• cümə axşamı, 26 dekabr, 15:30
  • Baku Bakı 10°C

Doğma dilimizə ögey münasibət gündən-günə artır

14.12.16 13:40 89818
Doğma dilimizə ögey münasibət gündən-günə artır
Azərbaycan dili və ədəbiyyatı müəllimi Kifayət Qurbanova ilə söhbətimizdə şagirdlərin mütaliə vərdişləri, dərsliklər və Ana dilimizə maraqları ilə bağlı məsələlər haqqında söhbətləşdik.
- Şagirdlərin mütaliəyə həvəsi varmı?
- Ədəbiyyatla bağlı siyahını hər sinfin yaş həddinə uyğun özümüz müəyyənləşdiririk. Əsasən şagirdlərin nitqinin inkişafı, fikir yürütmək bacarıqlarının formalaşması üçün dəyərli sayılan əsərləri seçirik. Bizim siniflərdə qiraətə üstünlük verirlər. Şagirdlər daha çox tarixi əsərlər, detektivləri oxuyurlar. Bədii qiraət şagirdlərdə əxlaqi dəyərləri formalaşdırır, həyata münasibətlərini dəyişdirir. Onlar yaxşını pisdən ayırmağı bacarırlar. Uşaq cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmaq lazım olduğunu dərk edir, özünü təsdiq etməyi bacarır. Uşaq güclü olmağı öyrənir, öz idealını seçir. O, əsərdə oxuduğu hər hansı bir müsbət obraza bənzəməyə çalışır. Bəzən həmin insanlarla qarşılaşmayanda "niyə onlar həyatda yoxdur” sualını da mənə verirlər.

- Ədəbiyyat dərslikləri ilə bağlı çoxlu iradlar səslənir. Siz bu sahədə dərsliklərin səviyyəsindən razısınızmı?
- Dərsliklərdə problemlər var. İndiki ədəbiyyat dərsliklərinin tam əleyhinə də deyiləm. Xüsusən, 8 və 9-cu sinif dərslikləri normaldır. Amma ondan əvvəl salınmış mövzuları o qədər də bəyənmirik. Yəni, oradakı çalışmalar, yaradıcı işlər mükəmməl deyil. Mövzuların çoxu şagirdlərə də, müəllimlərə də tanış olmayan mətnlərdir. Elə əsərlər var ki, onları hamı oxumur. Bəzən elə əsərlər salınır ki, onlar yadda qalmır. Həmin əsərlərə verilən tapşırıqlar, hətta metodik summativlər də bərbaddır. Bu mətnlər şagirdlər üçün yeni heç nə vermir.

- Sovet dövründə şagirdlərin yazı qabiliyyətini inkişaf etdirmək üçün onlara imla, inşa yazdırırdılar. Bu gün də Rusiyanın təhsil sistemində bu qaydalara riayət edilir. Bəs bizim məktəblərdə bu istiqamətdə hansı addımlar atılır?
- Hazırkı 9-cu siniflərə qədər bizim proqramımızda yazı yox idi. Yalnız hər dərsin sonunda esse yazılırdı. Builki Azərbaycan dili və ədəbiyyat proqramını görəndə xeyli sevinmişəm. Yəni inşa yazısına yer ayrılması ilə ilk dəfədir qarşılaşıram. Builki proqramda isə bir-iki saat inşalara yer ayrılıb. Təhsil, əxlaq, vətənpərvərliklə bağlı mövzularımız var. Ancaq uşaqların yazılı nitqinin ölməməsi üçün həmişə vaxt ayırıb onlara imla da, inşa da yazdırıram. Çünki onlar çox bərbad vəziyyətdə yazırlar. İmlanı müəllimin diktəsi ilə yazırlar, ancaq xətt normal deyil. Sərbəst fikir əsasında yazdıqları inşanı oxuyanda dəhşətə gəlirik. Uşaqların cümlə qurmaq qabiliyyəti tamamilə itib. Üslubu cəhətdən hədsiz səhvləri var, qrammatik səhvlərə yol verirlər. Sinifdə yaxşı yazan da, orta yazan da, tam yaza bilməyən də var.
- Hər il buraxılş imtahanlarında şagirdlərin çox hissəsi Ana dilindən "2” alır. Onların Ana dilinə maraqları azalıb, yoxsa fənnin tədrisində qüsurlar var?
- Kurikulum proqramlarının gəlişi bəzi müəllimləri bir qədər çaş-baş salıb. Bəzi müəllimlər mətn üzərində işləməkdən çəkinir, ənənəvi dərs üsuluna daha çox üstünlük verirlər. Elə bilirlər ki, qrammatik qayda-qanunları bilməyən uşaqlar ən zəif uşaqlardır. İndi biz mətnlər üzərində daha çox iş aparmalı, qrammatikanı mətnin içərisində axtarmağa üstünlük verməliyik. Həm rus bölməsində, həm də Azərbaycan bölməsində işlədiyimdən rus bölməsində işlənilən mətnlərin daha keyfiyyətli olmasına əminəm. Uşaq qrammatikanı çalışmanın içində öyrənir. Bədii mövzulara daha çox üstünlük verilməlidir. Azərbaycan bölməsində isə biz iş tapmırıq. Şagird üçün işləməyə material yoxdur, bu da onların nəticələrinə təsir edir.

- Şagirdlərin özlərinin ana dilinə marağı nə qədərdir?
- Maraqları çox azdır. Onlar daha çox ingilis dilinin dalınca qaçırlar. Doğma dilimizə ögey münasibət gündən-günə artır. Bəlkə gələcəkdə iş tapmaq üçün ingilis dilinə müraciət edirlər. Artıq rus dilinə də o qədər maraq qalmayıb, daha çox ingilis dilinə üstünlük verirlər. Mən hərtərəfli olmağın əleyhinə deyiləm. Əli bəy Hüseynzadə nə qədər dil bilirdi... Ancaq doğma dilimizi bilmək daha çox vacibdir. Doğma dilini bilməyəndən necə vətəndaş ola bilər? Dilə münasibət bir az ögeyləşib. Burada müəllimlərin də, məktəbin də, valideynlərin də günahı var. Uşaqların çoxunda ana dilinə sevgi azalıb. Dilimizlə bağlı təbliğatlar çoxalmalıdır.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər