• bazar ertəsi, 07 oktyabr, 19:06
  • Baku Bakı 23°C

Cənubi Qafqazın ən qədim məktəbi

04.05.16 17:29 10223
Cənubi Qafqazın ən qədim məktəbi
MəktəbZaqafqaziya məktəblərinin1829-cu il 2 avqust tarixli Nizamnaməsinə əsasən,1830-cu il dekabrın 30-da fəaliyyətə başlamışdı. Şuşa qəza məktəbi dövlət idarələri üçün qulluqçular, ilk növbədə isə Azərbaycan və rus dillərinə tərcüməçilər hazırlamaq məqsədilə açılmışdı. Burada təhsil alanların böyük əksəriyyəti bəy və tacir balaları idi. Məktəb Şuşada olan Bazel alman missionerlərinin cəmiyyəti tərəfindən pulsuz olaraq bir il müddətinə verilmiş binada yerləşirdi. İki sinif otağından əlavə, burada iki müəllimin yaşaması üçün də yaxşı şərait yaradılmışdı.
Şuşa qəza məktəbinin birinci sinfinə birinci il 19 şagird qəbul olunmuşdu. Lakin ildən-ilə şagirdlərin sayı artaraq1833-cü ildə 27, 1834-cü ildə 44 nəfərə çatmış və ikinci sinif də açılmışdı.Rusiyadan Zaqafqaziya Məktəblər Direktorluğunun sərəncamına göndərilmiş titulyar müşavir Nikolay Mixaylovski məktəbin ilk müəllimi və ştat üzrə nəzarətçisi təyin edilmişdi. Tədris planına şəriət, qiraət, hüsnxətt, hesab, rus dili və Azərbaycan dili daxil idi. Bu fənlərlə yanaşı, kənd təsərrüfatı kursu keçilir və bağçılıq öyrədilməsi də nəzərdə tutulurdu. Açılış münasibətilə məktəbə ilk oxu üçün bəzi kitablar ianə edilmiş, bundan əlavə, Zaqafqaziya Məktəblər Direktoru Tiflis gimnaziyasından pulsuz olaraq bir sıra dərslik və tədris vəsaiti göndərmişdi.
Məzunları Azərbaycan maarifi, məktəb və mədəniyyətinin inkişafında mühüm və böyük rol oynamış Şuşa qəza məktəbi1874-cü ilə qədər öz fəaliyyətini davam etdirib və yerini Şuşa şəhər məktəbinə verib.
Şuşa sakinləri məktəblərdə ana dilinin öyrənilməsinə xüsusi diqqət yetirirdi. Bu baxımdan Şuşaməktəbinin müəllimləri Mirzə Həsən bəy Əmirovvə Mirzə Aslan bəy Əmirovana dilinin müvəffəqiyyətli tədrisi sahəsində çox məşhur idilər. Fransız dili bölgə tacirlərinin Fransa ilə ticarət əlaqələri yaratması üçün zəruri idi və əhalinin əlavə vəsaiti hesabına tədris olunurdu.
Şəhər məktəbində təhsil pullu idi.Şuşadaşəhər məktəbi açılarkən hər şagirddən alınan illik təhsil haqqı 5 manat idisə, bu məbləğ1876-cı ildə 8,1878-ci ildə isə 12 manat olmuşdu. Pedaqoji Şuranın qərarı ilə kasıbların təhsil haqqından azad edilməsinə baxmayaraq, şagirdlərin böyük əksəriyyətindən təhsil haqqı alınırdı. Lakin buna baxmayaraq, şəhər məktəbində şagirdlərin sayı ilbəil artırdı. Təsis edildiyi ilk illərdəŞuşa şəhər məktəbində 375 nəfər şagird təhsil alırdı. Bu,Rusiyada dövrünün ən çox şagird kontingenti olan məktəbi idi.
Şuşaşəhər məktəbində1875-ci il mayın 6-da kasıb zadəgan övladlarının təhsil aldıqları konvikt təşkil edildi. Onlar dövlət hesabına pansionda yaşayıb təhsil alırdılar.
Şəhər məktəblərinin nəzdində kitabxanalar təşkil edilirdi. Şagird kitabxanasının zənginliyi ilə fərqlənən Şuşa məktəbi tədris vəsaiti və fənn kabinetləri ilə çox yaxşı təchiz olunmuşdu.
1880-ci ildəŞuşaşəhər məktəbinin nəzdində xüsusi musiqi sinifləri açıldı. Bu siniflərin Şuşada professional musiqi hazırlığı olan musiqiçilər nəslinin yetişməsində rolu əhəmiyyətli və danılmazdır.
Elə həmin il məktəbin tədris planında ipəkçilik peşəsi də yer aldı.
Həm təhsilin, həm də peşə öyrədilməsinin köməyi ilə öz həyat səviyyəsini və siyasi dünyagörüşlərini artıranlara qibtə ilə yanaşan tacir və sənətkarların da arzularını təmin etməkdən ötrü Şuşa şəhər məktəbinin nəzdində bazar günü məktəbləri təşkil edildi.
Daim birinciliyinə görə diqqət mərkəzində duranŞuşaşəhər məktəbi əsrin sonlarına doğru mövqeyini itirməyə başladı. Təhsilin keyfiyyəti şəhər ictimaiyyətini razı salmadığından onların təkidi ilə 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli realnı məktəbin əsası qoyuldu. Çox zaman rus-tatar və ya digər ibtidai məktəbləri bitirən gənc məzunlar şəhər məktəbində hazırlıq keçir və ibtidai sinif müəllimliyinə imtahan verirdilər. Beləliklə, Şuşa şəhər məktəbi müəllim hazırlamaq vəzifəsini də yetərincə icra edirdi.
XX əsrin 20-ci illərindən başlayaraq məktəb çiçəklənmə dövrünə qədəm qoydu - 1927-1928-ci dərs ilindən etibarən yeddiillik məktəbə çevrildi və respublikanın ən yaxşı təhsil ocaqları sırasına daxil oldu. Məktəbin Ə.Abbasov, S.Ələsgərov, A.Kazımova kimi məşhur məzunları olub.
1937-1938-ci dərs ilindən Şuşa məktəbinə 1 nömrəli şəhər orta məktəbi adı verildi.
1966-cı ildə 1 nömrəli məktəbdən daha bir təhsil ocağı - 4 nömrəli orta məktəb yarandı. 1 nömrəli orta məktəb isə yeni binaya köçürüldü və Üzeyir Hacıbəyovun adını daşımağa başladı. Sovet dövründə məktəbin fəxri məzunlarından P.Rüstəmov, Sovet İttifaqı Qəhrəmanı X.Məmmədov, elmlər doktorları S.Rüstəmov,V.Yusifzadə, Ə.Rüstəmov, S.Tağıyeva və başqalarının adı fərqləndi.
1 nömrəli orta məktəb 1992-ci ilədək Şuşa şəhərində fəaliyyət göstərib. Bu dövrdə məktəbdə 24 fənn kabineti və laboratoriyaları, hərbi hazırlıq kabineti, 2 linqafon otağı, kitabxana, akt və idman zalı, yeməkxana mövcud olub. Şuşanın işğalı ilə əlaqədar məktəb müəyyən heyət və şagird kollektivi ilə 2015-2016-cı dərs ilinədəkBakı şəhəri Yasamal rayonu 38 nömrəli məktəbin binasında fəaliyyət göstərib, bu dövrdə məktəbə Sevil Babayeva və daha sonra Naimə Əliyeva rəhbərlik ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 sentyabr 2011-ci ildə 1720 nömrəli sərəncam imzalayaraq Şuşa 1 nömrəli tam orta məktəbinin yeni binasının inşasına əmr verdi və 2015-2016-cı dərs ilində məktəbin yeni binası Bakı şəhəri Yeni Yasamal-2 yaşayış massivində, Ə.Əhmədov küçəsi ünvanında istifadəyə verildi.
Bu tarixdən etibarən və hal-hazırda məktəb Elçin Dadaşovun rəhbərliyi altında, 30 nəfərdən artıq işçi, 300 nəfərdən artıq şagird kollektivi ilə uğurla fəaliyyət göstərir.
15 sentyabr 2015-ci ildə Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin yeni binası möhtəşəm açılış mərasimi keçirilərək istifadəyə verilib. Binanın ərsəyə gəlməsində Heydər Əliyev Fondunun və Şuşa şəhər İcra Hakimiyyətinin danılmaz əməyi vardır.
Məktəbin yeni binası yüksək meyarlara cavab verən hər cür avadanlıq və şəraitə malik təhsil ocağıdır. Məktəbdə ayrıca fənn kabinetləri, müxtəlif idman (basketbol, voleybol, tennis, rəqs, taekvondo, futbol, şahmat) və yaradıcılıq (rəsm, musiqi, bacarıqlı əllər və s.) dərnəkləri fəaliyyət göstərir.
Məktəbin müəllim və şagird kollektivi gündən-günə genişlənir. Məktəbdə təhlükəsizlik yüksək səviyyədə qorunur, məktəbdaxili və xarici izləmə kameraları buna sübutdur.
Məktəbdə sanitariyaya ayrıca diqqət ayrılır.
Şagirdlərin sinifdənxaric və dərsdənkənar fəaliyyəti üçün yaradılmış münbit şərait, əlamətdar günlərin xüsusi təmtəraqla qeyd olunması şagirdlərdə məktəbə həvəsi daha da artırır, onların çoxşaxəli şəxsiyyət kimi formalaşmasına zəmin yaradır.


banner

Oxşar Xəbərlər