• cümə axşamı, 26 dekabr, 15:42
  • Baku Bakı 10°C

Yaxşı müəllim olmağın sirri

14.12.16 14:45 86731
Yaxşı müəllim olmağın sirri
Telli Şabanova 47 ildir ki, bu qocaman təhsil ocağında çalışır. Bu təhsil ocağına gələndə 18 yaşı vardı. Pedaqoji fəaliyyətinə başladığı ilk illərdə pioner baş dəstə rəhbəri, komsomol katibi kimi vəzifələr olduğundan fəaliyyətini bu sahədə davam etdirib. Filologiya fakültəsini bitirəndən sonra bir neçə il ədəbiyyat müəllimi işləyib: "Uşaqların maraq dünyası məni o qədər cəzb elədi ki, sehrlənmiş kimi oldum. Sonra ibtidai siniflər üzrə direktor müavini vəzifəsində çalışdım. 25 il ibtidai siniflər üzrə işlədim. Bir müəllimin əldə edə biləcəyi bütün uğurları qazandım”.
Veteran müəllimə dörd dəfə "İlin ən yaxşı müəllimi” adına layiq görülüb. Pedaqoji mühazirələrindən də birinci dərəcəli diplom alıb: "Son iki ildə ibtidai siniflərdə Azərbaycan dili dərsini tədris etdim. İbtidai sinif sehrli dünya kimidir. Orada peşəsini sevməyən adam işləyə bilməz. Müəllimlik peşəsinin fanatı olmayan adamın bu sahədə işləməsi çətindir. O adamda bir neçə özəl xüsusiyyətlər birləşməlidir. İbtidai sinif müəlliminin böyük, geniş bilik dairəsi olmalıdır. Çünki biz ibtidai sinifdə yalnız hərfləri öyrətmirik. Bir çox elmlərin, akademik biliklərin bünövrəsi orada qoyulur”.
T.Şabanovanın fikrincə, müəllim uşaq ədəbiyyatını gözəl bilməli, milli-mənəvi dəyərlərə yiyələnməli, uşaqların psixologiyasına bələd olmalıdır: "Bütün bunları bilmədən ibtidai siniflərdə işləmək və uğur əldə etmək olmaz. Amma indi imtahana gedəndə balları elə yazırlar ki, istədikləri fakültəyə düşə bilməsələr də, heç olmasa müəllim işləsinlər. Bu yanaşma düzgün deyil. Çünki şagirdləri ibtidai sinifdən savadlı hazırlamaq lazımdır. Onların fiziki hazırlıqları, nitqləri gözəl olmalıdır. Onlar analiz, sintez etməyi bacarmalı, düşünmə qabiliyyətləri olmalıdır”.
İbtidai siniflərdə işləməyi çox sevdiyini deyən T.Şabanovanın söylədiyinə görə, bu gün məktəblərdə dərs deyən gənc ibtidai sinif müəllimlərinin arasında da peşəsini sevənlər çoxdur. Xüsusən dövlətin son illər müəllim peşəsinə göstərdiyi diqqət müəllimləri stimullaşdırır: "Onların arasında gələcəkdə ustad müəllimlər olacaq insanlar var. Eyni zamanda, təsadüfi insanlar da çoxdur. Onlar da yəqin gələcəkdə dözməyərək özləri məktəbdə çalışmayacaqlar. Bu sənəti seçənlər başa düşməlidir ki, onların həyatı hay-küylü, qaynayan bir həyat olacaq”.
T.Şabanova hesab edir ki, yaşlı müəllimlərin təcrübəsindən ibtidai siniflərdə yenə də istifadə olunmalıdır. Belə ki, əgər onların şüuru, dərsi çatdırma qabiliyyəti, fiziki göstəriciləri imkan verirsə, bilik və təcrübələrindən istifadə etmək olar: "Fikrimcə, 65 yaşı tamam olan kimi müəllimlər işdən kənarlaşdırılmamalıdır. Sovet dövründə rayon təhsil şöbələrinin nəzdində dayaq mərkəzləri vardı. Onlar məktəblərdə mütəmadi olaraq seminarlar keçirir və yaşlı müəllimlərin təcrübəsindən istifadə edirdilər”.
Yaxşı və sevilən müəllim olmaq üçün çalışmaq, öyrənməklə yanaşı, yuxusuz gecələrin də əsas şərtlərdən olduğunu deyən T.Şabanova uzun illər qazandığı təcrübəsinə söykənərək vurğulayır ki, yaxşı müəllim olmaq insanın mayasındadır: "Bu da bir Allah vergisidir. Müəllim öz üzərində çalışmalı, yeni texnologiyaları mənimsəməlidir. Ənənəvi, klassik təlim metodlarını öyrənməlidir. Yaxşı müəllim keçəcəyi mövzunu daha gözəl izah edir, nəticələri əvvəldən görür, nə istədiyini bilir və mövzuya uyğun təlim metodları seçir. Bunlar da mövzunun daha gözəl mənimsədilməsinə gətirib çıxarır, həmçinin şagirdin dərsə olan marağını artırır. Fənni sevdirmək müəllimdən asılıdır. Şagird fənni sevirsə məktəbə də maraqla gələcək”.
Müəllimin uşaqları həyata hazırladığını deyən veteran müəllimə "Əgər şagird məktəbdən öyrənirsə, demək biz yaxşı, xeyirxah işlə, humanistliklə məşğuluq. Demək biz yaxşı vətəndaş hazırlayırıq. Əgər o yaxşı vətəndaşdırsa, demək gözəl qonşudur, qohumdur, insandır. Bizə də lazım olan budur” deyir. T.Şabanova hesab edir ki, şagird fiziki cəhətdən tam sağlam olsa belə, onun davranışında nöqsanlar varsa, deməli, o, bütöv insan deyil: "Biz kamil insan yetişdirməyə çalışırıq”.

Veteran müəllimənin isə hələ şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmağa həvəsi və sevgisi böyükdür.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər