. Sonra Xavər xanım Moskva Tibb İnstitutunun aspiranturasına daxil olur, Əliheydər isə Moskva Ali Partiya Məktəbində işləyir.
1937-ci il. Moskva Əliheydərdən və onun ömür yoldaşından istədiklərini almışdı. Hər ikisi yetərincə əlini xalqının qanına batırmışdı. Yüzlərlə ocaqların qaralmasına səbəb olan bu cütlüyün indi öz ocağının qaralan vaxtı çatmışdı.
1937-ci ilin 1 iyun sabahı cütlük üçün fəlakət gətirdi. (Əliheydərin ad gününə beş gün qalmış. Ç.İldırımı da ad günü ərəfəsində həbs etmişdilər). Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının xüsusi tələbi ilə Əliheydər Qarayev və onun həyat yoldaşı Xavər Qarayeva (Şabanova) xalq düşməni kimi həbs edilərək Bakıya göndərildilər.
Həbsxana gözətçilərindən birinin uzun illər sonra danışdığına görə, ilk olaraq Əliheydərin əl-qolunu bağlayaraq gözləri qarşısında Xavər xanıma dəhşətli işgəncələr verir, təhqiramiz hərəkətlər edirlər. Sonra da Xavər xanımın gözləri önündə eyni hərəkətləri Əliheydərə qarşı edirlər. Bunu edənlər isə Əliheydərin bir zamanlar ən yaxın dostları olan S.M.Kirovun, Mikoyanın, Mirzoyanın soydaşları olur. Hər gün səhər, axşam davam edən bu "tamaşa” 1938-ci ilin əvvəllərinə kimi təkrarlanır. İşgəncələrdən Əliheydər tamamilə ağlını itirir, qeyri-adi hərəkətlər edir.
Sonda "böyük qardaşlar” belə məsləhət bilirlər ki, Xavər xanımı sürgünə, Əliheydəri isə Moskvaya güllələnməyə göndərsinlər. Belə də olur. Moskvada daha dəhşətli işgəncələrə məruz qalan Əliheydəri, 1938-ci ilin 24 aprelində güllələyirlər. Görünür, onu da Çingiz İldrım kimi 27 apreldə (əlini günahsız xalqının qanına buladığı gün) güllələmək istəyiblər. Amma səhhəti buna yol verməyib. Deyilənlərə görə, Əliheydəri Bakıdan Moskvaya aparanda elə "canlı ölü” imiş.
Deyirlər ki, Allah bəzən cəzanı o dünyaya saxlamır, başqalarına ibrət dərsi olsun deyə, bu dünyada verir. Bu, Tanrının vəzifə, ad-san üçün haqqı nahaqqa qurban verən, vicdanının səsini eşitməyən qullarına "töhfə”sidir.

Qərənfil Dünyaminqızı,

Əməkdar jurnalist

banner

Oxşar Xəbərlər